Bexterev xəstəliyi
Bexterev xəstəliyi (ankilozlaşdırıcı spondiloartrit) – onurğa və oynaqların xroniki iltihabi xəstəliyi olub, hərəkətin proqressiv şəkildə məhdudlaşması ilə xarakterizə edilir. Patologiya zamanı fəqərəarası oynaqların iltihabi dəyişikləri onların birləşməsinə – ankiloza səbəb olur. Bexterev xəstəliyinə adətən 15-30 yaşlı kişilərdə rast gəlinir. Qadınlar kişilərlə müqayisədə 9 dəfə az xəstələnir.Xəstəliyin ağrı və buxovlanma şəklindəki ilkin təzahürləri onurğanın bel şöbəsində meydana çıxır, sonra isə fəqərə sütunu boyunca yuxarıya doğru yayılır. Zaman keçdikcə Bexterev xəstəliyi üçün tipik olan patoloji döş kifozu formalaşır. Oynaqlarda hərəkət tədricən məhdudlaşmağa başlayır, onurğa hərəkətsizləşir. Diaqnoz klinik simptomatika, rentgenoqrafiya, KT və MRT, laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə – medikamentoz terapiya, MBT, fizioterapiya.
- Bexterev xəstəliyinin səbəbləri
- Bexterev xəstəliyinin mexanizmi
- Bexterev xəstəliyinin təsnifatı
- Bexterev xəstəliyinin simptomları
- Bexterev xəstəliyinin diaqnostikası
- Bexterev xəstəliyinin müalicəsi
Bexterev xəstəliyinin səbəbləri barədə ümumi məlumat
Xəstəliyin inkişaf səbəbi axıra qədər öyrənilməyib. Bir çox alimlərin fikrincə xəstəliyin əsas inkişaf səbəbi immun hüceyrələrin orqanizmin öz oynaq və bağlarına qarşı aqressivliyinin yüksəlməsidir. Xəstəlik irsi meyilliyi olan insanlarda inkişaf edir. Bexterev xəstəliyindən əziyyət çəkən insanlar immun sistemində müvafiq dəyişikliklər törədən HLA-В27 antigeninin daşıyıcılarıdır.
Xəstəliyin inkişafında əsas məqam bədənin həddən artıq soyuması, kəskin və xroniki infeksion xəstəliklər nəticəsində immun statusun dəyişməsi ola bilər. Bexterev xəstəliyi onurğanın və ya çanağın travmaları ilə provokasiya oluna bilər. Xəstəliyin risk faktorları hormonal pozulmalar, infeksion-allergik xəstəliklər, bağırsaqların və sidik-cinsiyyət sisteminin xroniki iltihabıdır.
Bexterev xəstəliyinin mexanizmi
Fəqərələr arasında onurğanın hərəkiliyini təmin edən elastik fəqərəarası disk yerləşir. Onurğanın ön, arxa və yan səthlərində fəqərə sütununu daha da davamlı edən sıx bağlar vardır. Hər fəqərə dörd – iki yuxarı, iki aşağı çıxıntıya malikdir. Qonşu fəqərələrin çıxıntıları öz aralarında hərəkətli oynaqlarla birləşirlər.
Bexterev xəstəliyində immun hüceyrələrin daimi aqressivliyi nəticəsində oynaq, bağ və fəqərəarası disk toxumalarında xroniki iltihabi proseslər əmələ gəlir. Elastik birləşdirici toxuma tədricən sərt sümük toxuması ilə əvəzlənir. Onurğa hərəkiliyini itirir.
Bexterev xəstəliyi zamanı immun hüceyrələr yalnız onurğaya hücum etmir; iri oynaqlar da zədələnə bilər. Xəstəlik aşağı ətrafların oynaqlarını daha çox zədələyir. Bir sıra hallarda ürəkdə, ağciyərlərdə, böyrəklərdə və sidikçıxarıcı yollarda da iltihabi proses inkişaf edir.
Bexterev xəstəliyinin təsnifatı
Əsasən hansı orqan və sistemin zədələnməsindən asılı olaraq Bexterev xəstəliyinin aşağıdakı formaları ayırd edilir:
- Mərkəzi forma. Yalnız onurğa zədələnir. Xəstəliyin mərkəzi formasının iki növü var: kifoz (onurğanın döş şöbəsinin kifozu və bel şöbəsinin hiperlordozu ilə müşayiət olunur) və rigid (döş və bel əyrilikləri düzlənir, bel lövhə kimi düz olur).
- Rizomelik forma. Onurğanın zədələnməsi bud-çanaq və çiyin oynaqlarının dəyişiklikləri ilə müşayiət olunur.
- Periferik forma. Xəstəlik onurğanı və periferik (aşıq-baldır, diz, dirsək) oynaqları zədələyir.
- Skandinaviya forması. Klinik təzahürlərinə görə revmatoid artritin başlanğıc mərhələlərini xatırladır. Oynaqların deformasiyaları və parçalanmaları baş vermir. Əlin kiçik oynaqlarını zədələyir.
Bəzi tədqiqatçılar Bexterev xəstəliyinin visseral formasını ayırd edirlər; bu zaman oynaq və onurğanın zədələnmələri daxili orqanların (ürək, böyrək, göz, aorta, sidikçıxarıcı yollar və s.) dəyişiklikləri ilə müşayiət olunur.
Bexterev xəstəliyinin simptomları
Xəstəlik tədricən başlayır. Bəzi pasientlər qeyd edirlər ki, xəstəlik başlamamışdan bir neçə ay, hətta il əvvəl daimi zəiflik, yuxululuq, qıcıqlanma, oynaqlarda və əzələlərdə zəif uçucu ağrılar hiss ediblər. Bir qayda olaraq, bu dövrdə simptomatika o qədər zəif ifadə olunur ki, həkimə müarciət olunmur. Bəzən Bexterev xəstəliyinin “xəbərçisi” davamlı, müalicəyə çətin tabe olan göz xəstəlikləri (episklerit, irit, iridosiklit) olur.
- Bexterev xəstəliyi zamanı onurğanın zədələnmə simptomları
Bexterev xəstəliyinin erkən mərhələsinin xarakterik simptomları onurğanın bel nahiyəsində ağrı və buxovlanma hissidir. Simptomlar axşamlar meydana çıxır, səhərə doğru güclənir; isti duş və fiziki aktivlikdən sonra azalır. Gündüzlər ağrı və buxovlanma sakitlik vəziyyətində yaranır, hərəkət zamanı azalır və ya itir.
Ağrılar tədricən onurğanın yuxarı şöbələrinə doğru yayılır. Onurğanın fizioloji əyrilikləri düzləşir. Döş şöbəsinin patoloji kifozu (nəzərə çarpacaq beli əyrilik) formalaşır. Fəqərəarası oynaqların və onurğanın bağlarının iltihabi prosesləri nəticəsində kürək əzələlərinin daimi gərginliyi meydana çıxır.
Bexterev xəstəliyinin gecikmiş mərhələlərində vertebral oynaqlar birləşir, fəqərəarası disklər sümükləşirlər. Onurğanın rentgenoqrammasında aydın görünən fəqərəarası sümük “körpücüklər”i formalaşır.
Onurğadakı dəyişikliklər tədricən, bir neçə il ərzində inkişaf edir. Fəsadlaşma dövrləri az və ya çox davam edən remissiya ilə növbələşir.
- Bexterev xəstəliyi zamanı oynaqların zədələnmə simptomları
Tez-tez Bexterev xəstəliyinin əhəmiyyətli ilk klinik simptomlarından biri kimi sakroileitr (oma oynağının iltihabı) çıxış edir. Pasientləri sağrının dərinliyindəki ağrılar narahat edir; bəzən bu ağrılar qasıq nahiyəsinə və budun yuxarı hissəsinə yayılır. Bu ağrını tez-tez oturaq sinirin iltihabı, fəqərəarası disk yırtıqları və ya radikulit əlaməti hesab olunur.
İri oynaqlarda ağrılar pasientlərin təxminən yarısında meydana çıxır. Oynaqlarda ağrılar və buxovlanma hissi səhərlər və günün birinci yarısında daha çox təzahür edir. Kiçik oynaqlar nadir hallarda zədələnir.
- Oynaqdankənar simptomlar
Klinik hallarının təxm. 30%-ində Bexterev xəstəliyi göz və daxili orqanların dəyişiklikləri ilə müşayiət olunur. Ürək toxumasının (miokardit, bəzən iltihabi proses nəticəsində ürək qapaqlarının qüsuru formalaşır), aorta, ağciyərlər, böyrəklər və sidikçıxarıcı yolların zədələnməsi də mümkündür. Bexterev xəstəliyində tez-tez göz toxuması zədələnir, irit, iridosiklit və ya uveit inkişaf edir.
Bexterev xəstəliyinin diaqnostikası
Diaqnoz inspeksiya, xəstəlik tarixi və tamamlayıcı müayinələrin nəticələrinə əsasən qoyulur. Bexterev xəstəliyinə şübhə olan pasient mütləq ortoped və nevroloq konsultasiyasında olmalıdır. Onurğanın rentgenoloji, MRT və KT müayinəsi aparılır. Qanın ümumi analizində EÇS-nin yüksəlməsi aşkar olunur. Şübhəli hallarda HLA-В27 antigeninin təyini məqsədilə xüsusi analiz icra olunur.
Differensial diaqnoz
Bexterev xəstəliyini onurğanın degenerativ xəstəliklərindən (ODX) – spondilyoz və osteoxondrozdan differensiasiya etmək vacibdir. Bu xəstəlik cavan kişiləri daha çox zədələyir; ODX isə daha yuxarı yaş dövründə meydana çıxır. Bexterev xəstəliyi zamanı meydana çıxan ağrılar səhərlər və sakitlik vəziyyətində güclənir. ODX üçün axşamlar və fiziki aktivlikdən sonra güclənən ağrılar xarakterikdir. ODX zamanı EÇS yüksəlmir, onurğanın rentgenoqrammasında spesifik dəyişikliklər aşkar olunmur.
Bexterev xəstəliyinin Skandinaviya formasını (əsasən kiçik oynaqlar zədələnir) revmatoid artritdən fərqləndirmək lazımdır. Bexterev xəstəliyindən fərqli olaraq revmatoid artrit, bir qayda olaraq, qadınları zədələyir. Bexterev xəstəliyi zamanı oynaqların simmetrik zədələnməsi, demək olar ki, müşahidə olunmur. Pasientlərdə dərialtı revmatoid düyüncükləri olmur, qanın analizində revmatoid faktor 3-15% hallarda (revmatoid artritli xəstələrdə isə 80% hallarda) aşkar olunur.
Bexterev xəstəliyinin müalicəsi
Bexterev xəstəliyi zamanı kompleks və uzunmüddətli aparılır. Müalicənin bütün mərhələlərində onun davamlılığına nəzarət etmək mühümdür: stasionar (travmatologiya şöbəsində) – poliklinika – sanatoriya. Qlükokortikoidlər və qeyri-steroid iltihab əleyhinə preparatlar təyin olunur. Ağır müalicə zamanı immunodepressantlar təyin olunur.
Bexterev xəstəliyinin müalicəsində həyat tərzi və xüsusi fiziki yüklənmələr böyük rol oynayır. Müalicəvi gimnastika proqramı individual təşkil olunur. İdman hərəkətləri hər gün icra olunmalıdır. Pasientin qüsurlu vəziyyətinin (dilənçi pozası, qürurlu adam pozası) inkişafının qarşısını almaq məqsədilə pasientə yastıqsız, sərt yataqda yatmaq; kürək əzələlərini möhkəmləndirmək məqsədilə idmanın müxtəlif növləri (üzgüçülük, xizəksürmə) ilə müntəzəm məşğul olmaq tövsiyə olunur. Döş qəfəsinin hərəkətliliyini qorumaq üçün tənəffüs hərəkətləri mütləqdir.
Müalicə zamanı massaj, maqnitoterapiya və refleksoterapiya tətbiq olunur. Bexterev xəstəliyi olan pasientlərə radon, hidrogen sulfid, azotlu müalicəvi vannalar göstərişdir. Xəstəliyin tamamilə müalicəsi mümkünsüzdür; lakin tövsiyələrə əməl olunduqda və düzgün müalicə üsulu seçildikdə xəstəliyin inkişafını tormozlamaq mümkündür. Bexterev xəstəliyi olan pasientlərə daim həkim nəzarətində olmaq, fəsadlaşma dövründə isə stasionar şəraitdə müalicə keçmək mütləqdir.