skip to Main Content

Prostatit

prostatitProstatit – prostat vəzinin iltihabi xəstəliyidir. Patologiya tez-tez sidiyə getmə, sidikdə qan və irin qarışığı, penis, xayalıq, düz bağırsaqda ağrı, seksual pozğunluqlar (ereksiyanın pozulması, erkən eyakulyasiya və s.), bəzən sidiyin ləngiməsi ilə təzahür edir. Prostatitin diaqnozu uroloq və ya androloq tərəfindən tipik klinik şəkil və rektal müayinənin nəticələrinə əsasən qoyulur. Əlavə olaraq, prostat vəzinin USM, prostat vəzinin sekreti və sidiyin bakterioloji əkilməsi icra olunur. Müalicə konservativ yolla aparılır – antibakterial terapiya, immunoterapiya, prostat vəzinin masajı, həyat tərzinin korreksiyası.

  • Prostatitin yaranma səbəbləri
  • Prostatitin əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Prostatitin müalicəsi
  • Proqnoz və profilaktika

Prostatit

Prostatit kişilərin sidik-cinsiyyət sisteminin ən geniş yayılmış xəstəliyidir. Adətən 25-50 yaşlı pasiyentlərdə müşahidə edilir. Müxtəlif məlumatlara əsasən yaşı 30-dan yuxarı olan kişilərin 30-85%-i prostatitdən əziyyət çəkir. Prostatit vəzinin absesi, xaya və artımların iltihabı ilə ağırlaşa bilər, bu da son nəticədə sonsuzluğa gətirib çıxarır. İnfeksiyanın qalxan yolla yayılması sidik-cinsiyyət sisteminin yuxarı şöbələrinin iltihabına (sistit, pielonefrit) səbəb olur.

Patologiya infeksion agentin sidik-cinsiyyət sistemi orqanlarından və ya uzaq iltihabi ocaqdan (pnevmoniya, qrip, angina, furunkulyoz zamanı) prostat vəziyə daxil olması nəticəsində baş verir. Xəstəliyin inkişaf ehtimalını yüksəldən bir sıra amillər mövcuddur.

Prostatitin yaranma səbəbləri

prostatitKəskin proseslərdə infeksion agent qismində qızılı stafilokokk (Staphylococcus aureus), enterokokk (Enterococcus), enterobakter (Enterobacter), göy-yaşıl irin çöpləri (Pseudomonas), protey (Proteus), кlebsiella (Klebsiella) və bağırsaq çöpləri (E. Coli) iştirak edir. Mikroorqanizmlərin əksəriyyəti şərti-patogen floraya aid olub, yalnız müəyyən şəraitlərdə prostatit törədir. Xroniki iltihaba adətən polimikrob assosiasiyaları səbəb olur. Soyuqlama, anamnezdə spesifik infeksiyalar və prostat toxumasında durğunluq halları ilə müşayiət olunan vəziyyətlər xəstəliyin inkişaf riskini daha da artırır.

Prostatitin yaranmasına təkan verən amillər aşağıdakılardır:

  • ümumi soyuqlama(birdəfəlik və ya əmək fəaliyyəti ilə əlaqədar daimi)
  • az hərəkətli həyat tərzi, uzun müddət oturaq vəziyyətdə qalmağı tələb edən peşə (operator, sürücü)
  • daimi qəbizlik
  • cinsi aktivliyin normal ritminin pozulması (həddindən artıq cinsi aktivlik, cinsi həyatın uzun müddət olmaması, emosional rəngarəngliyini itirmiş «adəti» cinsi akt zamanı natamam eyakulyasiya).
  • xroniki xəstəliklərin (xolesistit, bronxit) və ya orqanizmdə xroniki ocaqların olması (xroniki osteomioelit, karies, tonzillit və s.)
  • keçirilmiş uroloji infeksiyalar (uretrit, sistit və s.) və cinsi yolla ötürülən infeksiyalar (xlamidiaz, trixomoniaz, qonoreya)
  • immun sistemi zəiflədən vəziyyətlər (xroniki stresslər, qeyri-müntəzəm və balanslaşdırılmamış qidalanma, xroniki yuxusuzluq, peşəkar idmançıların həddindən artıq yüklənməsi).

Xroniki intoksikasiyalar (alkoqol, nikotin, morfin) zamanı patologiyanın inkişaf ehtimalının yüksəlməsi ehtimal olunur. Müasir andrologiya sahəsində aparılan bəzi tədqiqatların nəticələrinə əsasən maşın idarə edən, motosikletçi, velosipedçilərdə aralığın xroniki travması (vibrasiya, silkələnmə) prostatitin risk amili hesab olunur. Lakin mütəxəsssilərin böyük əksəriyyəti hesab edir ki, sadalanan bütün hallar xəstəliyin həqiqi səbəbi olmayıb, sadəcə prostat toxumalarında latent iltihabi prosesin kəskinləşməsinə səbəb olur.

Prostat toxumasında durğunluq halları prostatitin inkişafında həlledici rol oynayır. Kapilyar qan dövranın pozulması lipidlərin oksidləşməsini gücləndirir, prostat vəzidə ödem, eksudatın yaranmasına səbəb olur, infeksion prosesin inkişafı üçün əlverişli şərait formalaşdırır.

Prostatitin əlamətləri

Kəskin prostatitin 3 mərhələsi ayırd edilir. Onların hər biri müvafiq klinik şəkil və morfoloji dəyişikliklərlə xarakterizə olunur:

  • Kəskin kataral. Pasiyentlər tezləşmiş və çox zaman ağrılı sidiyə getmə, oma və aralıq nahiyəsində ağrılardan şikayət edir.
  • Kəskin follikulyar. Ağrılar daha intensiv olur, bəzən arxa keçidə irradiasiya edir, defekasiya zamanı güclənir. Sidiyəgetmə çətinləşir, sidik nazik şırnaqla axır. Bir sıra hallarda qalıq sidik qeydə alınır. Subfebrilitet və ya mülayim hipertermiya müşahidə edilir.
  • Kəskin parenximatoz. İfadəli ümumi intoksikasiya, hərarətin 38-40°С-yə qədər yüksəlməsi, titrətmə, dizurik pozğunluqlar, kəskin sidik ləngiməsi, aralıq nahiyəsində güclü, pulsasiyaedici ağrı, defekasiya aktının çətinləşməsi.

Nadir hallarda xroniki prostatit kəskin prosesin nəticəsi kimi meydana çıxır. Lakin bir qayda olaraq, birincili xroniki gediş müşahidə edilir. Hərarət bəzən subfebril həddə kimi yüksəlir. Pasiyent aralıq nahiyəsində zəif ağrı, sidiyə getmə və defekasiya zamanı diskomfort hissinin olmasını qeyd edir. Prostatitin ən xarakterik əlaməti defekasiya aktında uretradan az miqdarda ifrazatın axmasıdır. Xəstəliyin birincili xroniki forması müəyyən zaman ərzində yaranır. Onun inkişafına tədricən abakterial prostatitə keçən prostatoz (kapilyarlarda durğunluq) təkan verir.

Xroniki prostatit bir sıra hallarda spesifik infeksiya törədicilərinin (xlamidiya, trixomonada, ureaplazma, qonokokk) səbəb olduğu iltihabi prosesin ağırlaşması kimi formalaşır. Adətən spesifik iltihabi prosesin əlamətləri prostatın zədələnməsinin təzahürlərini maskalayır. Sidiyə getmə zamanı ağrının cüzi artması, aralıq nahiyəsində zəif ağrı, defekasiya aktında uretradan azacıq ifrazat mümkündür. Klinik şəklin cüzi dəyişməsi çox zaman xəstənin diqqətindən yayınır.

Prostat vəzinin xroniki iltihabı uretra və aralıqda göynəmə hissi, dizuriya, cinsi pozğunluq, yorğunluqla özünü büruzə verə bilər. Potensiyanın pozulması (və ya impotensiya qorxusu) adətən həyəcan və qıcıqlanmalara səbəb olur. Klinik şəkil hər zaman sadalanan simptomlardan ibarət olmur, müxtəlif pasiyentlərdə xəstəliyin gedişi fərqli olur. Əlamətlərin zaman keçdikcə dəyişməsi qeydə alınır. Xroniki prostatit üçün xarakterik olan 3 əsas əlamət mövcuddur: ağrı, dizurik və seksual pozğunluqlar.

Prostat toxumasında ağrı reseptorlarına rast gəlinmir. Xroniki prostatit zamanı ağrı kiçik çanaq orqanlarının innervasiyasının güclü olması və sinir yollarının iltihabi prosesə cəlb olunması ilə bağlıdır. Pasiyentlər müxtəlif intensivlikli ağrlardan (zəif diskomfort hissindən tutmuş intensiv xarakterli, yuxunu pozan ağrılara qədər) şikayət edir. Həddindən artıq cinsi aktivlik və ya intim yaxınlığın olmadığı hallarda, eləcə də eyakulyasiya zamanı ağrının xarakterinin dəyişməsi (güclənməsi və ya zəifləməsi) qeyd olunur. Ağrılar xayalıq, oma, aralıq, bəzən isə bel nahiyəsinə yayılır.

Xroniki prostatit zamanı iltihabla əlaqədar prostat vəzinin həcmi böyüyür, bu da sidik axarlarının sıxılmasına, mənfəzinin daralmasına səbəb olur. Nəticədə sidiyəgetmə çağırışları tezləşir, sidik kisəsinin tam boşalmaması hissi yaranır. Dizurik pozğunluqlar adətən erkən mərhələlərdə ifadəli olur. Zaman keçdikcə sidik kisəsi və sidik axarlarının əzələ qatının kompensator hipertrofiyası inkişaf edir.  Dizuriya əlamətləri bu dövrdə zəifləyir, uyğunlaşma mexanizmlərinin dekompensasiyası zamanı isə yenidən artır.

Başlanğıc mərhələlərdə dispotensiya yarana bilər. Bu pozğunluq müxtəlif insanlarda fərqli formada özünü büruzə verir. Pasiyentlər gecə saatlarında ereksiya, silinmiş orqazm və ya ereksiyanın zəifləməsindən şikayət edir. Tezləşmiş eyakulyasiya (erkən boşalma) orqostatik mərkəzin oyanma həddinin azalması ilə bağlıdır. Zamanla cinsi pozğunluqlar daha da güclənir. Gecikmiş mərhələlərdə impotensiya yaranır.

Cinsi pozğunluğun dərəcəsi bir sıra amillərdən, o cümlədən cinsi konstitusiya və xəstənin psixoloji vəziyyətindən asılıdır. Potensiyanın pozulması və dizuriya prostat vəzidə baş verən dəyişikliklər və ya  xəstənin özünə təlqin etdiyi fikirlərlə (psixogen mənşəli) bağlı ola bilər.

İmpotensiya, eləcə də cinsi pozğunluqların baş vermə ehtimalı xəstələr tərəfindən ağır qəbul edilir. Bu da əksər hallarda xarakterin dəyişməsi, əsəbilik, deyingənlik, sağlamlıqla ifrat dərəcədə maraqlanmaya gətirib çıxarır.

Ağırlaşmalar

prostatitKəskin prostat vaxtında müalicə olunmadıqda prostat vəzinin absesinin yaranma riski yüksəlir. İrinli ocağın formalaşdığı hallarda bədən temperaturu 39-40°С-yə qədər yüksəlir, bəzi hallarda isə hektik xarakter alır. Hərarət dövrü ifadəli titrətmə ilə növbələnir. Aralıq nahiyəsində kəskin ağrılar sidiyə getməni çətinləşdirir, defekasiyanı mümkünsüz edir.

Prostat vəzinin ödeminin artması kəskin sidik ləngiməsinə səbəb olur. Nadir hallarda abses spontan şəkildə uretra və ya düz bağırsağa açılır. Sidik kanalına açılma zamanı irinli, bulanıq rəngli, xoşagəlməz iyli sidik, düz bağırsağa açılma zamanı isə irin və selik qarışıqlı nəcis müşahidə edilir.

Xroniki prostatit üçün uzunmüddətli remissiya dövrləri ilə təzahür edən dalğavarı gediş xarakterikdir. Remissiya zamanı prostat vəzidə iltihab latent formada gedir və ya zəif simptomatika ilə özünü büruzə verir. Xəstələr əksər hallarda onları narahat edən heç bir əlamətin olmadığını görüb, müalicəni dayandırırlar və yalnız ağırlaşmaların inkişafı zamanı yenidən həkimə müraciət edirlər.

İnfeksiyanın sidik yolları ilə yayılması pielonefrit və sistitə gətirib çıxarır. Xroniki prosesin ən çox rast gəlinən fəasdı xayalar və artımların (epdidimoorxit), toxum qovuqcuqlarının iltihabıdır (vezikulit). Bu xəstəliklər çox zaman sonsuzluqla nəticələnir.

Diaqnostika

Kəskin və xroniki prostatit zamanı xarakterik klinik şəkil diaqnozun qoyulmasını asanlaşdırır. Mütləq qaydada prostatın rektal müayinəsi aparılır və prostat vəzinin sekreti götürülür. Mikrofloranın həssaslığı yoxlanılır (prostat sekretinin əkilməsi və sidiyin bakterial əkilməsi). Struktur dəyişikliklərinin (şiş, kista, adenoma) aşkarlanması və prostatitin digər xəstəliklərdən differensiasiyası məqsədilə prostat vəzinin USM icra olunur. Sonsuzluğun inkar və ya təsdiq etmək üçün spermoqrammadan istifadə edilir.

Prostatitin müalicəsi

Kəskinləşməmiş kəskin proses zamanı xəstələr androloq tərəfindən ambulator şəraitdə müalicə olunur. İfadəli intoksikasiya, irinli prosesə şübhə yarandıqda hospitalizasiya göstəriş sayılır. Antibakterial terapiya aparılır. Preparatlar infeksion agentin həssaslığı nəzərə alınmaqla seçilir. Prostat vəziyə asanlıqla daxil ola bilən antibiotiklərə (siprofloksasin və s.) üstünlük verilir. Prostat vəzinin absesi inkişaf etdikdə irinliyin endoskopik transrektal və ya transuretral yarılması  həyata keçirilir.

Xroniki prostatitin müalicəsi kompleks şəklində olmalıdır. Xəstələrə uzunmüddətli (4-8 həftə müdddətində) antibiotikoterapiya təyin edilir. Prostat vəzinin masajı, immunitetin korreksiyası, fizioterapiya aparılır. Xəstəyə həyat tərzini dəyişmək barədə məsləhətlər verilir. Antibakterial preparatların növ və dozalanma qaydasının seçilməsi, eləcə də müalicə kursunun müddəti fərdi qaydada müəyyənləşdirilir. Preparatı təyin edərkən sidik və prostat sekretinin əkilməsinin nəticələrinə istinad olunur.

Prostatın masajı zədələnmiş orqana kompleks təsir göstərir. Masaj zamanı vəzidə toplanan iltihablaşmış sekret axacaqlara tərəf axaraq, oradan uretraya keçir və orqanizmdən xaric olur.  Prosedur prostatda qan dövranını yaxşılaşdırır, bu da durğunluq hallarının minimuma enməsinə səbəb olur, antibakterial preparatların zədələnmiş orqana nüfuz etməsini asanlaşdırır.

Qan dövranının yaxşılaşdırmaq üçün lazer, ultrasəs dalğaları və elektromaqnit terapiyasından istifadə olunur. Fizioterapevtik prosedurların aparılması mümkün olmadıqda xəstəyə dərman mikroklizmaları təyin edilir. Xroniki, uzunmüddətli iltihab zamanı immunokorreksiyaedici terapiyanın seçilməsi məqsədilə immunoloqa müraciət etmək lazımdır.

Xroniki prostatitli pasiyentin həyat tərzinin korreksiyası həm müalicəvi, həm də profilaktik tədbir sayılır. Xəstəyə qidalanma, yuxu və istirahət rejimini normaya salmaq, mülayim fiziki aktivlik tövsiyə olunur.

Proqnoz və profilaktika

Kəskin prostatit – ifadəli xronikləşmə tendensiyasına malik xəstəlikdir. Hətta vaxtında adekvat müalicə aparıldıqda belə xəstələrin 50%-dən çoxunda xroniki formaya transformasiya müşahidə edilir. Tam klinik sağalma hər zaman baş vermir, lakin həkim təyinatlarına riayət etdikdə xoşagəlməz simptomların aradan qaldırılması və xroniki prosesdə uzunmüddətli remissiyanın əldə olunması mümkündür.

Profilaktika risk amillərinin uzaqlaşdırılmasından ibarətdir. Soyuqdəymədən qorunmaq, oturaq iş fəaliyyətini fiziki aktivlik dövrləri ilə növbələmək, müntəzəm və rasional şəkildə qidalanmaq məsləhətdir. Qəbizlik hallarında işlədici vasitələrdən istifadə edilməlidir. Növbəti profilaktik tədbir cinsi həyatın normaya salınmasıdır, çünki həddindən artıq cinsi aktivlik və ya intim yaxınlığın olmaması prostatitin risk amili sayılır. Uroloji və ya veneroloji xəstəliyin əlamətləri müşahidə edildikdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

 

 

Back To Top