Buşke-Lyovenşteyn kondiloması
Buşke-Lyovenşteyn kondiloması (karsinomayabənzər itiuclu kondiloma) — itiuclu kondilomanın proqressiv inkişafı, böyük ölçüləri və aparılmış müalicədən sonra davamlı residivləşməsi ilə fərqlənən növüdür. Ətraf toxumaların zədələnməsi, yastıhüceyrəli dəri xərçənginin inkişafı ehtimalı ilə müşayiət olunan nəzərə çarpan ekzofit və endofit böyümə ilə xarakterizə olunur. Buşke-Lyovenşteyn kondiloması diaqnozu xəstəliyin kliniki mənzərəsinə əsaslanır və şişin kəsilib götürülməsindən sonra aparılan histoloji təsdiqlənmə tələb edir. Müalicə ümumi möhkəmləndirici və virus əleyhinə terapiya, interferon və bleomisinin yerli təyini fonunda kondilomanın kəsilib tamamilə çıxarılmasından ibarətdir.
- Buşke-Lyovenşteyn kondilomasının səbəbləri
- Buşke-Lyovenşteyn kondilomasının simptomları
- Buşke-Lyovenşteyn kondilomasının diaqnostikası
- Buşke-Lyovenşteyn kondilomasının müalicəsi
- Buşke-Lyovenşteyn kondilomasının proqnozu
Buşke-Lyovenşteyn kondiloması barədə ümumi məlumat
Buşke-Lyovenşteyn kondiloması həm cavanlarda, həm də yaşlılarda rastlanır. O, kişilərdə daha çox müşahidə olunur və cinsi üzvdə yerləşir. Nadir hallarda kondiloma qadın cinsi orqanlarında inkişaf edir; bu zaman ekstragenital lokalizasiya oluna bilər.
Buşke-Lyovenşteyn kondiloması Bouen xəstəliyi, Bowenoid papulosis, Keyr xəstəliyi, piqmentli kserodermiya və dəri buynuzu kimi xərçəngönü törəmələrə aid edilir. Onun dəri xərçənginə keçməsi şəxsi gigiyena qaydalarına əməl olunmaması, immunitetin zəifləməsi, xarici faktorların uzun müddətli qıcıqlandırıcı təsiri ilə əlaqəli ola bilər.
Buşke-Lyovenşteyn kondilomasının səbəbləri
Buşke-Lyovenşteyn kondilomasının yaranması insanın papilloma virusu (İPV) ilə əlaqəlidir. Onun yaranmasına şərait yaradan faktorlar travma, immunosupressiya, fimoz, güclü tərləmə, cinsi yolla ötürülən infeksiyalar (ureaplazmoz, xlamidioz, sitomeqaliya) hesab olunur. Venerologiyada qırmızı yastı dəmrov və skleroatrofik lixena fonunda Buşke-Lyovenşteyn kondilomasının inkişafına dair ayrı-ayrı hallar müşahidə olunub.
Buşke-Lyovenşteyn kondilomasının simptomları
Buşke-Lyovenşteyn kondiloması dəridə kiçik, papilloma, ziyil və ya itiuclu kondilomaya bənzəyən törəmələrin yaranması ilə başlayır. Bu elementlər qısa zaman ərzində böyüyürlər və bir-birilə birləşərək dəridə vahid zədələnmiş sahə – Buşke-Lyovenşteyn kondilomasını əmələ gətirirlər. Kondiloma xovlar və vegetasiyalarla örtülmüş, dərin şırımlarla ayrılmış geniş əsasa malikdir. Törəmənin periferiyasında izolyasiya olunmuş itiuclu kondilomalar müşahidə olunur. Tədricən vegetasiyalar böyüyürlər, buynuzlu epitelin pulcuqları ilə örtülürlər və masserasiya olunurlar. Onların arasından keçən şırımlarda xoşagəlməz qoxulu ifrazat məhsulları toplanır. Tez-tez ifrazatın infeksiyalaşması baş verir, nəticədə ifrazat irinli xarakter alır.
Buşke-Lyovenşteyn kondiloması daha çox cinsi üzvün başı nahiyəsində və tac şırımlarında lokalizasiya olunur. Onun anorektal nahiyədə, anus ətrafında, qasıqda, qadınlarda cinsiyyət dodaqlarının dərisində və klitorda, üzdə (yanaqlar, ağız ətrafında, göz qapaqlarında və ya burunda), ağız boşluğunun və sidik-cinsiyyət orqanlarının seliklik qişalarında da yaranması mümkündür.
Buşke-Lyovenşteyn kondiloması ləng, davamlı proqressivləşən inkişafı və residivləşməyə meyilliyi ilə fərqlənir. “Gül kələmi” tipinin inkişafına gətirib çıxaran giqant Buşke-Lyovenşteyn kondilomasının güclü ekzofit inkişafı ətraf toxumanın prosesə qoşulması ilə birlikdə müşahidə olunur. Törəmənin proqressivləşən inkişafı pülüyün zədələnməsinə, kavernoz cisimlərdə şişin yaranmasına, ətraf toxumalarda fistulların və xoraların yaranmasına gətirib çıxara bilər. Kondilomanın bədxassəli formaya – yastıhüceyrəli dəri xərçənginə keçməsi mümkündür.
Buşke-Lyovenşteyn kondilomasının diaqnostikası
Buşke-Lyovenşteyn kondilomasının diaqnozunu veneroloq müəyyənləşdirir. Bunun üçün o, törəməni inspeksiya edir və oxşar xəstəliklərlə – itiuclu kondiloma, ikincili sifilis üçün xarakterik olan geniş kondilomalar, oral papillomatoz, anogenital kondilomatoz, yastıhüceyrəli dəri xərçəngi ilə differensial diaqnostikası aparılır. Əlavə olaraq İPV-nin təyini üçün PZR-diaqnostika aparılır.
Buşke-Lyovenşteyn kondilomasının yekun diaqnozu cərrahi əməliyyatla kəsilib götürülmüş materialın histologiyasının nəticələrinə əsasən qoyulur. Kondilomanın bədxassəli formaya keçməsini inkar etmək məqsədilə götürülmüş şişin müxtəlif hissələrindən alınmış çoxsaylı toxuma nümumələri müayinə olunur. Buşke-Lyovenşteyn kondilomasının histoloji mənzərəsi itiuclu kondilamaya oxşayır və yalnız patoloji dəyişikliklərin yüksək dərəcəli təzahürü ilə fərqlənir. Kondilomanın epidermisin buynuz qatının qalınlığına və dermanın dərin qatlarına yayılması müşahidə olunur. Bədxassəli transformasiyanın əlamətləri şiş toxuması hissəciklərinin histoloji mənzərəsində xərçəng in situ (lat. carcinoma in situ) aşkarlanmasıdır.
Buşke-Lyovenşteyn kondilomasının müalicəsi
Kondilomanın invazivliyini və sürətlə böyüməsini, xərçəngə keçmə (maliqnizasiya) imkanını nəzərə alaraq geniş cərrahi kəsilib kənarlaşdırma tövsiyə olunur. Cərrahi əməliyyat şiş aşkar olunduqdan sonra ən qısa zaman ərzində aparılmalıdır. Buşke-Lyovenşteyn kondilomasının postoperativ profilaktikası məqsədilə əlavə olaraq şişin əsasının kriodestruksiyası tövsiyə olunur.
Cərrahi müalicə sistemli virus əleyhinə və ümumi möhkəmləndirici müalicə ilə yanaşı həyata keçirilir. Bir qrup müəlliflər postoperativ dövrdə yerli olaraq interferonların, onların induktorlarının və bleomisinin məqsədyönlü şəkildə yerli təyinini tövsiyə edirlər.
Buşke-Lyovenşteyn kondilomasının rentgenoterapiyası tövsiyə olunmur. Belə ki, bu müalicə metodu onun xərçəngə keçməsinə təkan verə bilər.
Buşke-Lyovenşteyn kondilomasının proqnozu
Müalicənin tam və düzgün aparılmasına baxmayaraq, Buşke-Lyovenşteyn kondiloması residivlər verə bilər. Onun bədxassəli formaya keçməsi xəstəlik əmələ gəldikdən 2-12 il sonra müşahidə olunur.