Bud-çanaq oynağının artriti

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1541

Bud-çanaq oynağının artriti – sirkə kasası və bud sümüyü başının oynaq səthində inkişaf edən patoloji iltihabi reaksiyadır. Patologiya zamanı pasiyentləri qasıq nahiyəsində, bud və ya sağrı nahiyəsində ağrı, hərəkət diapazonunun məhdudlaşması və buxovlanma, yeriyərkən çətinliklər, yüngül axsamalar narahat edir. Artritin növü bud-çanaq oynağının USM-i, rentgeni və MRT-i; diaqnostik punksiya, qan analizinin köməyi ilə müəyyənləşdirilir. Bud-çanaq oynağının artriti zamanı ümumi müalicə alqoritmi immobilizasiya, dərman terapiyası, müalicəvi bədən tərbiyəsi, massaj, fizioterapiya; bu metodlar effektsiz olduqda optimal cərrahi müdaxilədən ibarətdir.

  • Bud-çanaq oynağı artritinin səbəbləri
  • Bud-çanaq oynağı artritinin simptomları
  • Bud-çanaq oynağı artritinin diaqnostikası
  • Bud-çanaq oynağı artritinin müalicəsi
  • Bud-çanaq oynağı artritinin proqnozu və profilaktikası

Bud-çanaq oynağının artriti barədə ümumi məlumat

Bud-çanaq oynağının artriti (koksit) çanaq və bud sümüyünün əmələ gətirdiyi oynaqlarda birləşdirici toxumanın müxtəlif etiologiyalı iltihabi prosesidir. Artrit zamanı iltihab oynaq boşluğunu örtən sinovial qişada inkişaf edir. Koksitin müalicəsi vaxtında və adekvat aparılmadıqda patoloji proses sürətlə bud-çanaq oynağının osteoartrozuna çevrilir; bu zaman oynaq qığırdağı və subxondral sümüyün degenerativ-destruktiv dəyişiklikləri baş verir. Artrit zamanı xroniki ağrı sindromu və bud-çanaq oynağının funksiyalarının pozulması yalnız pasiyentin fiziki aktivliyini məhdudlaşdırmır, həm qazanılmış əlilliyin səbəbi ola bilir. Bud-çanaq oynağının artriti müxtəlif etiologiyalı oynaq sindromlarının bir hissəsi kimi çıxış edə bildiyindən xəstəliyin yayılması ilə bağlı dəqiq məlumat yoxdur. Hesab olunur ki, koksit inkişaf tezliyinə görə yalnız diz oynağı artritlərindən geri qalır.

Bud-çanaq oynağı çanaq sümüyünün sirkə kasası və bud sümüyü başından əmələ gəlir. Birləşmə növünə görə o, şarabənzər oynaqlara aid edilir. Sirkə kasası boşluğu və bud sümüyünün başı hialin qığırdaqla örtülüdür. Oynaq çalası mərkəzində bud sümüyünün başının birləşməsini təmin edən kövşək birləşdirici toxuma sahəsi var. Möhkəm bağ aparatı bud-çanaq oynağının stabilizasiyası və funksional aktivliyində mühüm rol oynayır. Bud-çanaq oynağı mürəkkəb dayaq və hərəkət funksiyaları (aşağı ətrafın bükmə və açma, uzaqlaşdırma və yaxınlaşdırma, daxilə və xaricə fırlatma hərəkətləri) yerinə yetirir.

Bud-çanaq oynağı artritinin təsnifatı

Koksitin ümumi qəbul olunmuş təsnifatı hazırlanmayıb. Revmatologiya, travmatologiya və ortopediyada bud-çanaq oynağı artritləri etioloji və patogenetik mexanizmlərindən asılı olaraq aşağıdakı qruplara bölünürlər:

  • revmatoid artrit
  • reaktiv artrit (urogenital və postenterokolitik)
  • infeksion artrit (virus, bakterial, göbələk, parazitar, posttravmatik, infeksion-allergik)
  • psoriatik artrit və s.

Klinik gedişinə görə bud-çanaq oynağı artritləri kəskin (2 aydan az vaxtda birincili oynaq hücumları müddəti ilə), uzunmüddətli (1 ilə qədər), xroniki (1 ildən çox), residivləşən (6 aydan az davam etməyən remissiya dövründən sonra ikincili oynaq hücumlarında) ola bilər.

Koksitlər birincili-sümük və ya birincili-sinovial ola bilər. Bud-çanaq oynağının birincili-sinovial artritlərinə revmatoid və reaktiv artritləri misal çəkmək olar. Əvvəlcə sümük toxuması, sonra isə sinovial qişa zədələndikdə (məsələn, vərəm artritində) birincili-sümük artritindən danışmaq olar.

Bud-çanaq oynağı artritinin səbəbləri

Bud-çanaq və digər oynaqların irinli artritləri travma, yaralar, oynaqların diaqnostik punksiyaları və cərrahi əməliyyatları zamanı infeksiyanın birbaşa oynaq boşluğuna düşməsi nəticəsində baş verir. Başqa hallarda septik koksit irinli ocağın oynaq boşluğuna qonşu toxumadan yayılması (fleqmona, osteomielit və s.də) və ya uzaq iltihab ocağından metastazı (furunkulyoz, tonzillit, otit, pnevmoniya və s.) zamanı inkişaf edə bilər. Qeyri-spesifik irintörədici mikrofloranın səbəb olduğu infeksion artritlərdən başqa vərəm, bruselyoz, qonoreya, sifilislə əlaqəli spesifik koksitlərə də rast gəlinir.

Bud-çanaq oynağının ikincili aseptik artritləri psoriaz, sistemli qırmızı qurdeşənəyi, Kron xəstəliyi, ankilozlaşdırıcı spondiloartrit və s. bu kimi xəstəliklərlə assosiasiya oluna bilər. Reaktiv artrit keçirilmiş bağırsaq (salmonelyoz, dizenteriya, iersinioz) və ya urogenital infeksiyalardan (xlamidioz, ureaplazmoz, mikoplazmoz) sonra yarana, həmçinin aseptik ola bilər.

Revmatoid artrit mürəkkəb autoimmun inkişaf mexanizmi ilə xarakterizə olunur; HLA-DR1, DR4 antigeninin daşıyıcılarında daha çox rast gəlinir. Bu patologiya zamanı əsas faktor kimi sadə herpes, sitomeqaliya, parotit, qızılca, Epşteyn-Barr, respirator-sinsitial, hepatit və başqa viruslar çıxış edə bilər. Artritlərin risk qrupuna bud-çanaq oynağı displaziyaları olan uşaqlar, yüklənmiş irsiyyət, piylənmə, zərərli vərdişlər, budun travmatik çıxıqları, həddən artıq fiziki yüklənməyə məruz qalmış şəxslər daxildir.

Bud-çanaq oynağı artritinin simptomları

Bud-çanaq oynağının klinik praktikada daha çox rastlanan formaları vərəm və kəskin irinli koksitdir. Digər formalar çox nadir hallarda müşahidə olunur.

İrinli koksit zamanı xəstəliyin ümumi intoksikasiya simptomları (hərarət, zəiflik, tərləmə, iştahasızlıq, baş ağrıları) ilə sürətli başlanğıcı qeyd olunur. Yerli dəyişikliklər güclü təzahür edir; oynağın üzərindəki dəri gərgin və hiperemik olur; toxunma zamanı isti hiss olunur. Hərəkət etdikdə daha da artan kəskin (dəlici, pulsasiya edən) ağrı qeyd olunur. İltihabi infiltrasiya və oynaq boşluğunda irinli möhtəviyyatın yaranması nəticəsində oynağın forması xeyli dəyişir.

Bud-çanaq oynağı artritlərinin başqa formaları üçün tədricən inkişaf xarakterikdir. Başlanğıc mərhələlərdə qasıq nahiyəsində, budun bayır tərəfində, sağrıda küt, sızıldayıcı ağrılar baş verir; hərəkətin həcmi məhdudlaşır və ya yeriş çətinləşir. Oynağın hərəki məhdudluğu nəticəsində hərəkət buxovlanması, güvənsizlik, zəif axsayıcı davranış (Trendelenburq davranışı) yaranır. Bud-çanaq oynağında ağrı və buxovlanma, adətən, oynağın uzun müddət eyni (məsələn, oturaq və ya ayaqüstü) vəziyyətdə fiksasiyasından sonra meydana çıxır. Zaman keçdikcə xəstələrdə bud və qasıq əzələlərinin atrofiyası, fibroz və ya sümük ankilozu inkişaf edə bilər.

Vərəm artritinin manifestasiyasını, adətən, vərəm intoksikasiyası simptomları qabaqlayır. Spesifik iltihabın sonunda tez-tez budun patoloji çıxıqları, bud-çanaq oynağının hərəkətsizliyi, əzələ atrofiyası və ətrafların qısalması inkişaf edir. Uşaqlarda bud-çanaq oynağının artriti kəskin, daha çox lokal və ümumi iltihab əlamətləri ilə təzahür edir.

Psoriatik koksit iltihabi proses baş verən oynaq üzərində xarakterik göyümtül-bənövşəyi rəngli dəri, onurğanın aşağı şöbələrində ağrıların təzahürü ilə müşayiət olunur. Revmatoid artritdə bud-çanaq oynaqları simmetrik zədələnir. Oynaqlarda proqressivləşən distrofik dəyişikliklər tədricən ikincili koksartrozun inkişafına gətirib çıxarır.

Bud-çanaq oynağı artritinin diaqnostikası

Bud-çanaq oynağının iltihabi zədələnməsi olan pasiyentlərin müayinəsi aparıldıqda sindromal diaqnoz qoymaqla kifayətlənmək olmaz; belə ki, artritin ilk səbəbini müəyyənləşdirmək mütləqdir. Bu məqsədlə anamnezə əsasən ağrıların xarakteri və intensivliyi, xəstəliyin davam etmə müddəti, yanaşı gedən patologiyalar aydınlaşdırılır. Pasiyentin müayinəsi oturaq, ayaqüstü vəziyyətdə və o yeriyən zaman həyata keçirilir. Bu zamanı oynağın forması, ətrafın vəziyyəti, əzələ atrofiyaları və kontrakturaların olub-olmaması, davranış, passiv və aktiv hərəkətlərin amplitudu və icra edilə bilmə imkanına xüsusi diqqət yetirilir.

Klinik müayinələrlə yanaşı artritlərin diaqnostikasında şüa diaqnostikası – bud-çanaq oynaqlarının rentgenoqrafiyası, USM, MRT, kontrast artroqrafiya və s. həlledici əhəmiyyətə malikdir. İltihabın xarakterinin qiymətləndirilməsi məqsədilə USM müşahidə altında bud-çanaq oynağının diaqnostik punksiyası aparılır. Bir sıra hallarda diaqnozu təsdiqləmək məqsədilə bud-çanaq oynağının sinovial qişasının biopsiyası və diaqnostik artroskopiya aparılmasına zərurət yaranır.

Laborator metodların (qanın İFA-ı, CRZ və RF-in təyini, sinovial mayenin müayinəsi) köməyilə bud-çanaq oynağı artritinin mənşəyi dəqiqləşdirilir. Vərəm artritinə şübhə olduqda ftiziatr konsultasiyası və tuberkulin diaqnostikanın aparılması göstərişdir.

Bud-çanaq oynağı artritinin müalicəsi

Bud-çanaq oynağı artriti – nin səbəbindən və mərhələsindən asılı olaraq onun müalicəsi revmatoloq, cərrah, travmatoloq-ortoped və ya ftiziatr tərəfindən həyata keçirilir. Kəskin mərhələlərdə bud-çanaq oynağının yüklənmədən maksimal azad olunması və sakitlik vəziyyəti üçün gips sarğısı qoyulur. Farmakoterapiya koksitin etiologiyasına əsasən aparılır və QSİƏP, spesifik kimyaterapiya (vərəm artiritində), antibiotikoterapiya (infeksion artritlərdə) və s. qəbulundan ibarətdir. Göstərişlərə əsasən kortikosteroidlərin oynaqdaxili inyeksiyası icra olunur. İrinli koksilərdə müalicəvi punksiyalar seriyası, antiseptik məhlullarla oynağın lavajı, oynağın axarlı drenajı aparılır.

Bud-çanaq oynağı artriti – nin kəskin təzahürləri dəf olunduqdan sonra massaj, müalicəvi gimnastika və üzgüçülük, fizioterapiya (maqnitoterapiya, ultrasəs, UYT terapiya, parafinoterapiya, palçıq müalicəsi və s.) təyin olunur. Hərəkəti yüngülləşdirmək məqsədilə əsa, qoltuq ağacı, yerimək üçün arabalar və başqa əşyaların istifadəsi tövsiyə olunur.

Xroniki ağrılar və oynağın funksiyalarının davamlı məhdudiyyətlərində konservativ müalicə effekt vermədikdə cərrahi müdaxilə (sinovektomiya, bud-çanaq oynağının total endoprotezlənməsi, artrodez, artrotomiya və s.) icra olunur.

Bud-çanaq oynağı artritinin proqnoz və profilaktikası

Artritlər həm yüngül hərəkət məhdudluğu, həm də bud-çanaq oynağının tam ankilozu ilə sonlana bilər. İrinli artritlərin ağırlaşması infeksion-toksik şok və ya sepsis ola bilər. Vaxtında aparılmış hərtərəfli müalicə bud-çanaq oynağının funksional pozulmalarını minimallaşdırmağa, osteoartrozun inkişafının qarşısını almağa imkan verir. Artritlərin profilaktikası məqsədilə bədən çəkisinə nəzarət etmək, istənilən infeksiyaların və yanaşı gedən xəstəliklərin müalicəsinə ciddi yanaşmaq, oynağın açıq yaralarının birincili cərrahi işlənməsini icra etmək mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: