Prostat vəzinin absesi
Prostat vəzinin absesi – prostatit və ya ekstragenital infeksion-irinli proses fonunda inkişaf edən prostat toxumasında məhdud irinin toplanmasıdır. Aralıq və düz bağırsaq nahiyəsində kəskin, pulsasiya edən ağrılar, intoksikasiya, titrəmə, hərarət, sidik ifrazı və defekasiyanın çətinləşməsi ilə meydana çıxır. Prostat vəzinin absesinin diaqnostikası prostatın barmaqla per rectum palpasiyası, TRUSM-i (transrektal ultrasəs müayinəsi), irinliyin punksiyasından ibarətdir. Bu xəstəlik zamanı aralıq və ya düz bağırsaq nahiyəsindən abses yarılır, mikrob əleyhinə və dezintoksikasion terapiya təyin olunur. absesin vaxtında müalicəsi sonsuzluğun inkişafının qarşısını almağa imkan verir.
- Səbəbləri
- Prostat vəzinin simptomları
- Ağırlaşmaları
- Diaqnostika
- Prostat vəzinin absesinin müalicəsi
- Proqnoz və profilaktikası
Prostat vəzinin absesi barədə ümumi məlumat
Prostat vəzinin absesi birincili (sərbəst patologiya kimi) və ya ikincili (kəskin prostatitin sonlanması kimi) inkişaf edir. Prostatın absesi vəzin toxumasının irinləməsi nəticəsində bağlı irinliyin formalaşması ilə xarakterizə olunan ciddi infeksion-iltihabi xəstəlikdir. Patologiya bədxassəli gedişində irinin xayalığa, aralığa, uretraya, kiçik çanağa, qarnın ön divarına və ya periton boşluğuna açılması ilə ağırlaşa bilər. Abses vaxtında aşkar olunmadıqda peritonit və sepsisin inkişaf etmə təhlükəsi var. Prostatın absesindən ölüm 3-16% hallarda qeyd olunur.
Prostat vəzinin absesinin səbəbləri
Prostat vəzinin absesinin formalaşması kəskin prostatitli pasientlərin 5%-ində baş verir. Buna prostatitin qeyri-adekvat müalicəsi və ya transuretral instrumental müdaxilələrin ehtiyatsız icra olunması səbəb olur. Bir sıra klinik hallarda prostat absesini prostat vəzi və sidik kisəsinin cərrahi əməliyyatlarının (sidik kisəsinin və prostatın transuretral rezeksiyası və s.) aparılması ağırlaşdırır. Prostat vəzinin absesinin səbəbi vəzin çıxarıcı axarlarının daşlarla obstruksiyasıdır. Buna xroniki prostatit, prostatın adenoması, uretrit və s. zamanı tez-tez rastlanır.
Prostat vəzinin ikincili absesi infeksiyanın ekstragenital ocaqdan, məs., hidradenit, furunkulyoz, osteomielit, angina, xroniki tonzillit və s.dən hematogen yolla yayılması nəticəsində inkişaf edir. Bu zaman etioloji amil qram-müsbət mikroorqanizmlərdir. Prostat vəzinin absesinin formalaşmasına bədən temperaturunun soyuması, kiçik çanaqda venoz durğunluq, interkurrent xəstəliklər, siqaretçəkmə, cinsi həyatın müntəzəmliyinin pozulması nəticəsində yerli və ümumi immunitetin zəifləməsi də şərait yaradır.
Prostat vəzinin absesinin simptomları
Prostat vəzinin absesinin inkişaf prosesi infiltrativ və irinli-destruktiv mərhələlərə ayrılır. Klinik təzahürlər infiltrativ mərhələdə daha çox büruzə verir. Prostat vəzinin absesi güclü intoksikasiya, hektik tipli yüksək temperatur, titrəmə , tərləmə, taxikardiya, bəzən huşun pozulması və sayıqlama kimi ağır septik xəstəliyin simptomları ilə xarakterizə olunur.
Prostat vəzinin absesi zamanı ağrılar, bir qayda olaraq, prostatın zədələnmiş nahiyəsindən asılı olaraq birtərəfli lokalizasiya olunur. Ağrılar aralıq və düz bağırsağa irradiasiya edən, kəskin, pulsasiya xarakterli olur. Defekasiya və sidik ifrazı çətinləşmişdir və həddən artıq ağrılıdır; bəzən nəcisin və sidiyin kəskin ləngiməsi, qazların bağırsaqda toplanması inkişaf edir.
İkinci mərhələdə irinlik məhdudlaşdığından xəstənin vəziyyəti yaxşılaşır, ağrıları sönür, temperaturu aşağı düşür. Bu o demək deyil ki, xəstəlik keçib getdi; bu mərhələdə formalaşmış prostat vəzinin absesi parauretral toxumalara və ya paravezikal sahəyə açılaraq fleqmonanın inkişafına gətirib çıxara bilər. İrinliyin uretraya açılması zamanı piuriya əmələ gəlir, sidik bulanıq, irinli və xoşagəlməz, kəskin qoxulu olur. Prostatın absesinin düz bağırsağa açılması zamanı düz bağırsaq fistulları formalaşır; nəcisdə seliyin və irinin olması bunu təsdiqləyir. Lakin absesin yarılması zamanı irin boşluğunun tam boşalması baş vermir, bu isə residivlərin yaranmasının mümkünlüyünü ifadə edir.
Absesin daha ağır fəsadlaşmaları peritonit və sepsisdir.
Prostat vəzinin absesinin diaqnostikası
Urologiya və andrologiyada prostat vəzinin absesinin diaqnozu klinik təzahürlər, laborator və instrumental müayinələr, diaqnostik cərrahi müdaxilənin (prostat absesinin punksiyası) nəticələrinə əsasən qoyulur. Qanda kəskin iltihabın tipik əlamətləri – leykositlərin konsentrasiyasının və eritrositlərin çökmə sürətinin artması; sidiyin ümumi analizində leykosituriya, proteinuriya qeyd olunur. Uretra yaxmasının və ya sidiyin bakterial müayinəsində patogen mikroflora aşkar olunur.
Prostatın düz bağırsaqdan palpator müayinəsində dairəvi törəmələr aşkar olunur, absesin maye möhtəviyyatı səbəbindən fluktuasiya hiss olunur; prostat vəzi böyümüş, gərgin və həddən artıq ağrılı olur. Prostat vəzinin abseslərində prostatın barmaqla rektal müayinəsi bakteriotoksik şokun inkişaf təhlükəsi olduğundan ehtiyatla həyata keçirilməlidir.
Prostat vəzinin TRUSM-i (transrektal ultrasəs müayinəsi) böyümüş və ödemli prostat fonunda dairəvi və ya oval formalı hipoexogen ocaq təyin edir. USM təkcə irinliyi aşkarlamır, həm də onun ölçülərini, lokalizasiyasını müəyyənləşdirməyə, vəzin absesinin punksiyasını kontrol etməyə və törədicini identifikasiya etmək üçün möhtəviyyatı götürməyə kömək edir.
Fistulların yaranma ehtimalı olduqda uretroskopiya, sistoskopiya, sidik kisəsinin USM-i, anoskopiya, proktoloq konsultasiyası aparılır. Prostat vəzin absesi kəskin prostatit, pielonefrit, epididimitlə differensiasiya olunur.
Prostat vəzinin absesinin müalicəsi
Prostat vəzin absesinin müalicə üsulunun seçimi xəstəliyin mərhələsindən asılıdır. İnfiltrasiya mərhələsində sefalosporin, fluor xinolon, aminoqlikozidlərlə antibiotikoterapiya; dezintoksikasiya, immunostimuləedici terapiya məqsədilə venadaxili infuzion məhlullar təyin olunur. Kəskin ağrı sindromunun aradan qaldırılması məqsədilə presakral və paraprostat blokadalar həyata keçirilir.
Əgər palpasiya və USM nəticələrinə əsasən prostat vəzinin absesi müəyyənləşdirilərsə, irinlik perineal (aralıq) və ya transrektal açılır və drenaj olunur. Sidik kanalının zədələnmələrinin profilaktikası məqsədilə metal bujlar yeridilir, həmçinin uretranın bujlanması həyata keçirilir. Əksər hallarda absesin geniş açılmasına, bununla yanaşı, ikincili infeksiyalaşması və düz bağırsaq-uretra fistullarının yaranmasından qaçmağa imkan verən perineal metod seçilir. Posteoperasion dövrdə mikrob əleyhinə və dezintoksikasion terapiya təyin olunur.
Prostat vəzinin absesinin proqnozu və profilaktikası
Prostat vəzin absesinin vaxtında müalicəsi zamanı proqnoz kafidir və xəstəliyin reproduktiv funksiyaları saxlanır. Əmək qabiliyyəti yalnız xəstəlik müddətində itirilir. Vəzin absesi diaqnostika olunmadıqda, bir qayda olaraq, generalizəolunmuş infeksiyaya və urosepsisə gətirib çıxarır.
Prostat vəzin absesinin profilaktikası ilk növbədə kəskin prostatititn profilaktikasından – fiziki aktivlik, bədənin həddən artıq soyumasının aradan qaldırılması, cinsi həyatın ritminin normallaşdırılması, xroniki infeksiya ocaqlarının və uroloji xəstəliklərin müalicəsindən ibarətdir. Prostat vəzin absesinin başlanğıc simptomları zamanı dərhal uroloq-androloq konsultasiyası mühümdür.