Plastik cərrahiyyə – orqan və toxumaların estetik və yaxud funksional çatışmazlıqlarının korreksiyası ilə məşğuldur. Bu sahə həkimdən orqanizmin bütün sistemlərinin histologiyası, morfologiya və fiziologiyasına dair geniş biliklər tələb edir.
«Plastik cərrahiyyə» termini «plastikos» – yunan sözündən götürülərək, «forma vermək» mənasını daşıyır. Yaşla bağlı dəyişikliklər, anadangəlmə anomaliyalar, keçirilmiş xəstəliklər və travmalar xarici görünüşün pozulmasına səbəb olur. Bu dəyişikliklər emosional vəziyyətə və sosial statusa mənfi təsir göstərir. Plastik cərrahiyyə insanın görünüşündə harmoniya yaradır və onun cavanlığını geri qaytarır.
Plastik cərrahiyyənin növləri
Plastik cərrahiyyənin 2 növü vardır: estetik və rekonstruktiv. Estetik (kosmetik) cərrahiyyə – xarici görünüşü yaxşılaşdırmaq məqsədilə sağlam hissələrdə dəyişikliyin aparılmasından ibarətdir. Bu tip əməliyyatlara blefaroplastika, rinoplastika, abdominoplastika, mammoplastika, sağrı, bud və baldır nahiyəsinin plastikası, liposaksiya, üz gərmə (feysliftinq) və s. aiddir. Estetik müdaxilələrin əsas prinsipi minimal zədələnmə ilə maksimum kosmetik effektin əldə olunmasından ibarətdir.
Rekonstruktiv plastik cərrahiyyənin fəaliyyət sahəsinə bədənində posttravmatik və anadangəlmə deformasiyalar olan pasiyentlərin cərrahi müalicəsi daxildir. Rekonstruktiv cərrahiyyənin məqsədi itirilmiş anatomik hissənin və ya funksiyaların bərpasından ibarətdir. Bu sahədə üz skeletinin deformasiyalarında (uranoplastika, xeyloplastika, rinoxeyloplastika, velofarinqoplastika), burnun sümük və qığırdaq toxumalarının travmalarında orqanın korreksiyası, mastektomiyadan sonra süd vəzisinin bərpası, intim əməliyyatlar (himenoplastika, vaginoplastika, falloplastika), dəri və sümük-əzələ plastikası aparılır.
Plastik cərrahiyyə kosmetologiya, mammologiya, üz-çənə cərrahiyyəsi, urologiya, ginekologiya, otolarinqologiya ilə sıx əlaqədədir. Hər bir müdaxilə fiziki, funksional və kosmetoloji reabilitasiya ilə müşayiət olunur. Hal-hazırda estetik cərrahiyyədə yeni mikrocərrahi üsullardan istifadə edilir. Bu, əməliyyat zamanı travmanı minimuma endirməyə və bərpa dövrünü qısaltmağa imkan verir.
Plastik cərrahiyyəyə hazırlıq və onun qiyməti
Pasiyent xarici görünüşündəki problemlərlə bağlı plastik cərraha müraciət etdikdə, həkim ilk növbədə dəyişikliklərin ifadə dərəcəsini aydınlaşdırır. Bu qüsuru aradan qaldıra biləcək əməliyyat növü haqqında xəstəyə geniş məlumat verir. Cərrahi müdaxilədən sonrakı dövrlə bağlı pasiyentin bütün suallarını ətraflı cavablandırır.
Əməliyyatların qiyməti müdaxilənin növündən, ağırlıq dərəcəsindən və istifadə olunan materialdan asılıdır. Məsələn, mammoplastikanın ödənişi implantın marka və formasına, onun yeridilmə üsuluna (əzələ və ya dərialtına) əsasən müəyyənləşdirir.
Əməliyyatdan qabaq pasiyent hərtərəfli müayinə olunur. Bu, cərrahi və anestezioloji riskləri azaltmağa imkan verir.
Plastik cərrahiyyə və onun riskləri
Tibbin hər bir sahəsində olduğu kimi, plastik cərrahiyyədə də anesteziya, pasiyentin somatik vəziyyəti və psixoloji gözləntiləri ilə bağlı müəyyən risklər mövcuddur. Plastik əməliyyatın hər bir növü üçün spesifik ağırlaşmalar xarakterikdir. Ümumi fəsadlara yaranın infeksiyalaşması, qanaxma, tromboz, lokal hissiyyatın itməsi, allergik reaksiyalar, kobud çapıqlaşmanı misal göstərmək olar.
Belə hallarla qarşılaşmamaq üçün savadlı və təcrübəli plastik cərraha müraciət edin. Yalnız peşəkar mütəxəssis Sizin gözləntilərinizi real nəticəyə çevirməyə qadirdir. Unutmayın ki, uğurlu əməliyyatla həyatınız yaxşılığa doğru dəyişəcək və Siz cazibənizi hiss edib, özünüzə inam qazanacaqsınız!
Med-portal.az saytının «Plastik cərrahiyyə» bölməsində xarici görünüşü yaxşılaşdıran əməliyyatların növləri və gedişi ilə yaxından tanış ola bilərsiniz.