Kimyəvi pilinq

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5562

Kimyəvi pilinq nədir?Kimyəvi pilinq – üzün kimyəvi maddələrlə, əsasən turşularla təmizlənmə və cavanlaşma üsuludur. Dəri örtüyünün turşularla qarşılqlı təsirindən epidermis və dermanın müəyyən qatları soyulur, oradakı defektlər aradan qalxır. Sonrakı mərhələdə dərinin regenerasiyası stimulə olunur. Kimyəvi pilinq piqment ləkələrə və qırışlara qarşı lokal hissədə və yaxud cavanlaşma məqsədilə bütövlükdə üz nahiyəsində edilə bilər.  

Kimyəvi pilinqin növləri

Kimyəvi pilinqin nəticələriSəthi kimyəvi pilinq turşuların epidermisin buynuz qatına təsiri ilə xarakterizə olunur. Orta pilinqdə bazal membrana toxunmadan epidermisin bütün qatları kimyəvi təsirə məruz qalır. Dərin pilinq isə bazal membranın və dermanın torlu qatının bir hissəsinin destruksiyası ilə gedir. Səthi kimyəvi pilinq meyvə turşuları (süd, fitin, qlikol, piroüzüm, qlyukon və s.) ilə aparılır. Orta pilinq üçün salisil və üçxlorsirkə (TCA), dərin pilinqdə isə karbol turşusundan (fenol) istifadə olunur.   

Ümumilikdə kimyəvi pilinq dərinin boşalması, qırışlar, sızanaqlar, hiperpiqmentasiya, postakne əleyhinə effektiv üsuldur. Həmçinin pilinq üzün yağlılığını götürür, dərini nəmləndirir, elastikliyini bərpa edir. 

Yaz-yay aylarında pilinq etmək olmaz. Bu, ultrabənövşəyi şüaların təsirindən hiperpiqmentasiyanın yaranması ilə bağlıdır. Eləcə də herpesin aktiv formasında, üzdə açıq yaralar olduqda bu üsuldan uzaq durmaq lazımdır.  

Kimyəvi pilinqin növü dərinin xüsusiyyətləri, yaş faktoru, dermatoloji problemlərin ifadə dərəcəsi nəzərə alınmaqla seçilir. Preparatın konsentrasiyası və dəri ilə təmas müddəti də fərdi qaydada təyin edilir.  

Yaşı 30-dan az olan pasiyentlərdə problemli dərinin qusurlarının yox edilməsi, habelə qırışların profilaktikası məqsədilə ildə 1 dəfə yüngül meyvə pilinqi (3-4 seans) məsləhətdir.

35 yaşa qədər qadınlarda lokal piqmentasiya və ilkin qırışlara rast gəlindikdə qlikol turşusu ilə pilinq (ildə 2 dəfə 6-8 prosedur) tövsiyə olunur.  

Açıq-aşkar qırışlara və piqmentasiya pozğunluqlarına malik, yaşı 50-dən az olan pasiyentlərdə retinol və TCA pilinqlər aparılır.  

Dərin fenol pilinq adətən 50 yaşdan sonra edilir. Pilinqin bu növü güclü cavanlaşdırıcı təsir göstərir, dərini hamarlaşdırır, dartır, yaşla bağlı problemləri (qırışlar, piqmentasiya, kobudlaşma, sallanma və s.) aradan qaldırır.  

Kimyəvi pilinqin aparılması

Kimyəvi pilinq necə edilir?Kimyəvi pilinq 3 mərhələni özündə birləşdirir: pilinqönü hazırlır (orta və dərin formalarda), prosedur və pilinqdən sonra üzə qulluq. Pilinqönü hazırlıq əsas prosedurdan 1 neçə həftə əvvəl aparılır. Onun mahiyyəti dərinin zəif konsentrasiyalı qlikol turşusu ilə mütəmadi işlənməsindən ibarətdir.  

Prosedurun özü isə dərinin təmizlənməsi və yağsızlaşdırılması ilə başlanır. Bu yolla dəri mexaniki çirklərdən azad olur və onun turşuluğu normaya salınır. Sonra dəriyə bərabər qatla aktiv turşu çəkilir və epidermisin reaksiyasına nəzarət edilir. Müəyyən müddətdən sonra turşu xüsusi məhlulla neytrallaşdırılır.  

Kimyəvi pilinq prosedurundan sonra üzdə qızartı yaranır, dəri dartılır, onun səthi qatı qabıqlanır. Soyulmuş qatın altında qırışsız, qüsursuz, hamar və cavan dəri əmələ gəlir.   

Pilinqsonrası qulluğa nəmləndirici və bərpaedici, eləcə də günəşdən qoruyucu SPF 30-50 kremlərin istifadəsi daxildir. Ev şəraitində dəriyə qlikol turşulu kremlərin çəkilməsi pilinqin nəticəsini uzunmüddətli edir. 

Üçxlorsirlə və karbol turşuları ilə pilinq düzgün aparılmadıqda dəridə ciddi yanıqlar baş verə bilər. Bu səbəbdən prosedur yalnız təcrübəli həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: