Ürək ağrısı

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 17872

Ürək ağrısı nədən yaranır?Ürək ağrısı – ürək xəstəlikləri və  qeyri-kardial patologiyalarla bağlı olur. Ağrı sindromu ilə gedən ən geniş yayılmış xəstəliklərə stenokardiya, arterial hipertenziya və aritmiya aiddir. Ürək ağrısı həmçinin miokardit, perikardit, revmatizm və kardiomiopatiyalar üçün də xarakterikdir. Ürəkdən xaric səbəblərə kardionevroz, osteoxondroz, qastroezofageal reflüks xəstəliyini misal göstərmək olar. Diaqnostika məqsədilə instrumental üsullar (EKQ, ExoKQ, koronaroqrafiya), laborator analizlər (lipid səviyyəsinin təyini, kəskin faza göstəricilərinin qiymətləndirilməsi, miokard nekrozunun markerlərinin yoxlanılması) aparılır. Üərk ağrısını aradan qaldırmaq üçün əsas xəstəlik müalicə olunmalıdır.  

Ürək ağrısının səbəbləri

Kardionevroz

Ürək nevrozuÜrək ağrısının səbəbləri – ürək ağrılarının ən çox rast gəlinən səbəblərindəndir. Ona əsasən emosional labil cavanlarda, yeniyetmə və hamilə qadınlarda təsadüf olunur. Kardionevroz üçün güc və xarakteri dəyişkən olan ağrı hissi səciyyəvidir. Xəstələr adətən yandırıcı, sıxıcı və deşici ağrılardan şikayət edirlər. Diskomfort əksərən stress və həyəcanla əlaqədar meydana çıxır.

Kardionevrozun spesifik əlaməti — ağır kardioal xəstəliyə və miokard infarktına tutulmaq qorxusudur. Bu hiss onlarda daim olur. Pasiyent cüzi ürək ağrısını da ölümçül xəstəlik kimi qiymətləndirir. Ağrı sindromu ilə yanaşı daimi tərləmə, istilik hissi və yaxud titrətmə, əl barmaqlarının əsməsi müşahidə olunur. Psixoemosional vəziyyət bərpa olunduqda əlamətlər keçib gedir.  

Arterial hipertenziya

Ürək ağrısı hipertoniya xəstəliyinin 2-ci mərhələsi üçün xarakterikdir. Bu zaman ürək əzələsi hipertrofiyalaşır. Xəstələrdə həyəcan və fiziki gərginlik hallarında sızıltılı və ya dartıcı ağrılar əmələ gəlir. Onlar qeyri-intensiv olsa da, uzun müddət davam edir. Ağrı hissi fonunda başgicəllənmə, göz önündə qaraltı yaranır.  

Aritmiya

Ürək ağrısının müalciəsiÜrək ritminin pozulması prekardial nahiyədə deşici, sızıltılı və dartıcı ağrılarla təzahür edir. Adətən bu əlamət ürəyin dayanması hissi ilə müşayiət olunur. Diskomfort səbəbsiz yerə günün istənilən saatında baş verir. Ağrı sindromu zəif intensivlikdə olub, mütəmadi şəkildə meydana çıxır.    

Pasiyentləri ürək ritminin tezləşməsi və ya əksinə ləngiməsi, ümumi halın pisləşməsi: hava çatışmazlığı hissi, zəiflik, başgicəllənmə narahat edir. Ağır formalı aritmiyalarda bayılmaönü vəziyyət, bayılma mümkündür. Aritmiya uzun müddət davam etdikdə  əmək qabiliyyəti zəifləyir, yaddaş və diqqət pozulur.  

Stenokardiya

Anginoz tutma zamanı insan ürək nahiyəsində güclü ağrı hiss edir. Ürək ağrısı sol çiyin, qol və kürəyə yayılır. Simptomatikaya adətən fiziki və psixoemosinal gərginlik səbəb olur. Ağrı hissi maksimum 10-15 dəqiqə çəkir, öz-özünə və yaxud nitroqliserin qəbulundan sonra itir.  

Miokard infarktı

Klinik şəkil tipik stenokardiya tutmasını xatırladır. Ürəyin işemik xəstəliyinin stabil formasından fərqli olaraq, infarkt zamanı ürək ağrısı 20-30 dəqiqə və daha çox sürür. Bəzən ağrı sindromunun gücü o qədər olur ki, xəstə huşunu itirir. İnfarkt baş verdikdə ağrı ürəklə bərabər, boyun və sol qolda da hiss edilir. Ağrı avazıma, soyuq tər, tezləşmiş zəif nəbzlə müşayiət olunur. İnsanda ölüm qorxusu yaranır.  

Kardit

Kəskin formalı deşici ürək ağrısı iltihabi xəstəliklərdə – miokardit, perikarditlərdə əmələ gəlir. Klinik şəklin özəlliyinə mülayim intensivlikli daimi ağrı ilə qızdırmanın müştərəkliyi aiddir. Sadalanan əlamətlərə ürək ritminin tezləşməsi, təngnəfəslik, halsızlıq qoşulur. Ağır gedişli karditlərdə ətraflarda ödem və perioral sianoz nəzərə çarpır.  

Revmatizm

Uşaq və yeniyetmələrə xas olan kəskin revmatik qızdırma zamanı kəskin ürək ağrısı baş verir. Bu əlamət adətən keçirilmiş tonzillitdən 2-3 həftə sonra təzahür edir. Xəstələrdə yanaşı olaraq, oynaq ağrıları və dərialtı düyünlər formalaşır. Xroniki revmokarditdə qazanılmış ürək qüsuru küt və sızıltılı ağrılar törədir.

Osteoxondroz

Osteoxondroz — döş qəfəsi ağrılarının başlıca səbəbidir. Onu pasiyentlər səhvən ürək patologiyası hesab edirlər. Dərindən nəfəs aldıqda, bədəni yana əydikdə, qabırğalara toxunduqda diskomfort hissi daha da artır. Vertebrogen kardialgiya zamanı ağrı kəskin və intensiv olur. Onu yüngülləşdirmək üçün insan sakit vəziyyət alır, səthi tənəffüs edir. Bu yolla döş qəfəsinin hərəkətini minimuma endirməyə çalışır.  

Qastroezofageal reflüks xəstəliyi

Belə xəstələr döş sümüyü arxasında stenokardiya tutmasına bənzəyən güclü yandırıcı ağrılardan şikayətlənirlər. Əlamətlər qida qəbulu ilə bağlı olur. Onlara əsasən səhər yuxudan durduqda rast gəlinir. Önə əyildikdə və yaxud uzandıqda yanğı hissi güclənir. Qastroezofageal reflüks üçün ağrının qıcqırma, turş gəyirmə, epiqastral nahiyədə diskomfort ilə müştərəkliyi xarakterikdir.   

Ürək ağrısı törədən nadir səbəblər

  • Ürək qüsurları: mitral qapağın stenozu və ya çatışmazlığı 
  • Kardiomiopatiyalar: dilatasion, restriktiv, hipertrofik  
  • Kəskin ürək patologiyaları: aortanın laylanan anevrizması, ağciyər arteriyasının tromboemboliyası  
  • Tənəffüs sisteminin xəstəlikləri: soltərəfli pnevmoniya, plevrit, spontan pnevmotoraks  
  • Mədə-bağırsaq patologiyaları: xolesistit, pankreatit
  • Sümük-əzələ sisteminin zədələnmələri: qabırğanın çat və sınıqları, Titse sindromu, fibromialgiya.  

Ürək ağrısının diaqnostikası

İlkin gəlişdə kardioloq anamnez toplayır, xarici baxış keçirir, ürək-damar sistemini fiziki müayinə edir. Ürəyin auskultasiyasında tonların karlığı, funksional və ya üzvi küylər eşidilir. Sonra AT ölçülür. Ürək ağrısının səbəbini müəyyən etmək üçün bir sıra laborator-instrumental üsullar təyin olunur:   

  • EKQ. Kardioqrammada çox vaxt sol mədəciyin hipertrofiya əlamətləri, ritm və ötürücülüyün pozulması, ürək əzələsinin işemiyasının simptomları müəyyən edilir. ST seqmentinin elevasiyası ilə T dişciyinin inversiyası miokard infarktı üçün patoqnomikdir. Diaqnozu dəqiqləşdirmək üçün fiziki yüklənmə ilə funksional stress-test yerinə yetirilir.  
  • ExoKQ. USM məlumatlarına əsasən ürəyin anatomik quruluşu, qapaqların fəaliyyəti, miokardın qalınlığı qiymətləndirilir. Exokardioqrafiyanın köməyilə sol mədəciyin atım fraksiyası ölçülür. Tac arteriyalarında və magistral damarlarda qan cərəyanını yoxlamaq məqsədilə doppleroqrafiya aparılır.   
  • Rentgenoloji üsullar. Döş qəfəsi orqanlarının icmal rentgenoqrafiyası ürəyin ölçü və sərhədlərinin vizualizasiyasına, kardiotorokal indeksin hesablanmasına şərait yaradır. Tac arteriyalarını, ağciyər damarları və ürək boşluqlarını dəqiq izləmək üçün ürəyin KT-si tələb olunur.
  • Koronaroqrafiya. Bu invaziv üsul miokard infarktının baş vermə ehtimalında, koronar arteriyaların stenozuna şübhə yarandıqda göstəriş sayılır. Müayinə prosesində damarlara kontrast maddə yeridilir. Onun vasitəsilə ürək arteriyalarının daxili səthinə baxılır, tromb və aterosklerotik lövhələr aşkar edilir.  
  • Laborator üsullar. Qanın biokimyəvi analizində xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin yüksək səviyyədə tapılması ateroskleroza dəlalət edir. Miokard infarktını dəqiqləşdirmək üçün anginoz tutma zamanı mioqlobin, troponin, ürək fermentlərinin səviyyəsi yoxlanılır. Revmatizmi inkar etmək məqsədilə kəskin faza göstəriciləri, antistreptolizin-O ölçülür.  

Ürək ağrısının qeyri-kardial səbəblərini nəzərə almaqla, digər mütəxəssislərin konsultasiyasına da ehtiyac yarana bilər. Belə ki, qastroezofageal reflüksdən şübhələndikdə qastroskopiya, pH-metriya məsləhət görülür. Qabırğaların və onurğanın döş şöbəsinin vəziyyətini qiymətləndirmək üçün 2 proyeksiyada rentgenoqrafiya, KT və MRT təyin edilir. Kardionevroz ehtimalı olduqda, vegetativ sinir sisteminin funksional vəziyyətini müəyyən edən sınaqlar aparılır.   

Ürək ağrısının müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Əksər hallarda ürək ağrısı emosional və fiizki gərginliklə əlaqədar baş veridiyindən belə hallarda insan uzanmalı və sakitləşməyə çalışmalıdır. Köynəyin üst düymələrini açmaq, xəstənin təmiz hava ilə nəfəs almasına şərait yaradılmalıdır. Ağrını aradan qaldırmaq üçün nitrovazodilatatorlar məsləhət görülür.

Konservativ terapiya

Diaqnoz təsdiq olunduqdan sonra kompleks şəkilli etiopatogenetik müalicə təyin edilir. Əgər ağrı həzm orqanları ilə bağlı olarsa, pasiyent qastroenteroloqa yönəldilir. Ostexondrozun müalicəsi ilə nevroloq, vertebroloq məşğul olur. Ürək ağrısı kardioloji patologiyalarla əlaqəlidirsə, aşağıdakı vasitələr tətbiq edilir: 

  • Hipotenziv vasitələr. Preparatlar ürəyin pred və post yüklənməsini azaldır. Bunun sayəsində miokard normal rejimdə yığılmağa başlayır. Bu, ağrı hissini aradan qaldırır, eləcə də hipertonik kriz, infarkt və insult ehtimalını azaldır.  
  • Antiaritmik preparatlar. Bu dərmanlar ürək yığılmalarının tezliyini və ritmini stabilləşdirir, qulaqcıq və mədəciklərin yığılmasını tənzimləyir. Ürək ritmi bərpa olunduqda ağrı və diskomfort keçib gedir, ümumi vəziyyət yaxşılaşır.  
  • Antianginal vasitələr. Onlar ürəyin işemik xəstəliyində qəbul edilir. Antianginal vasitələr ürək əzələsinin qan təchizatını və trofikasını yaxşılaşdırır, ürəyin yüklənməsini azaldır. Nəticədə miokard liflərinin geri dönən zədələnmələri bərpa olur, tipik ağrı tutmalarının tezliyi azalır.  
  • Trombolitiklər. Preparatlar miokard infarktının diaqnostikasından sonra ilk saatlarda yeridilir. Onlar koronar arteriyalardakı trombları dağıdır, qan dövranını normaya salır. Trombolitiklər erkən dövrdə tətbiq olunduqda nekroz zonasını maksimal dərəcədə məhdudlaşdırmaq mümkündür.  
  • İltihabəleyhinə vasitələr. QSİƏP qrupundan olan dərmanlar iltihabi proseslərdə tövsiyə olunur. Onlar ürəkdə ağrı törədən sitokinlərin sintezini azaldırlar. Revmatik zədələnmələrdə qlükokortikosterodilər göstərişdir.

Kardionevrozun müalicəsi qeyri-medikamentoz üsullardan başlayır. Xəstələrə gündəlik rejimi normaya salmaq, yuxu və istirahət saatlarına çox vaxt ayırmaq, stress vəziyyətlərdən uzaq durmaq məsləhət görülür. Ciddi psixoemosionaı problemlərdə fərdi və qrup şəklində psixoterapiya effektivdir. Mərkəzi sinir sisteminin fəaliyyətini normaya salmaq üçün sedativ preparatlardan istifadə edilir.    

Cərrahi müalicə

Konservativ terapiya nəticə vermədikdə və ya onu aparmaq mümkün olmadıqda cərrahi müadxilə tələb olunur. Miokard infarktında koronar qan dövranını bərpa etmək üçün translüminal ballon angioplastika, arterial stenozun olduğu nahiyəyə stentin qoyulması kimi əməliyyatlar icra edilir.  

Ağır dərəcəli aritmiyalarda adətən kardiostimulyatorun implantasiyası həyata keçirilir. Onun hesabına ürək ritmi normaya düşür. Bədxassəli taxiaritmiyalarda defibrilyator aparatı qoyulmalıdır. Səyrici aritmiya və ekstrasistoliyanın müalicəsində radiotezlikli ablasiya tətbiq edilir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: