Duqlas boşluğunun absesi

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2709

duqlas boşluğunun absesi nədir?Duqlas boşluğunun absesi – kiçik çanaqda, uşaqlıq və düz bağırsaq (düz bağırsaq sidik kisəsi) arasında yerləşən çökəklikdə lokalizasiya olunmuş inkapsulyar irinlikdir. Patologiyanın klinikası qeyri-spesifik təzahürlər (intoksikasiya, febril temperatur, titrəmə) və yerli simptomatika (qarnın aşağı nahiyəsində ağrılar, dizuriya, tenezmlər) ilə xarakterizə olunur. Kiçik çanaq absesinin diaqnostikası rektal və vaginal (qadınlarda) müayinə, kiçik çanağın USM-i, KT, irinliyin düz bağırsaqdan və ya uşaqlıq yolunun arxa tağından punksiyasından ibarətdir. Duqlas boşluğunun absesinin müalicəsi absesin düz bağırsaq və ya vaginadan açılması, drenajı və sanasiyasını; antibiotikoterapiyanın aparılmasını ehtiva edir.

  • Səbəbləri
  • Patogenez
  • Absesin simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Duqlas boşluğunun absesinin müalicəsi
  • Proqnoz və profilaktika

Duqlas boşluğunun absesi barədə ümumi məlumat

Ginekologiya və ümumi cərrahiyyə sahəsində çalışan mütəxəssislərin məlumatlarına əsasən Duqlas boşluğunun absesinə 1-3% hallarda (0,06-0,11% hallarda – operativ müdaxilədən sonra) rast gəlinir. Duqlas boşluğunun absesi qarın boşluğu abseslərinin tez-tez rastlanan növüdür. Absesin bu formasında inkapsulyar irinlik qadınlarda uşaqlıq-düz bağırsaq və kişilərdə düz bağırsaq-sidik kisəsi çuxurunda formalaşır.

Duqlas boşluğunun absesinin səbəbləri

Duqlas boşluğunun absesi əksər hallarda soxulcanabənzər çıxıntının çanaqda yerləşdikdə kəskin appendisitin destruktiv forması (fleqmonoz, qanqrenoz, perforativ) fonunda inkişaf edir. Qadınlarda uşaqlıq artımlarının irinli xəstəlikləri (adneksit, piosalpinks) kiçik çanağın absesinin formalaşmasına gətirib çıxara bilər. Nadir hallarda çənəbərəbənzər bağırsağın divertikulunun perforasiyası, paraproktit, diffuz peritonit Duqlas boşluğunun absesinin yaranmasına rəvac verir.

İrintörədici mikroflora qeyri-spesifik törədicilərlə (stafilokoklar, bağırsaq və parakolon çöpləri, streptokoklar, göy-yaşıl irin çöpləri və s.) təmsil olunur. Orqanizmin reaktivliyinin azalması və piogen mikrofloranın virulentliyinin yüksəlməsi Duqlas boşluğunun absesinin yaranmasına səbəb olur.

Duqlas boşluğunun absesinin patogenezi

Duqlas boşluğu absesləri həmişə ikincili xarakter daşıyır. Qanın, seroz və ya irinli eksudatın Duqlas boşluğuna axması kiçik çanağın anatomik xüsusiyyətləri ilə bağlıdır; belə ki, mezenteriumun sinusları və kanalları bu boşluğa açılır. Cərrahi yaraların natamam işlənməsi və tualeti, qarın boşluğunun nisbətən dərin nahiyələrində – Duqlas boşluğunda kiçik çanağın qeyri-adekvat drenajı və sanasiyası absesin formalaşmasına şərait yaradır.

Duqlas boşluğunun absesinin simptomları

Duqlas boşluğunun absesi, bir qayda olaraq, birincili irinli xəstəliyin cərrahi müalicəsindən sonrakı 3-5-ci gün əmələ gəlir. İlk növbədə qəflətən titrəmənin yaranması, bədən temperaturunun febril göstəricilərə qədər yüksəlməsi, taxikardiya, ürəkbulanma və baş ağrıları ilə xarakterizə olunan ümumi qeyri-spesifik simptomlar meydana çıxır. Bu fonda doluluq hissi, qarnın aşağı hissəsində yerimə və hərəkət zamanı  güclənən ağrılar, fizioloji zəhərlənmə qeyd olunur. Duqlas boşluğu absesində pasientləri tezləşmiş və ağrılı sidik ifrazı, tenezmlər; qanlı və selikli, duru nəcis, qaz və nəcis saxlamazlıq narahat edir.

Duqlas boşluğunun absesinin ağırlaşmaları

Massiv infiltratla əhatə olunmuş genişmiqyaslı irinliklər bəzən düz bağırsağı sıxaraq mexaniki bağırsaq keçməzliyinə səbəb olur. Duqlas boşluğu absesinin sonrakı proqressivləşməsi irinliyin qarın boşluğuna və ya boşluqlu üzvlərə (sidik kisəsi, düz bağırsaq, uşaqlıq) açılması ilə fəsadlaşır. Çanaq absesinin uzunmüddətli gedişi çanaq venalarının tromboflebitinin və tromboembolik xəstəliklərin inkişafına gətirib çıxarır.

Duqlas boşluğunun absesinin diaqnostikası

Qastroenteroloq konsultasiyasının gedişində anamnezin toplanması həyata keçirilir. Mütəxəssis anamnez toplayarkən yaxınlarda keçirilmiş cərrahi əməliyyatlar və xəstəliklərə diqqət edir. Bu məlumatlar Duqlas boşluğu absesindən şübhələnməyə imkan verir. Palpasiyada çanaq nahiyəsində ağrı, lokal əzələ gərginliyi, müsbət Şotkin-Blumberq simptomu təyin olunur. Rektal və ya vaginal müayinədə mərkəzində fluktuasiya edən və yumşalma ilə müşayiət olunan ağrılı, sıx elastik infiltrat aşkar olunur. Qadınlarda Duqlas boşluğu absesi zamanı uşaqlıq boynu yüksəkdə palpasiya olunur, uşaqlıq yolunun arxa tağının  sallanması müəyyənləşdirilir.

Qadınlarda tuboovarial abseslə differensial diaqnostika məqsədilə kiçik çanağın USM-i; kişilərdə prostat vəzinin absesini istina etmək üçün prostatın USM-i həyata keçirilir. Çətin differensasiya olunan klinik hallarda kompyuter tomoqrafiya icra olunur. Duqlas boşluğu absesinin yekun diaqnostikası məqsədilə irinlik ultrasəs müayinə altında düz bağırsaqdan və uşaqlıq yolunun arxa tağından punksiya olunur. Əldə olunmuş irinli möhtəviyyat bakterioloji analiz edilir.

Duqlas boşluğunun absesinin müalicəsi

İnfiltrativ mərhələdə mikroklizmalar, antibiotiklər təyin olunur. Abses tamamilə formalaşdıqdan (infiltrat yumşaldıqdan və fluktuasiya meydana çıxdıqdan) sonra irinlik cərrahi üsulla açılır. Duqlas boşluğu absesləri düz bağırsağın divarından və ya uşaqlıq yolunun arxa tağından açılır. Əvvəlcə qalın iynə ilə punksiya həyata keçirilir.

İrin xaric olunduqdan sonra abses boşluğu möhtəviyyatının sərbəst axınını təmin etmək məqsədilə iynə boyunca kor kəsik aparılır və iki mənfəzli drenaj (və ya şişkin manjetli kateter) qoyulur. İrin boşluğunun postoperativ sanasiyası aparılır.

Qadınlarda Duqlas boşluğu absesinin açılması məqsədilə arxa kolpotomiya təyin oluna bilər. Absesin transrektal və ya transvaginal açılması mümkün olmadıqda qalça nahiyədə operativ girişdən istifadə olunur, kiçik çanağa drenaj yeridilir.

Duqlas boşluğunun absesinin proqnoz və profilaktikası

Duqlas boşluğunun tək absesində və patologiyaya vaxtında müdaxilə olunduqda xəstəlik kafi sonlanır – sağalma baş verir. Abses irinliyin qarın boşluğuna və ya yaxınlıqdakı orqanlara açılması ilə ağırlaşa bilər.

Duqlas boşluğu absesinin profilaktikası operativ müdaxilələr zamanı qarın boşluğunun adekvat işlənməsi və sanasiyası, qanaxmanın tam dayandırılması, irinli tuboovarial törəmələrin və paraproktitin vaxtında müalicəsini tələb edir. Fəsadlaşmış appendektomiyadan sonra postoperativ dövrdə Duqlas boşluğu absesini vaxtında aşkarlamaq məqsədilə sistemli vaginal və ya rektal müayinə vacibdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: