İmmunoloji sonsuzluq

18 Yanvar 2019 Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 51

immunoloji sonsuzluqİmmunoloji sonsuzluq – spesifik antispermal anticisimlərin sekresiyası ilə müşayiət olunan qadın və ya kişi orqanizminin hiperimmun vəziyyətidir. İmmunoloji sonsuzluq infertilliyin digər qadın və kişi amillərinin müşahidə olunmadığı hallarda kontrasepsiyasız müntəzəm cinsi əlaqə zamanı mayalanma və hamiləliyin baş tutmaması ilə təzahür edir. İmmunoloji sonsuzluğun diaqnostikası sperma analizi, plazmanın antispermal anticisimlərinin müayinəsi, postkoital test, MAR-test və digər müayinələrdən ibarətdir. İmmunoloji sonsuzluq zamanı kortikosteroidlər, immunizasiya üsulları və köməkçi reproduktiv texnologiyadan istifadə olunur.

  • İmmunoloji sonsuzluğun yaranma səbəbləri
  • İmmunoloji sonsuzluğun əlamətləri
  • İmmunoloji sonsuzluğun diaqnostikası
  • İmmunoloji sonsuzluğun müalicəsi

İmmunoloji sonsuzluq barədə ümumi məlumat

İmmunoloji sonsuzluq – yumurtahüceyrənin mayalanması və embrionun implantasiyasına mane olan patoloji antispermal immunitetin olmasıdır. İmmunoloji sonsuzluq zamanı spermatoziodlərə qarşı anticisimlər-antispermal anticisimlər (ASA) həm qadın, həm də kişi orqanizmi tərəfindən sintez oluna bilər, onlara servikal və uşaqlıqdaxili selikdə, qan zərdabında, toxum plazmasında, toxumçıxarıcı axacaqlarda rast gəlinir. İmmunoloji amil yaşı 40-dan az olan cütlüklər arasında rast gəlinən sonsuzluqların 5-10 %-nin səbəbi hesab olunur, belə hallarda ASA ailənin 1 üzvü və ya hər ikisində aşkarlana bilər. İmmunoloji sonsuzluq problemi ilə reproduktiv təbabət sahəsinin mütəxəssisləri (ginekoloq-reproduktoloqlar, androloqlar) məşğul olurlar.

ASA minimal konsentrasiyada fertil kişi və qadınlarda müşahidə oluna bilər, lakin onların əksər spermatozoidlərin membranında fiksasiyası hamiləlik proqnozunu əhəmiyyətli dərəcədə pisləşdirir. Bu, spermanın keyfiyyət və fertilliyinin pozulması- quruluşunun zədələnməsi və spermatozoidlərin hərəkətliyinin kəskin azalması, onların servikal kanala keçmək qabiliyyətinin zəifləməsi, hazırlıq mərhələlərinin (kapasitasiya və akrosomal reaksiya) və yumurtahüceyrənin mayalanma prosesinin blokadası ilə əlaqədardır. ASA-nın olması embrionların keyfiyyətini xeyli aşağı salır, onların uşaqlığa implantasiyası, döl qişalarının formalaşması və inkişafı prosesləri pozulur, bu da embrionun ölümü və hamiləliyin erkən mərhələlərdə pozulması ilə nəticələnir.

İmmunoloji sonsuzluğun yaranma səbəbləri

immunoloji sonsuzluqSpermatozoidlər öz antigen quruluşlarına görə qadın və kişi orqanizmi üçün yad hesab olunur. Normada onlar immun cavabın supressiya mexanizmləri: kişilərdə – xaya və onun artımlarında hemato-testikulyar baryer (HTB), spermoplazmanın immunosupressiv amilləri və spermatoziodlərin mimikriya qabiliyyəti (səthi antigenlərin sorbsiya və desorbsiyasına qarşı); qadınlarda – ovulyasiya zamanı T-supressorların sayının artması, T-helperlər, Ig və komplement sistemin C3 komponentinin səviyyəsinin azalması sayəsində müdafiə olunur.

Müəyyən əlverişsiz amillərin təsirindən müdafiə mexanizmlərinin pozulması nəticəsində spermal antigenlər immun sistemi ilə əlaqəyə girir, bu da immunoloji sonsuzluğun yaranması ilə nəticələnir. Kişilərdə spermatozoidlərə və spermatogenez hüceyrələrinə qarşı autoanticisimlərin yaranmasına  xayalığın iti və küt travmaları, xayalarda aparılan əməliyyatlar, urogenital traktın infeksiya və iltihabi prosesləri (qonoreya, xlamidioz, herpes, İPV, orxit, epididimit, prostatit), cinsiyyət orqanlarının anadangəlmə və ya qazanılmış qüsurları (kriptorxizm, xayaların burulması, varikosele, funikulosele və s.), onkopatologiya səbəb ola bilər.

Predimplantasion dövrdə qadınlarda immun tolerantlığın pozulması və ASA-nın yaranması reproduktiv traktın infeksion-iltihabi xəstəlikləri, cinsi partnyorun eyakulyatında leykositlərin səviyyəsinin yüksəlməsi (qeyri-spesifik bakterial prostatit), autoanticimlərlə birləşmiş immunogen spermatozoidlərlə kontakt nəticəsində baş verə bilər.

Həmçinin qadınlarda ASA-nın formalaşmasına oral/anal seks zamanı spermanın MBT-na düşməsi, kontrasepsiyanın kimyəvi vasitələrinin istifadəsi, anamnezdə uşaqlıq boynunun eroziyasının koaqulyasiyası, uşaqlıqdaxili inseminasiya zamanı pozulmalar, EKM zamanı hormonal “zərbə”, yumurtahüceyrələrin toplanması zamanı travma səbəb ola bilər. Cinsi partnyorun eyakulyatında olan digər izoantigenlər- fermentlər və spermatozoidlərin hüceyrədaxili antigenləri, HLA antigenləri; ABO, Rh-Hr, MNSs. ABO, Rh-Hr, MNSs sistemləri üzrə uyğunsuzluq qadın orqanizmində dolayı yolla ASA-nın sintezini stimulə edə bilər.

Spermatozoidlərin zədələnmə dərəcəsi ASA-nın sinifləri (IgG, IgA, IgM) və titrindən, onların fiksasiya yerindən, immun reaksiyanın yaranma səviyyəsindən asılıdır. Spermatozoidlərin quyruq hissəsi ilə birləşən ASA onların hərəkətini çətinləşdirir, baş hissəyə fiksə olunan antispermal anticisimlər isə oositlə birləşməni blokada edir.

İmmunoloji sonsuzluğun əlamətləri

immunoloji sonsuzluqİmmunoloji sonsuzluq hər 2 partnyorda klinik olaraq heç bir gözlə görünən əlamətlə müşahidə olunmur. Autoimmun sonsuzluğu olan kişilərdə adətən aktiv spermagenez, erektil funksiya və cinsi əlaqə tamlığı saxlanılır. Ginekoloji müayinə zamanı qadınlarda uşaqlıq, boru-peritoneal, endokrin və mayalanmaya mane olan digər amillər aşkar olunmur.

Bununla bərabər reproduktiv yaşda olan cütlükdə qadınlarda normal aybaşı sikli və qorunmamış müntəzəm cinsi əlaqə şəraitində bir il ərzində hamiləlik müşahidə olunmur. Qadınlarda ASA zamanı qüsurlu implantasiya və embrionun inkişafının pozulması nəticəsində onun ölümü və ayrılmasına, çox erkən mərhələlərdə (adətən qadının hamiləliyi aşkar etməsindən əvvəl) hamiləliyin pozulmasına rast gəlinir.

İmmunoloji sonsuzluğun diaqnostikası

Sonsuzluq zamanı qadın cinsi partnyoru ilə bərabər kompleks müayinədən (qadın-ginekoloq, kişi-uroloq-androloq müayinəsindən) keçməlidir. Sonsuzluğun immunoloji xarakteri laborator müayinələrin: eyakulyatın analizi, xüsusi bioloji sınaqlar- postkoital test (Şuvarski in vivo, Kurtsrok-Miller in vitro), MAR- test; 1BT-test, axarlı sitoflüorometriya üsulu ilə plazmanın antispermal anticisimlərinin təyininin nəticələrinə əsasən təsdiqlənir. Diaqnostik müayinələr zamanı hormonal və digər dərman preparatlarının qəbulu dayandırılır.

Spermoqramın pozulmaları (spermatozoidlərin miqdarının kəskin azalması, formasının təhrif olunması, aqqlütinasiyası və zəif aktivliyi, yaşama qabiliyyətinin aşağı olması, canlı spermatozoidlərin olmaması) immunoloji sonsuzluğun kişi amilinin olmasına dəlalət edir. Əsas postkoital testin nəticələri servikal seliyin uşaqlıq boynu kanalının möhtəviyyatındakı spermatozoidlərin hərəkətliyi və yaşama qabiliyyətinə təsirinə əsasən onun tərkibində olan ASA-rı aşkar etməyə kömək edir. ASA ilə birləşmiş spermatozoidlər üçün aşağı mobillik və adinamiya, rəqsi hərəkət, «yerində titrəmə» fenomeni xarakterikdir.

Spermoqramla yanaşı ASA-müsbət hərəkətli spermatozoidlərin miqdarını təyin edən MAR-test (MAR zamanı IgG >50% olması «kişi immun sonsuzluğu» deməkdir) aparılır. 1ВТ-test vasitəsilə ASA-nın spermatozoidlərin səthində lokalizasiya və ASA ilə birləşmiş spermatozoidlərin faizi müəyyən olunur.  Axarlı sitoflüorometriya üsulu 1 spermatozoiddə ASA-nın konsentrasiyasını, spontan və induksiya olunmuş akrosomal reaksiyaları təyin etməyə kömək edir. Spermoqram və postkoital testdə kənəraçıxmaların aşkarlanması zamanı qan zərdabında ASA-nın spektrini təyin etmək məqsədilə İFA aparılmalıdır. Əlavə olaraq urogenital infeksiyaların (xlamidiya, mikoplazma, HSV, İPV və s.) PZR-diaqnostikası, fosfolipidlər, DNT, kardiolipin, tireoid hormonlara qarşı autoanticisimlərin təyini, HLA-tipləndirilməsi aparılır. İmmunoloji sonsuzluğu digər mənşəli qadın və kişi sonsuzluğundan differensiasiya etmək lazımdır.

İmmunoloji sonsuzluğun müalicəsi

İmmunoloji sonsuzluq zamanı kortikosteroidlərin zərbə dozaları və ya uzunmüddətli kurslarla qadının immun statusunun korreksiyası aparılır, antihistamin və antibakterial preparatlar təyin olunur. Autoimmun proseslərdə (antifosfolipid sindrom) müalicə sxeminə kiçik dozalarda aspirin və ya heparin əlavə olunur. 6-8 ay müddətində kontrasepsiyanın baryer üsulundan (prezervativlərin) istifadə zamanı spermatozoidlərin qadın cinsiyyət orqanlarının immun hüceyrələri ilə kontaktinın istisna olunması  qadın orqanizminin sensibilizasiyasını azaltmağa imkan verir. İmmunitetin zəiflədilməsi mayalanma imkanlarını 50% artırır. Qadın orqanizmində immun mexanizmlərin normalizasiyası üçün mayalanmadan əvvəl dərialtına allogen limfositlər (cinsi partnyor/donor) və ya venadaxilinə γ-qlobulin (müxtəlif donorlardan alınmış plazma zülallarının qarışığı) yeridilir.

İmmunoloji sonsuzluğun kişi komponentinin aradan qaldırılması ASA-nın yaranmasına səbəb olan fon patologiyasının müalicəsindən ibarətdir. Bır sıra hallarda reproduktiv traktın anomaliyalarını və qan dövranını korreksiya edən cərrahi əməliyyatlar tələb oluna bilər. Proteolotik fermentlər, sitostatiklər və kortikosteroidlərin qəbulu mümkündür.

İmmunoloji sonsuzluğun müalicəsində əsasən köməkçi reproduktiv texnologiyadan istifadə olunur, bu zaman cütlüyün hər 2 üzvünün hərtərəfli müayinə və müalicəsi tələb olunur. Süni inseminasiya ovulyator dövrdə kişinin spermasının boyun kanalını keçməklə birbaşa uşaqlıq boşluğuna yeridilməsindən ibarətdir. Mayalandırma qabiliyyətinə malik olan, lakin yumurtahüceyrəyə çata bilməyən spermatozidlər müəyyən olunduqda süni mayalanma üsulu tətbiq edilir. Mayalandırma potensialı aşağı olduqda ICSI metodu-1 keyfiyyətli spermatozoidin yumurtahüceyrənin sitoplazmasına intrasitoplazmatik inyeksiyası, sonra isə embrionun uşaqlıq boşluğuna yeridilməsi icra olunur.

Keyfiyyətli yumurtahüceyrənin alınması üçün superovulyasiyanın hormonal stimulyasiyası aparılır. Kişilərdə spermatozoidlər eyakulyasiya yolu ilə, xayalardan (TESA, TESE, Micro-TESE) və ya xaya artımından (PESA, MESA) alınır. Kişi immunoloji sonsuzluğunun ağır hallarında donor spermasından istifadə olunur. Qadının qanında ASA-nın yüksək titrdə olması inseminasiya, ICSI və EKM üçün əks-göstəriş sayılır, onların səviyyəsinin normallaşması üçün uzunmüddətli müalicə tələb olunur.  İmmunoloji sonsuzluğun müalicəsində daha keyfiyyətli morfoloji seleksion və ya genetik sağlam və funksional aktiv spermatozoidlərin istifadəsi (IMCI və PICSI) və embrionların predimplantasion seçilməsi və işlənilməsi perspektiv hesab olunur. Hamiləliyin baş vermə ehtimalını artırmaq üçün embrionların predimplantasion kriokonservasiyası icra edilir.

İmmunoloji sonsuzluq kifayət qədər spesifik xarakter daşıyır: ASA konkret kişinin spermatozoidlərinə qarşı sintez olunur, cinsi partnyor dəyişdirildikdə hamiləlik baş verə bilər. Ağır olmayan hallarda adətən köməkçi reproduktiv texnologiyanın köməyilə immunoloji sonsuzluğa qalib gəlmək olur.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: