Qalxanabənzər vəzin adenoması

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4566

qalxanabənzər vəzin adenoması nədir?Qalxanabənzər vəzin adenoması – tireoid toxumanın düyünlü xoşxassəli törəməsidir. Tireoidin adenomaları simptomsuz gedə və ya hipertireoz əlamətləri (bədən çəkisinin azalması, zəiflik, taxikardiya, tərləmə və s.), boyunda yerləşən üzvlərin kompressiyası ilə təzahür edə bilər. Xəstəliyin diaqnostikası USM, hormonal müayinə (Т3, Т4, ТТH, ТH), qida borusunun rentgenoskopiyası, vəzilərin punksion biopsiyası və materialın sitoloji müayinəsi, ssintiqrafiyaya əsasən aparılır. Adenoma zamanı sonrakı cərrahi əməliyyatlar (qalxanabənzər vəzin düyünlü törəməsinin ləğvi, hemitireoidektomiya) və ya radioaktiv yodla müalicə ilə yanaşı tirostatik müalicə təyin oluna bilər.

  • Qalxanabənzər vəzin adenomalarının təsnifatı
  • Qalxanabənzər vəzin adenomalarının səbəbləri
  • Qalxanabənzər vəzin adenomalarının simptomları
  • Qalxanabənzər vəzin adenomalarının diaqnostikası
  • Qalxanabənzər vəzin adenomalarının müalicəsi
  • Qalxanabənzər vəzin adenomalarının proqnozu

Qalxanabənzər vəzin adenoması barədə ümumi məlumat

Qalxanabənzər vəzin adenoması — sərbəst böyümə və funksiyaları ilə xarakterizə olunan, tireoidin epitelisindən inkişaf etmiş şərti xoşxassəli şişdir. Endokrinologiyada qalxanabənzər vəzin adenomalarının payına tireoidin bütün düyünlü törəmələrinin 45-75%-i düşür. Şişə qadınlarda 4 dəfə çox rast gəlinir; adenomalı pasientlərin orta yaş həddi 45-55 yaşdır. Tireoidin adenomaları hormonal aktivliklərindən asılı olarq eutireoid vəziyyət fonunda gedə və ya hipertireozun (tireotoksikoz) inkişafına gətirib çıxara bilər. Qalxanabənzər vəzin adenomaları maliqnizasiya – qalxanabənzər vəzin xərçənginə çevrilmə potensialına malik şişlərdir.  

Qalxanabənzər vəzin adenomalarının təsnifatı

Morfoloji quruluşundan asılı olaraq tireoidin adenomalarının follikulyar, papilyar, oksifil, funksiyası qorunmuş, açıq rəngli hüceyrəli və s. formaları ayırd edilir. Adenomanın inkişaf mənbələri qalxanabənzər vəzinin A- və B-follikulyar hüceyrələridir.

Follikulyar adenomalar inkapsulyasiya olunmuş, sıx-elastik konsistensiyalı, kifayət qədər hərəkiliyə malik, kürəvi düyünlərdir. Vəzin eutireoid düyünlü törəmələri arasında onlar 15-20% təşkil edir. Follikulyar törəmələrə qalxanabənzər vəzin kolloid (və ya makrofollikulyar), mikrofollikulyar, fetal və trabekulyar (və ya embrional) adenomaları aid edilir.

Qalxanabənzər vəzin papilyar adenomaları kistoz quruluşa malikdir; kistanın daxilində qəhvəyi maye ilə əhatə olunmuş məməcikli törəmə aşkar olunur. Vəzin funksiyası qorunmuş (toksik) adenomaları Plammer xəstəliyinin (hipofizin tireotrop hormon sekresiyanı basqılayan tireoid hormonların (T3, T4) izafi sintezi) inkişafı ilə müşayiət olunur. Klinik olaraq hipertireoz əlamətləri ilə təzahür edir.

B-hüceyrələrdən inkişaf edən adenomalar (Hürthle-Askanazi hüceyrələrindən törənmiş oksifil adenoma, Lanqhans şişi, onkositar adenoma) daha aqressiv gedişə malik olur və histoloji müayinə zamanı 10-35% hallarda bədxassəli olması aşkarlanır.

Qalxanabənzər vəzin adenomalarının səbəbləri

Qalxanabənzər vəzin adenomalarının səbəbləri və inkişaf mexanizmi kifayət qədər aydın deyil. Bu prosesin patogenezində tireotropinin hipersekresiyası, regionar simpatik innervasiyanın pozulması, hipofizin tireotrop hormonlarının reseptorlarını kodlaşdıran genlərin mutasiyasının rolu inkar olunmur.

Qalxanabənzər vəzin funksiyası qorunmuş adenomaları tez-tez əvvəllər mövcud olan qeyri-toksik düyünlər fonunda inkişaf edir. Bu baxımdan suyunda və topağında yodun miqdarı az olan ərazilərdə yaşamaq, düyünlü eutireoid urun, irsi meyilliyin olması da risk faktorları hesab olna bilər. Qalxanabənzər vəzin adenomalarının inkişafında mühüm məqam boyun nahiyəsinin travmalarıdır (əzilmələr, hematomalar). Bu patologiya tez-tez autoimmun xəstəliklər fonunda inkişaf edir.

Qalxanabənzər vəzin adenomaları, adətən, monosentrik, tək düyün şəklində inkişaf edir; ləng, uzunmüddətli inkişafa malikdir. Başlanğıcda adenomanın funksiyası hormonal balansı pozmur; ssintiqrammada təsvir “soyuq” və “isti” düyün şəklində əks olunur. Düyünün ölçüləri böyüdükdə və onun funksional aktivliyi yüksəldikdə TTH-ın sekresiyası əks əlaqə mexanizmi ilə tormozlanmağa başlayır. Tireoid toxumanın intakt hissəsi tədricən atrofiyalaşır və funksiyası qorunmamış olur; qalxanabənzər vəzin ssintiqrafiyası zamanı isə adenomanın həddən artıq fəaliyyət göstərən nahiyəsində radioaktiv yodun toplanması (“isti” düyün) qeyd olunur. Bu zaman xəstədə tireotoksikoz əlamətləri inkişaf edir. Tireoidin funksiyası qorunmamış adenomaları 10% hallarda toksiki formaya çevrilirlər.

Qalxanabənzər vəzin adenomalarının simptomları

Qalxanabənzər vəzin funksiyası qorunmamış adenoması uzun müddət simptomsuz gedir və tez-tez endokrinoloqun rutin tibbi müayinəsi və ya qalxanabənzər vəzin USM-i zamanı aşkar olunur. Bu zaman boynun palpasiyasında tireoidin paylarından birində solitar düyünəbənzər törəmə aşkar olunur. Həmin törəmə ağrısız, hərəkətli, bərk və ya yumşaq-elastik olur.

Qalxanabənzər vəzin adenomasının ölçüləri böyüdükdə boynun görünən deformasiyası, kompression sindrom – təzyiq hissi, disfagiya, təngnəfəslik qeyd oluna bilər. Adenomanın uzunmüddətli gedişində onun kalsifikasiyası və ossifikasiyası, düyünlü toksiki ur, bədxassəli degenerasiya, adenoma toxumasına qansızma, infeksiyalaşmış hematoma ilə müşayiət oluna bilər.

Qalxanabənzər vəzin toksiki adenomasının inkişafı pasient normal həyat tərzi sürdürdüyü və normal qidalandığı halda onun çəkisinin azalması; tərləmə, tremor, fiziki yüklənmə zamanı tez yorulma, isti və qaynar temperaturun pis keçirilməsi ilə müşayiət olunur.  Xəstələrdə yüksək emosional labillik, qıcıqlanma, narahatlıq, yuxusuzluq, ağlama qeyd olunur. Sinus taxikardiyası, səyirici aritmiyalar, stenokardiya tutmaları, arterial hipertenziyanın meydana çıxması xarakterikdir. Sonralar ürəyin sol mədəcik, daha sonra sağ mədəcik çatışmazlığı (ödemlər, hepatomeqaliya) prosesə qoşulur. Tez-tez hərarət, MBT funksional pozulmaları, ekzoftalm qeyd olunur.

Hipertireoz zamanı cinsiyyət hormonlarının disbalansı nəticəsində kişilərdə ginekomastiya və potensiyanın azalması; qadınlarda menstrual tsiklin pozulması və sonsuzluq inkişaf edə bilər.

Qalxanabənzər vəzin adenomalarının diaqnostikası

Qalxanabənzər vəzin adenoması diaqnozunun təsdiqlənməsi və verifikasiyası məqsədilə laborator və instrumental müayinələr aparılır. Vəzin USM-inin köməyilə düyünlərin ölçüləri, miqdarı və lokalizasiyası müəyyənləşdirilir. Tireoidin radioizotop skanlanması şişin radioyodları absorbsiyasından asılı olaraq (“soyuq”, “isti” və ya “qaynar” düyünlər) adenomanın funksional aktivliyinin dərəcəsini göstərir. Eyni zamanda qalxanabənzər vəzin hormonları analiz olunur: tireoidin toksik adenomalarında qan zərdabında TTH-ın səviyyəsi azalır; T3 və T4 yüksəlir və ya normanın yuxarı limitində olur. Funksiyası qorunmamış adenomada hormonların səviyyəsi normal qalır.

Qanın biokimyəvi analizində hipolipidemiya, qlükozaya qarşı tolerantlığın pozulması təyin edilir. Diaqnozun yekun təsdiqlənməsi və adenomanın morfoloji formalarının müəyyənləşdirilməsi qalxanabənzər vəzin nazik iynə ilə aspirasion biopsiyası və şişin hüceyrə tərkibinin müayinəsi ilə aparılır. 80% hallarda biopsiya tireoidin adenomasını və xərçəngini differensiasiya etməyə imkan verir.

Boyun üzvlərinin kompressiyasında qida borusunun bariumla rentgenoqrafiyası icra olunur. Tireotoksikoz zamanı ürək (EKQ, ExoKQ), qaraciyər və böyrəklər (qanın biokimyəvi analizi, USM) müayinə olunur. Diaqnostika prosesində qalxanabənzər vəzinin başqa zədələnmələri – düyünlü ur, autoimmun tireoidit, tireoidin xərçəngi inkar olunur.

Qalxanabənzər vəzin adenomalarının müalicəsi

Qalxanabənzər vəzin adenomaları cərrahi üsulla ləğv olunur. Konservativ müalicə yalnız kolloid adenomalarda, əsasən hamiləlikdə yolveriləndir; belə ki, şişin bu formaları nadir hallarda maliqnizasiya olunur.

Cərrahi əməliyyat eutireoid vəziyyət fonunda icra olunur; buna görə də tireotoksikoz zamanı tirostatik preparatlarla (karbimazol, tiamazol, propiltiourasil) ön dərman müalicəsi aparılır. Əməliyyatönü dövrdə psixoloji sakitlik, zülallar və vitaminlərlə zəngin pəhriz, tam dəyərli yuxu, fitoterapiya tövsiyə olunur; günəş vannaları qəbul etmək və solyariyə getmək qadağan olunur.

Eutireoza nail olduqda qalxanabənzər vəzin düyünü enukleasiya olunur və dərhal adenomanın histoloji müayinəsi aparılır. Qalxanabənzər vəzin böyük hissəsi zədələndikdə və ya adenomanın maliqnizasiya olunmuş formalarında cərrahi əməliyyatın həcmi genişləndirilir – hemitireoidektomiya, qalxanabənzər vəzin subtotal rezeksiyası və ya tireoidektomiya icra olunur.

Yaşlı pasientlərdə və ya qalxanabənzər vəzin adenomalarının cərrahi müalicəsinə əks-göstəriş olduqda radioaktiv yodla terapiya təyin olunur. Bir sıra hallarda etil spirtinin inyeksiya ilə yeridilməsinin köməyi ilə adenomatoz düyünlərin sklerozlaşması uğurlu nəticələnir. Bu, şiş hüceyrələrinin məhvinə və qalxanabənzər vəzin adenomasının destruksiyasına gətirib çıxarır.

Qalxanabənzər vəzin adenomalarının proqnozu

Qalxanabənzər vəzin adenomalarının vaxtında kompleks müalicəsi və individuallaşdırılmış müalicəsi tam sağalmanı təmin edir. Tireoid vəzin total ləğvindən sonra ömürlük əvəzedici terapiya – tireoid hormonların qəbulu mühümdür. Cərrahi əməliyyatdan sonra endokrinoloqun dispanser müşahidəsi, qalxanabənzər vəzin hormonlarının periodik kontrolu, zərərli vərdişlərdən və həddən artıq insolyasiyadan imtina vacibdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: