Disbakterioz
Disbakterioz – bağırsaq mikroflorasının tərkib və miqdarının pozulması nəticəsində yaranan patoloji vəziyyətdir. Bu zaman faydalı bifido və laktobakteriyaların sayı azalır, patogen (xəstəlik törədən) mikroorqanizmlərin miqdarı isə artır. Patologiya həzm sistemi orqanlarının bir çox xəstəliklərini müşayiət edir. Antibiotiklərin, immunodepressantların uzunmüddətli, qeyri-rasional tətbiqi, ətraf mühitin əlverişsiz amillərinin təsiri disbakterioza gətirib çıxarır. Onun klinik əlamətlərinə qəbizlik, ishal, iştah və yuxu pozğunluğu, qarında ağrı, dəri səpkiləri aiddir. Ağır hallarda mədə-bağırsaq traktının bakteriyaları qanda aşkarlana bilər. Bu da sepsis təhlükəsindən xəbər verir.
- Yaranma səbəbləri
- Patogenez
- Disbakteriozun əlamətləri
- Diaqnostika
- Disbakteriozun müalicəsi
- Proqnoz və profilaktika
Disbakterioz barədə ümumi məlumat
Disbakterioz (disbioz) – bağırsağın normal florasının tərkibinin patoloji dəyişikliyi ilə xarakterizə olunan xəstəlikdir. Patologiya bağırsağın funksional pozğunluğuna səbəb olur.
Disbakteriozun yaranma səbəbləri
Bağırsağın disbiozu demək olar ki, heç bir zaman birincili patologiya kimi inkişaf etmir. Disbakterioz orqan və sistemlərin fəaliyyətinin pozulması və ya mikroorqanizmlərə mənfi təsir göstərən preparatların qəbulu nəticəsində yaranır. Disbioza təkan verən amillər aşağıdakılardır:
- Mikroorqanizmlərin həyat fəaliyyətini zəiflədən dərman vasitələrinin (antibiotiklər, sulfanilamidlər, hormonal vasitələr, sitostatiklər və s.) istifadəsi. Həmçinin disbakterioz cərrahi müdaxilələrdən sonra müşahidə edilə bilər.
- Qeyri-düzgün, balanslaşdırılmamış qidalanma, gündəlik rasionda zəruri komponentlərin çatışmazlığı, floranı pozan müxtəlif növ kimyəvi əlavələrin olması
- Psixoloji stresslər
- Bağırsağın infeksion xəstəlikləri
- Həzm sisteminin digər xəstəlikləri (pankreatit, hepatit, qastrit və s.)
- İmmun pozğunluqlar, endokrin xəstəliklər, metabolik dəyişikliklər
- Bioritmlərin pozulması, aklimatizasiya
- Bağırsaq motorikasının pozulması
Disbakteriozun patogenezi
Yetkin insanın bağırsağında normada orta hesabla 2-3 kq (500 növə yaxın) mikroorqanizm yaşayır. Bu bakteriyalar-simbionitlər bilavasitə həzm aktında iştirak edir. Sağlam orqanizmdə mikrofloranın kəmiyyət və keyfiyyət tərkibi fizioloji tarazlıq – normobiosenoz (eubioz) vəziyyətində olur. Bağırsaq florasının tərkibi dəyişdikdə balans pozulur, bu da həzm prosesinə mənfi təsir göstərir.
Normada bağırsaq aşağıdakı funksiyaları yerinə yetirir:
- trofik funksiya – orqanizmi qida maddələri ilə təmin edir;
- energetik funksiya – bağırsaq epitelini enerji və ATF ilə təhciz edir;
- peristaltika funksiyası – peristaltikanın kimyəvi tənzimlənməsi;
- regenerativ funksiya – bağırsağın epitel qatının yenilənməsi zamanı hüceyrələrin differensiasiyasında iştirak edir;
- ion balansının stabilliyini qoruyur;
- bağırsaqda qaz tərkibini formalaşdırır;
- bağırsaqda gedən kimyəvi proseslərdə iştirak edir – zəhərli maddələrin deaktivləşməsi, bioloji aktiv vasitələrin, neyrotransmitterlərin, siqnal markerlərinin formalaşması, dərman preparatlarının aktivləşməsi və s.;
- qoruyucu funksiya – yerli immunitetdə, immunoqlobulin sintezində iştirak etmə, sitoproteksiya, epitelin patogen və kanserogen amillərə qarşı dözümlüyünün təmini, virusların tutulması;
- zülal, yağ, öd turşuları və bir çox zəruri qida komponentlərinin metabolizmində, B qrup vitaminlərin, pantoten turşusunun sintezində iştirak edir;
- bağırsağın fiziki-kimyəvi mühitinin stabilliyini təmin edir.
Disbakteriozun əlamətləri
- Dispeptik sindrom – ishal (bəzən qəbizliklə ishalın növbələşməsi), qarında köp, gəyirmə, ağızda xoşagəlməz dad, bağırsaqda qurultu;
- Bağırsaq disbakteriozundan əziyyət çəkən əksər insanlarda (xüsusən uşaqlarda) qida məhsullarına qarşı əvvəllər müşahidə olunmayan allergik reaksiyalar yaranır. Onlar həm adi allergik (övrə, qaşınma, bronxospazm, angionevrotik ödem), həm də bağırsaq xarakterli (sulu konsistensiyalı köpüklü nəcis, qarında kəskin ağrı, ürəkbulanma, qusma) ola bilər.
- Malabsorbsiya sindromu – müxtəlif qida maddələrinin bağırsaqda sorulma prosesinin pozulması metabolik substratların defisiti – zülal-enerji çatışmazlığı, hipovitaminozlar (ilk növbədə B qrup vtaminləri üzrə), anemiya, ion balansının pozulması, kalsium defisiti və s. ilə təzahür edir;
- Orqanizmin intoksikasiyası – halsızlıq, iştahsızlıq, subfebrilitet, baş ağrıları;
- İmmunitetin zəifləməsi – infeksion xəstəliklərin (KRX, KRVİ, herpes) tez-tez təkrarlanması, göbələk infeksiyaları.
Disbakteriozun diaqnostikası
İlk növbədə xəstənin şikayətləri əsasında xarakterik dispeptik pozğunluqlar aşkar edilir, fizikal baxış keçirilir. Disbakteriozun əlamətləri bir qayda olaraq, birincili patologiya fonunda təzahür edir. Mikrofloranı zəiflədən preparatlarla müalicə faktına xüsusi diqqət yetirilir.
Bağırsaq disbakteriozunun laborator diaqnostikasının ən spesifik metodları disbakterioza görə analiz və nəcisin bakterioloji əkilməsidir. Nazik bağırsağın disbiozu acı bağırsağın sıyrıntısının və ya aspiratının bakterioloji müayinəsi ilə aşkarlanır. Lakin bu üsulun mürəkkəb olması onun tətbiqini məhdudlaşdırır. Koproqramma, nəcis kütlələrinin biokimyası, qaz-maye analizi disbakteriozun dolayı əlamətlərini nümayiş etdirir.
Disbakteriozun müalicəsi
Terapiya bir neçə istiqamətdə aparılır: patogenetik müalicə, həzm prosesinin korreksiyası, xəstəliyin kəskin əlamətlərinin aradan qaldırılması, qoruyucu xüsusiyyətlərin möhkəmləndirilməsi və bağırsağın normal biosenozunun bərpası.
- Patogenetik terapiya ilkin patologiyaya qarşı yönəldilir. Bundan əlavə bağırsağın motor funksiyasının bərpasına və iltihabın ləğvinə istiqamətləndirilən tədbirlər həyata keçirilir, əvəzedici ferment terapiyası aparılır.
- Disbakteriozlu xəstələrə 4№-li pəhriz (vəziyyətdən asılı olaraq, onun müxtəlif modifikasiyaları) təyin edilir. Dietoterapiya bağırsağın fəaliyyətini normallaşdırır, çürümə proseslərinin aktivliyini azaldır. Gündəlik rasionda zülal, yağ, karbohidratların miqdarı balanslaşdırılmalı, orqanizmin vitamin və mikroelementlərlə təhcizatına diqqət yetirilməlidir.
- Rasiona qida lifləri ilə zəngin məhsulların, canlı bakteriya kulturalarının daxil edilməsi.
- Sorulmayan selektiv antibiotiklər (rifaksimin), bağırsaq antiseptikləri (nifuroksazid), tərkibində patogen bağırsaq florasının antaqonistləri, bakteriofaqlar olan preparatlarla mikrofloranın tərkibinin korreksiyası.
- İmmunitetin immunomodulyatorlarla (exinaseya preparatları, nuklein turşuları və s.) bərpası.
Normal mikroflora aşağıdakı vasitələrlə bərpa olunur:
- probiotiklər (zəruri mikroorqanizmlərin canlı kulturalarından ibarət preparatlar);
- prebiotiklər (faydalı floranın böyümə və çoxalmasını təmin edən maddələr);
- sinbiotiklər (tərkibində həm mikroorqanizmlər, həm də onların inkişafı üçün zəruru komponentlər olan kompleks preparatlar).
Disbakteriozun proqnoz və profilaktikası
Müalicə vaxtında aparıldıqda proqnoz qənaətbəxş olur. Bağırsaq bisbakteriozunun profilaktik tədbirlərinə düzgün qidalanma, qida rasionun zəruri mikroorqanizmlərlə zənginləşdirilməsi (süd məhsulları, bifido- və asidofl bakteriyalardan ibarət maddələr, mayalı içkilər və s.) aiddir. Qidalanma orqanizmə laızm olan maddələrin, vitamin və mineralların tərkibi üzrə balanslaşdırılmalıdır.
Körpələrdə disbakteriozun optimal profilaktikası ana südu ilə qidalanmadır. Bu yolla uşaqda normobiosenoz və immunitet formalaşır.
Bağırsaq disbakteriozu əksərən antibakterial təsirli dərman preparatlarının qəbulu nəticəsində yarandığından belə hallarda profilaktika məqsədilə farmakoloji vasitələr rasional qaydada təyin olunmalı, infeksiyaların müalicəsinə kompleks yanaşılmalı – preparatlar antibiotikoqrammaya əsaslanaraq təyin edilməli, törədicinin antibiotiklərə həssaslığı yoxlanılmalı, paralel olaraq bağırsağın biosenozunu korreksiya edən preparatlardan istifadə olunmalıdır.
Uzunmüddətli antibiotikoterapiya zamanı zəruri bakteriyalarla zəngin məhsullardan ibarət pəhriz, göbələkəleyhinə, antihistamin və immunostimuləedici terapiya tətbiq edilir.