Hallux valgus
Hallux valgus – pəncənin baş barmağının ayaqdarağı-falanqa oynağı səviyyəsində bayıra doğru əyilmiş deformasiyasıdır. Xəstəlik birinci ayaqdarağı-falanqa oynağının proqressivləşən artrozoartriti ilə müşayiət olunur. Xəstəlik tədricən inkişaf edir və, adətən, yaş artdıqca dərinləşir. Yeriyərkən ağrıların meydana çıxması ilə özünü göstərir, gecə ağrıları da mümkündür. Deformasiya çox olduqda I ayaqdarağı-falanqa oynağında hərəki məhdudluq yaranır. Diaqnoz əsas klinik əlamətlərə və rentgenoqrafiyaya əsasən qoyulur. Erkən mərhələdə müalicə konservativ və simptomatikdir. Güclü deformasiyalarda cərrahi korreksiya icra edilir.
- Səbəbləri
- Patogenez
- Hallux valgus-un simptomları
- Diaqnostika
- Hallux valgus-un müalicəsi
Hallux valgus barədə ümumi məlumat
Hallux valgus – ayaqdarağı-falanqa oynağında pəncənin birinci barmağının valqus deformasiyasıdır. Deformasiya nəticəsində barmaq xaricə doğru əyilir. Xəstəlik qadınlarda kişilərlə müqayisədə 10 dəfə çox aşkar olunur. Ehtimal olunur ki, belə bir fərqin səbəbi qadınların bağ aparatının zəifliyi, narahat, dar və hündürdaban ayaqqabılar geyinməsi ilə əlaqələndirilir. Xəstəlik geniş yayılmışdır və bütün yaş dövrlərində meydana çıxır.
Hallux valgus-un səbəbləri
Deformasiyanın inkişafının əsas səbəbi, adətən, birləşdirici toxumanın yetərsizliyidir. Bu, köndələn yastıpəncəlik, oynağın həddən artıq hərəkətliliyi, varikoz xəstəliyi; bağ, fassiya və dərinin çox dartılması nəticəsində meydana çıxa bilər. İrsi meyillik– bir qayda olaraq, xəstənin yaxın qohumlarında (ana və ya nənə) da belə deformasiya aşkar olunur. Digər faktorlar: hündür daban ayaqqabılar; narahat, dar və ya kiçik ölçülü ayaqqabılar geyinmək ikincili amillərdir və Hallux valgus-un formalaşmasına təkan verir. Hallux valgus-un ikinci qrup səbəbləri – anadangəlmə deformasiyalar, pəncənin travmaları, baldır və pəncə əzələlərinin sinir təchizatının pozulması müşahidə olunan bir sıra xəstəliklərdir (məs., poliomielit).
Hallux valgus-un patogenezi
Bağların zəifliyi ilə yanaşı, birinci barmağı yaxınlaşdıran və uzaqlaşdıran əzələlərin qeyri-bərabər gərginliyi, I ayaqdarağı sümüyünün başının daxili səthinin ekzostozuna genetik meyillik də xəstəliyin inkişafında müəyyən rol oynayır. Deformasiya formalaşdıqda əzələ gərginliyinin qeyri-bərabərliyi daha da artır, ayaqdarağı-falanqa oynağı qeyri-stabil olur. Oynağın daxili səthi ayaqqabı ilə kontakt zamanı daim qıcıqlanır, nəticədə ayaqdarağı sümüyünün başı yerini dəyişir, beləliklə, sümük çıxıntısı formalaşır; bu isə deformasiyanı daha da dərinləşdirir. Pəncənin forması dəyişdiyindən yüklənmənin paylanması da dəyişir – yerimə zamanı II və III ayaqdarağı sümüklərinin başı daim daha çox yüklənir. Bu, ağrıların yaranmasına və nəinki I, həm də II və III ayaqdarağı-falanqa oynaqlarının artrozunun formalaşmasına gətirib çıxarır.
Hallux valgus-un simptomları
Pasientlər I ayaqdarağı-falanqa oynağında ağrılardan şikayətlənirlər. Ağrı uzun müddət gəzdikdə və ya ayaqüstü vəziyyətdə çox dayandıqda artır, sakitlik vəziyyətində azalır. Gecə ağrıları, xüsusən pəncə çox yükləndikdən sonra meydana çıxa bilər. Ağrı sindromu həm xarakterinə, həm də gücünə görə – diskomfort hissindən (adətən, erkən mərhələlərdə) kəskin, sıxıcı və ya daimi, sızıldayıcı ağrılara qədər müxtəlif ola bilər. Ağrı sindromu ağırlıq dərəcəsi və deformasiyanın genişliyi ilə həmişə korrelyasiya olunmur; lakin buna baxmayaraq, I ayaqdarağı sümüyünün başının yerdəyişməsi zamanı simptomatika, adətən, daha aydın olur.
Deformasiya inkişaf etdikcə pəncə öz normal formasını daha da itirir, I barmaq II-nin üzərinə keçir, tez-tez II barmağın deformasiyası ilə müşayiət olunur. Bütün bunlar və I ayaqdarağı-falanqa oynağının proyeksiyasında sümük deformasiyası pəncənin xarici görünüşünə təsir göstərir. Buna görə də pasientlərin ortopedə müraciətinə ağrılarla yanaşı, kosmetik defekt və ayaqqabı seçimində meydana çıxan problemlər tez-tez səbəb olur. Belə problemlərdən cavan qadınlar daha çox şikayətlənirlər.
Baxış zamanı pəncə yayılmış formadadır. I ayaqdarağı-falanqa oynağının görünən deformasiyası, az və ya mülayim hiperemiyası təyin olunur. Birinci barmaq ayağın bayır tərəfinə doğru əyilmişdir. Palpasiya ağrısız və ya kəskin ağrısızdır; I ayaqdarağı-falanqa oynağı nahiyəsində pəncənin daxili səthində sümük ekzostozu və dərinin qalınlaşması müəyyən olunur. Azacıq lokal ödem mümkündür. I ayaqdarağı-falanqa oynağında hərəkət, bir qayda olaraq, məhduddur (hərəkət məhdudluğu genişmiqyaslı ola bilər); birinci barmağı maksimal bükdükdə ağrı yarana bilər.
Hallux valgus-un diaqnostikası
Hallux valgus diaqnozu simptomlar və rentgenoloji müayinənin nəticələrinə əsasən qoyulur. Ayağın rentgenoqrafiyası aparılır. Hallux valgus-un ağırlıq dərəcəsi iki göstəriciyə (I və II ayaqdarağı sümükləri arasındakı bucaq (Intermetatarsal angle) və I barmağın I ayaqdarağı sümüyünə nəzərən əyilmə bucağı (Hallux valgus angle)) əsasən müəyyənləşdirilir. Hallux valgus-un dərəcələri aşağıdakılardır:
- 1-ci dərəcə – ayaqdarağı sümükləri arasındakı bucaq 12 dərəcədən az, l barmağın əyilmə bucağı 25 dərəcədən az olduqda.
- 2-ci dərəcə – ayaqdarağı sümükləri arasındakı bucaq 18 dərəcədən az, l barmağın əyilmə bucağı 25 dərəcədən çox olduqda.
- 3-cü dərəcə – ayaqdarağı sümükləri arasındakı bucaq 18 dərəcədən, l barmağın əyilmə bucağı 35 dərəcədən çox olduqda.
Rentgenoloji şəkillər qiymətləndiriləndə deformasiyanın dərəcəsi ilə yanaşı, güclü artrotik dəyişikliklərə də diqqət yetirilir. Oynaq yarığının daralması, oynaq səthinin deformasiyası, subxondral zonanın osteosklerozu və marginal böyümələr artrozdan xəbər verir. Ayrı-ayrı klinik hallarda pəncənin patoloji dəyişikliklərinin daha dəqiq müəyyənləşdirilməsi üçün pasient MRT və ya KT-yə yəönləndirilir. Pəncənin MRT-i yumşaq toxumaların, pəncənin KT-i isə sümük strukturlarının vəziyyətinin qiymətləndirilməsi üçün təyin olunur. Əzələlərin sinir tənzimlənməsinin pozulması ilə müşayiət olunan xəstəliklər zamanı nevroloq konsultasiyası mühümdür.
Hallux valgus-un konservativ müalicəsi
Hallux valgus-u cərrahi əməliyyatsız aradan qaldırmaq mümkün deyil. Lakin cavan qadınlarda xəstəliyin erkən mərhələsində, həmçinin yaşlı və qoca pasientlərdə deformasiyanın istənilən dərəcəsində konservativ müalicə tövsiyə olunur. Belə müalicənin əsas məqsədi ağrı sindromunun dəf edilməsi və xəstəliyin proqressivləşməsinin qarşısının alınmasıdır. Müalicə ambulator şəraitdə həkim-ortoped tərəfindən həyata keçirilir. Ağrılar zamanı iltihab əleyhinə və isidici məlhəmlər tövsiyə olunur. I ayaqdarağı-falanqa oynağının artrozunda remissiya dövründə ozokerit, induktometriya, hidrokortizonla fonoforez, novokain və ya trimekainlə elektroforez təyin olunur. İltihab əlamətləri olduqda xəstə UYT terapiyaya və ya maqnitoterapiyaya yönləndirilir. Pasientlərə aşağıdakılar tövsiyə edilir:
- Çəkini azaltmaq (artıq çəki olduqda) – pəncənin yüklənməsini azaltmaq məqsədilə.
- Yüklənməni optimallaşdırmaq: pəncənin əzələ və bağlarının gücləndirilməsi məqsədilə xüsusi hərəkətlərdən ibarət kompleks icra etmək; uzun müddət ayaqüstü vəziyyətdə dayanmağı və gəzməyi mümkün qədər məhdudlaşdırmaq.
- Xüsusi ortopedik ayaqqabılardan istifadə – I ayaqdarağı-falanqa oynağı nahiyəsinə həddən artıq təzyiqin dəf edilməsi məqsədilə.
- I və II barmaqlararası arakəsmələrdən istifadə – I barmağın daha da əyilməsinin qarşısının alınması məqsədilə.
Konservativ müalicə effektsiz olduqda cərrahi müdaxilə göstərişdir. Hallux valgus zamanı tətbiq olunan cərrahi əməliyyatların təxminən 300 variantı var. Bütün cərrahi metodları 3 qrupa ayırmaq olar: yumşaq toxumalara, sümük strukturlarına, eyni zamanda həm yumşaq toxumalar və sümük toxumasına.
Yumşaq toxumaların cərrahi əməliyyatları deformasiyanın yalnız birinci dərəcəsində effektlidir. Silver və ya McBride cərrahi əməliyyatları aparıla bilər. Silver üsulu ilə cərrahi müalicə zamanı baş barmağı yaxınlaşdıran əzələnin vətəri kəsilir; McBride üsulunda isə həmin vətərin yeri dəyişdirilir. Belə cərrahi müdaxilələrin məqsədi yaxınlaşdıran və uzaqlaşdıran əzələlərin gərginliyinin bərabərliyini bərpa etməkdir. Sadalanan cərrahi əməliyyatlar tez-tez sümük törəməsinin və I ayaqdarağı-falanqa oynağı nahiyəsində dərialtı selik kisəciyinin kəsilib kənarlaşdırılması (Shade cərrahi əməliyyatı) ilə yanaşı həyata keçirilir.
Hazırda II və III dərəcəli Hallux valgus-un müalicəsində iki metod arasında seçim edilir: ziq-zaq və Scarf osteotomiya. Ziq-zaq osteotomiyada l ayaqdarağı sümüyünün distal hissəsində “V” şəkilli kiçik fraqment kəsilir. Scarf osteotomiyada l ayaqdarağı sümüyünün, demək olar ki, bütün gedişi boyunca “Z” şəkilli kəsik aparılır; sonra I sümüklə digər ayaqdarağı sümükləri arasında bucağı dəf etmək məqsədilə fraqmentlərin yeri dəyişdirilir. Fraqmentlər vintlərlə fiksasiya olunur.
Bütün cərrahi müdaxilələr travmatoloji və ya ortopedik şöbələrdə həyata keçirilir. Postoperativ dövrdə xəstəyə xüsusi ortez geydirilir və ayaqlara dozalanmış yüklənməyə icazə verilir. Ortez altı həftə ərzində mütləq istifadə olunmalıdır. Bu dövrdə ayaq yuxarı vəziyyətdə yerləşdirilir və artıq yüklənmədən qaçılır. Sonralar geniş ayaqqabılar geyilir, müalicəvi bədən tərbiyəsinin xəstəliyə müvafiq kompleksləri icra olunur və tenis topu ilə ayaq tağı pasientin özü tərəfindən masaj olunur.