Genital herpes
Genital herpes – qovuqcuq qrupları, sonra isə eroziya və xoranın əmələ gəlməsi ilə xarakterizə olunan cinsi orqanların selikli qişalarının virus mənşəlli zədələnməsidir. Yerli olaraq yanğı hissi, şişkinlik, hiperemiya, qasıq limfa düyünlərinin böyüməsi və intoksikasiya ilə müşayiət olunur. Xəstəlik residivləşməyə meyillidir və sonralar ciddi ağırlaşmalara – yerli və ümumi immunitetin azalması, genital bakterial infeksiyaların inkişafı, sinir sisteminin zədələnməsi, uşalıq boynunun və prostatın xərçənginin inkişafına səbəb ola bilər. Hamilə qadınlar üçün xüsusən təhlükəlidir; belə ki, spontan abortlar, yenidoğulmuşun patologiyası və hətta ölümü ehtimalı yüksəkdir. Patologiya cinsi yolla yoluxan xəstəliklər (CYYX) qrupuna daxildir.
- Genital herpesin səbəbləri
- Genital herpesin ötürülmə yolları
- Genital herpesin forma və təzahürləri
- Genital herpes və hamiləlik
- Yenidoğulmuşların genital herpes
- Genital herpesin diaqnostikası
- Genital herpesin müalicəsi
Genital herpes barədə ümumi məlumat
Genital herpes – qovuqcuq qrupları, sonra isə eroziya və xoranın əmələ gəlməsi ilə xarakterizə olunan cinsi orqanların selikli qişalarının virus mənşəlli zədələnməsidir. Yerli olaraq yanğı hissi, şişkinlik, hiperemiya, qasıq limfa düyünlərinin böyüməsi və intoksikasiya ilə müşayiət olunur. Xəstəlik residivləşməyə meyillidir və sonralar ciddi ağırlaşmalara – yerli və ümumi immunitetin azalması, genital bakterial infeksiyaların inkişafı, sinir sisteminin zədələnməsi, uşalıq boynunun və prostatın xərçənginin inkişafına səbəb ola bilər. Hamilə qadınlar üçün xüsusən təhlükəlidir; belə ki, spontan abortlar, yenidoğulmuşun patologiyası və hətta ölümü ehtimalı yüksəkdir. Patologiya cinsi yolla yoluxan xəstəliklər (CYYX) qrupuna daxildir.
Genital herpesin törədicisi sadə herpes virusunun (SHV) növləridir. Yer kürəsinin əhalisinin təxminən 90%-i herpetik infeksiyalara yoluxub.
Herpes virusunun dəri, selikli qişalar, mərkəzi sinir sistemi və digər orqanları zədələyən bir neçə tipi (sadə herpes virusu 1 və 2, sitomeqalovirus, suçiçəyi virusu, Epşteyn-Bar virusu, kəmərləyici dəmrov və s.) ayırd edilir. Sadə herpes virusu 1 və 2 oral və genital patologiyalara səbəb olur; belə ki, SHV 1 əsasən üz, dodaqlar, burun qanadlarını zədələyir, SHV 2 isə daha çox genital herpesə səbəb olur. SHV tez-tez ureoplazma və sitomeqalovirusla yanaşı aşkar olunur.
Genital herpes cinsi əlaqənin müxtəlif formalarında cinsi yolla ötürülür. Törədici zədələnmiş dəri və selikli qişalardan asanlıqla orqanizmə daxil olur. SHV yoluxduqdan sonra sinir qanqlionlarına keçir və xəstənin bütün ömrü boyu burada saxlanılır. Bu virusların dəri və selikli qişaların epitel hüceyrələrində çoxalması həmin hüceyrələrin distrofiyasına və ölümünə gətirib çıxarır. İnfeksiya xroniki gedişatı ilə xarakterizə olunur və siklik olaraq təzahür edir: qovuqcuqların əmələ gəlməsi ilə müşayiət olunan aktiv və ya residiv dövr (2-21 gün), kliniki simptomlar itməsilə gedən remissiya dövrü ilə növbələşir. Genital herpes simptomsuz gedişinə də az rast gəlinmir, lakin xəstələr belə hallarda da infeksiya mənbəyi hesab olunurlar.
Genital herpesin səbəbləri
SHV birincili yoluxması uşaq yaşlarda (6-7 yaşlı uşaqlar arasında xəstələnmə artıq 50% təşkil edir) hava-damcı yolu ilə baş verir. Əhali arasında bu qədər sıx yayılmasının səbəbləri həyatın sosial-iqtisadi səviyyəsinin yüksək olmaması və gigiyena qaydalarına riayət olunmamasıdır.
İkincili yoluxma isə, bir qayda olaraq, cinsi əlaqə zamanı baş verir. Genital herpeslə yüksək xəstələnmə 20-30 yaşlı insanlar arasında qeyd olunur. Bu, cinsi həyatın erkən başlanması, təsadüfi cinsi əlaqələr, partnyoru tez-tez dəyişmək və ya bir neçə partnyorun olması, qorunmamış cinsi əlaqə ilə bağlıdır. Genital herpeslə xəstələnmənin risk faktorlarına venerologiya daxili amilləri də aid edir:
- Orqanizmin zəifləmiş immun müdafiəsi;
- CYYX-in mövcudluğu;
- İnsanın cinsi (məlum olmuşdur ki, qadınlar genital herpeslə kişilərə nisbətən daha çox xəstələnir);
- Hamiləliyin cərrahi üsulla sonlandırılması, uşaqlıqdaxili spiralların istifadəsi.
İnsanın immun sistemi SHV-un yoluxmasına spesifik antitellərin yaranması ilə reaksiya verir; immun reaksiyaların normal səviyyəsində infeksiyaların kliniki təzahürləri müşahidə olunmur. Orqanizmin immun reaktivliyini zəiflədən faktorların təsiri altında SHV aktivləşir, dəri və selikli qişalarda səpkilər, sinir ağrıları meydana çıxır. Genital herpesin residivləri tez-tez xroniki stress, vitamin çatışmazlığı, bədən temperaturunun həddən artıq azalması və ya artması, iqlimin dəyişilməsi, kataral xəstəliklər zamanı büruzə verir.
Genital herpesin ötürülmə yolları
Genital herpeslə daha çox cinsi orqanların, düz bağırsağın və uretranın selikli qişalarından və ya genital, oral-genital və anal-genital cinsi əlaqə zamanı dərinin zədələnmiş nahiyələrindən yoluxma baş verir.
SHV-un ötürülməsi aşağıdakı yollarla da mümkündür:
- hava-damcı yolu;
- vertikal yolla xəstə anadan sağlam dölə ötürülmə (doğuş zamanı ananın doğuş yolları ilə kontaktda olduqda, transplasentar, ananın cinsi orqanlarından qalxan yolla servikal kanala və uşaqlığa ötürülmə);
- özünü yoluxdurma zamanı – autoinokulyasiya (infeksiyanı xəstə özü bədəninin xəstə nahiyələrindən sağlam nahiyələrinə ötürür – üzdən genital orqanlara);
- məişət yolu – nadir hallarda (nəm gigiyena əşyaları vasitəsilə).
Genital herpeslə yoluxma, adətən, yoluxmuş partnyor xəstəliyindən xəbərdar olmadıqda, baş verir (simptomsuz virus daşıyıcılığı hallarında); belə ki, bu zaman kliniki əlamətlər özünü göstərmir.
Genital herpesin formaları və təzahürləri
Kliniki gedişinə görə birincili (xəstəliyin birinci epizodu) və residivləşən (xəstəliyin sonrakı bütün epizodları) genital herpes ayırd olunur.
Residivləşən genital herpes tipik, atipik kliniki formalar və simptomsuz virus daşıyıcılığı ilə gedə bilər.
Birincili genital herpes
Birincili genital herpesin erkən simptomlarına infeksiyanın giriş qapısında şişkinlik, qızartı, ağrı, yanma hissi aiddir. Genital herpesin yerli əlamətləri tez-tez bədən temperaturunun yüksəlməsi, nasazlıq, əzələ və baş ağrıları ilə müşayiət olunur. Bir neçə gün sonra herpetik səpkilər – içərisi şəffaf maye ilə dolu kiçik qovuqcuqlar əmələ gəlir. Qovuqcuqlar partladıqda yerində ağrılı, eroziv-xoralı elementlər qalır. Xoralar cinsi orqanlarda lokalizasiya olunarsa, ağrılı sidikburaxma müşahidə olunur. Səpkilərin sağalması 2 həftə ərzində baş verir.
Qadınlarda genital herpes, adətən, xarici cinsiyyət orqanlarını, aralıq və anus nahiyəsini, uretranı, budların daxili səthini zədələyir. Kişilərdə isə genital herpes zamanı səpkilər daha çox penisin başında və pülükdə, nadir hallarda – sidik kanalında lokalizasiya olunur, bəzən herpetik uretrit və ya prostatitlə müşayiət olunur.
Residivləşən genital herpes
Genital herpesin residivlərinin inkişafı birincili infeksiyanı daşıyan pasientlərin 50-70%-ində müşahidə olunur. Təkrari epizodların tezliyindən asılı olaraq residivləşən genital herpesin bir neçə forması ayırd edilir:
- yüngül forma (fəsadlaşma il ərzində 3 dəfədən çox rastlanmır)
- orta-ağır forma (il ərzində 4-6 dəfə fəsadlaşma)
- ağır forma (hər ay fəsadlaşma)
Residivləşən genital herpesin gedişi aritmik, monoton və sakitləşən ola bilər.
Аritmik gedişli genital herpes remisiyaların (2 həftədən 5 ayadək) növbələşməsi ilə xarakterizə olunur. Bununla yanaşı, remisiya müddəti nə qədər uzun olarsa, genital herpesin residivləri də bir o qədər intensiv və davamlı olur və əksinə.
Genital herpesin monoton gedişi zamanı az dəyişmiş remisiya dövründən sonra tez-tez xəstələnmə epizodları qeyd olunur. Bu tipə davamlı gedişata malik, müalicəyə çətin tabe olan menstrual herpes aiddir.
Sakitləşən tipli genital herpes daha xoşxassəli gedişə malikdir. Residivlərin intensivliyinin azalması və remisiya dövrlərinin uzanması ilə xarakterizə olunur.
Genital herpesin residivlərinin inkişafı müxtəlif faktorların – bədənin həddən artıq soyuması, cinsi əlaqələr, stress situasiyaları, tükənmə, başqa patologiyanın (qrip, KRVİ) yaranmasının təsiri altında baş verir.
Genital herpesin residivləri simptomatika baxımından birincili xəstələnmədən zəifdir. Lakin onların nəticələri çox ciddi ola bilər.
Genital herpes zamanı səpkilər həddən artıq güclü ağrı, pasientin hərəkətinin, ifrazat funksiyasının çətinləşməsi, yuxu pozulması ilə müşayiət olunur. İnsanın psixoloji vəziyyətinin pozulmasına heç də az rastlanmır. Həssaslıq, yeni səpkilərin yaranmasından qorxma, yaxınlarının sağlamlığı üçün narahatlıq, intahar haqda düşüncələr və s. meydana çıxır.
Genital herpesin atipik formaları
Genital herpesin atipik formaları silinmiş, xarici və daxili cinsiyyət orqanlarının xroniki iltihabı (vulvovaginit, kolpit, endoservisit, uretrit, sistit, prostatit və s.) şəklində gedir. Genital herpes diaqnozu herpetik infeksiyanın laborator analizlərlə təsdiqinə əsaslanır. Genital herpesin atipik gedişli formaları bütün kliniki halların yarısından çoxunu – 65% təşkil edir.
Genital herpesin atipik forması üçün aydın nəzərə çarpan şişkinlik, eritema hissəcikləri, kiçik, nöqtəşəkilli qovuqcuqlar, davamlı yanma hissi və qaşınma, çoxlu, müalicəyə tabe olmayan genital ifrazat xarakterikdir. Xəstəliyin uzunmüddət davam edən gedişində qasıq limfa düyünlərinin böyüməsi və ağrılı olması qeyd olunur.
Lokalizasiyasına görə herpetik səpkilərin 3 mərhələsi ayırd edilir:
- I mərhələ — genital herpes xarici cinsi orqanları zədələyir;
- II mərhələ — genital herpes uşaqlıq yolunu, uşaqlıq boynunu və uretranı zədələyir;
- III mərhələ — genital herpes uşaqlıq, artımlar, sidik kisəsi və prostatı zədələyir.
Herpetik infeksiya sidik-cinsiyyət yolları ilə nə qədər yuxarı qalxarsa, proqnoz bir o qədər ciddidir. Genital herpesin gecikmiş forması immundefisit vəziyyətə gətirib çıxara bilər; qadınlarda isə sonsuzluq, uşaqlıq boynunun xərçənginin inkişafı riski yüksəlir. SHV immuniteti zəifləmiş (İİV-infeksiyası) və orqan transplantasiyası cərrahi əməliyyatı keçirmiş insanlar üçün təhlükəlidir.
Genital herpes və hamiləlik
Hamiləlik dövründə genital herpes əvvəllər təzahür etməyən birincili infeksiya zamanı çox təhlükəlidir. Ana hamiləliyin erkən mərhələsində – dölün orqan və toxumaların əsasının qoyulduğu dövrdə xəstələndikdə inkişaf qüsurları əmələ gəlir. SHV plasenta vasitəsilə dölə yoluxaraq onun əsasən sinir toxumasını zədələyir. Genital herpes spontan abort, vaxtından əvvəl doğuş, dölün eybəcərlikləri və ölümü riskini artırır.
Genital herpesin atipik foması ilə xəstə olan hamilələr hamiləliyin son 6 həftəsində SHV-a qarşı 2 dəfə müayinə olunurlar. Herpes virusu aşkar olunduqda plana əsasən keysəriyyə əməliyyatı aparılmalıdır. Bu, döl doğuş yollarından keçən zaman virusla yoluxmanın qarşısını almaq məqsədilə həyata keçirilir.
Optimal variant qadının hamiləliyə hazırlıq mərhələsində, həmçinin hamiləliyin hər trimestrində SHV-a görə müayinəsidir.
Yenidoğulmuşların genital herpesi
Dölün yoluxması dölün qişaları cırıldıqdan sonra ilk 4-6 saat ərzində və ya xəstə ananın doğuş yollarından keçən zaman daha çox baş verir. SHV, adətən, yenidoğulmuşların gözlərini, ağız boşluğunun selikli qişasını, dərisini, tənəffüs yollarını zədələyir. Yenidoğulmuşun SHV ilə birincili yoluxmasından sonra virus orqanizmdə hematogen və ya kontakt yolla yayılır. Genital herpeslə xəstə olan ananın hamiləliyinin son trimestrində dölün yoluxma ehtimalı yüksəlir.
Yenidoğulmuşlarda herpetik infeksiyaların lokalizasiya olunmuş formasında dəri və ağzın selikli qişasında qızartı, vezikula və qansızma əmələ gəlir; meninqoensefalit, keratokonyunktivit, xorioretinit (gözün damarlarının və torlu qişanın iltihabı), büllurun bulanması inkişaf edir. Genital herpeslə yoluxmuş uşaqlar tez-tez davamlı nevroloji pozulmalardan əziyyət çəkir.
Genital herpes yenidoğulmuşların generalizəolunmuş infeksiyasına səbəb ola bilər. Generalizəolunmuş herpes infeksiyasının əlamətləri uşaq doğulduqdan 1-2 həftə sonra meydana çıxır. Lokal simptomlara qidadan imtina, qusma, hərarət, sarılıq, tənəffüs pozulmaları, qanaxma, şok qoşula bilər. Uşağın ölüm səbəbi kəskin qan itkisi və damar çatışmazlığıdır.
Genital herpesin diaqnostikası
Genital herpesin diaqnostikasında veneroloq şikayətləri, anamnezin və obyektiv müayinənin göstəricilərini nəzərə alır. Genital herpesin tipik hallarında diaqnostika, bir qayda olaraq, çətin deyil və kliniki təzahürlərə əsaslanır. Herpetik xoralar uzun müddət mövcud olur; onları sifilitik xoralardan fərqləndirmək lazımdır.
Genital herpesin laborator diaqnostika metodları aşağıdakılardan ibarətdir:
- Zədələnmiş orqan materialında SHV aşkarlanması metodları (uşaqlıq yolu və boynunun sıyrıntısı, uretradan yaxma, uşaqlıq borularının histoloji materialı və s.). Bu məqsədlə toxuma kulturasında SHV-nin yetişdirilməsi və sonra onun xüsusiyyətləri öyrənilir, elektron mikroskopunda virusun aşkar olunması metodundan istifadə olunur;
- Qan serumunda SHV-ə qarşı antitellərin aşkar olunması metodları (immunoqlobulin M və G) genital herpesin hətta simptomsuz keçən formalarını aşkarlamağa və SHV 1 və ya 2-yə qarşı antiteli təyin etməyə imkan verir. Bunlara İFA – immuno-ferment analiz aid olunur.
Genital herpesin müalicəsi
Bugünki gün SHV-na qarşı preparatlar mövcuddur. Bu preparatlar genital herpesin ağırlığını və gedişatını yüngülləşdirə bilər, lakin xəstəlikdən tamamilə azad etmək iqtidarında deyil.
Genital herpesin müalicəsində istifadə olunan klassik virus əleyhinə preparatlara (asiklik nukleozidlər – valasiklovir, asiklovir, famsiklovir) qarşı SHV-nin rezistentliyinin yaranmasından qaçmaq üçün onların növbəli, həmçinin interferonla birgə təyini tövsiyə olunur. İnterferon güclü antivirus təsirə malikdir və onun defisiti genital herpesin residivlərinin başlıca səbəblərindən biridir.
Eyni zamanda həm asiklovir və həm də interferondan ibarət hazır dərman Herpferondur. Onun tərkibinə həm də lidokain daxildir. Bu maddə genital herpesin ağrılı təzahürləri zamanı yerli anesteziyanı təmin edir. Genital herpesli pasientlərdə Herpferonun qəbulu artıq 5-ci gündə səpkilərin sağalmasını və yerli simptomların əhəmiyyətli dərəcədə yüngülləşməsini təmin edir.
Genital herpesin profilaktikası
Genital herpesə birincili yoluxmanın profilaktika üsulu təsadüfi cinsi əlaqələr zamanı prezervativlərdən istifadədir. Lakin hətta bu hallarda belə SHV-nin mikroçatlardan yoluxması, dəri və selikli qişaların zədələnməsi ehtimalı çox yüksək olaraq qalır. Virusun keçə biləcəyi nahiyələr antiseptik preparatlarla (miramistin və s.) işlənə bilər.
Genital herpesin residivləşən gedişi orqanizmin müdafiə reaksiyaları zəiflədikdə (xəstəliklər, bədən temperaturunun azalması və ya yüksəlməsi, menstruasiya, hamiləlik zamanı, hormonal preparatların qəbulu, stress) qeyd olunur. Buna görə də genital herpesin residivlərinin profilaktikası üçün düzgün həyat tərzi, tamdəyərli qidalanma və istirahət, vitamin preparatlarının qəbulu böyük əhəmiyyət kəsb edir. Genital herpesin profilaktika tədbirlərinə intim gigiyena və cinsi həyatın gigiyenasına riayət etmək, veneroloji xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi aiddir.
SHV ilə yoluxmuş pasient, hətta genital herpesin simptomatikası olmadığı halda belə öz partnyorunu bu haqda məlumatlandırmalıdır. Çünki herpetik səpkilər olmadıqda belə cinsi əlaqə zamanı yoluxma mümkündür, belə hallarda prezervativlərin istifadəsi mütləqdir.
Şübhəli, qorunmasız cinsi əlaqədən sonra ilk 1-2 saatda genital herpesin təcili profilaktikası məqsədilə yerli virus əleyhinə preparatlardan istifadə etmək olar.
Genital herpes virusunun dodaqlardan cinsi orqanlara keçməsinin – autoinokulyasiyanın profilaktikası məqsədilə elementar gigiyena qaydalarına riayət etmək, yəni əlləri tez-tez və təmiz yumaq (xüsusən də dodaqlarda qovuqcuqlar olduqda), əllər, üz və bədən, həmçinin ailənin hər bir fərdi üçün ayrıca dəsmal istifadə etmək vacibdir.
Yenidoğulmuşun SHV ilə yoluxma riskini azaltmaq məqsədilə genital herpesli hamilə qadına keysəriyyə əməliyyatı göstərişdir. Genital herpesin residivləşən gedişli formalarında təbii doğuş planlaşdırılırsa, asiklovirlə profilaktik kurs təyin olunur.
Qorunmayan cinsi əlaqədən sonra, hamiləlik planlaşdırdıqda, SHV daşıyıcısı ilə cinsi əlaqədən sonra genital herpes və başqa CYYX-in müayinəsi tövsiyə olunur.