Bowenoid papulosis
Bowenoid papulosis – insanın papilloma virusu ilə əlaqəli cinsi yolla keçən xəstəlikdir. Patologiya genital üzvlər, aralıq, perianal sahə və ya bud nahiyəsində eritematoz ləkələr, papilloma və ya ərp şəklində təzahür edir. Bowenoid papulosis dərinin xərçəngönü xəstəliklərinə aiddir. Diaqnoz xəstəliyin kliniki mənzərəsi, insan papilloma virusunun ZPR-lə təyini, sifilisin təyini üçün seroloji reaksiyaların mənfi olması, histoloji müayinənin nəticələrinə əsasən qoyulur. Bowenoid papulosis-in müalicəsi ümumi virus əleyhinə terapiya və dəri elementlərinin lazer, elektrokoaqulyasiya, eksiziya (kəsilib çıxarılması) və ya kriodestruksiya ilə kənarlaşdırılmasından ibarətdir.
- Səbəbləri
- Əlamətləri
- Diaqnostikası
- Müalicəsi
- Profilaktikası
Bowenoid papulosis barədə ümumi məlumat
Bowenoid papulosis əvvəlcə Bouen xəstəliyinin piqmentli çoxsaylı forması kimi təsvir olunmuşdu. Lakin sonralar onun insanın papilloma virusu ilə əlaqəsi aşkar olundu. Bowenoid papulosis xəstəliyinə əsasən 17-40 yaşlı kişilər və qadınlar məruz qalırlar. Kliniki venerologiyada uşaqların, anası Bowenoid papulosis olan yenidoğulmuşların da bu xəstəliyə tutulması ilə bağlı ayrı-ayrı kliniki hallar müşahidə olunub.
Bowenoid papulosis – kifayət qədər nadir patologiyadır. Lakin son dövrlərdə cəmiyyətdə təsadüfi cinsi əlaqələrin artması ilə bağlı olaraq xəstələnmə halları da yüksəlmişdir.
Bowenoid papulosis-in səbəbləri
Bowenoid papulosis-in etioloji faktoru kondiloma, ziyillər və papilomanın yaranmasına da səbəb olan insanın papilloma virusudur (İPV). Əksər müəlliflər xəstəliklə İPV-nin 16, 18, 31, 33 tipləri arasında əlaqə olduğunu qeyd edirlər. Ayrı-ayrı tədqiqatlar Bowenoid papulosis-li pasientlərdə İPV-nin başqa tiplərinin də aşkarlanmasına şahidlik edir.
Bowenoid papulosis-ə yoluxma digər veneroloji xəstəliklər kimi (qonoreya, sifilis, xlamidyoz, ureaplazmoz və s.) cinsi yolla baş verir. İnkubasiya dövrü 2-3 aydan başlayaraq bir neçə ilədək davam edə bilər.
Bowenoid papulosis-in əlamətləri
Bowenoid papulosis səpkiləri qırmızı rəngli ləkələr, piqmentləşmiş və ya leykoplakiya ərpinə bənzər lixenoid papulalarla özünü göstərə bilər. Səpkilər çox və ya tək xarakterli, ölçüləri bir neçə millimetrdən 3-3,5 sm-ə qədər ola bilər. Onlar, adətən, subyektiv əlamətlərlə müşayiət olunmurlar. Bəzən pasientlər qaşınmadan şikayətlənirlər. İltihab inkişaf etdikdə ağrılar əmələ gəlir.
Piqmentli papulalar qırmızı-qəhvəyi, çəhrayı, bənövşəyi və ya sarımtıl rəngli olur. Onların konsistensiyası xəmirəbənzər, səthi, adətən, hamar, bəzən qabarcıqlı olur. Bowenoid papulosis-in lixenoid papulaları güclü və kobud dəri dəyişiklikləri ilə müşayiət olunan lokal dəri qalınlaşması şəklində təzahür edir. Onlar çox vaxt adi dəri rəngli və nahamar səthli olur, seroz qabıqla örtülə bilər. Ayrı-ayrı papulalar öz aralarında birləşərək ərp əmələ gətirirlər. Leykoplakiyaya bənzəyən bu ərp südlü-ağ və ya bozumtul-ağ rəngli olub aydın görünən kənarları ilə sağlam dəridən ayrılır.
Bowenoid papulosis-in elementləri üçün tipik lokalizasiya kişilərdə cinsi üzv, qadınlarda isə klitor və ya cinsi dodaqlardır. Qasıq nahiyəsi, aralıq, budun dərisi, anal dəliyin ətrafı, ağız və udlağın selikli qişasında da lokalizasiyası mümkündür. Bir qayda olaraq, kişilərdə cinsi üzvün gövdəsində, qadınlarda vulvada və anusun ətrafında piqmentli papula; kişilərdə cinsi üzvün başında isə lixenoid papulalar aşkar olunur.
Pasientlərdə Bowenoid papulosis-in meydana çıxması ilə eyni zamanda ziyillər və itiuclu kondiloma da müşahidə olunur. Qadınlarda bu patologiyaya uşaqlıq boynunun displaziyası ilə birgə rast gəlinir.
Bowenoid papulosis üçün proqressivləşmə getmədən, spontan remissiya periodları ilə müşayiət olunan uzunmüddətli gedişat xarakterikdir. Ayrı-ayrı kliniki hallarda xəstəliyin öz-özünə keçib getməsi müşahidə olunub. Lakin Bowenoid papulosis təhlükəsiz görünməsinə baxmayaraq, xərçəngönü dəri xəstəliklərinə aiddir. Onun elementlərinin cinsi hüceyrələrin dərisinin yastı hüceyrəli xərçəngi, Bouen xəstəliyi, kişilərdə cinsi üzvün xərçəngi, qadınlarda isə vulvanın xərçənginə keçmə ehtimalı həmişə mövcuddur. Bowenoid papulosis-li pasientlər veneroloq və ya dermatoloq nəzarətində olmalı, müntəzəm olaraq müayinə olunmalıdır.
Bowenoid papulosis-in diaqnostikası
Bowenoid papulosis elementləri ginekoloq, uroloq və ya androloq tərəfindən kliniki baxış zamanı aşkarlana bilər. Belə olan halda pasient veneroloqa yönləndirilir. Veneroloq isə kliniki əlamətlər, ZPR, dərinin zədələnmiş nahiyəsindən götürülmüş materialın sitoloji və histoloji müayinəsinin nəticələrinə əsaslanaraq diaqnozu qoyur.
ZPR insanın papilloma virusunun aşkarlanması və tipinin təyininə yönəlmişdir. O, sıyrıntı, pasientin qanından və ya onun cinsi orqanlarından götürülmüş yaxma ilə aparılır. Dəri elementlərinin sifilitik xüsusiyyətlərini (solğun treponemaları) inkar etmək məqsədilə seroloji diaqnostika – RPR-test, TPİT, İFR aparılır.
Bowenoid papulosis elementlərindən götürülmüş yaxma və ya sıyrıntıların sitoloji müayinəsi ilə koylositoz – nüvəsi ətrafında xarakterik işıqlanma və ya ikiləşmiş nüvəli epiteliositlərin böyük miqdarı aşkarlanır. Bowenoid papulosis-in histoloji müayinəsi xərçəngə uyğun gəlir. Keratinositlərin proliferasiyası və atipik mitoz müşahidə olunur. Bowenoid papulosis üçün epidermisin bütün qalınlığı boyunca diffuz yayılmış hipoxrom nüvəli polimorf atipik hüceyrələr xarakterikdir. Bouen xəstəliyində oxşar hüceyrələr kompakt qruplar şəklində yerləşirlər.
Bowenoid papulosis-in differensial diaqnostikası sifilis, itiuclu kondiloma, psoriaz, qırmızı yastı dəmrov, Bouen xəstəliyi, adi ziyillərlə aparılır.
Bowenoid papulosis-in müalicəsi
Bowenoid papulosis-in müalicəsinin mühümlüyü onun bədxassəli formaya keçmə ehtimalından asılıdır. Xəstəlik zamanı dəri elementlərinin kriodestruksiyası, lazerlə kəsilməsi, elekrokoaqulyasiyası və ya cərrahi eksiziyası aparılır. Həmçinin dərinin zədələnmiş nahiyələrinə sitostatiklər (prospidiya xlorid, ftorurasil) sürtülür və ya onların ətrafına interferon inyeksiya olunur. Bowenoid papulosis-in yerli müalicəsi ümumi virus əleyhinə müalicə ilə müşayiət olunur.
Qeyd etmək lazımdır ki, patologiya residivləşməyə meyillidir və hətta onun kompleks müalicəsi də həmişə kifayət qədər effektli olmur.
Bowenoid papulosis-in profilaktikası
Bowenoid papulosis-lə yoluxmadan qorunmağa yönəlmiş tədbirlər CYYX (cinsi yolla yoluxan xəstəliklər) profilaktikasının ümumi prinsiplərinə müvafiqdir. Bunlar ilk növbədə adekvat cinsi davranış və cinsi əlaqə zamanı prezervativlərdən istifadədən ibarətdir.