Sellülit

Oxuma vaxtı: 17 dəq Oxunma sayı: 4248

sellülit nədir?Sellülit – piy hüceyrələrinin lokal böyüməsi və piy toxumasında mikrosirkulyasiyanın pozulması ilə xarakterizə edilir. Spesifik xarici əlamətlərə əsasən onu asanlıqla təyin etmək mümkündür. Sellülitin lokalizasiya olunduğu nahiyələrdə dərinin relyefi dəyişir, çökəkliklər və qabarlar əmələ gəlir. Yaş artdıqca bu dəyişikliklər daha da dərinləşir. Sellülitli zonalarda dəri soyuq olur, cüzi gərginlik zamanı narıncı ləkələrlə örtülür. Çiyin, bud və sağrı nahiyəsində sellülit olduqda bədənin bu hissələri bərabər qaralmadığından iri depiqmentasiya (açıq rəngli) sahələri yaranır.

  • Sellülitin yaranma səbəbləri
  • Sellülitin inkişaf mərhələləri
  • Sellülitin müalicə üsulları
  • Sellülitin proqnozu və müalicəsinin perspektivləri

Sellülit barədə ümumi məlumat

Sellülit ənənəvi olaraq, çimdiklə müəyyən edilir: dərini baş və şəhadət barmağı arasında sıxdıqda yaranan büküşdə çökəklik müşahidə edilir. Hazırda sellülit dərinin daxili qatlarında mayenin toplanması nəticəsində yaranan «portağal qabığı» əlamətinə əsasən müəyyən edilir,

Sellülitin optimal müalicə üsulu onun lokalizasiyası nəzərə alınmaqla seçilir, bu da bədənin müxtəlif nahiyələri müəyyən təsirlərə fərqli reaksiya verir. Galen laboratoriyasının statistik məlumatlarına əsasən qadınlarda sellülit adətən sağrı və bud nahiyəsində (96% hallarda), qarın və dizlərdə (44%), əllərdə (yaşdan asılı olaraq, 16-40%) əmələ gəlir.

Sellülitin lokalizasiya yanaşı gedən xəstəliklərdən asılıdır. Venoz qan cərəyanı, limfatik drenajın pozulduğu və piyin artıq miqdarda toplandığı hallarda sellülit bud və sağrı nahiyəsində yaranır. Qarın nahiyəsinin sellüliti limfa sistemi, MBT-nin funksional pozğunluqları, keçirilmiş və ya hal-hazırda davam edən stresslərdən xəbər verir. Boyun hissədə sellülitin formalaşması əzələ və ya sümük xəstəlikləri (əzələ spazmı, artrit) ilə bağlı ola bilər.

Sellülitin yaranma səbəbləri

Sellülit əsasən qadınlarda yaranır, kişilərdə demək olar ki, müşahidə edilmir. Bu, həm kişi ilə qadında dərinin quruluş və funksional xüsusiyyətlərinin fərqli olması, həm də qadın cinsi hormonlarının spesifik təsiri ilə əlaqədardır.

Qadınlarda dəri nazik, dərialtı piy qatı isə qalın olur. Kişilərin dərisində qadınlara nisbətən daha çox kollagen əmələ gəlir. Bu xüsusiyyətlər bütün yaş dövrlərində dəyişilməz qalır. 6-12 yaşlarda dərialtı piy qatı 3 dəfə artır. 12 yaşdan sonra oğlanlarda bu proses dayanır, qızlarda isə dərialtı piy qatının kütləsi artmağa davam edir.

Dərialtı piy qatı qadınlarda əsasən bədənin aşağı (bud və sağrı nahiyəsi), kişilərdə isə yuxarı hissəsində (qarın, çiyin qurşağı, döş qəfəsi) inkişaf edir. Piy qatının ölşüsü hətta ən arıq qadınlarda belə kişilərə nisbətən yüksək olur.

Qadınlarda dərinin anatomik xüsusiyyətləri reproduktiv funksiya ilə bağlıdır. Hamiləlik dövründə dərinin gərilməsi onun elastikliyi hesabına təmin olunur. Qadınlarda birləşdirici toxuma kişilərlə müqayisədə daha kövşək və zəifdir. Zərif cinsin nümayəndələrində birləşdirici toxuma lifləri paralel yerləşdiyindən piy toxumasının hüceyrələri bu sahələrdən keçə bilir. Kişilərdə isə əksinə, birləşdirici toxuma liflərinin xaç şəkilli düzülüşü  baryer əmələ gətirərək, piy hüceyrələrinin çökməsinin qarşısını alır. Kişilərlə qadınlarda sellülitin xarici əlamətlərinin özünəməxsusluğu məhz bu fərqliliklə izah olunur.

Qadın cinsi hormonları (estrogenlər) dermada hialuron turşusunun çoxalmasına, piy vəzilərinin fəaliyyətinin güclənməsinə, dərinin nəmlik səviyyəsinin artmasına, həll olan kollagenin həll olmayan formaya transformasiyasına səbəb olur. Lakin bəzən kişilər də sellülitə məruz qalır, bu, əsasən durğunluq hallarının inkişafı və daxili mühitin balansının pozulması nəticəsində baş verir. Kişilərdə sellülit adətən bel nahiyəsində («pivə» qarın) və budun ön hissəsində («futbolçu ayaqları») lokalizasiya olunur.

Sellülitin inkişaf mərhələləri

Sellülitin inkişafı əksər hallarda orqanizmdə gedən hormonal dəyişikliklərlə bağlı olur: cinsi yetişkənlik, hamiləlik, klimakterik pozğunluqlar. Sellülit bir qayda olaraq, budun xarici səthi, sağrı nahiyəsi, qarın, süd vəziləri və bədənin yan səthlərində formalaşır.

Sellülitin inkişaf mərhələlərinin ümumqəbulolunmuş təsnifatı mövcud deyil. Müxtəlif tədqiqatçılar tərəfindən xəstəliyin 4-6 mərhələsi ayırd edilir.

  • sellülitin I mərhələsi dərinin zəif nəzərə çarpan ödemi və şişkinliyi ilə xarakterizə olunur. Dərinin relyefi pozulmur, lakin zədələnmiş nahiyələrdə regenerasiya prosesləri uzun müddət davam edir (sıyrıntı və yaralar gec sağalır). Toxumalarda durğunluq halları, dərialtı piy qatında mayenin ləngiməsi, hüceyrə arası mayedə parçalanma məhsullarının toplanması qeydə alınır.
  • sellülitin II mərhələsi dərinin nahamar relyefi ilə təzahür edir. Əzələ gərginliyi zamanı dəri səthindəki qabarlar daha ifadəli olur. Venoz və limfa sistemləri toxumalardan mayenin axınını təmin edə bilmir, bu da toxumadaxili mayenin damarlara təzyiqinin artmasına səbəb olur. Ödem, toxumaların gərginliyi və toksinlərin toplanması piy yığınlarının bərkiməsinə gətirib çıxarır.
  • sellülitin III mərhələsi (mikronodulyar) asanlıqla nəzərə çarpır. Dərinin 2 barmaq arasında sıxılması zamanı «portağal qabığı» effekti izlənilir. Toxumaların ödemi arteriyaları sıxır. Venoz və arterial qan dövranında durğunluq yaranır. Kapilyarların divarları zəifləyir, onların keçiriciliyi yüksəlir. Limfa və qan toxumalara hopur, dəridə daimi sıyrıntılar müşahidə edilir. Birləşdirici toxuma çoxalır və kapsul şəklində piy toxumalarını əhatə edir –  “mikronodul” bərkimələr formalaşır.
  • sellülitin IV mərhələsi zədələnmə nahiyəsinin gözlə görünən kobud dəyişiklikləri ilə səciyyələnir: dəridəki kələ-kötürlük hətta əzələlərin boşaldıqda belə keçib getmir. Mikronodullar birləşərək, makronodullar və ya «sellülit daşları» əmələ gətirir. Birləşdirici toxuma daha da artır. Sellülitli zonaların qan təhcizatının zəif olması dəriyə soyuqluq və göy çalartı verir. Dəriyə təzyiq ağrı hissiyyatı ilə müşayiət olunur.

Sellülitin V və VI mərhələləri zədələnmənin daha iri sahələri əhatə etməsi və dəyişikliklərin ifadəli olması ilə xarakterizə edilir. Bu mərhələlərdə sellülitə çiyin və qollarda da təsadüf edilir.

Sellülitin müalicə üsulları

Sellülitin müalicəsi problemli nahiyələrdə mikrosirkulyasiyanın stimulyasiyasına yönəldilmiş kompleks tədbirlər: idman, fitnes, masaj və s. ilə icra olunur.

Sellülit zamanı tətbiq olunan kosmetoloji prosedurlar aşağıdakı məqsədləri daşıyır:

  • Lipoliz – piylərin aktiv parçalanması
  • Piylərin yaranma prosesinin zəiflədilməsi
  • Toxumalardan maye axınının, limfodrenajın aktivləşməsi, toksinlərin çıxarılması
  • Dəri damarlarının tonusunun yüksəlməsi və mikrosirkulyasiyanın normalizasiyası
  • Dərialtı piy qatında bərk konsistensiyalı piy yığınlarının yumşaldılması
  • Əzələ stimulyasiyası
  • Dərinin tonus və elastikliyinin yüksəlməsi, relyefinin hamarlaşması.
XARİCİ TƏSİRLİ PREPARATLAR VƏ BÜRÜNMƏ

Dəniz mühitinin orqanizmə faydalı təsiri hələ qədim dövrlərdən məlumdur. Sellülitlə mübarizədə dəniz iqlimi, su, yosunlar, qum, palçıqdan geniş istifadə olunur.

Talassoterapiya tibb müəssisələrində həyata keçirilir. Bu prosedur piylərin toplanma və parçalanma proseslərini tənzimləyən endokrin və sinir sistemlərinin fəaliyyətinin normallaşmasına, orqanizmdən artıq maye və piy yığınlarının çıxarılmasına yönəldilir. «Dəniz mühiti» ilə müalicənin masaj, pəhriz, fizioprosedurlar, gimnastika ilə birgə aparılması «portağal qabığı» effektinin azalmasına səbəb olur.

Yosunla prosedurlar ifadəli antisellülit təsirə malikdir. Dəniz yosunları yod və digər mikroelementlərlə zəngindir, onlar dərinin bütün qatlarına – epidermis, derma, hipodermaya asanlıqla daxil olur. İxtisaslaşdırılmış kurortda 2 həftəlik talassoterapiya kursu orqanizmin təmizlənməsi və dərinin vəziyyətinin normaya salınması üçün kifayət edir.

Yosunla müalicə yalnız dəniz kurortlarında aparılmır. Hazırda tallassoterapevtik prosedurlar kosmetik salonlarda da həyata keçirilir. İşlənilmiş və konsentratlaşdırılmış yosun, dəniz suyu, gil və palçıq hesabına kosmetik mərkəzlərdə müalicəvi dəniz iqliminin abu-havasını yaratmaq mümkündür. Yosunlu bürünmə proseduru talassoterapiyanın geniş yayılmış növüdür.

Bürünmə üçün duz konsentratları, dəniz gili və palçıq, qonur yosunların ekstratları, efir yağları, müalicə bitkilərdən ibarət qarışıqlar, krem, palçıqdan istifadə edilir. Bu komponentlər limfodrenaj və periferik qan dövranını stimulə edir, damar divarını bərkidir, dəri hüceyrələrində mübadilə proseslərini normallaşdırır, piylərin parçalanması və toksinlərin orqanizmdən xaric edilməsinə səbəb olur, ödemləri aradan qaldırır, dərini sağlamlaşdırır və cavanlaşdırır. Sellülit əleyhinə vasitələrin tərkibinə antioksidantlar və dəri protektorları qismində vitamin kompleksləri – А, Е, С, Р, В5 (pantenol), spirulin və buğda toxumlarının ekstraktları, həmçinin tonuslandırıcı komponent – kofein də daxil  edilir.

Burunmə proseduru manual limfodrenajla (əllə sellülit əleyhinə masaj) birgə aparıldıqda daha effektiv olur. Manual limfodrenaj piy kapsulunu yumşaldaraq dağıdır, toxumalardan maye və toksinləri xaric edir, qan dövranını yaxşılaşdırır, antisellülit vasitələrin toxumalara keçməsini asanlaşdırır, yerli və ümumi immuniteti normallaşdırır. Dəri və kiçik çanaq orqanlarının xəstəlikləri dərin antisellülit masajın aparılmasına əks-göstəriş sayılır, bu səbəbdən bu prosedur yalnız mütəxəssis tərəfindən təyin edilir və icra olunur.

Sellülit əleyhinə proqram fərdi qaydada işlənilib hazırlanılır. Müalicə prosesində və ondan sonra dəstəkləyici terapiya təyin olunur: antisellülit preparatların daxilə və xaricə qəbulu, pəhriz, gimnastika. Təyinatlara dəqiq riayət olunduqda sellülitin müalicəsinin nəticəsi daha qənaətbəxş və davamlı olur.

BƏDƏN QURULUŞUNUN APARATLA KORREKSİYASI 

Müasir estetik kosmetologiyada sellüliti müalicə etmək üçün aparat vasitəsilə limfodrenajdan geniş istifadə olunur. Bu üsul müstəqil şəkildə və ya sellülit əleyhinə digər prosedurlarla birgə tətbiq oluna bilər. Qeyd etmək lazımdır ki, kiçik çanaq orqanlarının xəstəliklərində (endometrioz, fibromatoz, polikistoz və s.) bədən quruluşunun aparatla korreksiyası qadağandır. Belə hallarda bud nahiyəsində lokal prosedurlardan istifadə olunur. Aparat vasitəsilə limfodrenajın aparılmasına mütləq əks-göstərişlərə damar (səthi və dərin venaların tromboflebiti) və dəri xəstəlikləri (sulanan dermatit, dəri səpkiləri, masaj prosesində tətbiq olunan preparatlara qarşı allergik reaksiyalar) aiddir.

Vakuumla masaj bərk konsistensiyalı dərialtı piy yığınlarınının sürətli, ağrısız və effektiv şəkildə dağıdılmasına imkan verir. Xüsusi aparatla ötürülən seyrəkləşdirilmiş hava dərinin dartılması və relyefin kələ-kötürləşməsinə səbəb olan piy kapsulunu yumşaldır və parçalayır, limfa axınını və toxumaların oksigenlə təhcizatını gücləndirir. Nəticədə ödemlər itir, dəri hamarlaşır.

Endermologiya – dəri və dərialtı toxumalara vakuum və vibrasiya ilə təsir göstərir. Əvvəlcə xüsusi individual kostyumdan seyrəkləşdirilmiş hava ötürməklə qan cərəyanı gücləndirilir, sonra isə masaj rolerlərlə toxumalara intensiv şəkildə təzyiq edilir. «Dalğanın bədənə yayılması» effekti yaradılır. Endermologiya zamanı bütün bədən səthi işlənilir. Prosedur komfortlu və tamamilə təhlükəsizdir. Prosedurun kosmetoloji effekti ödemin itməsi, toxumaların qan təhcizatının yaxşılaşması, dəri relyefinin hamarlaşmasından ibarətdir.

Pressoterapiya (pnevmomasaj və ya pressomasaj) – limfa sisteminə sıxlaşdırılmış hava ilə təsir göstərməklə, limfodrenajı gücləndirir. Nəticədə orqanizmdən hüceyrəarası mayenin artıq miqdarı, toksinlər xaric olunur, qan və limfa cərəyanı normallaşır. Bütün bu proseslər sellülitin aradan qalxmasına və dərinin xarici görünüşünün yaxşılaşmasına gətirib çıxarır.

Mikrocərəyanla və elektromiostimulyasiya – dəri və əzələ liflərinə elektrik impulsları ilə təsirdən ibarətdir. Əzələlərin intensiv yığılması, onların qızdırılması piy toxumasında metabolik proseslərin sürətlənməsinə səbəb olur. Cərəyanla stimulyasiya zamanı piy yığınları parçalanır, limfa axını sürətlənir. Bundan əlavə əzələ kütləsi formalaşır, dərinin relyefi yaxşılaşır. Elektrostimulyasiya heç bir fiziki hərəkət tətbiq olunmadan əzələləri məşq etdirir və piy kütləsini əridir, məhz bu səbəbdən ona  «tənbəllər üçün fitnes» adı verilmişdir.

Elektrolipoliz elektrodlarla ötürülən dəyişkən tezlikli cərəyanla icra olunan elektromiostimulyasiyanın bir növüdür. Yaranan maqnit sahəsi qan və limfa cərəyanını stimulə edir, piy hüceyrələrini parçalayır, piy kütləsinin həcmini azaldır. Müalicə kursunun müddəti sellülitin ifadə dərəcəsindən asılıdır. Orta hesabla 2-3 ay müddətində 15-20 prosedur icra olunur. Elektrolipoliz masajla birgə daha qənaətbəxş nəticələr göstərir.

Ultrasəs müalicə üsulları fizioterapiyada çoxdan tətbiq edilir. Son illərdə estetik kosmetologiyada sellülitin kompleks müalicəsində ultrasəsdən geniş istifadə olunur. Ultrasəs dalğaları toxumanın dərinliklərinə daxil olmaqla piy hüceyrələri arasındakı bitişmələri dağıdaraq, onları antisellülit prosedurlara hazırlayır. Sellülitin gecikmiş formalarında ultrasəsin tətbiqi xüsusilə effektivdir. Ultrasəsin yerli təsiri toxumaların trofikasının yaxşılaşması və kollagen liflərin strukturunun normalizasiyasından ibarətdir.

Mezoterapiya zədələnmə nahiyəsinə preparatın mikrodozalarla inyeksion yeridilməsinə əsaslanır. Dəriyə yeridilən dərman vasitələri və vitaminlərdən ibarət xüsusi kokteyl piy hüceyrələrinin parçalanma prosesini və artıq mayenin orqanizmdən xaric olmasını sürətləndirir. Mezoterapiya sellülitin gecikmiş formaları ilə effektiv şəkildə mübarizə aparır. Prosedur 2 ay müddətində həftədə 1 dəfə olmaqla icra edilir. Arzuolunan nəticəni əldə etmək üçün mezoterapiyaya qədər artıq bədən çəkisindən azad olmaq məsləhət görülür. Mezoterapiyanın sellülitin digər müalicə üsulları: bürünmə, masajla birgə istifadəsi daha effektiv sayılır. Dəridə zədələnmə və səpki olduqda, həmçinin hamiləlik və aybaşı dövründə mezoterapiyanın aparılmasına icazə verilmir.

DAXİLƏ TƏTBİQ OLUNAN PREPARATLAR

Sellülitin kompleks müalicəsi xarici prosedurlarla yanaşı həm də peroral preparatların, xüsusən bitki komponentlərindən ibarət bioloji aktiv əlavələrin (BAƏ) qəbulundan ibarətdir. BAƏ qanla orqanizmə yayılaraq, dəriyə daxil olur və sellülit əleyhinə yerli prosedurların təsirini gücləndirir.

SELLÜLİT ƏLEYHİNƏ MÜALİCƏNİN KOMPLEKS ŞƏKLİNDƏ APARILMASI

Sellülitlə mübarizənin effektivlik formulu kompleks təsirdən ibarətdir. Xarici təsirli preparatlarla aparılan aparat üsulları ilə bioloji aktiv maddələrin daxilə qəbulunun müştərəkliyi sellülitlə mübarizədə yüksək effekt verir. Sellülit əleyhinə proqrama həmçinin pəhriz, fiziki aktivlik və əlavə prosedurlar: relaksasiya edici və sualtı masaj, dəniz duzu və yosunlarla vannalar, palçıq və mirvari vannaları, sirkulyar duş, Şarko duşu, akvaaerobika,  hidromasaj daxildir.

Sellülitin proqnozu və müalicəsinin perspektivləri

Sellülitin I mərhələsinin korreksiyası çətinlik törətmir. Bəzən müsbət nəticə əldə etmək üçün yalnız piy mübadiləsinin pozulma səbəbini (fon xəstəlikləri, endokrin pozğunluqlar, zərərli vərdişlər, qeyri-düzgün qidalanma) aradan qaldırmaq  kifayət edir. Bu mərhələdə müalicəvi tədbirlər toxumalardan maye axınının güclənməsinə və toksinlərin çıxarılmasına yönəldilir. Limfodrenaj, sauna və sellülit əleyhinə kosmetik preparatlar göstəriş sayılır.

Sellülitin ikinci mərhələsində daha aktiv üsulların tətbiqi tələb olunur: intensiv idman hərəkətləri, müntəzəm limfodrenaj prosedurları. III mərhələdə ultrasəs terapiya, zədələnmiş nahiyələrin dərin masajı, aparat vasitəsilə lipoliz (o cümlədən kriolipoliz) icra olunur. IV mərhələ gecikmiş sayılır, dərin dəyişikliklərlə xarakterizə edilir, belə hallarda liposaksiya əməliyyatının (zədələnmə zonasından piy yığıntılarının xaric edilməsi) aparılması məqsədəuyğundur.

Beləliklə, sellülitin müalicəsi onun hər bir mərhələsində effektiv ola bilər. Problemin həllinə nə qədər tez başlanılarsa, müalicəyə sərf olunan zaman, güc və vasitələr bir o qədər az olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: