Düyünlü zob

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 10357

düyünlü zob nədir?Düyünlü zob – qalxanabənzər vəzdə müxtəlif mənşə və morfologiyaya malik həcmli düyünlərin inkişafı ilə gedən xəstəlikdir. Patologiya boyun nahiyəsində gözlə görünən kosmetik defekt, boğazda sıxılma hissi, tireotoksikozun əlamətləri ilə müşayiət oluna bilər. Diaqnostika prosesində palpasiya, qalxanabənzər vəzin USM, tireoid hormonların analizi, nazik iynəli punksion biopsiya, sintiqrafiya, qida borusunun rentgenoqrafiyası, KT və ya MRT nəticələri nəzərə alınır. Düyünlü zobun müalicəsi tireoid preparatlar və ya radioaktiv yodla terapiyadan, hemitireoidektomiya və yaxud tireoidektomiyadan ibarətdir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Düyünlü zobun əlamətləri
  • Diaqnostika
  • Düyünlü zobun müalicəsi
  • Proqnoz və profilaktika

Düyünlü zob barədə ümumi məlumat

düyünlü zobun səbəbləriEndokrinologiyada «düyünlü zob» termini qalxanabənzər vəzin müxtəlif nozoloji formalara aid olunan həcmli törəmələrini ifadə edir. Xəstəliyin əlamətlərinə əhalinin 40-50%-də rast gəlinir. Qadınlarda düyünlü zob 2-4 dəfə çox müşahidə edilir və əksərən uşaqlığın mioması ilə müştərək şəkildə inkişaf edir. Palpasiyanın köməyilə adətən diametri 1 sm-dən böyük olan düyünlər aşkarlanır. 50%-dən çox hallarda düyünlər əllənmir və yalnız qalxanabənzər vəzin USM-də üzə çıxır. Vəzidə 2 və daha artıq düyünlü törəmənin olması çoxdüyünlü zob kimi qiymətləndirilir.

Düyünlü zobun erkən diaqnostikasının və xəstələrin müşahidə altına alınmasının vacibliyi qalxanabənzər vəzin xərçənginin qarşısının alınması, bu orqanın funksional avronomiyasının və tireotoksikozun yaranma riskinin müəyyənləşdirilməsi, kosmetik defekt və kompression sindromun formalaşmasına yol verilməməsi ilə bağlıdır.

Düyünlü zobun yaranma səbəbləri

Düyünlü zobun etiologiyası sona qədər öyrənilməmişdir. Belə ki, qalxanabənzər vəzin toksiki adenomalarının inkişafını adenilatsiklazanın aktivliyini inhibə edən G zülallarının α-subvahidlərinin və TTH reseptorunun geninin mutasiyası ilə əlaqələndirirlər. İrsən ötürülən və somatik mutasiyalar həmçinin qalxanabənzər vəzin medulyar xərçəngində qeydə alınır.

Proliferasiyaedici kolloid düyünlərin yaranma səbəbi elmə məlum deyil: bu törəmələr çox zaman qalxanabənzər vəzin yaşla bağlı transformasiyası kimi izah olunur. Yod çatışmazlığı kolloid düyünün formalaşmasına təkan verə bilər. Yod defisitli regionlarda tireotoksikoz əlamətləri ilə müşayiət olunan çoxdüyünlü zob tez-tez təsadüf edilir.

Düyünlü zobun risk amillərinə genetik pozğunluqlar (Daun, Klaynfelter sindromları), ətraf mühitin zərərli təsirləri (radiasiya, toksiki maddələr), mikroelementlərin çatışmazlığı, dərman vasitələrinin təsiri, siqaret çəkmə, stresslər, virus və xroniki bakterial infeksiyalar, xüsusən xroniki tonzillit aiddir.

Düyünlü zobun təsnifatı

Xarakter və mənşəyindən asılı olaraq, düyünlü zob aşağıdakı formalara ayırd edilir: proliferasiyaedici eutireoid kolloid, diffuz-düyünlü (qarışıq) zob, xoş və bədxassəli şiş düyünləri (qalxanabənzər vəzin follikulyar adenoması və xərçəngi). Bu törəmələrin 85-90%-ni proliferasiyaedici kolloid düyünlər, 5-8%-ni xoşxassəli adenoma, 2-5%-ni isə qalxanabənzər vəzin xərçəngi təşkil edir.

Qalxanabənzər vəzin bədxassəli törəmələri arasında follikulyar, papillyar, medullyar xərçəngə və differensiasiya olunmayan formalara (qalxanabənzər vəzin anaplastik xərçəngi) rast gəlinir.

Bundan əlavə yarımkəskin və xroniki autoimmun tireoidit zamanı, eləcə də qalxanabənzər vəzin digər xəstəliklərində psevdo düyünlər (iltihabi infiltratlar və bir sıra düyünəbənzər dəyişikliklər) formalaşa bilər. Düyünlər çox vaxt  qalxanabənzər vəzin kistaları ilə birgə aşkarlanır.

Düyünlərin sayına əsasən qalxanabənzər vəzin solitar (tək) düyünü, çoxdüyünlü zob və bir-birinə bitişən düyünlərdən ibarət həcmli törəmə – konqlomerat düyünlü zob ayırd edilir.

Hazırda klinik təsrübələrdə aşağıdakı təsnifatdan istifadə edilir. Burada düyünlü zobun 5 dərəcəsi qeyd olunur:

  • 0 – qalxanabənzər vəz vizual və palpator olaraq müəyyən edilmir;
  • 1 – qalxanabənzər vəzi görünmür, lakin palpasiya zamanı təyin edilir;
  • 2 – qalxanabənzər vəzi udqunma zamanı adi gözlə görünür;
  • 3 – gözlə görünən zob hesabına boynun sərhədləri genişlənir;
  • 4 – gözlə görünən zob boynun konfiqurasiyası deformasiyaya uğrayır;
  • 5 – böyüyən qalxanabənzər vəz qonşu orqanları sıxır

ÜST təsnifatına əsasən düyünlü zobun aşağıdakı dərəcələri ayırd edilir:

  • 0 – zoba aid heç bir məlumat aşkarlanmır;
  • 1 – qalxanabənzər vəzin bir və ya hər iki payının ölçüsü pasiyentin baş barmağının distal falanqasından böyük olur. Zob palpasiyada müəyyən edilir, lakin vizual olaraq, nəzərə çarpmır.
  • 2 – zob həm palpasiyada, həm də adi gözlə təyin olunur.

Düyünlü zobun əlamətləri

düyünlü zobun əlamətləri Əksər hallarda zob klinik təzahürlərə malik olur. İri ölçülü düyünlü törəmələr boyun nahiyəsində kosmetik defekt – ön hissənin qalınlaşması ilə özünü büruzə verir. Düyünlü zob zamanı qalxanabənzər vəz adətən qeyri-simmetrik böyüyür.Düyünlərin ölçüsünün artması qonşu orqanların (qida borusu, traxeya, sinirlər və qan damarları) sıxılmasına səbəb olur. Bu da düyünlü zobun mexaniki əlamətlərinin inkişafı ilə müşayiət edilir.

Qırtlaq və traxeyanın sıxılması boğazda yad cisim hissi, səsin tutulması, tənəffüsün çətinləşməsi, davamlı quru öskürək, boğulma tutmaları ilə təzahür edir. Qida borusunun kompressiyası udqunma prosesini çətinləşdirir. Damarlar sıxıldıqda başgicəllənmə, başda küy, yuxarı boş vena sindromu  yaranır. Düyün nahiyəsində ağrı onun ölçüsünün sürətlə böyüməsi, iltihabi proseslər və ya qansızma ilə bağlı ola bilər.

Adətən düyünlü zob zamanı qalxanabənzər vəzin funksiyası pozulmur. Lakin hipertireoz və ya hipotireoz hallarına da rast gəlmək mümkündür. Qalxanabənzər vəzin hipofunksiyasında bronxit, pnevmoniya, KRVİ-yə meyllik; ürək nahiyəsində ağrı, hipotoniya; yuxululuq, depressiya; mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, iştahın azalması, meteorizm) qeydə alınır. Dərinin quruluğu, saşların tökülməsi, bədən temperaturunun azalması xarakterik əlamətlərdən sayılır. Uşaqlarda hipotireoz fonunda boy artımı və əqli inkişafın ləngiməsi; qadınlarda – aybaşı siklinin pozulması, spontan (özbaşına) düşüklər, sonsuzluq; kişilərdə – libido və potensiyanın zəifləməsi müşahidə oluna bilər.

Düyünlü zob zamanı tireotoksikoz uzunmüddətli subfebrilitet, əllərin titrəməsi, yuxusuzluq, əsəbilik, daimi aclıq hissi, arıqlama, taxikardiya, ekzoftalm ilə xarakterizə olunur.

Düyünlü zobun diaqnostikası

Düyünlü zobun ilkin diaqnostikası endokrinoloq tərəfindən qalxanabənzər vəzin palpasiyası ilə aparılır. Düyünlü törəmənin təsdiqlənməsi və mənşəyinin dəqiqləşdirilməsi məqsədilə adətən növbəti mərhələdə qalxanabənzər vəzin USM icra edilir. Ölcüsü 1 sm-dən böyük olan əllənən düyünlərin aşkarlanması nazik iynəli aspirasion biopsiyaya göstəriş sayılır. Düyünlərin punksion biopsiyası morfoloji (sitoloji) diaqnozun təsdiqlənməsinə, xoşxassəli düyünlü törəmələrin qalxanabənzər vəzin xərçəngindən differensiasiyasına imkan verir.

Düyünlü zobun funksional aktivliyini qiymətləndirmək üçün qalxanabənzər vəzin hormonlarının (TTH, T3, T4) səviyyəsi yoxlanılır. Düyünlü zob zamanı tireoqlobulin və qalxanabənzər vəzə qarşı anticisimlərin təyini məqsədə uyğun deyil. Qalxanabənzər vəzin funksional avtonomiyasını aşkar etmək üçün 99mTc ilə radioizotop skanlama (sintiqrafiya) aparılır.

Döş qəfəsinin və qida borusunun rentgenoqrafiyası qonşu orqanların kompressiyasını üzə çıxarır. Qalxanabənzər vəzin quruluşunu, ölçü və sərhədlərini, eləcə də böyüyən limfa düyünlərini müəyyən etmək üçün tomoqrafiyadan istifadə olunur.

Düyünlü zobun müalicəsi

Proliferasiyaedici kolloid düyünlər xüsusi müalicə tələb etmir. Düyünlü zob qalxanabənzər vəzin funksiyasını pozmadıqda, kiçik ölçülərə malik olduqda, kompressiya təhlükəsi və ya kosmetik problem törətmədikdə pasiyent sadəcə dinamik müşahidə altına alınır. Düyünlü zob sürətlə proqressivləşdikdə daha aktiv taktikaya ehtiyac yaranır.

Düyünlü zob zamanı tireoid hormonlarla, radioaktiv yodla terapiya, cərrahi müalicə tətbiq oluna bilər. Tireoid hormonlarla (L-Т4) medikamentoz (supressiv) müalicə TTH sintezinin zəiflədilməsinə yönəldilir. Bu da düyünlü törəmələrin və diffuz zob zamanı qalxanabənzər vəzin ölçülərinin kiçilməsinə gətirib çıxara bilər.

Kompression sindrom, kosmetik defekt, toksiki zob və ya neoplaziyalar cərrahi müalicəyə göstəriş sayılır. Xəstələrdə düyünün enukleasiyası, hemitireoidektomiya, qalxanabənzər vəzin subtotal rezeksiyası və tireoidektomiya icra oluna bilər.

Radioaktiv yodla (131I) terapiya cərrahi müalicənin alternativ variantı hesab olunur və anoloji göstərişlər üzrə həyata keçirilir. Dozanın düzgün seçilməsi düyünlü zobun həcminin 30-80% kiçilməsinə səbəb olur. Qalxanabənzər vəzin düyünlərinin az invaziv destruksiya üsulları (etanolla ablasiya və s.) nadir hallarda yerinə yetirilir.

Düyünlü zobun proqnoz və profilaktikası

Düyünlü kolloid eutireoid zobun proqnozu qənaətbəxşdir: kompression sindromun və bədxassəli transformasiyanın inkişaf riski çox azdır. Qalxanabənzər vəzin funksional avtonomiyası zamanı proqnoz hipertireozun korreksiyasının adekvatlığından asılı olur. Vəzin bədxassəli şişləri daha ağır proqnoza malikdir.

Endemik düyünlü zobun inkişafının qarşısını almaq üçün kütləvi profilaktika (yodlaşdırılmış duzun istifadəsi) və risk qrupuna daxil olan şəxslərdə (uşaqlar, yeniyetmələr, hamilələr və süd verən qadınlar) fərdi yod profilaktikası – yaşa uyğun dozada kalium yodid qəbulu göstərişdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: