Sinə ağrısı

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 37324

Sinə ağrısının müalicəsiSinə ağrısı — döş qəfəsində lokalizasiya olunan ağrı hissidir. Bu əlamət tənəffüsün çətinləşməsi və ürək fəaliyyətinin pozulması ilə müşayiət olunur. Sinə ağrısı tənəffüs, ürək-damar sisteminin xəstəliklərində, hiprasid vəziyyətlərdə, divararalığının şişlərində meydana çıxır. Ağrının səbəbi EKQ, ürəyin USM, rentgenoqrafiya və laborator üsullarla dəqiqləşdirilir. Xoşagəlməz simptomları aradan qaldırmaq üçün antianginal preparatlar, antasidlər, iltihabəleyhinə vasitələr təyin edilir. 

Sinə ağrısının səbəbləri

Stenokardiya

StenokardiyaSinə ağrısının səbəbləri zamanı ağrı tutması xəstə sürətli yeridikdə, pilləkanla qalxdıqda və yaxud digər fiziki işlə məşğul olduqda qəflətən baş verir. Güclü sinə ağrısı insanı ayaq saxlamağa və ürək nahiyəsini tutmağa məcbur edir. Əksər hallarda ağrı sol qola və körpücük nahiyəsinə yayılır, dərindən nəfəs almağa mane olur. Dəri örtükləri solur, halsızlıq yaranır.  

Nitroqliserin qəbulundan və yaxud sadəcə istirahət etdikdən 5-20 dəqiqə sonra ağrı itir. Paroksizmlər ay ərzində və yaxud sutkada bir neçə dəfə təkrarlana bilər. Onlar ağrı sindromunun xarakterinə və davamiyyətinə görə bir-birlərinə bənzəyirlər. Döş sümüyü arxasında kəskin, deşici ağrı, soyuq tər, bayılmaönü vəziyyət daha çox miokard infarktı üçün səciyyəvidir. Belə hallarda təcili yardım çağırmaq məsləhətdir. 

Ürəyin iltihabi xəstəlikləri

Sinə ağrısı nədən baş verir?Ürək əzələsinin zədələnməsi mülayim sinə ağrısı ilə özünü büruzə verir. Deşici və ya sıxıcı ağrılar fiziki aktivlikdən asılı olmadan günün istənilən vaxtında baş verir. Endokardit zamanı ağrı tez-tez təkrarlanır, təngnəfəslik, ürəkdöyünmə ilə birgə müşahidə olunur. Ağrının güclənməsi, qızdırma və titrətmə iltihabi prosesin kəskinləşməsindən xəbər verir.  

Miokarditə döş sümüyünün ortasında və döş qəfəsinin sol səthində küt ağrılar xasdır. Həmçinin pasiyentlər hava çatışmazlığı hissindən, başgicəllənmə və yorğunluqdan şikayətlənirlər. Perikarditdə xəstələri güclü sinə ağrısı və tənəffüsün çətinləşməsi narahat edir. Ürəyin qeyri-effektiv fəaliyyəti nəticəsində hətta minimal fiziki aktivlik zamanı əlamətlər güclənir.

Tənəffüs yollarının xəstəlikləri

Sinə ağrısı tənəffüs yollarının (traxeyadan orta bronxlara qədər) zədələnməsinə işarə edə bilər. Bu zaman ağrı döş qəfəsinin orta hissəsində lokalizasiya olunur. Virus və bakteriyalar epitel qişalarda iltihaba səbəb olur. İltihabla yanaşı sinir uclarının zədələnməsi və diskomfort baş verir. Traxeit və larinqotraxeitlərdə sinə ağrısı adətən yüngül olur. Pasiyentlərə əsasən boğazda göynəmə və qaşınma narahatlıq törədir. 

Bronxit üçün xəstəliyin kəskin dövründə sinənin mərkəzində meydana çıxan ağrı sindromu xarakterikdir. Sıxıcı, küt ağrı öskürək zamanı güclənir, sakitlik halında isə xeyli zəifləyir. Xoşagəlməz hissin yaranması soyuq havanın udulması, tənəffüs yollarına tozun düşməsi ilə bağlı olur.  

Sinə ağrısı həm də allergik mənşəli ola bilər. Ona bronxial astmanın əlaməti kimi tez-tez təsadüf edilir. Bu zaman bronxların spazmı və boğulma fonunda döş qəfəsinin mərkəz hissəsində sıxılma və diskomfort hiss olunur. Döş sümüyü arxasındalı mülayim intensivlikli ağrı paroksizmdən sonra 1 neçə saat ərzində qalır. Bu cür klinik təzahürlər ağciyərlərin xroniki obstruktiv xəstəliyində də qeydə alınır.  

Qastroezofageal reflüks

Xəstələr qida qəbulundan 15-20 dəqiqə sonra sinə ağrısı ilə üzləşirlər. Bu, xlorid turşusunun mədədən qida borusununa atılması ilə izah edilir. Bədəni önə əydikdə, sıx kəmər taxdıqda mədə sıxılır, qida borusunun aşağı sfinkteri reflektor açılır. Nəticədə ağrı güclənir. Onunla yanaşı sinə nahiyəsində və boğazda göynəmə meydana çıxır.   

Ağrı hissiyyatına qidalanma tərzinin pozulması, yəni qazlı içkilər, yağlı qidalar səbəb olur. Qastroezofageal reflüks üçün səhər oyanan kimi döş sümüyü arxasında ağrı səciyyəvidir. Belə ki, horizontal vəziyyətdə mədə möhtəviyyatı qida borusuna passiv şəkildə axır. Əlamətlər qan və öd qarışıqlı, çoxsaylı qusma ilə müşayiət olunduqda təcili tibbi yardım çağırılmalıdır.  

Qida borusunun patologiyaları

Döş sümüyünün mərkəzində daimi, intensiv ağrı ezofageal səbəblərdən baş verə bilər. Kəskin və xroniki ezofagitlərdə sinənin orta hissəsində qida qəbulundan sonra güclənən yandırıcı və yaxud kəsici ağrılar müşahidə edilir. Qida borusunun diskineziyası və ezofaqospazm zamanı 10-20 dəqiqə davam edən tutmaşəkilli, dözülməz sinə ağrısı yaranır.  

Bir nöqtədə “xəncər yarası” ağrısı təhlükəli vəziyyətdən – qida borusunun deşilməsindən xəbər verir. Şiddətli ağrı fonunda mədə möhtəviyyatlı və qan qarışıqlı qusma baş verir. Təəssüf ki, qusma xəstəyə rahatlıq gətirmir. Zamanla ağrı təkcə döş sümüyü arxasında toplanmayıb, bütün döş qəfəsinə və epiqastral nahiyəyə yayılır. Xəstə şok vəziyyətində olur, alın hissəsi soyuq tərlə örtülür, təzyiqi qəfil aşağı enir.  

Divararalığının törəmələri

Divararalığında bir neçə orqan yerləşir: çəngələbənzər vəzi, limfa düyünləri, döş axacağı, venoz və arterial damarlar. Sinə ağrısı əsasən limfa düyünləri böyüdükdə, yəni onların şiş xəstəliklərində – limfoqranulomatoz və qeyri-Hockin limfoması zamanı meydana çıxır. Döş qəfəsinin sıxılması hissi və küt ağrılar zamanla artır. Buna tənəffüs orqanlarının kompressiyası səbəb olur.  

Timoma başlanğıcda sinə nahiyəsində diskomfort və periodik reflektor öskürəklə təzahür edir. Şişin həcmi ardıqca ağrı güclənir, boyun və kürəyə yayılır. Qayıdan sinirin sıxılması nəticəsində səs tutulması və boğaz ağrısı baş verir. Oxşar simptomatikaya döş qəfəsi daxilindəki limfa düyünlərinin vərəmində də müşahidə olunur.  

Farmakoterapiyanın fəsadları

Sinə ağrısı — natrium hidrokarbonat və digər sorulan antasidlərin ən çox rast gəlinən yan təsirlərindəndir. Əslində bu preparatlar turşuluğu azaltmaq məqsədilə içilir. Onların qəbulundan 10-20 dəqiqə keçdikdə mədə genişlənir, qida borusuna xlorid turşusunun yeni porsiyası atılır («rikoşet effekti»). Həmçinin QSİƏP və kortikosteroidlərlə uzunmüddətli müalicə döş sümüyü arxasında ağrılara gətirib çıxarır.   

Nadir səbəblər

  • Qranulomatoz xəstəliklər: sarkoidoz, silikoz
  • Osteogen proseslər: qabırğa xondriti, döş sümüyünün osteosarkoması, sümük toxumasının yaşla əlaqədar dəyişiklikləri  
  • Ürək qüsurları: mitral xəstəlik, aorta qapağının stenozu və yaxud çatışmazlığı  
  • Diafraqmanın qida borusu dəliyinin yırtığı  
  • MBT patologiyaları: hiperasid qastrit, xora xəstəliyi, Zollinger-Ellison sindromu 
  • Qabırğaarası nevralgiya.

Sinə ağrısının diaqnostikası

Ağrının səbəbini müəyyən etmək üçün anamnez toplanılır, standart laborator və instrumental üsullardan istifadə olunur:

  • Elektrokardioqrafiya. Bu üsulla sinə ağrısı ilə ürəyin işemik xəstəlikləri arasındakı əlaqə təsdiqlənir və yaxud inkar edilir. Mədəcik komplekslərinin genişlənməsi və deformasiyası, intervalların uzunlüğunun dəyişməsi, onların izoelektrik oxa nəzərən yerdəyişməsi ürək fəaliyyətinin pozulmasına dəlalət edir. Ürəyin qapaq aparatının patologiyaları exokardioqrafiya üsulu ilə yoxlanılır.  
  • Rentgenoqrafiya. Döş qəfəsi orqanlarının standart rentgenoqrammasında divararalığının genişlənməsi və həmin orqanların yerdəyişməsi aşkar edilə bilər. Bronx şəklinin güclənməsi və ağciyər köklərinin deformasiyası bronxitin dolayı əlamətlərindəndir. Şiş və yaxud qranulomatoz törəmənin dəqiq müayinəsi üçün döş boşluğunun spiral KT-si məsləhətdir.  
  • Qastroskopiya. Qida qəbulundan sonra döş sümüyü arxasında ağrının yaranması qida borusunun və mədənin endoskopik müayinəsinə göstərişdir. Qastroezofageal reflüks zamanı qida borusunun selikli qişasında qızartı, şişkinlik, eroziya və yaxud xora müəyyən edilir. Qida borusunun destruktiv proseslərinin və deşilməsinin diaqnostikasında qastroskopiya ən informativ üsuldur.   
  • Laborator analizlər. Miokard infarktını inkar etmək üçün troponin test aparılır, kreatinfosfokinazanın səviyyəsi yoxlanılır. Divararalığı orqanlarının vərəmindən şübhələndikdə bəlğəmin çoxsaylı bakterioloji əkilməsi göstərişdir. Qanın ümumi analizində leykositoz və yetişməmiş hüceyrələr aşkarlana bilər.  

Sinə ağrısının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Stenokardiya zamanı xəstəni oturdub, köynəyinin yuxarı düymələrini açmaq lazımdır. Paltar döş qəfəsini sıxdıqda onu çıxarmaq lazımdır. Burada əsas məqsəd təmiz hava axınını təmin etməkdir. Ürəyin işemik xəstəliyində nitroqliserin qəbul etdikdən sonra sinə ağrısı keçib gedir. 30 dəqiqə müddətində yaxşılaşma baş vermədikdə, təcili yardım çağırılmalıdır.  

Qastroezofageal reflüks xəstəliyində ağrını azaltmaq üçün kiçik porsiyalarla tez-tez qidalanmaq, yeməkdən sonra önə əyilməmək və fiziki yüklənmədən imtina etmək tövsiyə olunur. Yatarkən başın altına hündür balış qoymaq məsləhətdir. 

Respirator xəstəliklərdə sinə ağrısı və öskürəyin təkrarlanmaması üçün tozlu və aşağı rütubətli məkanlardan uzaqlaşmaq lazımdır. 

Konservativ terapiya

Həkim taktikası ağrı sindromuna səbəb olan patologiyadan asılıdır. Sinə ağrısı zamanı adətən etiotrop preparatlar təyin edilir. Şok təhlükəsi törədən dözülməz ağrılarda spesifik analgetiklər göstərişdir. Etioloji faktoru aradan qaldırmaq üçün aşağıdakı vasitələrdən istifadə edilir:  

  • Antianginal preparatlar. Stenokardiyanın kompleks terapiyası kalsium kanalının antaqonistləri, beta-blokatorlar və vazodilatatorlarla aparılır. Bu dərmanlar koronar damarları genişləndirir, miokardın oksigenə olan tələbatını aşağı salır. Onlar hipolipidmik preparatlarla kombinə edilir.  
  • Qeyri-steroid iltihabəleyhinə vasitələr. Nevralgiya və yaxud qığırdağın iltihablaşması səbəbindən baş verən kəskin sinə ağrısı SOG-1 selektiv inhibitorlara yaxşı tabe olur. Yan təsirlərin qarşısını almaq üçün QSİƏP kəskin iltihab dövründə qısamüddətli kurslarla içilir.  
  • Antasidlər. Bu preparatlar mədə şirəsinin turşuluğunu azaldır, onun qida borusunun selikli qişasına aqressiv təsirini zəiflədirlər. Ağrı güclü olduqda müalicə sxeminə prolonq təsirli antisekretor medikamentlər əlavə edilir.  
  • Bəlğəmgətirici preparatlar. Bronxit və traxeitlərin müalicəsində effektivdir. Onlar bəlğəmi parçalayaraq, onu patogen mikroorqanizmlərlə birgə xaric edirlər. Nəticədə öskürək və döş qəfəsindəki ağrı azalır, sağalma prosesi sürətlənir.  

Cərrahi müalicə

Sinə ağrısı infarktla bağlı olduqda ürək əzələsinin revaskulyarizasiyası üçün cərrahi müdaxiləyə ehtiyac yarana bilər. Belə hallarda zədələnmiş damarın stentlənməsi və ballon angioplastika aparılır. Divararalığının iri şişləri torakotomiyaya və patoloji dəyişilmiş toxumanın xaric edilməsinə göstərişdir. Bədxassəli şişlərdə əməliyyat şüa və kimya terapiya ilə kombinə olunur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: