Daxili qanaxma

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 10867

daxili qanaxma nədir?Daxili qanaxma – qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir. Travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır. Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.

  • Daxili qanaxmanın təsnifatı
  • Daxili qanaxmanın səbəbləri
  • Daxili qanaxmanın simptomları
  • Diaqnostika
  • İlk yardım
  • İxtisaslaşmış həkim yardımı

Daxili qanaxma barədə ümumi məlumat

Daxili qanaxma qanın xaricə deyil, insan orqanizminin daxili boşluqlarından birinə toplanması nəticəsində qan itirmədir. Patologiyanın səbəbi travmalar və xroniki xəstəliklər ola bilər. Qan itkisinin massiv xarakteri, xəstələrin tibbi yardıma gec müraciəti və patologiyanın aşkarlanmasında diaqnostik çətinliklər problemin ciddiyyətini artırır və daxili qanaxmanı pasiyentin həyatı üçün ciddi təhlükəyə çevirir.

Daxili qanaxmanın təsnifatı

Daxili qanaxmanın bir neçə təsnifatı mövcuddur:

Meydana çıxma səbəblərinə əsasən: mexaniki (travmalar zamanı damarların zədələnməsi nəticəsində) və arroziv (nekroz, şişin böyüməsi və parçalanması və ya degenerativ proseslər zamanı damar divarının zədələnməsi nəticəsində). Bundan başqa, kiçik damar divarlarının keçiriciliyinin artması (məs., sinqa və ya sepsis) zamanı yaranan diapedez qanaxma da ayırd edilir.

İtirilmiş qanın həcminə əsasən: yüngül (˂500 ml və ya sirkulyasiya edən qanın həcminin (SQH) 10-15%-i), orta (500-1000 ml və ya 16-20% SQH), ağır (1000-1500 ml və ya 21-30% SQH), massiv (>1500 ml və ya >30% SQH), ölümcül (>2500-3000 ml və ya >50-60% SQH), tamamilə ölümcül (>3000-3500 ml və ya >60% SQH).

Zədələnməş damarın xarakterindən asılı olaraq: arterial, venoz, kapilyar və qarışıq (məs., arteriyadan, venadan və ya venadan və kapilyardan). Qan hər hansı bir parenximatoz orqanın (qaraciyər, dalaq və s.) kapilyarından xaric olursa, belə qanaxma parenximatoz adlandırılır. Lokalizasiyasına görə: mədə-bağırsaq (qida borusu, mədə və ya bağırsaq boşluğuna), plevral boşluq (hemotoraks), ürəkətrafı kisə (hemoperikard), oynaq boşluğu və s.

Sızmış qanın toplandığı yerdən asılı olaraq: boşluq (plevral, periton və s. boşluqlar) və toxumadaxili (toxumaları qidalandıran damarlardan toxumanın içərisinə).

Aşkar qanaxma əlamətlərinin olub-olmamasından asılı olaraq: aşkar və gizli formalar. Aşkar formada qan hətta bir müddət sonra və dəyişilmiş şəkildə olsa belə təbii dəliklərdən “çıxır”; məs., nəcisi qara rəngə boyayır. Gizli formada isə qan bədənin daxilində qalır.

İnkişaf müddətindən asılı olaraq: birincili və ikincili. Birincili forma damar divarının travmatik zədələnməsindən dərhal sonra yaranır; ikincili forma isə travmadan bir müddət sonra inkişaf edir. İkincili qanaxmanı da öz növbəsində erkən (1-5-ci günlərdə liqaturanın sürüşməsi və ya trombun itələnməsi nəticəsində inkişaf edir) və gecikmiş (adətən, 10-15 gün ərzində, trombun irinləməsi, damar divarının nekrozu və s. səbəb olur) olmaqla ayırırlar.

Daxili qanaxmanın səbəbləri

Daxili qanaxmanın səbəbi həm travma, həm də xroniki xəstəliklər ola bilər. Qarın boşluğuna massiv, həyati təhlükəli posttravmatik qanaxmaya qarnın küt travmaları nəticəsində dalaq və qaraciyərin, nadir hallarda mədəaltı vəzin, bağırsaqların və ya mezenteriumun (zərbə, hündürlükdən yıxılma, avtomobil qəzaları və s. zamanı) zədələnməsi səbəb ola bilər. Plevral boşluğa qanaxma, adətən, qabırğaların çoxsaylı sınıqları zamanı qabırğaarası damarların və plevranın zədələnməsi nəticəsində inkişaf edir. Tək-tük hallarda onun səbəbi 1-2-ci qabırğaların sınıqları olur.

Kəllə boşluğuna qansızma kəllə-beyin travmalarının təhlükəli ağırlaşmalarından biridir. Belə ki, kəllə boşluğu başqa təbii boşluqlardan fərqli olaraq boşluğun bütün həcminə fiksasiya olunur, hətta azacıq qansızma beyin strukturlarına təzyiq edir və xəstənin həyatı üçün təhlükə törədir. Nəzərə almaq lazımdır ki, kəllədaxili qansızma travmalardan yalnız dərhal sonra deyil, həm də bir neçə saat və hətta bir neçə gün sonra, bəzən prosesin tamamilə xoş gedişi fonunda inkişaf edə bilər.

Oynaq boşluğuna qansızma həm oynaqdaxili sınıqlar, həm də zədələnmələrin nəticəsi ola bilər. Həyat üçün birbaşa təhlükə törətmir, lakin müalicə olunmadıqda ciddi ağırlaşmalara səbəb ola bilər.

Daxili qanaxma – ların klinik halları içərisində mədə-bağırsaq traktının xroniki xəstəlikləri (bədxassəli şişlər, bağırsaq və mədə xoraları, eroziv qastrit, qaraciyər sirrozunda qida borusu venalarının varikoz genişlənməsi və s.) nəticəsində inkişaf etmiş hər hansı bir orqanın boşluğuna qanaxma əhəmiyyətli yer tutur. Cərrahi praktikada Mellori-Veys sindromu da tez-tez rastlanır. Bu zaman alkoqoldan sui-istifadə və ya bir dəfəyə çoxlu qida qəbulu nəticəsində qida borusunda çatlar əmələ gəlir.

Daxili qanaxmaların daha bir geniş yayılmış səbəbi ginekoloji xəstəliklərdir (yumurtalıqların partlanması, uşaqlıqdankənar hamiləlik və s.). Ginekoloji praktikada daxili qanaxmalara abortlardan sonra rast gəlinir. Bundan başqa, plasentanın anormal yerləşməsi və ya vaxtından əvvəl soyulması, plasentanın doğulması ləngidikdə doğuşdan sonra qanaxmalar, uşaqlıq yollarının və uşaqlığın cırılması mümkündür.

Daxili qanaxmanın simptomları

Daxili qanaxmanın ümumi, erkən əlamətləri ümumi zəiflik, yuxululuq, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, soyuq tər, hərarət, gözlərin qaralmasıdır. Bayılma mümkündür. Qan itkisinin intensivliyindən asılı olaraq həm nəbzin və arterial təzyiqin dəyişilməsinə, həm də başqa klinik əlamətlərə əsasən fikir irəli sürmək olar.

Az qan itkisində nəbzin nəzərə çarpmayan sürətlənməsi (˂80 vurğu/ dəq.) və AT-in minimal azalması müşahidə olunur; bir sıra hallarda klinik simptomlar büruzə verməyə bilər.

Orta ağırlıqlı qanitirməni sistolik təzyiqin azalması (˂90-80 mm c.s.) və nəbzin sürətləməsi – taxikardiya (˂90-100 vurğu/ dəq.) göstərir. Dəri solğunluğu, ətrafların soyuması və tənəffüsün tezləşməsi qeyd olunur. Ağızda quruluq, bayılmalar, başgicəllənmə, ürəkbulanma, adinamiya, nəzərə çarpan zəiflik, reaksiyaların ləngiməsi mümkündür.

Ağır hallarda sistolik təzyiqin ≤80 mm c.s.-a qədər azalması və nəbzin ≥110 vurğu/ dəq.ədək artması müşahidə olunur. Tənəffüs ritmlərinin sürətlənməsi və pozulması, yapışqan soyuq tər, əsnəmək, patoloji yuxululuq, əllərin tremoru, gözlərin qaralması, laqeydlik, apatiya, ürəkbulanma və qusma, xaric olunan sidiyin azalması, üzücü yanğı, huşun alaqaranlıqlaşması, dəri və selikli qişaların kəskin solğunluğu, ətrafların, dodaqların və burun-dodaq üçbucağının sianotikliyi qeyd olunur.

Massiv daxili qanaxmalarda təzyiq ˂60 mm c.s.-a qədər azalır, nəbzin tezləşməsi (˂140-160 vurğu/dəq) qeyd olunur. Periodik tənəffüs (Ceyn-Stoks), huşun olmaması və qarışıqlığı, sayıqlama, kəskin solğun, bəzən–göyümtül-boz çalarlı dəri, soyuq tər xarakterikdir. Baxışlar laqeyd, gözlər göz çuxuruna batmış, üz cizgiləri itiləşmişdir.

Ölümcül qanitirmə zamanı koma inkişaf edir. Sistolik təzyiq ˂60 mm c.s.-a qədər azalır və ya təyin olunmur. Tənəffüs aqonal, kəskin bradikardiya (ÜYT (ürək yığılmalarının tezliyi) 2-10 vurğu/ dəq), qıcolmalar, bəbəklərin genişlənməsi, qeyri-iradi sidik və nəcis ifrazı meydana çıxır. Dəri soyuq, quru, “mərmər” kimi olur. Daha sonra aqoniya və ölüm baş verir.

Ürəkbulanma və tünd qanlı qusma (“qəhvə ləkəsi”) mədə və ya qida borusuna qansızmadan xəbər verir. Qətranşəkilli nəcis həzm traktının yuxarı şöbələrinə və nazik bağırsağa daxili qanaxmalar zamanı müşahidə olunur. Dəyişilməmiş al-qırmızı rəngli nəcis hemoroylar (babasil) və ya yoğun bağırsağın aşağı şöbələrinin qanaxmasına işarədir. Qan periton boşluğuna keçərsə, perkusiya zamanı səsin kütləşməsi və palpasiyada peritonun qıcıqlanma simptomu qeyd olunur.

Ağciyərlərə qansızma zamanı parlaq köpüklü qanlı öskürək, qanın plevral boşluqda toplanması zamanı güclü təngnəfəslik, tənəffüsün çətinləşməsi, hava çatışmazlığı meydana çıxır. Qadın cinsiyyət orqanlarından qansızmalar uşaqlıq boşluğundan, nadir hallarda uşaqlıq boynundan qanaxmaya dəlalət edir. Böyrəklərə və sidikçıxarıcı yollara qanaxmalarda hematuriya müşahidə olunur.

Bununla yanaşı, bir sıra simptomlar, xüsusən daxili qanaxma azacıq və ya mülayim meydana çıxdıqda büruzə verməyə və ya zəif təzahür edə bilər. Bu, klinik diaqnostikanı çətinləşdirir və bəzən pasiyentlərin həkimə gec mərhələlərdə – xeyli qanitirmə nəticəsində vəziyyəti xeyli pisləşdikdə müraciət etməsinə səbəb olur.

Daxili qanaxmanın diaqnostikası

Daxili qanaxmaya şübhə olduqda diaqnozu təsdiqləmək və qanitirmənin səbəbini dəqiqləşdirmək məqsədilə bir sıra diaqnostik tədbirlərin aparılması vacibdir. Hərtərəfli obyektiv müayinə həyata keçirilir. Bu zaman nəbz və arterial təzyiq yoxlanır, döş qəfəsi auskultasiya, qarın boşluğu palpasiya və perkusiya olunur. Diaqnozu təsdiqləmək və qanitirmənin ağırlıq dərəcəsini qiymətləndirmək üçün laborator analizlər aparılır, hematokrit, hemoqlobinin səviyyəsi, eritrositlərin miqdarı müəyyənləşdirilir.

Müayinənin spesifk metodları daxili qanaxmanın ehtimal olunan səbəblərini nəzərə almaqla seçilir: mədə-bağırsaq traktının xəstəliklərində düz bağırsağın barmaqla müayinəsi, mədənin zondlanması, ezofaqoqastroduodenoskopiya, kolonoskopiya və rektoromanoskopiya; ağciyər xəstəliklərində bronxoskopiya; sidik kisəsinin zədələnmələrində sistoskopiya aparılır. Bundan başqa, rentgenoloji, ultrasəs və radioloji metodlar tətbiq olunur.

Qanın qapalı boşluqlara (abdominal, torakal, kəllə boşluğuna, perikard və s.) axması ilə gedən gizli daxili qanaxmaların diaqnostikası qanaxmanın ehtimal olunan mənbəyinə əsasən aparılır. Rentgenoqrammada ağciyərlərin aşağı konturlarının itməsi və aşağı şöbələrinin dəqiq horizontal hüdudlu tündləşməsi hemotoraksdan xəbər verir. Şübhəli vəziyyətlərdə rentgenoskopiya həyata keçirilir. Periton boşluğuna qanaxmaya şübhə olduqda laparoskopiya, kəllədaxili hematomaya şübhə olduqda isə kəllənin rentgenoqrafiyası və exoensefaloqrafiyası həyata keçirilir.

Daxili qanaxma zamanı ilk yardım

Pasiyentin maksimal sürətlə ixtisaslaşdırılmış yardım şöbəsinə çatdırılması vacibdir. Xəstə sakitlik vəziyyəti ilə təmin edilməlidir. Hemotoraks və ya ağciyər qanaxmasına şübhə olduqda xəstəyə yarımoturaq vəziyyət verilir; başqa orqanların qanaxmaları zamanı düz səthdə uzadılır. Qanaxmanın ehtimal olunan mənbəyi nahiyəsinə soyuq (məs., buz kisəsi) qoymaq lazımdır. Xəstə nahiyəni istiyə məruz qoymaq, klizma etmək, işlədicilər və ya ürək fəaliyyətini stimulyasiya edən preparatlar vermək qəti qadağandır.

Daxili qanaxma zamanı ixtisaslaşmış həkim yardımı

Pasiyentlər stasionara hospitalizasiya olunurlar. Şöbə daxili qanaxmanın mənbəyinə görə seçilir. Travmatik hemotoraksda müalicə travmatoloq, qeyri-travmatik hemotoraksda və ağciyər qanaxmalarında torakal cərrah, kəllədaxili hematomada neyrocərrah, uşaqlıq qanaxmalarında ginekoloq tərəfindən aparılır. Qarnın küt travmalarında və mədə-bağırsaq qanaxmalarında xəstə ümumi cərrahiyyə şöbəsinə hospitalizasiya olunur.

Bu zaman dərhal daxili qanaxma dayandırılmalı, itirilmiş qan kompensasiya olunmalı və mikrosirkulyasiya yaxşılaşdırılmalıdır. Başlanğıcda boş ürək sindromunun (sirkulyasiya edən qanın ümumi həcminin azalması nəticəsində ürəyin reflektor dayanması) və hipovolemik şokun profilaktikası, dövr edən qanın həcminin bərpası məqsədilə şırınqa ilə 5%-li qlükoza məhlulu, fizioloji məhlulu, qan, plazma- və qanəvəzedicilər yeridilir.

Bəzən daxili qanaxmanın dayanmasına qanayan nahiyənin tamponadası və ya dağlanması ilə nail olunur. Lakin əksər klinik hallarda narkoz altında təxirəsalınmaz cərrahi müdaxilə tələb olunur. Hemoragik şok əlamətləri və ya bütün mərhələlərdə (cərrahi əməliyyata hazırlıq, cərrahi müdaxilə, postoperativ dövrdə) onun yaranma təhlükəsi olduqda transfuzion tədbirlər icra olunur.

Ağciyər qanaxması zamanı bronxlar tamponada olunur. Orta və kiçik hemotorakslarda plevral punksiya; böyük hemotoraksda torakotomiya aparılır, ağciyər yaraları tikilir, damarlar bağlanır; periton boşluğuna qanaxmalarda təcili laparotomiya aparılır, qaraciyər, dalaq və ya başqa zədələnmiş orqanların yaraları tikilir; kəlladaxili hematomalarda kəllə trepanasiya olunur.

Mədə xoralarında mədə rezeksiya olunur; onikibarmaq bağırsağın xoralarında vaqotomiya ilə yanaşı damar tikilməsi icra olunur. Mellori-Veys sindromunda (qida borusu çatlarından qansızma) qanaxma endoskopik üsulla dayandırılır, soyuq tətbiq edilir; antasidlər, aminokapron turşusu və laxtalanma stimulyatorları təyin olunur. Konservativ müalicə effektsiz olduqda cərrahi əməliyyat (çatların dağlanması) göstərişdir.

Uşaqlıqdankənar hamiləlik zamanı daxili qanaxma təcili cərrahi müdaxiləyə göstərişdir. Disfunksional uşaqlıq qanaxmalarında uşaqlıq boşluğu tamponada olunur; abort, doğuş travmaları və doğuşdan sonra massiv qanaxmalarda cərrahi müdaxilə həyata keçirilir.

İnfuzion terapiya AT, ürək vurğusu, mərkəzi venoz təzyiq və saatlıq diurezin kontrolu altında aparılır. İnfuziyanın həcmi qanaxmanın ifadəliliyinə əsasən müəyyənləşdirilir. Hemodinamik təsirli qanəvəzedicilər (dekstran, reopoliqlükan, duz və şəkər məhlulu), həmçinin qan preparatları (albumin, təzə dondurulmmuş plazma, eritrositar kütlə) təyin olunur.

AT-i normallaşdırmaq mümkün olmadıqda qanaxma dayandıqdan sonra aparılmış infuzion terapiyaya baxmayaraq, dopamin, noradrenalin və ya adrenalin yeridilir. Hemoragik şokun müalicəsi üçün pentoksifillin, dipiridamol, heparin və steroid preparatlar təyin olunur. Həyati təhlükə aradan qaldırıldıqdan sonra turşu-qələvi balansı korreksiya olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: