Hamiləlik zamanı pankreatit

Oxuma vaxtı: 20 dəq Oxunma sayı: 2665

hamiləlik zamanı pankreatit nədir?Hamiləlik zamanı pankreatit — mədəaltı vəzinin hestasiya dövründə yaranan və ya kəskinləşən kəskin və yaxud xroniki destruksiyasıdır. Epiqastral və sol qabırğaaltı nahiyədə kəmərvari ağrı, ürəkbulanma, qusma, meteorizm, iştahın azalması, ishal, bəzi hallarda hipertermiya və poliorqan dəyişikliklərlə təzahür edir. Diaqnoz qan və sidikdə pankreatik fermentlərin səviyyələrinə, USM nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə antiferment preparatlar, analgetiklər, mədə sekresiyasının blokatorları, infuzion vasitələr, enzimlərdən istifadə olunur. Göstərişlərə əsasən sanasiyaedici və drenə edici əməliyyatlar, orqanın rezeksiyası icra edilir.

  • Hamiləlik zamanı pankreatitin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Hamiləlik zamanı pankreatitın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Hamiləlik zamanı pankreatitin müalicəsi
  • Proqnoz və profilaktika

Hamiləlik zamanı pankreatit barədə ümumi məlumat

Pankreatitin müxtəlif formalarına hamilələrin 0,02-0,1%-də rast gəlinir, onların 88%-də patoloji proses kəskin xarakter daşıyır. Xəstəlik hestasiya dövründə təxirəsalınmaz cərrahi patologiyaların təxminən 50%-də aşkarlanır. Adətən kəskin pankreatit ilk dəfə doğan qadınlarda, xroniki formanın residivi isə təkrar hamiləliklərdə müşahidə edilir. Pozğunluq hestasiyanın istənilən vaxtlarında inkişaf edə bilər, lakin 52% hallarda xəstəlik III trimestrdə yaranır. Pankreatitin vaxtında diaqnostikasının aktuallığı xəstəliyin kəskin formasının gec aşkar olunması və düzgün aparılmayan müalicə zamanı ana və perinatal ölümün əhəmiyyətli dərəcədə yüksəlməsi ilə bağlıdır.

Hamiləlik zamanı pankreatitin yaranma səbəbləri

Hamiləlik zamanı pankreatitin səbəbləriXX əsrin 70-ci illərində qastroenterologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən hestasiya zamanı pankreatitin etiologiyası hamilə olmayan xəstələrdə olduğu kimidir (HELLP sindromu ilə əlaqədar vəzinin spesifik zədələnməsi istisna sayılır). Xəstəliyin yaranmasının provokasiyaedici amillərinə öd ifrazı və lipid mübadiləsinin pozulması, hepato- və pankreotoksik maddələrin (spirtli içkilər, tiazid diuretiklər, metronidazol, sulfasalazin, kortikosteroidlərin) istifadəsi, qeyri-düzgün qidalanma (qida rasionunun yağlı, qızardılmış, kəskin məhsullarla zəngin olması), siqaret, sitomeqalovirus infeksiyası, qurd invaziyaları (opistorxoz, askaridoz), autoimmun proseslər, genetik meyllik aiddir.

Xəstəliyin inkişafında mədəaltı vəzinin inkişaf anomaliyaları, qarın boşluğunda yüksək təzyiq, duodenal hipertenziya, MBT xəstəlikləri (Oddi sfinkterinin disfunksiyası, mədə və on iki barmaq bağırsağın xora xəstəliyi, nazik bağırsaqda bakteriyaların həddindən çox artma sindromu) müəyyən rol oynayır. Pankreas toxumasının autozədələnməsinin trigger amillərinə qarnın travmaları, abdominal cərrahi müdaxilələr, endoskopik manipulyasiyaları aid etmək olar. Hamilələrdə orqanizmin fizioloji dəyişiklikləri ilə əlaqədar yuxarıda qeyd olunan amillərin bəziləri aparıcı hesab olunur.

Kəskin prosesin yaranma  səbəbləri:

  • Öd ifrazının pozulması. Biliar mənşəli kəskin iltihab xəstələrin 65-66%-də aşkarlanır. Xəstəlik adətən hestasiya dövründə manifestasiya edən və ya kəskinləşən öd daşı xəstəliyində Oddi sfinkteri və mədəaltı vəzi axacağının kiçik öd konkrementləri ilə blokadası səbəbindən sekretin durğunluğu nəticəsində formalaşır. Əlavə amillərə hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı ödün özlülüyünün dəyişməsi, bağırsaq və öd kisəsinin motorikasının pozulması, öd yollarının diskineziyası, xolestaz aiddir.
  • Hiperlipidemiya və hipertriqliseridemiya. Estrogenlərin təsiririndən hamilələrin qan zərdabında xolesterin, triqliseridlərin, lipidlərin konsentrasiyası yüksəlir. Metabolik sindrom, piylənmə, yağ mübadiləsinin anadangəlmə pozğunluqlarından (Frederiksona görə anadangəlmə hiperlipidemiyanın I, IV, V tipləri) əziyyət çəkən xəstələrdə triqliseridlərin 600-750 mq/dl- dan yüksək olur, bu səviyyədə damarların yağ hissəcikləri ilə mikroemboliyası və piy infiltrasiyası nəticəsində pankreas toxumasının destruksiyası başlanır.
  • Hiperparatireoz. 0,15-1,4% xəstələrdə hiperparatireoz müşahidə edilir. Parathormonun sekresiyasının pozulması böyüyən döl tərəfindən aktiv şəkildə istifadə olunan kalsium mübadiləsinin hamiləlik üçün xarakterik olan pozğunluqları ilə əlaqədardır. PTH konsentrasiyasının artması mədəaltı vəzinin sekresiyasının güclənməsi, kalsiumun bağırsaqda sorulmasının sürətlənməsi, onun sümüklərdən yuyulması və parenximatoz orqanlarda toplanması ilə müşayiət olunur. Mədəaltı vəzi axacağının kalsinatlarla obturasiyası pankreas şirəsinin axımını pozaraq, toxumaların destruksiyasına gətirib çıxarır.
  • Preeklampsiya. Ağır hestozlara xas olan kompleks şəkilli endotelial disfunksiya hemostazın prokoaqulyant, antikoaqulyant, damar-trombositar səviyyələrdə pozulmasına səbəb olur, bu da xroniki DDL-sindromu və müxtəlif orqanlarda sistemli mikrosirkulyator dəyişikliklərlə təzahür edir. Çoxocaqlı toxuma hipoksiyası və pankreas toxumasının işemiyası orqanın parenximasında geridönməyən dəyişikliklərə gətirib çıxarır.

12,3% hamilələrdə kəskin pankreatit sərbəst öd turşularının pankreotoksik təsirindən yaranır. Spirtli içkilər və siqaretdən sui istifadə etdikdə bu maddələrin miqdarı artır. Bəzi hallarda hestasiya zamanı qəfil yaranan pankreatik iltihabın səbəbi qeyri-müəyyən qalıraq, xəstəlik idiopatik hesab olunur.

Patologiya xroniki pankreatitdən əziyyət çəkən hamilələrin 1/3 –də residivləşir. Vəziyyətin pisləşməsinə qidalanma vərdişlərinin pozulması, hərəki aktivliyin azalması, cinsi hormonların təsirindən MBT motorikasının zəifləməsi, hamiləlik və doğuşla bağlı emosional gərginlik səbəb olur. Əksər hallarda kəskinləşmə erkən toksikozla müştərək şəkildə inkişaf edir və ya onun əlamətləri altında gizlənir. Xroniki pankreatit həmçinin 60% hallarda vaxtında aşkarlanmayan kəskin iltihabın transformasiyası nəticəsində baş verə bilər.

Hamiləlik zamanı pankreatitin patogenezi

Hamiləlik zamanı pankreatitin inkişafında əsas həlqə axacaqların hissəvi və ya tam obturasiyası nəticəsində mədəaltı vəzi sekretinin axımının pozulması, onların divarlarının zədələnməsi və fermentlərin orqandaxili aktivasiyası hesab olunur. Lipaza və tripsinin təsiri altında orqanın parenximası avtolizə uğrayır. Bəzən toxumaların desktruksiyası trombotik, işemik, iltihabi proseslər, eləcə də sekretor hüceyrələrə birbaşa toksiki təsirlər nəticəsində baş verir. Zədələyici amillərin uzunmüddətli subklinik təsiri zamanı pankreatit xroniki formaya keçir, parenximanın dağılmasına cavab olaraq, birləşdirici toxuma çoxalır, bu da orqanın büzüşməsi, çapıqlaşması, sklerozlaşmasına, onun ekskretor və inkretor funksiyalarının pozulmasına gətirib çıxarır.

Hamiləlik zamanı pankreatitin təsnifatı

Hamiləlik dövründə pankreatitin formalarının sistemləşdirilməsi xəstəliyin ümumqəbulolunmuş təsnifatına müvafiqdir. Hamiləliyin aparılma taktikasının seçilməsində iltihabın kəskin və xroniki formalara ayrılması daha çox əhəmiyyət kəsb edir. Hamilələrdə adətən kəskin pankreatitə rast gəlinir, belə hallarda ciddi ekstragenital və mamalıq ağırlaşmaların qarşısını almaq məqsədilə təxirəsalınmaz terapiya tələb olunur. Klinik şəklə və morfoloji dəyişikliklərə əsasən mütəxəssislər mədəaltı vəzinin aktiv iltihabının 4 fazasını ayırd edirlər: fermentativ (3- 5 gün), reaktiv (4-6 gündən 14 günə kimi), sekvestrasion  (6 aya qədər), son (6 aydan çox). Proses yüngül ödemli (interstisial) və orqanın məhdud və ya yayılmış piy, hemorragik və yaxud qarışıq zədələnməsi ilə müşayiət olunan ağır destruktiv formada gedə bilər.

Xroniki pankreatit 12% hamilələrdə qeyd olunur, 1/3 hallarda keçirilmiş, lakin aşkarlanmamış kəskin formanın nəticəsi hesab olunur. Xəstəlik latent (ağrısız), xroniki residivləşən, ağrılı, psevdoşiş, sklerozlaşan formalarda gedir. Xroniki pankreatitli xəstələrdə hamiləliyin planlaşdırılması üçün xəstəliyin mərhələlərini nəzərə almaq lazımdır.

Xəstəliyin aşağıdakı formaları mövcuddur:

  • Başlanğıc. Kəskinləşmələr il ərzində 1 dəfədən çox təkrarlanmır, ağrı medikamentoz prepartalarla asanlıqla aradan qaldırılır. Tutmalar arası dövrdə kliniki təzahürlər, analizlərdə və USM nəticələrində dəyişikliklər minimal olur və ya ümumiyyətlə izlənilmir. Müvafiq dieta və həyat tərzi zamanı hamiləliyin ağırlaşmamış gedişi mümkündür.
  • Orta ağır. İl ərzində müşahidə edilən kəskinləşmələrin sayı 4-dən çox olmur. Mədəaltı vəzinin proyeksiyasında daima dartıcı ağrılar, diskomfort hiss olunur. Orqanın sekretor funksiyasının pozulmasına dəlalət edən dispeptik əlamətlər yaranır. USM prosesində morfoloji dəyişikliklər müəyyən edilir. Hestasiyanın ağırlaşma ehtimalı yüksəkdir.
  • Ağır (terminal, kaxektik). Xəstəlik 1 il müddətində 4 dəfədən çox olmaqla kəskinləşir. Ağrı sindromu daimi xarakterli olur. Orqanın həm sekretor, həm də inkretor funksiyası pozulur, həzm sisteminin kobud dəyişiklikləri və şəkərli diabet əlamətləri qeyd edilir. Qonşu orqanlar prosesə cəlb olunur. Hamiləliyin normal gedişi mümkün deyil.

Hamiləlik zamanı pankreatitin əlamətləri

Hamiləlik zamanı pankreatitin əlamətləriKlinik əlamətlər patologiyanın gedişi və formasının xüsusiyyətlərindən asılıdır. Kəskin pankreatit adətən II-III trimestrdə qəfil yaranaraq, epiqastral və ya qabırğaaltı nahiyədə artan daimi və yaxud tutmaşəkilli ağrılarla təzahür edir. Bəzən ağrı hissiyyatının intensivliyi o qədər güclü olur ki, ürək-damar sisteminin fəaliyyətinin pozulması, huşun itirilməsi ilə nəticələnən damar kollapsı və ya ağrı şoku baş verir. Ürəkbulanma, qusma, qarında köpün yaranması, qarın divarının gərginliyi, hipertermiya mümkündür. Təxminən 50% xəstələrdə skleranın və dərinin ikterikliyi qeyd olunur. Şok, baş ağrıları, huşun dumanlanması, digər nevroloji simptomatika ilə müşayiət olunan pankreatitin ağır dərəcəli ağrısız formaları hestasiyadan kənar dövrlə müqayisədə hamiləlik zamanı daha çox izlənilir.

Xroniki pankreatitin residivi adətən I trimestrdə müşahidə edilir. Bu zaman yaranan ifadəli ürəkbulanma, qusma xəstələr və mama-ginekoloq tərəfindən erkən toksikozun əlamətləri kimi qiymətləndirilir. Dispepsiyanın klinik simptomlarının hamiləliyin 12-ci həftəsindən sonra da davam etməsi əksər hallarda məhz mədəaltı vəzinin zədələnməsinə dəlalət edir. Xroniki pankreatitin klassik gedişi zamanı aparıcı əlamət ağrı sindromu sayılır. Təzyiqedici və ya sızıltılı ağrı daimi xarakterli olur və ya yağlı, qızardılmış qidalardan sonra yaranır. Bəzən ağrı tutmaşəkilli olur.

Ağrının lokalizasiyası orqanın zədələnmə sahəsinə uyğun gəlir: vəzinin başının destruksiyası zamanı ağrı epiqastral nahiyədə sağda, cismi zədələndikdə -solda, quyruq hissənin destruksiyası zamanı isə sol qabırğaaltı nahiyədə hiss edilir. Pankreatitin xarakterik əlaməti xəncərəbənzər çıxıntının altından başlayıb, sol qabırğa qövsü boyunca onurğa sütununa kimi yayılan kəmərvari ağrı hesab olunur.  Ağrı sol çiyinə, kürək sümüyünə, qalça nahiyəsinə, az hallarda prekardial sahəyə irradiasiya edə bilər. Fermentlərin sekresiyasının pozulması zamanı dispepsiya yaranır, yağlı qidalara qarşı ikrah hissi, iştahın pozulması, hipersalivasiya, gəyirmə, köp, xarakterik yağlı parıltıya malik sıyığabənzər nəcislə müşahidə olunan diareya qeyd olunur. Hamilələrdə çəki artımı ləng gedir.

Hamiləlik zamanı pankreatitin ağırlaşmaları

Keçmişdə mədəaltı vəzinin kəskin destruktiv iltihabı yüksək səviyyəli (37-38%-ə çatan) ana ölümü ilə müşayiət olunan ən ciddi qastroenteroloji xəstəliklərdən sayılırdı. Pankreatit zamanı dölün perinatal ölümü 11-37% hamilələrdə izlənilirdi. Müasir diaqnostik və müalicəvi üsulların tətbiqi sayəsində hazırda bu göstəriciləri  əhəmiyyətli dərəcədə azaltmaq (ana ölümü: 0,1-0,97%, dölün perinatal ölümü 0,5-18%) mümkün olmuşdur. 5,4% hallarda iltihabi destruksiya eyni hestasiya dövründə,  6,6% hallarda — doğuşdan sonra 3 ay ərzində residivləşir, 22-30% qadınlarda isə patoloji proses xroniki şəkil alır.

Mədəaltı vəzinin kəskin iltihabı zamanı döl birbaşa zədələyici təsirlərə məruz qalmasa da hamiləliyin proqnozu ağırlaşır. 20% xəstələrdə özbaşına (spontan) düşüklər, 16% hallarda vaxtından əvvəl doğuşlar baş verir. III trimestrdə yaranan əsas ağırlaşma DDL-sindromudur. Ağır ekstragenital pozğunluqlara iltihablaşmış toxumaların infeksiyalaşması, retroperitoneal toxumanın fleqmonası, fermentativ peritonitin, arroziv qanaxmalar və psevdokistanın inkişafı, pankreatogen və infeksion-toksiki şok aiddir.

Xəstəliyin xroniki formasından əziyyət çəkən hamilələrin 28%-də hestasiyanın 16-17-ci həftəsinə qədər davam edən erkən toksikoz  müşahidə olunur. Hamiləliyin II yarısında mədəaltı vəzinin xroniki iltihabi destruksiyası mamalıq proqnozunu əhəmiyyətli dərəcədə ağırlaşdırmır. Hamiləlik zamanı yaranan xroniki pankreatitin uzaq ağırlaşmalarına psevdakista və kistaların yaranması, absesləşmə, pankreolitiaz, ağır dərəcəli insulindən asılı diabetin inkişafı, çapıqlı-iltihabı proseslərlə bağlı mədəaltı vəzinin axacağının və böyük duodenal məməciyin stenozu,  maliqnizasiya daxildir.

Hamiləlik zamanı pankreatitin diaqnostikası

Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən pankreatit hamiləlik dövründə adətən vaxtında aşkar olunmur və ya ümumiyyətlə gizli qalır. Bu pankreas toxumalarının lokal destruksiyası və ya prosesin xroniki gedişi zamanı silinmiş simptomatika ilə bağlıdır. Pankreatitə şübhə yarandıqda diaqnozun təsdiq olunması üçün aşağıdakı müayinə üsulları məsləhət görülür:

  • Pankreatik fermentlərin analizi. Pankreas hüceyrələrinin zədələnməsi zamanı qanda lipaza, ümumi və pankreatik amilazanın aktivliyi yüksəlir. Sidikdə alfa-amilazanın konsentrasiyası artır. Kəskin və kəskinləşmiş xroniki pankreatit üçün zərdabda elastaza-1 səviyyəsinin yüksəlməsi xarakterikdir.
  • Mədəaltı vəzinin USM. Orqanın ölçülərinin artması, toxumaların ödemi ilə əlaqədar exogenliyin azalması, morfoloji strukturun qeyri-həmcinsliyi (bu əlamət xroniki formada daha ifadəli olur) aktiv prosesin olmasına dəlalət edir. Pankreasın başının zədələnməsi zamanı vəzinin axacağı genişlənə bilər.
  • Qanın ümumi analizi. Kəskin prosesdə dəyişikliklər daha qabarıq olur: neytrofilyozla müşahidə olunan yüksək leykositoz, leykositar formulanın sola meylliliyi, EÇS-nin yüksəlməsi, hematokritin artması qeyd olunur. Xroniki pankreatit zamanı bu göstəricilər cüzi dəyişdiyindən az informativ olur.
  • Qanın biokimyəvi analizi. Pankreasın aktiv destruksiyası zamanı insulyar aparatın zədələnməsi qlükoza qarşı tolerantlığın azalması, daha ağır hallarda isə hiperqlikemiya ilə təzahür edir. Pankreatit üçün qanda kalsiumun miqdarının azalması, hipoproteinemiya, disproteinemiya xarakterikdir.

Xarici sekretor funksiyanın çatışmazlığını aşkar etmək üçün əlavə olaraq koproloji müayinə təyin olunur. Koproqramın nəticələri duodenal şirənin həzm etmə qabiliyyətinin azalmasını sübut edir. Dölə neqativ təsirlə əlaqədar rentgenoloji üsullar (hipotoniya fonunda duodenoqrafiya)  çox nadir hallarda tətbiq edilir. Pankreatit preeklampsiya, normal lokalizasiyalı ciftin vaxtından qabaq qopması, HELLP-sindromu, hestasion xolestaz, qaraciyərin kəskin piy distrofiyası, appendisit, xolesistit, bağırsaq keçməməzliyi, öd daşı xəstəliyi, mədəaltı vəzinin xərçəngi, paranefrit, pielonefrit, nefrolitiaz zamanı qaraciyər sancısı, mukovissidoz, ürəyin işemik xəstəliyi ilə differensiasiya olunur.  Diaqnostik prosesə qastroenteroloqla yanaşı terapevt, abdominal cərrah, hepatoloq, uroloq, kardioloq, endokrinoloq, onkoloq cəlb oluna bilər.

Hamiləlik zamanı pankreatitin müalicəsi

Müalicə taktikasının tərtibi zamanı konkret xəstədə xəstəliyin gedişinin xüsusiyyətləri nəzərə alınır. Dayanıqlı remissiya, sekretor funksiyanın saxlanılması zamanı ağırlaşmalar (pankreatogen diabet və s.) izlənilmədikdə xəstəyə dinamik müşahidə, vaxtaşırı qastroenteroloji müayinələr, pəhrizin korreksiyası (qida rasionundan kəskin, yağlı, qızardılmış qidaların çıxardılması, spirtli ickilərdən tam imtina) məsləhət görülür. Yanaşı gedən pozğunluqların müalicəsi məqsədilə dərman preparatlarının təyini zamanı onların pankreotoksik təsirinin olub-olmamasını nəzərə almaq lazımdır. Kəskin pankreatit hamiləliyin 12-ci həftəsinə qədər inkişaf edərsə onun pozulmasına, hestasiyanın 36-ci həftəsindən sonra isə doğuşun vaxtından qabaq aparılmasına göstəriş hesab olunur.

Aktiv pankreatitli xəstə cərrahi stasionarda hospitalizasiya edilir. Əsas terapevtik məqsəd ağrının, iltihabın, intoksikasiyanın aradan qaldırılmasından, orqanın sekretor funksiyasının bərpasından, ehtimal olunan ağırlaşmaalrın qarşısının alınmasından ibarətdir. Müalicənin vacib mərhələsi zədələnmiş vəziyə funksional sakitliyinin təminindən ibarətdir: pankreatik şirənin sekresiyasının dayandırlıması məqsədilə 3-7 gün müddətində (iltihabın kəskinliyindən asılı olaraq) parenteral nutritiv qidalanma fonunda aclıq və susuzluq rejiminə riayət olunur, mədə möhtəviyyatı nazoqastral zond vasitəsilə hər 4-6 saatdan bir evakuasiya edilir, epiqastral nahiyənin lokal hipotermiyası  icra olunur. Medikamentoz müalicə sxeminə aşağıdakı qruplar aiddir:

  • Mədə sekresiyasının blokatorları. Preparatlar mədəaltı vəzinin funksional sakitliyini yaratdığı effekti möhkəmləndirirlər. İfraz olunan mədə şirəsinin həcminin azalması pankreatik sekresiyanın aktivliyinin azalması ilə müşayiət olunur, bu da zədələnmənin lokallaşmasına və sonrakı autolizin qarşısının alınmasına imkan verir.
  • Fermentəleyhinə vasitələr. Antiproteolitik preparatlar vəzi toxumasını dağıdan pankreatik fermentlərin inaktivləşməsinə kömək edir. Aktiv proses zamanı daha effektivdir. Xəstəliyin xroniki formalarında selektiv olaraq tripsinə təsir edən metabolik preparatlara üstünlük verilir.
  • Analgetiklər. Ağrı sindromunun aradan qaldırılması üçün qeyri-steroid iltihabəleyhinə preparatlar, spazmolitiklər təyin olunur. Daha ağır hallarda qlükokortikosteroidlərdən istifadə edilir. İntensiv ağrı və pankreatogen şokun əlamətlərinin izlənilməsi zamanı mepivakain və buprenorfinlə epidural anesteziya aparılır.
  • Dezintoksikasion preparatlar. Aktiv pankreatit toxumaların massiv destruksiyasıilə müşayiət olunduğundan hamilələrdə ifadəli intoksikasion sindrom inkişaf edə bilər. Toksiki metabolitlərin xaric olunması məqsədilə infuzion terapiya – kristalloid və kollioid məhlulların damcı üsulu ilə venadaxilinə yeridilməsi tətbiq olunur.

Nekroz ocaqlarının infeksiyalaşmasının profilaktikası üçün hamiləlik dövründə istifadəsinə icazə verilən antibiotiklərin preventiv təyini mümkündür. Pankreatitin ağır hallarında göstərişlərə əsasən sirkulyasiya edən qanın həcmi kompensə olunur, diurezə nəzarət etməklə su-elektrolit mübadiləsinin pozğunluqları korreksiya edilir, antiaqreqantlar təyin olunur. Aktiv proses aradan qaldırıldıqdan sonra orqanın funksional çatışmazlığı zamanı poliferment preparatlarla əvəzedici terapiya aparılır.

İnfeksion ağırlaşmaların profilaktikası məqsədilə xəstəyə ağrısızlaşdırma (adətən epidural anesteziya) ilə təbii doğuş məsləhət görülür. İnfeksiya riskinin yüksək olması ilə əlaqədar Qeysəriyyə əməliyyatı mamalıq göstərişləri üzrə zəruri hallarda icra olunur. Konservativ terapiyanın qeyri-effektivliyi, vəzinin destruksiyasının güclənməsi, iltihabi prosesin retroperitoneal toxumaya və peritona yayılması sanasiyaedici və drenə edici müdaxilələrə, pankreatoduodenal rezeksiyaya göstəriş hesab olunur. Adətən III trimestrdə abdominal əməliyyatdan əvvəl hamiləlik cərrahi yolla başa çatdırılaraq, uşağın həyatı xilas edilir.

Hamiləlik zamanı pankreatitin proqnoz və profilaktikası

Pankreatitin xroniki gedişi zamanı hestasiyanın sonluğu xəstəliyin mərhələsindən asılıdır. Dayanıqlı remissiya zamanı proqnoz qənaətbəxş olur. Tez-tez təkrarlanan kəskinləşmələr, prosesin yüksək aktivliyi ağırlaşmaların yaranma riskini artırır. Pankreatitli xəstələr hamiləlik planlaşdırarkən qastroenteroloqun məsləhətlərinə riayət etməlidir. MBT xəstəlikləri, hiperlipidemiyadan əziyyət çəkən qadınlara qadın məsləhətxanasında erkən qeydiyyata düşmə, heyvan mənşəli yağların məhdudlaşdırılması ilə pəhriz, nikotin və spirtli içkilərdən imtina məsləhət görülür. Zərurət olduqda zərdab lipoproteidlərinin səviyyəsinin medikamentoz korreksiyası aparılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: