Artralgiyalar

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2913

artralgiyaların müalicəsiArtralgiyalar – bir və ya eyni anda bir neçə oynaq (poliartralgiyalar) üçün xarakterik olan oynaq ağrıları simptomudur. Bu simptomun yaranmasına iltihab mediatorları, immun reaksiyaların məhsulları, duz kristalları, osteofitlər, toksinlər və s. vasitəsilə oynaq kapsulunun sinovial qişasında yerləşən neyromediatorların qıcıqlanması səbəb olur. Artralgiyalar revmatik, endokrin, infeksion, onkoloji, nevroloji, autoimmun xəstəliklərdə, travmalarda, artıq çəki zamanı müşahidə oluna bilər. Artralgiyanın səbəbinin aydınlaşdırılması differensial-diaqnostikada mühüm əhəmiyyət kəsb edir. Artralgiyanın müalicəsi onun bağlı olduğu xəstəliyin müalicəsinə əsasən aparılır; analgetiklər, yerli isti və ya məlhəmlərlə simptomatik tədbirlər həyata keçirilir.

  • Artralgiyaların növləri
  • Artralgiyaların inkişaf faktorları
  • Artralgiyaların diaqnostikası
  • Artralgiyaların müalicəsi və proqnozu

Artralgiyalar barədə ümumi məlumat

Oynaq sindromunun artralgiya forması üçün oynaq aparatının zədələnməsinin obyektiv simptomokompleksinin (deformasiya, ödem, lokal hipertermiya və hiperemiya, palpasiya zamanı ağrı, hərəkətin xeyli məhdudlaşması, tez-tez – rentgenoloji əlamətlər) olmaması xarakterikdir. Buna baxmayaraq, artralgiyalar oynaqların ciddi üzvi xəstəliklərinin və ya oynaqdankənar ağır patologiyaların simptomlarının “xəbərçisi” ola bilər.

Artralgiyaların növləri

Artralgiyaların təzahürləri ağrının lokalizasiyasına və dərinliyinə, prosesə cəlb olunan oynaqların sayına, ağrı sindromunun xarakterinə və intensivliyinə, onun günlük ritminə, mövcud olma müddətinin davamiyyətinə, müəyyən hərəkətlərlə əlaqəsinə və s. əsasən fərqlənir. Ağrı bir oynaqda olduqda monoartralgiya, eyni zamanda və ya ardıcıl olaraq bir neçə oynaqda ağrı sindromu meydana çıxdıqda oliqoartralgiya, 5 və daha artıq oynaq prosesə cəlb olunduqda poliartralgiya sindromu haqda danışılır.

Artralgik sindromunun xarakterinə görə kəskin və küt ağrılar; intensivliyinə görə zəif və mülayim dərəcədə təzahürdən intensiv ağrılara qədər; tipinə görə keçici və daimi formaları olur. Artralgiyalar böyük oynaqlarda (bud-çanaq, diz, çiyin və dirsək) daha çox; orta və kiçik oynaqlarda (mil-bilək, aşıq-baldır, falanqalararası) nadir hallarda meydana çıxır.

Revmatologiyada oynaq ağrılarının aşağıdakı növləri ayırd edilir:

  • Kəskin infeksiyalarda toksik sindrom nəticəsində yaranan artralgiyalar;
  • Kəskin və ya residivləşən artritlərdə aralıqlı (intermittend) artralgiyalar və ya birincili epizod;
  • İri oynaqların uzun müddət davam edən monoartralgiyaları;
  • Sinovial həlqənin prosesə qoşulması və ya qığırdağın degenerativ-distrofik dəyişikliklərinin proqressivləşməsi ilə müşayiət olunan oliqo- və ya poliartralgiyalar;
  • İltihabdan sonra və ya posttravmatik qalıq artralgiyalar;
  • Psevdoartralgiyalar.

Artralgiyaların inkişaf faktorları

Artralgik sindrom tez-tez kəskin infeksiyaları müşayiət edir. Artralgiyalar həm xəstəliyin prodormal dövründə, həm də hərarət və intoksikasiya ilə gedən erkən klinik mərhələlərində də qeyd oluna bilər. Bu ağrıların infeksion formaları üçün aşağı və yuxarı ətrafların oynaqlarında “qırılma hissi”, poliartikulyar xarakterli ağrılar, onların mialgiyalarla yanaşı getməsi xarakterikdir. Bu zaman oynaqda hərəkət tamamilə saxlanır. Adətən, infeksion xarakterli artralgiyalar bir neçə gün ərzində əsas xəstəliklə əlaqəli toksik sindromun zəifləməsi nəticəsində itir.

Keçirilmiş kəskin bağırsaq və urogenital infeksiyalardan; vərəm, infeksion endokardit, ikincili sifilisin törətdiyi parainfeksion artralgik sindromdan sonra postinfeksion reaktiv artralgiyaların inkişaf variantları mümkündür. Bir sıra hallarda artralgiyaların səbəbi artıq mövcud olan xroniki infeksiya (pielonefrit, xolangit, adneksit, paratonzilyar abses və ya parazitar invaziya) ocaqları olur.

Poli- və ya oliqoartralgiyalar

Poli- və ya oliqoartralgiyalar iltihabi revmatoloji xəstəliklərin əsas simptomlarıdır. Revmatik artralgiyalar üçün davamlı, intensiv, miqrasiya edən ağrı sindromu; prosesə aşağı ətrafların iri oynaqlarının cəlb olunması, oynaqlarda ağrının məhdudlaşması xarakterikdir. Revmatoid artrit, həmçinin sistemli revmatik xəstəliklərin debütü əlin və pəncənin simmetrik kiçik oynaqlarını əhatə edən, səhərlər hərəki məhdudiyyətlə özünü göstərən poliartikulyar sindromla təzahür edir. Mikrokristallik podaqrik artrit zamanı artralgiyalar izolyasiya olunmuş oynaqda residivləşmiş, tutmaşəkilli ağrı kimi meydana çıxır; bu ağrılar qəflətən əmələ gəlir, sürətlə intensivlik zirvəsinə çatır və bir neçə gün azalmır.

Tədricən, uzun zaman ərzində inkişaf edən artralgiyalar deformasiyaedici osteoartroza və oynaqların başqa degenerativ-distrofik dəyişikliklərinə dəlalət edir. Bu zaman diz və ya bud-çanaq oynaqlarının prosesə qoşulması; küt, sızıldayıcı, yüklənmə ilə əlaqəli ağrılar və onların sakitlik vəziyyətində itməsi tipikdir. Artralgiya meteohəssas xarakter daşıya, hərəkət zamanı oynaqlarda səsin əmələ gəlməsi ilə müşayiət oluna, yerli yayındırıcı terapiya zamanı zəifləyə bilər.

“Hippokrat barmaqları”nın (dırnaqların və barmaqların distal hissələrinin “saat şüşəsi” və “baraban çubuqları” şəklində deformasiyası) formalaşması ilə müşayiət olunan uzunmüddətli, davamlı oliqo- və poliartralgiyalar sinovial qişanın paraneoplastik zədələnmələrindən xəbər verir. Belə pasiyentlərdə daxili orqanların onkoloji xəstəliklərinə, ilk növbədə ağciyərlərin xərçənginə şübhə yaranır.

Artralgiyaların tez-tez rastlanan səbəbləri birincili hiperparatireoz, ovariogen disfunksiyalar, hipotireoz və s. bu kimi endokrin pozulmalardır. Endokrin mənşəli oynaq sindromu ossalgiya, mialgiya, çanaq sümüklərində və onurğada ağrılarla müşayiət olunan oliqoartralgiyalar formasında gedir. Artralgiyaların digər mümkün səbəbləri arasında ağır metallarla (talium, berilium) intoksikasiya, oynaqların tez-tez yüklənmələri və ya mikrotravmaları, uzunmüddətli dərman terapiyası, postallergik reaksiyalar və s. ayırd edilə bilər.

Oynaqların keçirilmiş iltihabi xəstəliklərindən sonra qalıq artralgiyalar xroniki və ya keçici xarakter daşıyır. Həftələr və ya aylarla oynaqlarda ağrı və hərəkət məhdudluğu saxlana bilər; sonralar pasiyentin səhhəti və oynaqlarda hərəkət tamamilə bərpa olunur. Artralgiyaların xroniki formalarında fəsadlaşmalar yüklənmə, meteolabillik, həddən artıq soyuma ilə əlaqəli olur. Psevdoartralgiyalara ağrı sindromu, stimulə olunmuş birincili ossalgiyalar, nevralgiyalar, mialgiyalar, damar patologiyaları, yastıpəncəlik, ətrafların X-vari və ya O-vari deformasiyaları, psixosomatik xəstəliklər aiddir.

Artralgiyaların diaqnostikası

Artralgiyalar ayrıca nozoloji vahid deyil, sadəcə subyektiv simptom olduğundan onun səbəbi aydınlaşdırıldıqda klinik – anamnestik xarakteristikası və fiziki müayinələr ön plana keçir. Revmatoloq konsultasiyası arzuolunandır. Artralgiyaların etiologiyasının differensiasiyası məqsədilə obyektiv müayinələr aparılır. Laborator diaqnostikada trombositlərin miqdarı da daxil olmaqla qanın klinik analizi, biokimyəvi və bakterioloji testlər, seroloji reaksiyaların göstəriciləri əhəmiyyət daşıyır.

İnstrumental diaqnostika metodları arasında oynaqların USM-i və rentgenoqrafiyası, tomoqrafiya, termoqrafiya, elektrorentgenoqrafiya, podoqrafiya, həmçinin invaziv müdaxilə – kontrast artroqrafiya, artroskopiya, oynaqların diaqnostik biopsiyası və punktatın mikrobioloji və sitoloji müayinəsi tətbiq olunur.

Artralgiyaların müalicəsi

Artralgiyaların müalicəsində aparıcı patologiyanın müalicəsi əsas rol oynayır. Dərman müalicəsi oynaqdaxili iltihabi proseslərin və ağrı sindromunun aradan qaldırılmasına yönəlmişdir. Sistemli terapiya QSİƏP-ın – ibuprofen, diklofenak, naproksen və s. istifadəsindən ibarətdir. Mülayim artralgiyalarda və ya preparatların preoral qəbuluna əks-göstəriş olduqda isidici, iltihabəleyhinə və diklofenak, ketoprofen tərkibli analgeziyaedici məlhəmlər, skipidar məlhəmlə lokal xaricə terapiya aparılır. Oynaq nahiyəsinə dimetilsulfoksidomla aplikasiya qoyulur.

Artralgiyalar zamanı peşəkar müayinə və müalicənin aparılmaması oynaqların geri dönməz funksional dəyişiklərinin – rigidliyi, ankiloz, kontrakturaların inkişafına rəvac verir. Artralgiyalar çox müxtəlif xəstəliklərin markeri olduğundan oynaq sindromu meydana çıxdıqda və 2 gündən çox saxlanması zamanı həkimə müraciət mütləqdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: