Mezoterapiya

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 13781

Mezoterapiya nədir?Mezoterapiya – kosmetik farmakoloji preparatların – «kokteyllərin» (müalicəvi allopatik və homeopatik tərkibli, bitki əsaslı, vitamin-mineral kompleksləri) çoxsaylı mikroinyeksiyalarla dərialtına yeridilməsidir. Onun əsasında dərinin qidalanması, hüceyrələrin metabolizm və fəaliyyətinin yaxşılaşması, regenerasiya mexanizmlərinin bərpası dayanır. Mezoterapiya üz, boyun, dekolte zonasının cavanlaşmasına səbəb olur, bədən qüsurlarını (sellülit) aradan qaldırır.  

«Mezoterapiya» termini preparatların dərinin orta qatına (mezoderma) yeridilməsi anlamını verir. Prosedurun nəticələri çoxyönlüdür: cavanlaşma, dərini nəmləndirmə, tonuslandırma, liftinq effekti, dermal qüsurların (qırış, çat, çapıq) və iltihabın azaldılması. 

Mezoterapiya haqqında ümumi məlumat

Mezoterapiyaya göstərişlərMezoterapiya üçün kokteyllər həll olunacaq problemə uyğun seçilir. Allopatik kokteyllərin tərkibinə vitaminlər (askorbin və nikotin turşusu, piridoksin, biotin, tiamin), oliqoelementlər (K, Se, S, P, Mg, Zn), üzvi və biotexnoloji turşular (qlikol, piroüzüm, hialuron), heyvan ektraktları (elastin, kollagen), bitki ekstraktları (ginkqo biloba, hamamelis, melitoto), amin turşular və ko-fermentlər (L-karbitin, tiokt turşusu) və s. daxil ola bilər. Homomezoterapiya homeopatik kokteyllər və monopreparatlarla aparılır, dəridə lazımı maddələrin endogen sintezini tənzimləyir.   

Kokteyllər hüceyrə metabolizmini normaya salır, artıq mayeni xaric edir, qan və limfa dövranını aktivləşdirir, liposit konqlomeratlarını dağıdır. Onlar vazoaktiv, antioksidant, immunomoduləedici və möhkəmləndirici təsirlərə malik ola bilər.  

Prosedur şpris (manual mezoterapiya) və yaxud mezoinjektorla (aparatla mezoterapiya) yerinə yetirilir. 

Onun həmçinin iynəsiz (qeyri-inyeksion) növü də mövcuddur. Bu zaman preparatlar dəriyə fiziki üsullarla (elektrofarez, ultrafonofarez, fraksion təsir, oksigenin təzyiqi) ilə yeridilir. İynəsiz mezoterapiyanın qiyməti adi inyeksion üsulla müqayisədə yüksəkdir. Belə ki, burada əlavə olaraq, aparatlardan istifadə edilir. Yeridilən preparatların dəridə depo şəklində toplanması nəticəni uzunmüddətli edir. Dəri reseptorlarının stimulyasiyası hesabına effekt daha da güclənir.   

Prosedurun ən məşhur növü botulotoksin preparatları ilə aparılan mezoterapiya sayılır. Onunla mimik qırışlar yox edilir. Botulotoksin preparatları (Botox, Dysport, Lantox, Xeomin) əzələlərə sinir impulslarının ötürülməsini blokada edir. Nəticədə əzələlər yığılmır, dəridə büküşlər yaranmır.  

Hialuron turşusu ilə aparılan mezoterapiya dərinin biorevitalizasiyası adlanır. Son illərdə kosmetologiyada autoloji plazmanın yeridilməsi ilə inyeksion mezoterapiya – plazmoliftinq geniş tətbiq olunur.

Mezodissolyasiya – hipoosmolyar kokteyllərlə mezoterapiya lipolitik effektə malikdir. Onların təsirindən piy hüceyrələri şişir və partlayır. 1 estetik zonada təxminən 10-20 ml hipoosmolyar kokteyl işlədilir. 

Mezoterapiya prosedurunun qiyməti preparatdan, yeridilmə üsulundan, kokteylin həcmindən, problemli nahiyənin sahəsindən asılıdır. 

Mezoterapiya üsuluna göstərişlər

Dərinin yaşla bağlı dəyişiklikləri – qırışlar, tutqun rəng, quruluq, piqmentasiya, gözaltı kölgələrtorbacıqlar və s. mezoterapiya proseduruna göstərişdir. Antiage mezoterapiya botulotoksin inyeksiyaları, kontur plastika ilə birgə kombinə edilə bilər. Belə olan halda prosedurlar bir-birinin təsirini gücləndirir.  

Həmçinin mezoterapita kuperoz, rozasea, postakne izləri, ləkələr, çatlarla mübarizə aparılır. Buxaq, sellülit, lokal piy yığıntılarına qarşı lipolitik mezoterapiya effektivdir. Sadalanan vəziyyətlərdə mezoterapiyanın limfodrenaj və vakuum masaj, bürünmələrlə müştərəkliyi nəticələri daha da mükəmməl edir.  

Dermatologiyada mezoterapiya məsaməliyağlı dəri, seboreya, sızanaq, ocaqlı dermatoz, atrofik, hipertrofik və keloid çapıqlara qarşı istifadə edilir. Aknenin müalicəsində mezoterapiyanın tətbiqi dərinin iltihabını ən qısa zamanda aradan qaldırır, antibiotiklərin uzunmüddətli qəbuluna ehtiyac yaranmır. 

Trixologiyada mezoterapiya ən effektiv üsullardan sayılır. Mezoterapevtik tərkib tük kökləri qidalandırır, yeni follikulları aktivləşdirir, tüklərin ömrünü uzadır, başda qan dövranın normaya salır. Bunun nəticəsində kəpək, saç tökülməsi, erkən ağarma, yağlılıq, quruluq problemləri öz həllini tapır.  

Mezoterapiya üsulunun mütləq əks-göstərişləri olmasa da, inyeksion kokteyllərin komponentlərini seçərkən fərdi həssaslığı nəzərə almaq lazımdır. Öd daşı xəstəliyi, hemofiliya, ürək və damarların xroniki patologiyaları, dəri xəstəliklərinin kəskinləşməsi zamanı mezoterapiya məsləhət görülmür. Eləcə də hamiləlik və südvermə dövründə bu prosedurdan çəkinmək lazımdır.  

Mezoterapiyanın aparılması

Mezoterapiyanın aparılmasıMezoterapiya steril şəraitdə və peşəkar mütəxəssis tərəfindən aparılmalıdır. İlk növbədə dəri təmizlənir, dezinfeksiya edilir, yerli keyidici təsirə malik krem çəkilir. Dərman kokteyli və yaxud monopreparat əvvəlcədən deyil, yalnız seansdan qabaq şprisə yığılmalıdır. 

Mezoterapevtik kokteyllər şpris və yaxud nazik iynəli mezoinjektorla 1,5-4 mm dərinliyə (dermanın orta qatı – mezodermaya) yeridilir. İnyeksiyalar nöqtəvi və ya patoloji zonanın ətrafına edilir. 1 seans ərzində maksimum 3 ml preparat istifadə olunur. Mezoterapiya zamanı aktiv maddələr dəridə depo yaradır, onların tədricən sorulması prosedurun nəticəsini uzunmüddətli edir.   

Prosedurların ağrılı olması kokteylin tərkibindən, inyeksiya sahəsindən və pasiyentin ağrı həddindən asılıdır. 

Şprislə manual mezoterapiya üz və bədənin incə nahiyələrində, nazik dərili hissələrdə işləməyə, eləcə də preparata qənaət etməyə imkan verir. Avtomatik mezoinjektorla isə iri sahələri (sellülit, bədən qüsurları) tez işləmək mümkündür.  

Mezoterapiya seansları 7-14 gündən bir aparılır. Üzdə orta hesabla 7-10, trixoloji problemlərdə 10-15, sellülitdə isə 5-10 seans lazım gəlir.  

Dərmanın dəriyə yeridildiyi gün digər kosmetik qulluq və prosedurlara icazə verilmir. Mezoterapiyadan sonra gün ərzində inyeksiya nahiyəsinə dekorativ kosmetika çəkmək, dərini qaşımaq, sürtmək qadağandır. 2-3 gün ərzində hamma, sauna, solyari, lokal masaj və aktiv məşqlərdən imtina edilməlidir.  

Mezoterapiyanın yan təsirləri

Mezoterapiya seansları yüngül ağrı hissi ilə müşayiət olunur. İnyeksiya zonasında qısamüddətli qızartı və şişkinlik yarana bilər. İynə izləri 1-3 gün qalır. Bəzən prosedurun icra olunduğu hissədə dərialtı düyün, qalınlaşma, hiperpiqmentasiya əmələ gəlir. İnyeksiyanın dərinliyi, iynənin yeri düzgün seçilmədikdə damar və sinirlər zədələnə bilər.  

Mezoterapevtik kokteyllər aktiv komponentlərdən ibarət olduğundan onlara qarşı yerli və yaxud ümumi allergik reaksiyalar (qaşınma, hiperemiya, övrə, titrətmə, Kvinke ödemi) baş verə bilər. Belə hallarla rastlaşmamaq üçün əvvəlcədən çiyin nahiyəsində allerqotest aparılır. 

İnyeksiyanın texnikası pozulduqda (doza və dərinlik səhv seçildikdə, aseptikaya əməl edilmədikdə) infeksion ağırlaşmalar: dərialtı abses və toxumaların nekrozu yarana bilər.  

Mezoterapiyanın yan fəsadlarına yol verməmək üçün peşəkar mütəxəssisə müraciət etmək lazımdır. İnyeksiyaların sayı və preparatın növü həkim-kosmetoloqun əyani konsultasiyasından sonra müayinə edilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: