Diz oynağının artriti

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1255

Diz oynağının artriti – monoartrit və ya poliartritin təzahürü şəklində gedən diz oynağının müxtəlif etiologiyalı iltihabi xəstəliyidir. Diz oynağı artritinin klinik əlamətləri sakitlik və hərəkət vəziyyətində ağrı, funksiyaların məhdudlaşması, şişkinlik, oynağın üzərindəki dərinin hiperemiyası, palpasiya zamanı ağrı, lokal temperaturun yüksəlməsindən ibarətdir. Diaqnostikada rentgenoqrafiya, USM, MRT, termoqrafiya, oynağın punksiyası və sinovial mayenin müayinəsi, artroskopiya, sinovial qişanın biopsiyası mühüm rol oynayır. Xəstəliyin etiologiyasından və gedişinin xarakterindən asılı olaraq diz oynağı artritinin müalicəsi dərman terapiyası, oynaqdaxili inyeksiyalar, immobilizasiya, fizioterapiya, müalicəvi bədən tərbiyəsi; ağır hallarda operativ müalicədən ibarət ola bilər.

  • Artritlərin təsnifatı
  • Diz oynağı artritinin səbəbləri
  • Diz oynağı artritinin simptomları
  • Diz oynağı artritinin diaqnostikası
  • Diz oynağı artritinin müalicəsi
  • Proqnoz və profilaktika

Аşıq-baldır oynağının artriti barədə ümumi məlumat

Diz oynağının artriti (qonartrit, qonit, osteoartrit) – diz oynağının sümük-oynaq sonluqlarını və ya kapsulunu zədələyən kəskin və ya xroniki iltihabıdır. Anatomik quruluşunun mürəkkəbliyi və düşən yükün çox olması diz oynağı zədələnmələrinin yüksək tezliyini, həmçinin qonartritin çoxobrazlı klinik formalarını öncədən müəyyənləşdirir. Revmatologiya və artrologiyanın məlumatlarına əsasən diz oynağı artritləri müxtəlif lokalizasiyalı oynaqların iltihabi proseslərinin 35%-52%-ini təşkil edir. Xəstəlik müxtəlif yaş qruplarına mənsub unsanlarda meydana çıxa bilər; lakin 40-60 yaşlı insanlarda daha çox rastlanır. Diz oynağı artritinin uzunmüddətli və ya residivləşən gedişi oynaqda hərəkətin hissəvi və ya tam itirilməsinə və xəstənin daimi əlilliyinə gətirib çıxara bilər.

Diz oynağı 3 sümükdən – bud, qamış və diz qapağı sümüklərindən əmələ gəlir. Sümüklərin oynaq səthi qığırdaqla örtülür və oynaq səthlərinin bir-birinə sürtünməsini azaldır. Oynağın stabilizasiya funksiyasını oynaqdaxili və oynaqxarici bağlar, dizin amortizasiya funksiyasını isə qığırdaq menisk icra edir. Bütün oynaq elementləri xaricdən fibroz toxuma, daxildən isə sinovial maye sintez edən sinovial qişa ilə örtülən oynaq cibindən ibarətdir. Diz oynağı aşağı ətrafların bükmə və açma, həmçinin fırlanma hərəkətlərini icra edən dayaq aparatının ən iri oynağıdır.

Аşıq-baldır oynağının artritinin təsnifatı

Diz oynağı artritinin müstəqil təsnifatı işlənib hazırlanmayıb. Başqa artritlər kimi qonartritlər də birincili (sərbəst nozoloji forma) və ikincili (başqa xəstəliklərlə əlaqəli) olmaqla iki qrupa ayrılırlar. Klinik mənzərəsinə əsasən diz oynağı artritləri kəskin və ya xroniki gedişli ola bilər.

Etiologiyasına görə artritləri infeksion (spesifik, qeyri-spesifik, infeksion-allergik), revmatoid, reaktiv, posttravmatik, aseptik olmaqla qruplaşdırırlar. Əmələ gələn eksudatın xarakterindən asılı olaraq diz oynağı artritlərinin seroz, seroz-irinli və irinli; prosesə cəlb olunmuş oynaqların miqdarından asılı olaraq birtərəfli və ya simmetrik formaları var.

Diz oynağı artritinin səbəbləri

Diz oynağının birincili artritləri, bir qayda olaraq, infeksiyanın oynaq boşluğuna birbaşa keçməsinə şərait yaradan travmalar (əziklər, açıq yaralar, diz oynağı kapsulunun cırılması, meniskin zədələnməsi) nəticəsində inkişaf edir. Diz oynağının diaqnostik punksiyasından və ya cərrahi müdaxilədən sonra artritlərin yaranması mümkündür. Bu oynağın ikincili artritləri sistem xəstəliklər (revmatizm, psoriaz, sistemli qırmızı qurdeşənəyi, Bexterev xəstəliyi, Reyter xəstəliyi və s.), infeksiyalar (vərəm, sifilis, qonoreya, brüselyoz, dizenteriya, xlamidioz və s.), başqa lokalizasiyalı irinli proseslər (osteomielit, fleqmona, furunkullar, qızılyel iltihabı) fonunda inkişaf edə bilər. Reaktiv artrit keçirilmiş sidik-cinsiyyət sistemi və ya bağırsaq infeksiyaları nəticəsində əmələ gəlir. Diz oynağı artritləri hemofiliya, sarkoidoz, podaqra, daxili orqanların bədxassəli şişlərindən əziyyət çəkən pasiyentlərdə tez-tez aşkar olunur.

Oynaq bağlarının travmaları, bursit, tendinit, artıq çəki və piylənmə, ağır fiziki (həmçinin idman) yüklənmələr, oynaqların hipermobilliyi, yastıpəncəlik diz oynağı artritinin inkişafına rəvac verir. İnfeksiyalar, vaksinasiya, allergik reaksiya, cərrahi müdaxilə, abort və ya doğuşlar, bədənin həddən artıq soyuması tez-tez kəskin diz oynağı artriti təzahürünü provokasiya edir.

Diz oynağı artritinin simptomları

Diz oynağı artritlərinin müxtəlif formalarının öz klinik xüsusiyyətlərinin olmasına baxmayaraq, onların ümumi simptomları var. Qonartritlərin əsas yerli (oynaq) əlamətləri ağrı, oynağın şişkinliyi və deformasiyasıdır.

Diz oynağı ağrıları (artralgiyalar) müxtəlif xarakterli ola bilər. Əksər hallarda ağrının intensivliyi tədricən artır; başlanğıcda ağrı hissi periodik xarakter daşıyır, fiziki yüklənmə və ya axşama doğru güclənir. Bəzən diz oynağı artritləri xəstəliyin ən əvvəlindən istirahət dövründən sonra inkişaf edən “start” ağrılarla müşayiət olunur. Tez-tez ağrı sindromu zədələnmiş oynağın hərəki məhdudluğu və buxovlanması ilə təzahür edir; bu amillər insanı kömək və ya dayaq olmadan hərəkət etməkdən məhrum edir.

Diz oynağı artritlərinə iltihabi proseslərinin bütün əlamətləri xasdır: oynaq nahiyəsində ödem əmələ gəlir, nəticədə diz şişkin və ölçüləri böyümüş olur; zədələnmiş nahiyə üzərində dərinin hiperemiyası, lokal temperaturun yüksəlməsi qeyd olunur. Ağrı, şişkinlik və əzələ gərginliyi nəticəsində passiv və aktiv hərəkət amplitudu məhdudlaşır. Oynaqlara xeyli eksudat toplandıqda diz oynağından silkələnməsi (fluktuasiya) müəyyən olunur. Diz oynağı artritinin aktiv və ya uzunmüddətli gedişində sümük deformasiyaları, oynaqların bükücü kontrakturaları, əzələ hipotrofiyası, diz oynağının ankilozu və ətrafların funksiyalarının itirilməsi inkişaf edə bilər.

Diz oynağı artritlərinin müxtəlif formalarında müxtəlif sistemlərin oynaqdankənar zədələnmələri (ürək-damar (perikardit, miokardit, qazanılmış ürək qüsurları), ağciyər (pnevmonit, alveolit), həzm (enterokolit), sidikçıxarıcı (böyrək amiloidozu, qlomerulonefrit, XBÇ), görmə (konyunktivitlər, keratitlər, uveitlər), dəri (səpki) və s.) qeyd oluna bilər. Qonartrit aşıq-baldır, bud-çanaq, çiyin və başqa oynaqların artiritləri ilə yanaşı gedə bilər.

Diz oynağının irinli artriti (oynaq empieması) nəzərə çarpan intoksikasiya sindromu – hərarət, titrəmə, baş ağrıları, mialgiyalarla müşayiət olunur. Ödemin əmələ gəlməsi nəticəsində oynağın konturları qeyri-müəyyən olur; diz oynağında doluluq hissi yaranır. Ağrılar həm sakitlik, həm də hərəkət zamanı dözülməz xarakter daşıyır, xəstəni məcburi vəziyyətdə (ayaqlar diz oynağında yarıbükülü vəziyyətdə) dayanmağa vadar edir. Diz oynağının irinli artriti bağların cırılması, patoloji çıxıqlar, oynaq kapsulunun fleqmonası, sepsislə ağırlaşa bilər.

Diz oynağı artritinin diaqnostikası

Diaqnostik tədbirlər həyata keçirilən zaman əsas səylər diz oynağı artritinin etiologiyasının aşkarlanmasına yönəlməlidir. Bununla əlaqədar olaraq, qonartritli pasiyentlər revmatoloq, artroloq, travmatoloq-ortoped, ftiziatr, veneroloq və başqa mütəxəssislərin konsultasiyasına ehtiyac duyurlar. Diz oynağı artritli pasiyentlərin müayinəsinə inspeksiya, xəstəliyin anamnezinin, keçirilmiş və yanaşı gedən xəstəliklərin aydınlaşdırılmasından başlanır.

Kəskin artrit zamanı qanın klinik analizində aktiv iltihabi prosesin əlamətləri (EÇS-nin, leykositozun artması); qanın biokimyəvi analizində iltihab markerləri (CRZ, seromukoid, RF), immunoloji analizdə (İFA) infeksiyaların törədicilərinə qarşı antitellər aşkar olunur. Diz oynağının rentgenoqrafiyasında oynaq səthinin defekti, oynaq yarığının daralması, fibroz və ya sümük ankilozu təyin olunur. Qonartrit və qonartrozun differensial diaqnostikası diz oynağının MRT-i ilə aparılır. Oynaq mayesinin xarakteri və miqdarı diz oynağının USM-i vasitəsilə dəqiqləşdirilir. İnstrumental müayinə üsulları arasında oynaqların termoqrafiyası, kontrast artroqrafiya və pnevmoartroqrafiya köməkçi əhəmiyyət daşıyır.

Diz oynağı artritinin invaziv diaqnostikası diaqnostik punksiya və sonra sinovial mayenin müayinəsini; ehtiyac olduqda diz oynağının diaqnostik artroskopiyası, sinovial qişanın biopsiyasını təklif edir.

Diz oynağı artritinin müalicəsi

Diz oynağı artritinin gedişinin aktiv fazasında aşağı ətrafların yüklənməsinin məhdudlaşdırılması, zədələnmiş oynağın immobilizasiyası göstərişdir. Qonartritin dərman müalicəsi antibiotikoterapiya, QSİƏP, xondroprotektorların qəbulu, yerli olaraq məlhəmlərin sürtülməsi, dimeksid aplikasiyasından ibarətdir. Sifilitik və vərəm qonartritlərində spesifik terapiya aparılır. Bir sıra hallarda kortikosteroidlərin və hialuron turşusunun oynaqdaxili inyeksiyaları göstərişdir. Bərpaedici dövrdə müalicə gimnastikası, massaj, fizioterapiya (impulslu maqnitoterapiya, ultrafonoforez, UYT terapiya, lazeroterapiya, palçıq aplikasiyası, mineral vannaları və s.), akupunktura təyin olunur. Xəstələrə əsa, ortopedik ayaqqabı, dizlik kimi adaptiv vasitələrin istifadəsi; oynağın yükünün azaldılması məqsədilə bədən çəkisinin normallaşdırılması tövsiyə olunur.

Diz oynağı artritinin müalicəsi çərçivəsində konservativ taktikanın effektsizliyi zamanı cərrahi metod tətbiq oluna bilər. Bu məqsədlə oynağın lavajı, infeksiya ocaqlarının artroskopik sanasiyası, artrotomiya, oynağın rezeksiyası, sinovial qişanın eksiziyası, diz oynağının endoprotezləşdirilməsi və s. tətbiq oluna bilər.

Аşıq-baldır oynağının artritinin proqnoz və profilaktikası

Qonartritin sonlanması və nəticələri onun formasından, aparılmış diaqnostikasından, aparılmış müalicənin tamlığından, pasiyentin müalicə edən həkimin göstərişlərinə riayət etməsindən çox asılıdır. Diz oynağının xroniki proqressivləşən gedişli artriti tez və ya gec aşağı ətrafların funksiyalarının davamlı pozulmasına və xəstənin əlilliyinə gətirib çıxarır. Nəticələrinə görə oynaq empieması daha təhlükəlidir. Bir sıra hallarda travmalardan, həddən artıq fiziki yüklənmədən, bədənin həddən artıq soyumasından qaçmaq, artıq çəkinin yaranmasına imkan verməmək və s. bu kimi tədbirlərlə diz oynağı artritinin qarşısını almaq mümkündür. İkincili artritlərin profilaktikası infeksion və revmatik xəstəliklərin adekvat müalicəsinin aparılmasını tələb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: