Qonoreya

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 10993

qonoreya nədir?Qonoreya – silindrik və vəzili epitelli orqanların (uretra, uşaqlıq, düz bağırsaq, udlaq, gözün konyunktivası) selikli qişalarının zədələnməsinə səbəb olan zöhrəvi xəstəlikdir. Patologiya cinsi yolla ötürülən xəstəliklər (CYYX) qrupuna aid edilir; törədicisi qonokoklardır. Xəstəlik uretra və vaginadan selikli və irinli ifrazat, sidik ifrazı zamanı ağrı və diskomfort, anal dəlikdən ifrazat və həmin nahiyədə qaşınma ilə xarakterizə olunur. Udlağın zədələnməsi zamanı boğazın və badamcıqların iltihabı inkişaf edir. Qadınlarda və kişilərdə müalicə olunmamış qonoreya sonsuzluğa gətirib çıxaran kiçik çanaq orqanlarının iltihabına; hamiləlik zamanı qonoreya doğuş zamanı uşağın yoluxmasına səbəb olur.

  • Qonoreya ilə yoluxma
  • Yenidoğulmuşların qonoreya ilə yoluxması
  • Qonoreyanın simptomları
  • Qonoreyanın ağırlaşmaları
  • Qonoreyanın diaqnostikası
  • Qonoreyanın müalicəsi
  • Qonoreyanın profilaktikası

Qonoreya barədə ümumi məlumat

Qonoreya (süzənək) – əsasən sidik-cinsiyyət sistemini zədələyən spesifik infeksion-iltihabi prosesdir. Patologiyanın törədiciləri qonokokklardır (Neisseria gonorrhoeae).  Qonoreya – veneroloji xəstəlikdir, çünki əsasən cinsi əlaqə zamanı ötürülür. Qonokokklar xarici mühitdə (isitmə, qurutma, antiseptiklərlə işləmə, birbaşa günəş şüaları altında) sürətlə məhv olurlar. Qonokokklar başlıca olaraq silindrik və vəzili epitelli orqanların selikli qişalarını zədələyir. Onlar hüceyrələrin səthində və hüceyrədaxili (leykositlərdə, trixomonadalarda, epitel hüceyrələrində) yerləşə, L-formalar (antitellərin və preparatların təsirinə qeyri-həssaslıq) əmələ gətirə bilərlər.

Zədələnmə nahiyəsindən asılı olaraq qonokok infeksiyalarının bir neçə növü ayırd olunur:

  • Sidik-cinsiyyət orqanlarının qonoreyası;
  • Anorektal nahiyənin qonoreyası (qonokok proktiti);
  • Sümük-əzələ sisteminin qonoreyası (qonartrit);
  • Gözün konyunktivasının qonokok infeksiyası (blennoreya);
  • Qonokok faringiti.

Qonoreya sidik-cinsiyyət sisteminin aşağı şöbələrindən (uretra, periuretral vəzilər, servikal kanal) yuxarı şöbələrinə (uşaqlıq və artımlar, periton) yayıla bilər. Qonoreyalı vaginitə, demək olar ki, rast gəlinmir. Belə ki, uşaqlığın selikli qişasının epiteli qonokokların təsirinə qarşı davamlıdır. Lakin selikli qişaların bəzi dəyişiklikləri zamanı (qızlarda, qadınlarda hamiləlik zamanı, menopauzada) onun inkişafı mümkündür.

Qonoreya 20-30 yaşlı cavanlar arasında daha çox yayılıb, lakin bütün yaş dövrlərində rastlana bilər. Qonoreyanın ağırlaşma – müxtəlif sidik-cinsiyyət pozulmaları (həmçinin seksual), qadın və kişi sonsuzluğu təhlükəsi çox böyükdür. Qonokoklar qana keçərək orqanizmdə sirkulyasiya edir və oynaqları zədələyir, bəzən endokardit və meningit, bakteriemiya, ağır septik vəziyyətə səbəb ola bilər. Doğuş zamanı xəstə anadan dölə yoluxma qeyd olunur.

Qonoreyanın silinmiş simptomları zamanı xəstəliyin gedişində proses dərinləşir və infeksiya pasientin xəbəri olmadan yayılır.

Qonoreya ilə yoluxma

Qonoreya yüksək yolxuculuğa malik infeksiyadır; 99% hallarda cinsi yolla ötürülür. Yoluxma müxtəlif formalı – vaginal (adi və “natamam”), anal, oral cinsi əlaqələr zamanı baş verir.

Xəstə kişi ilə cinsi əlaqədən sonra qadının yoluxma ehtimalı 50-80% təşkil edir. Qonoreyalı xəstə qadınla cinsi əlaqədən sonra kişilər həmişə deyil, yalnız 30-40% hallarda yoluxur. Bu, kişilərin sidik-cinsiyyət sisteminin bəzi anatomik-fizioloji xüsusiyyətləri (sidik kanalının darlığı, qonokoklar sidiklə yuyula bilər) ilə əlaqəlidir. Əgər qadının menstruasiyası varsa, cinsi əlaqə uzanarsa və sürətlə bitərsə kişilərin qonoreya ilə yoluxma ehtimalı yüksəlir.

Bəzən törədici doğuş zamanı xəstə anadan uşağa kontakt yolla yoluxa bilər; məişət yolu – şəxsi gigiyena əşyaları (yataq örtükləri, süngər, dəsmal) ilə, adətən qızlara yoluxma da mümkündür.

Qonoreyanın inkubasiya (gizli) dövrü 1 gündən 2 həftəyə, nadir hallarda 1 ayadək uzana bilər.

Yenidoğulmuşların qonoreya ilə yoluxması

Hamiləlik zamanı qonokoklar sağlam fetal membrandan keçə bilmir, lakin bu membranların vaxtından əvvəl cırılması dölyanı mayenin və dölün yoluxmasına gətirib çıxarır. Yenidoğulmuşların qonoreya ilə yoluxması xəstə ananın doğuş yollarından keçəndə baş verir. Bu zaman gözün konyunktivası, qızlarda isə həm də cinsi orqanlar zədələnir. Korluq yenidoğulmuşlarda kliniki halların yarısında qonoreya ilə yoluxma nəticəsində yaranıb.

Qonoreyanın simptomları

Xəstəliyin davam etmə müddətindən asılı olaraq yeni yoluxmuş (yoluxma anından 2 ayadək) və xroniki qonoreya ayırd edilir.

Yeni yoluxmuş qonoreya kəskin, yarımkəskin, azsimptomlu (torpid) formalarda gedə bilər. Qonoreyanın törədicisi orqanizmdə mövcud olduğu halda subyekt olaraq özünü göstərməyən qonokok daşıyıcılığı var.

Hazırda qonoreya tipik kliniki əlamətlərlə heç də həmişə büruzə vermir. Belə ki, tez-tez qarışıq infeksiya (trixomonadalar, xlamidiyalarla) şəklində təzaher edir; bu isə simptomatikanı dəyişə, inkibasion dövrü uzada, diaqnostika və müalicəni çətinləşdirə bilər. Qonoreyanın çoxsaylı azsimptomlu və simptomsuz kliniki hallarına rastlanır.

Qadınlarda qonoreyanın kəskin formasının klassik təzahürləri:

  • irinli və seroz-irinli vaginal ifrazat;
  • selikli qişaların hiperemiyası, ödemi və xoralaşması;
  • tez-tez və ağrılı sidik ifrazı, yanma hissi və qaşınma;
  • menstruasiyalararası qanaxma;
  • qarnın aşağı nahiyəsində ağrılar.

Qadınlarda qonoreya kliniki halların yarısından çoxunda süst, az simptomlu və ya tamamilə simptomsuz gedir. Belə hallarda həkimə gec müraciət qalxan iltihabi prosesin təhlükəli inkişafına səbəb olur; qonoreya uşaqlığı, uşaqlıq borularını, yumurtalıqları, peritonu zədələyir. Ümumi vəziyyət pisləşə, bədən temperaturu yüksələ (39°С-yə qədər), menstrual siklin pozulmaları, diareya, ürəkbulanma, qusma müşahidə oluna bilər.

Qızlarda qonoreya kəskin gedişata malikdir; bu zaman vulvanın və vaginanın selikli qişasının ödemi və hiperemiyası, genital üzvlərdə yanma hissi və qaşınma, irinli ifrazat, sidiyəgetmə zamanı ağrılar əmələ gəlir.

Kişilərdə  qonoreya əsasən kəskin uretrit şəklində gedir:

  • qaşınma, yanma hissi, uretranın şişkinliyi;
  • çoxlu irinli, seroz-irinli ifrazat;
  • tez-tez, ağrılı, bəzən çətinləşmiş sidiyəgetmə.

Qonoreyanın qalxan formasında xayalıqlar, prostat, toxum qovuqcuqları zədələnir; bədən temperaturu yüksəlir, titəmə, ağrılı defekasiya özünü göstərir.

Qonokoklar tərəfindən törədilən faringit boğazda qızartı və ağrı, hərarətlə özünü göstərə bilər; lakin daha çox simptomsuz gedişata malik olur. Qonokok proktitində düz bağırsaqdan ifrazat, anal dəlik ətrafında, xüsusən defekasiya zamanı ağrının yaranması ilə müşahidə oluna bilər; adətən, simptomlar az nəzərə çarpır.

Xroniki qonoreya periodik fəsadlaşmalar, kiçik çanaqda bitişmələr, kişilərdə cinsi istəyin azalması, qadınlarda menstrual tsiklin və reproduktiv funksiyaların  pozulması ilə müşayiət olunan uzunmüddətli gedişata malikdir.

Qonoreyanın ağırlaşmaları

Qonoreyanın simptomsuz forması nadir hallarda erkən mərhələdə aşkarlanır; nəticədə xəstəliyin geniş yayılmasına və çoxsaylı ağırlaşmalarına səbəb olur.

Qadınlarda qalxan tip qonoreyanı menstruasiya, diaqnostik prosedurlar (qaşıma, biopsiya, zondlama), hamiləliyin cərrahi üsulla dayandırılması, uşaqlıqdaxili spiralların yeridilməsi təmin edir. Qonoreya uşaqlıq, uşaqlıq boruları, yumurtalıq toxumasını absesədək zədələyə bilər. Bu, menstrual tsiklin pozulması, borularda bitişmələrin yaranması, sonsuzluq, uşaqlıqdankənar hamiləliklərə gətirib çıxarır. Əgər qonoreyalı qadın hamilədirsə, spontan abort, vaxtından əvvəl doğuş, yenidoğulmuşun yoluxması və doğuşdan sonra septik vəziyyətin inkişafı ehtimalı yüksəkdir. Yenidoğulmuşun qonoreyaya yoluxduqda korluğa gətirib çıxara biləcək gözün konyunktivasının iltihabı inkişaf edir.

Kişilərdə qonoreyanın ciddi ağırlaşması qonokok epididimiti, spermatogenezin pozulması, spermatozoidlərin döllənmə qabiliyyətinin azalmasıdır.

Qonoreya sidik kisəsinə, sidik axarlarına, böyrəklərə, udlağa və düz bağırsağa keçə, limfatik vəziləri, oynaqları və başqa daxili orqanları zədələyə bilər.

Müalicəyə vaxtında başlandıqda, veneroloqun təyinatına ciddi əməl olunduqda, sağlam həyat tərzi sürdürdükdə qonoreyanın arzuolunmaz ağırlaşmalarından yayınmaq mümkündür.

Qonoreyanın diaqnostikası

Qonoreyanın diaqnostikasında xəstənin kliniki simptomları kifayət qədər olmadıqda  törədiciləri laborator metodların köməyilə aşkar etmək lazımdır:

  • materialdan hazırlanmış yaxmanın mikroskopiyası;
  • təmiz kultura əldə etmək üçün material spesifik qidalı mühitdə əkilir;
  • İFA və ZPR-diaqnostika.

Qram və metilen abısı boyaları ilə boyanmış yaxmanın mikroskopiyası zamanı qonoreyaların tipik, paxlaşəkilli, cüt, qram-mənfi və hüceyrədaxili yerləşməsi aşkar olunur. Törədicilərinin dəyişkənliyinə görə qonoreyaları bu metodla aşkarlamaq həmişə mümkün olmur.

Qonoreyanın simptomsuz formalarının, həmçinin uşaqlarda və hamilələrdə rastlanan formalarının diaqnostikasında kultural metod (dəqiqliyi 90-100%-dir) daha münasibdir. Selektiv mühitlərin (qanlı aqar) antibiotiklərin əlavə olunması ilə tətbiqi konsentrasiyası çox olmayan qonoreyaları və onların preparatlara qarşı həssaslığını dəqiq müəyyənləşdirməyə imkan verir.

Qonoreyanın təyini üçün istifadə olunan materiallar servikal kanal (qadınlarda), uretra, düz bağırsağın aşağı hissəsi, ağız-udlaq, göz konyunktivasının irinli ifrazatıdır. Qızlarda və 60 yaşdan yuxarı qadınlarda yalnız kultural metod istifadə olunur.

Qonoreya tez-tez qarışıq infeksiya kimi gedir. Buna görə də qonoreya ehtimalı olan pasient əlavə olaraq başqa CYYX-ə görə də müayinə olunmalıdır. Hepatit B və C, İPV-yə qarşı antitellərin təyini, sifilisə görə seroloji reaksiyalar; qanın və sidiyin ümumi və biokimyəvi analizi, kiçik çanaq orqanlarının USM-i, uretroskopiya, qadınlarda – kolposkopiya, servikal kanalın seliyinin sitologiyası aparılır.

Müayinələri qonoreyanın müalicəsi başlayana qədər, təkrar müayinə müalicə qurtardıqdan 7-10 gün sonra, seroloji analizlər isə 3-6-9 gün sonra aparırlar.

Diaqnostika məqsədilə “provokasiya”dan istifadəyə ehtiyacın olub-olmamasına həkim özü, hər bir kliniki halda individual qərar verir.

Qonoreyanın müalicəsi

Qonoreyanın sərbəst (pasient tərəfindən) müalicəsi yolverilməzdir; belə ki, bu zaman xroniki formaya keçmə və orqanizmdə geridönməz dəyişikliklərin inkişafı təhlükəsi yaranır. Bu patologiyanın simptomatikasını daşıyan xəstələrlə son 14 gündə cinsi əlaqədə olmuş bütün insanlar və ya bu müddətə qədərki sonuncu cinsi partnyoru müayinə və müalicə olunur.  Qonoreyalı xəstələrdə kliniki simptomlar olmadıqda pasientin son 2 ayda cinsi əlaqədə olduğu bütün cinsi partnyorlar müayinə və müalicə olunur. Qonoreyanın müalicəsi dövründə alkoqol, cinsi əlaqə istisna olunur, dispanser müşahidə dövründə prezervativlərdən istifadə ilə cinsi əlaqəyə icazə verilir.

Müasir venerologiya qonoreya ilə uğurla mübarizə aparmağa imkan verən effektiv antibakterial preparatlarla silahlanıb. Qonoreyanın müalicəsində xəstəliyin müddəti, simptomları, zədələnmə yeri, ağırlaşmaların olub-olmaması, yanaşı infeksiyalar nəzərə alınır. Qonoreyanın kəskin gedişli qalxan formalarında hospitalizasiya, yataq rejimi, müalicəvi tədbirlər vacibdir. İrinli abses əmələ gəldikdə (salpingit, pelvioperitonit) təcili cərrahi müdaxilə – laparoskopiya və laparotomiya aparılır. Qonoreyanın müalicəsində əsas yeri antibiotikoterapiya tutur; bu zaman qonokokların bəzi ştamlarının antibiotiklərə (məs., pensillin) rezistentliyi nəzərə alınır. Qəbul olunan antibiotik effektsiz olduqda törədicinin həssaslığı nəzərə alınaraq başqa preparat təyin olunur.

Sidik-cinsiyyət sisteminin qonoreyası seftriakson, azitromisin, sefiksim, siprofloksasin, spektinomisinlə müalicə olunur. Qonoreyanın müalicəsinin alternativ sxemi ofloksasin, sefozimid, kanamisin (eştimə orqanlarının xəstəlikləri olmadıqda), amoksisillin, trimetoprimin qəbulundan ibarətdir.

Xəstəliyin müalicəsində 14 yaşa qədər uşaqlara ftorxinolonlar, hamilə qadınlar və laktasiyada olan analara tetrasiklinlər, ftorxinolonlar, aminoqlikozidlər əks-göstərişdir.

Dölə təsir göstərməyən antibiotiklər (seftriakson, spektinomisin, eritromisin) təyin edilir, qonoreyalı anaların yenidoğulmuş uşaqlarına profilaktik müalicə (seftriakson – əzələdaxili, gözlər gümüş nitratla yuyulur və ya gözə eritromisin mazı qoyulur) aparılır.

Qarışıq infeksiya olduqda qonoreyanın müalicəsi korreksiya olunmalıdır. Patologiyanın torpid, xroniki və simptomsuz formalarında əsas müalicə immunoterapiya, yerli müalicə və fizioterapiya prosedurları ilə kombinasiya olunur.

Qonoreyanın yerli müalicəsi vaginaya, uretraya 1-2%-li protorqol, 0,5%-li gümüş-nitrat yeridilə, çobanyastığı ilə mikroklizmalar edilə bilər. Kəskin iltihabi proses olmadıqda fizioterapiya (elektroforez, UBŞ, UYT elektrik, maqnitoterapiya, lazeroterapiya) tətbiq olunur. Qonoreya zamanı immunoterapiya fəsadlaşmalar olmadıqda immun reaksiyanın səviyyəsini qaldırmaq məqsədilə tətbiq olunur və spesifik (qonovaksin), qeyri-spesifik (pirogenal, autohemoterapiya, prodiqiozan, levamiozol, metilurasil, qliseram və s.) olmaqla bölünür. 3 yaşa qədər uşaqlara immunoterapiya aparılmır. Antibiotiklərlə müalicədən sonra lakto- və bifidopreparatlar (peroral və intravaginal) təyin olunur.

Xəstəliyin simptomlarının itməsi və laborator analizlərin nəticələrində (müalicə bitdikdən 7-10 gün sonra) törədicilərin aşkar olunmaması qonoreyanın uğurlu müalicəsi hesab olunur.

Hazırda müasir yüksək effektli antibakterial preparatlarla qonoreyanın müalicəsi bitdikdən sonra provokasiyaların müxtəlif növlərinin və çoxsaylı kontrol müayinələrin mühümlüyü mübahisəlidir. Xəstəliyin müalicəsinin adekvatlığını müəyyənləşdirmək üçün pasientə bir yoxlama müayinəsi aparılır. Kliniki simptomlar qalıbsa, xəstəliyin residivləri varsa, laborator kontrol təyin olunur. Qonoreya ilə təkrari yoluxma mümkündür.

Qonoreyanın profilaktikası

Qonoreyanın profilaktikası başqa CYYX kimi aşağıdakıları özündə cəmləşdirir:

  • Şəxsi profilaktika (təsadüfi cinsi əlaqəyə girməmək, prezervativlərdən istifadə etmək, şəxsi gigiyena qaydalarına riayət etmək);
  • Xüsusən də risk qruplarında qonoreyanın vaxtında aşkarlanması və müalicəsi;
  • Profilaktik inspeksiya (uşaq müəssisələrinin işçiləri, tibb personalı, qida sferasında işləyənlərin);
  • Hamilə qadınların müayinəsi və hamiləliyin aparılması mütləqdir.

Yenidoğulmuşun qonoreyaya qarşı profilaktikası məqsədilə doğulduqdan dərhal sonra gözlərinə natrium sulfasil damladılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: