Qol gərmə əməliyyatı

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2841

Qol gərmə əməliyyatı nədir?Qol gərmə əməliyyatı (braxioplastika) – qol nahiyəsində sallanmış dəri probleminin aradan qaldırılmasından ibarətdir. Onun sayəsində qollar cavan və sağlam görünüş əldə edir. Bu cərrahi müdaxilə tibbdə “braxioplastika” adlanır. 

Qol gərmə əməliyyatı yaşla əlaqədar və kəskin arıqlama nəticəsində dərinin boşalması zamanı aparılır. Bu üsul həm də liposaksiya ilə artıq piy toxumasının xaric edilməsindən sonra və ya onunla birgə icra olunur. 

Qol gərmə əməliyyatının növləri

Braxioplastikanın 2 üsulu mövcuddur:

Transaksilyar qol gərmə əməliyyatı – qoltuq altında kiçik kəsik aparmaqla, dəri örtüyünün ellips formada xaric edilməsinə əsaslanır. Proses əsnasında artıq piy toxuması da götürülə bilər. Dərinin yeni vəziyyətdə fiksasiyası sayəsində onun sallandığı nahiyələr yox olur. Bu üsul kiçik həcmli olub, çapığın qoltuq altında nəzərə çarpmaması ilə seçilir.   

Klassik və ya genişləndirilmiş qol gərmə əməliyyatı – iri həcmli toxumaları çıxarmaq məqsədilə icra olunur. Bu cərrahi müdaxilə qolun daxili səthində – dirsək oynağından qoltuq altına qədər uzun kəsikdən yerinə yetirilir. Kəsik S və ya T formasında olur. S formalı kəsik əməliyyatdan sonrakı çapığı gizlətməyə imkan verir. T forma isə dəri həddindən artıq boşaldıqda aparılır.  

Toxumaların elastikliyi az olduqda (qolların liposaksiyasını tətbiq etmək mümkün olmadıqda) klassik üsul xüsusən effektivdir. Onun yeganə çatışmazlığı qolun daxili səthindən çapığın formalaşmasından ibarətdir.  

Qol gərmə əməliyyatının aparılma qaydası

Qol gərmə əməliyyatının aparılma qaydasıCərrahi əməliyyat ümumi və yerli narkoz altında gedir. Onun davametmə müddəti təxminən 2 saatdır.

Cərrah ellipsəbənzər, klassik T və yaxud S formalı kəsikdən dəri və piy toxumasını xaric edir. Sonra dərini ehmalca dartaraq, sorulan sapla kosmetik tikiş qoyur. 

Qol gərmə əməliyyatının bərpa dövrü

Braxioplastikadan sonra pasiyent stasionarda 1-3 gün qalır. Sarğı 1-2 həftə keçdikdə çıxarılır. Toxumaların bərpa prosesini tezləşdirmək üçün kompression qolçaq məsləhət görülür. 

Əməliyyat sonrası 1,5 ay ərzində fiziki yüklənmələr, sauna və hovuz xidmətlərinə məhdudiyyət qoyulur.  

Qol gərmənin fəsadları və əks-göstərişləri 

Braxioplastikadan sonra şişkinlik, hematoma, seroma, yaranın infeksiyalaşması, keloid çapıqlar, dərinin “dartılması” hissi yarana bilər. 

Qoltuqaltı limfa düyünlərində keçirilən əməliyyat, kəskin və xroniki infeksion xəstəliklər, şəkərli diabet, qanın laxtalanmasının pozulması, hiperhidroz,  ağır dərəcəli piylənmə qol gərmə əməliyyatı üçün əks-göstərişdir. 

Əməliyyatdan əvvəl plastik cərrah pasiyentdən gələcəkdə bədən çəkisini kəskin şəkildə azaltmaq fikrinin olub-olmaması barədə soruşur. Belə hallarda əməliyyat təxirə salınmalıdır, çünki izafi çəki itkisi əməliyyatın nəticəsini korlaya bilər. 

Uğurlu qol gərmə əməliyyatı zamanı pasiyentin gözləntisi nəticə ilə tam uyğunlaşır. Bunun üçün həkim seçimini düzgün etmək lazımdır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: