Həzm sistemi xəstəlikləri

Həzm sistemi xəstəlikləri

Qastroenterologiya – həzm sisteminin quruluşu, fiziologiyası və patologiyaları, onların xəstəliklərinin müalicə-profilaktikası ilə məşğul olan tibb sahəsidir. Onun daxilində daha dar ixtisaslı bölmələr: qaraciyər və öd kisəsinin xəstəliklərini öyrənən hepatologiya  və yoğun bağırsağın, pararektal sahənin patologiyalarını araşdıran proktologiya vardır. Mədə-bağırsaq traktının normal fəaliyyətinə endokrin sistem və ağız boşluğunun vəziyyəti, eləcə də orqanizmdə infeksion amillərin olması təsir göstərir.  

Həzm sistemi orqanizmin həyat fəaliyyəti və inkişafı üçün zəruri olan qida maddələrinin alınmasını təmin edən müxtəlif orqan və vəzilərdən ibarətdir. Bu sistem ağız boşluğundan başlayaraq, düz bağırsaqda bitir. Ona görə də həzm traktının hətta bir orqanının patologiyası bütün sistemin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Hazırkı ekoloji durum, stresslər, yeni qida məhsulları və əlavələri, dərman preparatları mədə-bağırsaq traktının xəstəliklərinin yaranmasına ya da kəskinləşməsinə səbəb olur.  

Həzm sistemi xəstəlikləri haqqında

Hər bir insan həyatı boyunca bir dəfə də olsa həzm traktının patologiyaları ilə qarşılaşır. Bu tip xəstəliklərdən ən çox rast gəlinəni qida borusunun (ezofagit), mədənin (qastrit), onikibarmaq bağırsağın (duodenit), qaraciyərin (hepatit), mədəaltı vəzinin (pankreatit), öd kisəsi və öd axarlarının (xolesistit və xolangit), nazik və yoğun bağırsağın (enterit və kolit), düz bağırsağın (proktit) kəskin və ya xroniki xarakterli iltihabi patologiyalarıdır. Onlar da öz növbəsində orqanların selikli qişasını zədələməklə, mədə və onikibarmaq bağırsağın xorası, öd daşı xəstəliyi, xoralı kolit ilə nəticələnirlər. Müasir cəmiyyətin ən ciddi problemlərindən biri də əhalinin əksər hissəsində, hətta yenidoğulmuşlarda da aşkarlanılan disbakteriozdur. Mədə, mədəaltı vəzi, bağırsağın patologiyaları əksər dəri xəstəlikləri və metabolik pozğunluqların ilkin səbəbi sayılır. 

Həzm sistemi xəstəlikləri zədələnmiş orqandan asılı olaraq, fərqli əlamətlərlə təzahür edir. Ümumi simptomlara iştah pozğunluğu, qarında ağrı, gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, meteorizm, nəcis ifrazının pozulması, zəiflik, cəki itkisi aiddir. 

Qastroenterologiyanın imkanları

Müasir qastroenterologiyada həzm sistemi xəstəliklərini erkən mərhələlərdə üzə çıxarmağa kömək edən geniş diapazonlu diaqnostik üsullar tətbiq olunur. Laborator müayinələrə qan, mədə və bağırsaq şirəsi, nəcis, bağırsaq mikroflorası, biopsiya zamanı götürülən toxumaların analizi daxildir. Mədə-bağırsaq traktının boşluqlu orqanları rentgenoloji və endoskopik üsullar (ezofaqoskopiya, kolonoskopiya, qastroduodenoskopiya və s.), parenximatoz orqanlar isə USM vasitəsilə müayinə olunur. Həzm sisteminin bir çox xroniki xəstəliklərində cərrahi müdaxilə tələb olunur. Bu da müalicənin gecikdirilməsi, vəziyyətin ağırlaşması ilə bağlıdır. Ona görə də həzm traktında hər hansı bir patoloji əlamətlə qarşılaşdıqda mütləq qatsroenteroloqa müraciət etmək lazımdır.  

Med-portal.az saytının «Həzm sistemi xəstəlikləri» bölməsini oxumaqla, mədə-bağırsaq traktının patologiyalarının səbəbləri, əlamətləri və müalicə yolları ilə tanış olacaqsınız.