Hestasion diabet
Hestasion diabet – şəkərli diabetin hamiləlik dövründə hormonal disbalans nəticəsində yaranan xüsusi formasıdır. Patologiyanın əsas əlaməti qida qəbulundan sonra qlükozanın qanda miqdarının artması, acqarına isə bu göstəricinin normada olması sayılır. Hestasion diabet anadangəlmə ürək və baş beyin anomaliyalarına səbəb olduğundan döl üçün təhlükəli hesab olunur. Xəstəliyin erkən aşkar olunması məqsədilə hestasiyanın 24-28-ci həftələrində qlükozaya qarşı tolerantliq testi aparılmalıdır. Hestasion diabetin müalicəsi pəhriz, əmək və istirahət rejiminə riayət olunmasından ibarətdir. Ağır hallarda insulinoterapiya təyin olunur.
- Hestasion diabetin yaranma səbəbləri
- Hestasion diabetin əlamətləri və diaqnostikası
- Hestasion diabetin müalicəsi
- Hestasion diabetin proqmoz və profilaktikası
Hestasion diabet barədə ümumi məlumat
Hestasion diabet və ya hamilələrin diabeti – qadınlarda insulinorezistentlik (hüceyrələrin insulinə qarşı həssaslığının pozulması) fonunda karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu patologiyaya hamilə qadınların 3-4%-də rast gəlinir. Qanda qlükozanın səviyyəsinin birincili yüksəlməsi əksər hallarda 18 yaşdan kiçik və 30 yaşdan böyük qadınlarda qeyd olunur. Hestasion diabetin ilkin əlamətləri adətən II-III trimestrdə yaranır və doğuşdan sonra öz-özünə itir.
Bəzən hestasion diabet doğuşdan sonra qadınlarda 2-ci tip şəkərli diabetin inkişafına səbəb olur. Bu hal təxminən 10-15% xəstələrdə müşahidə olunur. Tədqiqatlara əsasən hestasion diabet daha çox tünd dərili qadınlarda aşkarlanır. Xəstəliyin döl üçün təhlükəli olması ananın qanında qlükozanın artması nəticəsində uşaq orqanizmində insulin sintezinin aktivləşməsi ilə əlaqədardır. Bu səbəbdən doğuşdan sonra belə uşaqlar qanda şəkərin miqdarının azalmasına meylli olur. Bundan əlavə, hestasion diabet bətndaxili dövrdə dölün çəkisinin sürətlə artmasına səbəb olurlar.
Hestasion diabetin yaranma səbəbləri
Hestasion diabetin etiopatogenezi axıra kimi öyrənilməmişdir. Alimlərin fikrincə xəstəlik dölün düzgün böyümə və inkişafına cavab verən hormonlar tərəfindən insulinin kifayət qədər sintezinin blokada olunması nəticəsində yaranır. Hamiləlik zamanı qadın orqanizminin qlükozaya olan ehtiyacı yüksəlir, insulin sintezinin kompensator artması müşahidə olunur. Bu amillər hestasion diabetin əsas yaranma səbəbi hesab olunur. Mədəaltı vəzinin β-hüceyrələrinin fəaliyyətinin pozulması fonunda proinsulinin səviyyəsinin artması qeyd olunur.
Hestasion diabetin yaranmasına mədəaltı vəzinin dağılması və insulin sintezinin azalması ilə nəticələnən autoimmun xəstəliklər səbəb ola bilər. Yaxın qohumları şəkərli diabetin bu və ya digər formalarından əziyyət çəkən xəstələrdə bu patologiyanın yaranma riski 2 dəfə artır. Pozğunluğun çox rast gəlinən daha bir təkanverici amili – mübadilə proseslərinin hələ hamiləlikdən əvvəl pozulmasına səbəb olan piylənmədir. Hamiləliyin erkən dövrlərində mədəaltı vəzinin fəaliyyətinin pozulması ilə sonlanan virus infeksiyaları keçirən qadınlarda hestasion diabet müşahidə oluna bilər.
Hestasion diabetin risk qrupuna polikistoz yumurtalıqlar sindromundan əziyyət çəkən, zərərli vərdişlərə (siqaret çəkmə, spirtli içkilər və narkotiklərdən istifadə) meyilli qadınlar aiddir. Anamnezdə iri döl, ölü doğum, dölyanı mayenin çoxluğu və keçmiş hamiləliklərdə hestasion diabetin olması xəstəliyin yaranma ehtimalını artırır. Patologiyanın yüksək yaranma riski 18 yaşdan kiçik və 30 yaşdan böyük qadınlarda qeyd olunur. Bundan əlavə tez sorulan karbohidratlarla zəngin qıdaların qəbulu, balanslaşdırılmamış qidalanma xəstəliyin inkişafına təkan verə bilər.
Hestasion diabetin əlamətləri və diaqnostikası
Hestasion diabet spesifik simptomatikaya malik olmur. Patologiyanın əsas əlaməti qanda qlükozanın səviyyəsinin artmasıdır. Bu hal hamiləlikdən əvvəl müşahidə olunmur. Xəstəlik adətən hestasiyanın 20-ci həftəsindən sonra aşkarlanır. Bununla yanaşı hestasion diabetdə xəstənin bədən çəkisinin həddindən çox artması (həftədə 300 qr-dan çox), güclü susuzluq hissi, gündəlik diurezin yüksəlməsi izlənilir. Həmçinin xəstələr iştahın azalması, tez yorulmadan şikayət edirlər. Döl tərəfdən olan pozğunluqlara çəkinin sürətlə artması, bədən hissələrinin qeyri-mütənasibliyi, piy toxumasının nomadan artıq toplanması aiddir.
Hestasion diabetin əsas diaqnostik metodu qanda qlükozanın səviyyəsinin yoxlanmasıdır. Mama-ginekoloqlar qeydiyyata düşən hər 1 qadını bu analızə yönəldir. Barmaqdan alınan qanın müayinəsi zamanı qlükozanın miqdarı 4,8-6,0 mmol/l, venoz qanda isə – 5,3 – 6,9 mmol/l olan qadınlar risk qrupuna daxil olur və onlara erkən mərhələlərdə karbohidrat mübadiləsinin pozğunluqlarını aşkar etməyə imkan verən qlükoza ilə yüklənmə testi təyin olunur.
Eləcə də mədəaltı vəzinin fəaliyyətinin və hestasion diabetin formalaşma riskini aşkar etmək üçün bütün hamilələrdə 24-28-ci həftələrdə qlükoza tolerantlıq testi aparılır. Əvvəlcə acqarına venadan qan götürülür, bundan sonra 75 q qlükoza 300 ml suda qarışdırılaraq xəstəyə içizdirilir. 2 saat sonra yenidən qan analizi təkrarlanır. «Hestasion diabet» diaqnozu qlükozanın səviyyəsinin I göstəricisi 7 mmol/l-dən, II göstəricisi isə–7,8 mmol/l-dən çox olduqda qoyulur. Diaqnozun təsdiqlənməsi məqsədilə bir neçə saatdan sonra daha bir analiz təyin edilir.
Hestasion diabetin müalicəsi
Hestasion diabet zamanı müalicə ambulator şəraitdə aparılır. İlk növbədə xəstəyə qida rasionuna diqqət yetrimək məsləhət görülür. Pəhriz qanda qlükozanın səviyyəsinin azalmasına yönəldilir, bu səbəbdən menyudan tez sorulan karbohidratlar: qənnadi məhsulları, nişastalı tərəvəzlər çıxarılır. Meyvə norma daxilində və şirin olmamaq şərtilə qəbul edilir. Hestasion diabet zamanı yağlı və qızardılmış yeməklər, fast-fud, un məmulatlarının istifadəsi qadağandır. Bu məhsulları kələm, göyərti, qabaq, paxlalı bitkilərlə əvəz etmək tövsiyyə olunur. Bundan əlavə hestasion diabetdə qida rasionuna yağsız balıq və ət, dənli bitkilər, bərk növdən olan makaron, tərəvəz əlavə olunmalıdır. Həftədə 1 dəfə qırmızı balıq yemək olar.
Hestasion diabetli hamilələrdə qida rasionunun tərtibi zamanı orqanizmin dölün düzgün böyüməsi və inkişafı üçün zəruri olan vitamin və minerallarla kifayər qədər təmin olunmasına fikir vermək lazımdır. Karbohidratlar qıda rasionunun 45%, yağlar-30%, zülallar isə 25%-ni təşkil etməlidir. Hamilə qadınlar tez-tez, lakin kiçik porsiyalarla (3 əsas qida qəbulu və 2-3 yüngül qidalanma) qıdalanmalıdır. Tez həzm olunan yeməklər hazırlanmalıdır, optımal variantlara qaynadılmış, buxarda bişirilmiş məhsullar aiddir. Sutkalıq su qəbulu 1.5 l-dən az olmamalıdır.
Hestasion diabetli xəstələrə orqanizmi tonusda saxlayan, bədən çəkisinin normadan çox artmasının qarşısını alan mülayim fiziki yüklənmələr tövsiyə olunur. Aktiv hərəkətlər insulinin aktivliyini artmasına səbəb olur, bu da hestasion diabetdə mühüm rol oynayır. Fiziki yüklənmələrə gimnastika, yerimə, uzgüçülük aiddir. Kəskin hərəkətlərdən qaçmaq tövsiyyə olunur. Yüklənmənin səviyyəsi həkim tərəfindən qadının dözümlülüyünə əsasən təyin olunur.
Hestasion diabetli qadın acqarına və hər qida qəbulundan 60 dəqiqə sonra qanda qlükozanın səviyyəsinə nəzarət olunmalıdır. Fiziki hərəkətlərlə birgə aparılan dietoterapiya nəticə vermədikdə xəstəyə insulin iynəsi məsləhət görülür. Preparatın dozası mütəxəssis tərəfindən seçilir. Bu diaqnoz zamanı hamiləliyin aparılması 38-40-cı həftəyə qədər davam etdirilir. Təbii yolla doğuş prosesində dölün iri cəkili olması ilə əlaqədar ağırlaşmaların yaranma riskini nəzərə alaraq, hamiləlik adətən qeyseriyyə kəsiyi ilə sona çatdırılır.
Hestasion diabet zamanı uşaq qanda qlükozanın aşağı səviyyəsiylə doğulur, lakin ana südü ilə və ya adaptasiya olunmuş süni qidalanma zamanı bu göstərici norma səviyyəsinə qayıdır. Ana və uşağın qanında şəkərin konsentrasiyası yoxlanılır. Hestasion diabetli qadınlar doğuşdan sonra 2-ci tip şəkərli diabetin qarşısını almaq üçün bir müddət hamiləlik zamanı təyin olunmuş pəhrizə riayət etməli və qanda qlükozanın miqdarını nəzarətdə saxlamalıdır. Adətən göstəricilər doğuşdan sonra ilk aylar ərzində normallaşır.
Hestasion diabetin proqnoz və profilaktikası
Hestasion diabet zamanı ana və döl üçün proqnoz ümumilikdə qənaətbəxş sayılır. Bu xəstəlik zamanı makrosomiya -dölün həddindən çox böyüməsi, o cümlədən ananın bədən çəkisinin artması riski mövcuddur. Makrosomiya zamanı uşağın beyni öz təbii ölçülərini saxlayır, çiyin qurşağı isə böyüyür. Bu pozğunluqlar təbii yolla doğuş prosesində travmalarla nəticələnə bilər. Ultrasəs müayinədə iri döl aşkar olunduqda həkim hamiləliyin vaxtından qabaq sonlanmasını məsləhət görür, lakin döl iri ölçülərinə baxmayaraq tam inkişaf etmədiyindən bu proses tam təhlükəsiz hesab olunmur.
Hesatsion diabetin profilaktikası hamiləliyin planlaşdırılması və bədən çəkisinin nəzarətdə saxlanılmasından ibarətdir. Qadın düzgün qidalanmalı, zərərli vərdişlərdən imtina etməlidir. Aktiv həyat tərzi keçirməlidir, çünki mülayim fiziki yüklənmələr hestasion diabetin inkişaf riskini azaldır. İdman hərəkətləri müntəzəm olmalı və hamiləliyə diskomfort törətməməlidir.