Süd vəzi ağrıları

Oxuma vaxtı: 16 dəq Oxunma sayı: 16398

Süd vəzi ağrıları nədən yaranır?Süd vəzi ağrıları (mastalgiya) bir və ya ikitərəfli olur. Bu əlamət süd vəzilərində ağırlıq və şişkinlik, eləcə də gilədən axan ifrazatla müşayiət olunur. Süd vəzi ağrıları hormonal dəyişikliklər, bu orqanın xoş və bədxassəli şişləri, iltihabi və infeksion xəstəliklər nəticəsində əmələ gəlir. Ağrının səbəbini üzə çıxarmaq üçün USM, rentgenoqrafiya, invaziv üsullar, laborator analizlər lazım gəlir. Ağrı sindromu analgetiklər, hormonal preparatlar və fizioterapiya ilə aradan qaldırılır.  

Süd vəzi ağrılarının səbəbləri

İri döş

4-cü və daha böyük ölçülü süd vəzilərinə malik qadınlarda günün sonunda döşlərdə ağırlıq və ağrı hissi yaranır. Onların sallanması onurğanı daha da yükləndirir. Ağrı küt və qeyri-intensiv olub, horizontal vəziyyətdə xeyli azalır. Süd vəzi ağrıları ilə yanaşı kürək hissədə sızıltı müşahidə olunur.

İri döşlü qadınlarda mastalgiyaya adətən düzgün seçilməmiş büstqalter səbəb olur. Pasiyentlər süd vəzilərində orta intensivlikli ağrlardan şikayətlənirlər. Döşə ehtiyatsız toxunduqda ağrı güclənir. Bu əlamətlər hər gün təkrarlanarsa və yaxud ağrı kəskinləşərsə, mütləq həkimə müraciət etmək lazımdır.  

İdman məşqləri 

Süd vəzi ağrılarının səbəbləriİntensiv formada idmanla məşğul olan və döş əzələlərini böyüdən qadınların əksəriyyətində süd vəzi proyeksiyasında ağrı formalaşır. Əzələ ağrıları məşqdən sonra miofibrillərin ödemi və toxumalarda süd turşusunun toplanması ilə əlaqədar yaranır. İstirahət etdikdə əlamətlər öz-özünə keçib gedir. İdmandan sonra ağrının uzun müddət və kəskin formada davam etməsi patologiyanın olmasından xbər verir. Belə vəziyytlərdə mütəxəssisin konsultasiyası tələb olunur.

Aybaşı siklində süd vəzi ağrıları 

Süd vəzi ağrılarının müalicəsiAybaşıdan əvvəl müəyyən hormonal dəyişikliklər mastalgiya törədir. Estrogenlərin kəskin azalması nəticəsində süd vəzi toxuması şişkinləşir, mülayim intensivlikli küt ağrılar meydana çıxır. Pasiyentlər döşə toxunduqda və büstqalter geyindikdə ağrının gücləndiyini bildirirlər. Əksər hallarda menstrual axıntının başlanmasından 1-2 gün keçdikdə süd vəzi ağrıları da itir.  

Bir qrup qadınlarda ağrılara aybaşı siklinin ortasında, yəni ovulyasiya vaxtı da rast gəlinir. Bu dövrdə süd vəziləri mayalanma prosesinə hazırlaşır, sekretor hüceyrələrin həcmi artır. Şiklik ağrıların güclənməsi və yaxud tutmaşəkilli xarakter alması tibbi yardım tələb edən patoloji səbəblərə işarədir.

Hamiləlik və laktasiya dövründə süd vəzi ağrıları

Hamiləliyin ilk trimestrindən başlayaraq, hər 2 süd vəzisində struktur dəyişiklikləri gedir. Bu proseslər orqanizmi südvermə prosesinə hazırlayır. Hamilə qadınların döşlərində daimi ağırlıq, ağrı və şişkinlik yaranır. Ağrı kəskin olmadığından ciddi diskomfort törətmir. Doğuş vaxtı yaxınlaşdıqda gilədən cüzi miqdarda (1-2 damcı) sarımtıl maye axa bilər.   

Normada süd vermə dövründə ağrı hissi olmur. Diskomfort əməzdirmə arası intervalın pozulması ilə əlaqəlidir. Belə ki, süd alveolyar toxuma və süd axacaqlarında toplanaraq, ağrı törədir. Əmizdirmə texnikası pozulduqda, körpənin dişləri çıxdıqda gilədə çatlar və zərif dəridə eroziya əmələ gəlir. Bu isə areolada kəskin, lokal ağrı ilə müşayiət olunur.   

Mastopatiya ilə əlaqəli süd vəzi ağrıları 

Vəzi toxumasının fibroz-kistoz dəyişiklikləri ağrı hissinin ən geniş yayılmış patoloji səbəblərindəndir. Düyünlü mastopatiya zamanı ağrı bir döşdə lokalizasiya olunur. Aybaşı siklinin 2-ci fazasında süd vəzi ödemləşir, ölçüsü böyüyür. Bununla əlaqədar ağrılı olur. Sızıltılı, deşici ağrılar çox vaxt çiyin və kürəyə irradiasiya edir.  

Diffuz mastopatiya üçün bütün döş qəfəsinə yayılan əzabverici ağrılar xarakterikdir. Aybaşıdan əvvəl süd vəzi şişir, onun toxumaları sərtləşir, hətta yüngül toxunuşdan ağrı sindromu güclənir. Qanlı axıntıların başlanması ilə ağrı tədricən azalır. Müntəzəm, güclü ağrılar yuxu və iştahı pozur.  

Mastit zamanı süd vəzi ağrıları

İnfeksion xəstəliklər süd vəzisində şiddətli ağrıya səbəb olur. Bu, irinli proseslər  və sinir uclarını qıcıqlandıran patoloji iltihab mediatorlarının təsiri ilə izah olunur. İrinli mastit üçün kəskin, dözülməz süd vəzi ağrıları səciyyəvidir. Ağrı vertikal vəziyyətdə artır, döşü bir qədər yuxarı qaldırdıqda qismən zəifləyir. Döş gilələrindən üfunətli, sarı-yaşılımtıl maye ifraz olunur.  

Güclü ağrılar xəstəni yatmağa qoymur. Yüksək qızdırma və intoksikasiya vəziyyəti ağırlaşdırır. Mastitin irinsiz formasında ağrı hissi bir qədər yüngül olur, bədən temperaturunun 38,5°С-ə qədər yüksəlməsi fonunda döşdə daimi, küt ağrılar müşahidə edilir. Areola nahiyəsini basdıqda, süd vəzinin zədələnmiş hissəsinə toxunduqda diskomfort artır.  

Ağır vəziyyətlərdə irinli iltihab abseslə əvəz olunur, ağrı xeyli güclənir. Həmin sahədə dəri al qırmızı rəng alır, toxunduqda ağrı şiddətli olur. Gilədən axıntılara rast gəlinmir. Ağrı sindromu fonunda bədən hərarəti yüksək səviyyəyə qalxır.  

Gilələrin xəstəlikləri

Gilənin ekzemasında əvvəlcə areolada (giləni əhatə edən tünd dəri) qaşınma və diskomfort əmələ gəlir. Bir neçə gündən sonra kəskin ağrı ilə müşayiət olunan polimorf səpgilər formalaşır. Zamanla qovuqcuqlar eroziyaya və xırda xoralara çevrilir, ağrı sindromu daha da artır. Qadın sağaldıqca ağrı hissi tədricən azalır, xüsusən gecə saatlarında intensiv qaşınma meydana çıxır.  

Zədələnmiş tərəfdə süd vəzi ağrları gilənin bakterial və virus mənşəli iltihabında yaranır. Əlamətlər areolada lokalizasiya olunur, bəzən isə patoloji proses döşü əhatə edən toxumalara yayılır. Giləni basdıqda irinli və yaxud qanlı sekret xaric olur. Müalicə aparılmadıqda sepsis baş verə bilər.  

Travma zamanı süd vəzi ağrıları

Döş nahiyəsində zərbə dəydikdə qəfil, güclü ağrı baş verir. Əzilmənin dərəcəsindən asılı olaraq, ağrı bir neçə saatdan bir neçə günə qədər davam edir. Ağırlaşmamış hallarda dəridə qançır formalaşır, vəzili parenxima dəyişilməz qalır. Zərbə güclü olduqda ağrı sindromu ən azı 1 həftə sürür, gilədən qanlı maye axır.  

Süd vəzi ağrılarına nəinki birbaşa mexaniki təsirlər, həmçinin dar büstqalter də səbəb olur. Döşün uzunmüddətli, travmatik sıxılması nəticəsində mikrosirkulyasiya pozulur, ağrı hissi meydana çıxır. Gecə saatlarında vəzinin şişkinliyi və həssaslığı artdığından əlamətlər də güclənir.   

Xoşxassəli törəmələr

Süd vəzi kistasının və adenomanın başlanğıc mərhələlərində hər zaman ağrıya təsadüf olunmur. Belə vəziyyətlərdə aybaşıdan əvvəl diskomfort və ağırlıq hissi olur. Törəmənin ölçüsü artdıqca və hormonal fon dəyişdikcə ağrı daimi xarakter alır, süd vəzisi bərkiyir, şişkinləşir. Bəzən süd vəzidəki sərtləşmə xəstənin özü tərəfindən aşkar olunur.  

Xoşagəlməz hissiyyatlar uzun müddət xəstəliyin yeganə əlaməti olur. Zaman keçdikcə ağrılara döş giləsindən şəffaf və yaxud ağımtıl maye ifrazı qoşulur. Axacaqdaxili papillomada ağrı ilə yanaşı, qatı yaşıl axıntı nəzərə çarpır. Lipoma üçün həcmli törəmə proyeksiyasında yüngül ağrı xarakterikdir.   

Bədxassəli şişlərdə süd vəzi ağrıları

Süd vəzi xərçənginin gecikmiş mərhələlərində qadınları dözülməz ağrılar narahat edir. Başlanğıcda döşdə yüngül ağrı və diskomfort yaranır. 

Xəstə süd vəzini əllə yoxladıqda qeyri-düzgün formalı, bərt konsistensiyalı, ağrılı törəmə aşkarlayır. Bu hissədə dəri örtüyü «limon qabığını» xatırladır və daxilə batır. Ağrının qoltuqaltına yayılması prosesə limfa düyünlərinin cəlb olunmasına dəlalət edir.

Döş fəqərələrinin osteoxondrozu

Fəqərə qığırdaqlarının birləşdirici toxumasının degenerativ dəyişiklikləri sinirlərin zədələnməsinə gətirib çıxarır. Onuğanın döş şöbəsinin osteoxondrozunda ağrı nəinki kürəkdə, həm də süd vəziləri nahiyəsində baş verir. Ağrı hissi güclü və tutmaşəkilli olub, adətən bədən vəziyyətini dəyişdikdə güclənir.  

Bu xəstəlik qabırğaarası nevralgiyanın inkişafına səbəb olur. Nevralgiya qabırğalarda və süd vəzilərində yandırıcı, deşici ağrılarla gedir. Ehtiyatsız toxunuş və dar geyimlər ağrının gücünü artırır. Əksər hallarda ağrı kürək və körpücük sümüklərinin proyeksiyasına irradiasiya edir.  

Farmakoterapiyanın ağırlaşmaları

Süd vəzi ağrıları qadın cinsi hormonlarının (oral kontraseptivlər, klimaks dövründə estrogen törəmələri) qəbulu fonunda meydana çıxa bilər. Belə hallarda mastalgiya güclü olmayıb, aybaşıönü ağrını xatırladır. Neyroleptiklər, antidepressantlar və trankvilizatorlarla müalicə dövründə də süd vəzi ağrıları yarana bilər.  

Nadir səbəblər

  • Yatrogen vəziyyətlər: abort və döş qəfəsi nahiyəsində həyata keçirilən əməliyyatların ilk günlərində  
  • Döş implantlarının qoyulması
  • Qabırğaarası mialgiya
  • Endokrin xəstəliklər: hipofiz, qalxanabənzər və böyrəküstü vəzlərin patologiyaları 
  • Süd vəzilərinin vərəmi

Süd vəzi ağrılarının diaqnostikası

Bu problemin həlli ilə mammoloq məşğul olur. Ehtiyac yarandıqda digər mütəxəssislər konsultasiya üçün cəlb olunur. Diaqnostika prosesində təkcə süd vəziləri deyil, ağrıya səbəb ola biləcək digər orqan və sistemlər də yoxlanılır. Adətən aşağıdakı informativ üsullardan istifadə edilir:  

  • Ultrasəs müayinəsi. Süd vəzinin USM cavan qadınlara göstərişdir, çünki onlarda döşün vəzili parenximası sonoqrafiyada daha yaxşı görünür. Müayinə əsnasında girdə törəmələr və yaxud diffuz dəyişikliklər üzə çıxarılır. Qalın divarlı və hipoexogen möhtəviyyatlı boşluğun aşkarlanması absesə dəlalət edir.  Döş osteoxondrozuDöş osteoxondrozuDöş osteoxondrozuDöş osteoxondrozu
  • Mammoqrafiya. 40 yaşdan yuxarı qadınların skrininq müayinəsidir. Cavan qadınlarda isə törəmənin ölçü və lokalizasiyasını dəqiqləşdirmək məqsədilə aparılır. Mammoqrafiyanın köməyilə şişin sərhədləri, daxili quruluşu dəqiqləşdirilir. İltihabi proseslərdə yayılmış, qeyri-spesifik quruluş dəyişiklikləri üstünlük təşkil edir.   
  • Rentgenoqrafiya. Onurğa sütununun rentgenoqramması fəqərələrin vəziyyətini qiymətləndirməyə, patoloji yerdəyişməvə deformasiyaları üzə çıxarmağa imkan verir. Osteoxondroza şübhə yarandıqda tomoqrafiya (KT və yaxud MRT) təyin olunur. Bu müayinələrdə qabırğaarası disklər və qığırdaq toxuması yaxşı vizualizasiya olunur.  
  • Biopsiya. Güclü süd vəzi ağrıları və instrumental üsullarda törəmənin aşkarlanması USM nəzarəti altında nazikiynəli biopsiyaya göstərişdir. İnformativliyi artırmaq üçün yoğuniynəli trepanobiopsiya aparılır. Götürülən material histoloji və sitokimyəvi müayinəyə göndərilir.  
  • Laborator analizlər. Qanın ümumi və biokimyəvi analizində leykositlərin sayına və EÇS göstəricisinə diqqət yetirilir. Qanda onkomarkerlərin və autoanticisimlərin təyini diaqnostikanın spesifik üsullarından sayılır. Xəstəliyin bakteriya mənşəli olmasını dəqiqləşdirmək üçün vəzidən götürülən yaxma selektiv qidalı mühitə əkilir.  
  • Əlavə üsullar. Süd vəzi ağrıları qabırğaarası nevralgiya ilə əlaqəli olduqda, elektroneyroqrafiya məsləhət görülür. Bu müayinə sinir liflərinin oyanıqlığını və impulsların ötürülmə sürətini öyrənməyə kömək edir. Aybaşı siklinin müxtəlif günlərində qadın cinsi hormonlarının yoxlanılması da xüsusi əhəmiyyət daşıyır.   

Süd vəzi ağrılarının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Hormonal səbəblərdən və yaxud aybaşı vaxtının yaxınlaşması səbəbindən süd vəzilərində yaranan cüzi ağrılar təhlükəli sayılmır. Diskomfort hissini azaltmaq üçün döşləri sıxmayan iri ölçülü büstqalter geyinilməlidir. Aybaşıdan 3-4 gün qabaq süd vəzilərində ifadəli şişkinlik müşahidə edildikdə duzlu və acı ədviyyatlı yeməklərdən imtina etmək lazımdır.  

Laktasion mastitin səbəb olduğu ağrıları azaltmaq üçün hər dəfə əmizdirdikdən sonra şəxsi gigiyena qaydalarına riayət edilməli, südün durğunlaşmasına yol verilməməlidir. Süd verən qadınların təbii materialdan büstqalter geyinməsi tövsiyə olunur. Ümumi vəziyyətin pozulması ilə gedən uzunmüddətli ağrılar patoloji proseslərdən xəbər verir. Bu halda mütləq həkimə müraciət olunmalıdır.  

Konservativ terapiya

Həkim taktikası ağrının etioloji faktorundan asılıdır. Adətən xəstələrə etiotrop və patogenetik müalicə təyin edilir. Medikamentlər fizioterapevtik üsullarla (elektroforez, kompress) kombinə edilir. Fizioterapiya yalnız şiş xəstəlikləri inkar olunduqdan sonra aparılır. Müalicə sxeminə əsasən aşağıdakı vasitələr daxil olur:

  • Analgetiklər. Süd vəzi ağrıları yuxu və iştah pozğunluğu törətdikdə, astenik əlamətlərə gətirib çıxardıqda bu dərmanlar göstərişdir. Tipik hallarda iltihab mediatorlarının səviyyəsini effektiv şəkildə azaldan və şişkinliyi götürən QSİƏP tətbiq edilir.  
  • Antibiotiklər. Bakterial infeksiyalarda geniş spektrli preparatlar təyin edilir. Dərman preparatları bakterioloji əkilmənin və antibiotiklərə qarşı həssaslıq testinin nəticələrinə əsasən seçilir. Terapiya kursu minimum 7 gün çəkir.  
  • Hormonlar. Süd vəzisindəki kəskin ağrılar aybaşıönü dövrə aid hormonal səbəblərlə bağlı olduqda, estrogen preparatlar məsləhət görülür. Həmçinin süd vəzinin xoşxassəli xəstəlikləri, mastopatiya zamanı hormonlara ehtiyac yaranır.  
  • İnfuziya məhlulları. Şiş və iltihabi proseslər güclü intoksikasiya ilə müşayiət edilir. Onu aradan qaldırmaq üçün kolloid və kristalloid məhlullar ilgək diuretiklərlə birgə venadaxili yeridilir.  
  • Sitostatiklər. Süd vəzinin bədxassəli törəmələrində kimyəvi terapiya aparılır. Dərman preparatları kurs şəklində qəbul edilir. Nəticəni gücləndirmək üçün onlar şüa terapiyası ilə tamamlanır.  
  • Ümummöhkəmləndirici vasitələr. Xroniki xarakterli süd vəzi ağrıları orqanizmi tükətdiyindən C və B qrup vitaminlər tövsiyə olunur. Kəskin asteniyada anabolik steroid preparatlar vacib sayılır.  

Cərrahi müalicə

Süd vəzi xərçəngi — cərrahi əməliyyata mütləq göstərişdir. Nadir hallarda prosesin ilkin mərhələsində döşün sektoral rezeksiyası icra olunur. Əksər hallarda radikal mastektomiya və regionar limfa düyünlərinin çıxarılması mütləqdir. Bəzən qeyri-sabit hormonal fon və yüksək maliqnizasiya təhlükəsi olduqda xoşxassəli şişlərin çıxarılması məsləhət görülür.  

İrinli iltihab zamanı süd vəzi ağrılarını azaltmaq üçün mastit yarılır və drenajlanır: kəsik flüktuasiya zonasında aparılır, boşluq antiseptiklərlə yuyulur, drenaj qoyulur. Mastitin qanqrenoz formasında süd vəzi tamamilə kəsilir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: