Plazmoliftinq

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1121

Plazmoliftinq nədir?Plazmoliftinq – inyeksion mezoterapiya olub, pasiyentin trombositlərlə zəngin qan plazmasının dəriyə yeridilməsinə əsaslanır. Bunun üçün əvvəlcə həmin şəxsin venoz qanı sentrifuqalaşdırılır. Autoloji plazma allergik və immun reaksiyaların yaranma riskini aradan qaldırır. Plazmanın dərialtı və ya dəridaxilinə vurulması bu hissələrdə böyümə faktorlarının – trombositar (PDGF), transformasiyaedici (TGF), epidermal (EGF), damar endotelinin böyümə faktoru (VEGF) və digərlərinin konsentrasiyasını yüksəldir. Bu isə hüceyrələrin bölünmə prosesini və angiogenezi stimullaşdırır, dərinin ümumi cavanlaşmasına səbəb olur.  

Plazmoliftinq haqqında ümumi məlumat

Plazmoliftinq haqqındaPlazmoliftinq – kosmetologiyada geniş istifadə olunan prosedurdur. Sızanaq, saç tökülməsi, alopesiya, foto və xronoyaşlanma, dərinin boşalması kimi bir çox problemlərdə bu üsul müsbət nəticələr göstərir.   

Həmçinin plazmoliftinq digər cavanlaşdırıcı üsullarla, məsələn, kimyəvi pilinq, lazerlə cilalama, mezoterapiya, fraksion termoliz və s. ilə birgə aparıla bilər. Belə olan halda sadlanan prosedurların effekti artır.   

Plazmoliftinqin qiyməti prosedurun aparıldığı nahiyədən (üz, boyun, dekolte zonası, əllər, başın tüklü hissəsi) asılıdır.  

Plazmoliftinqə göstərişlər

Plazmoliftinqə göstərişlərPlazmoliftinq hormonal-iltihabi mənşəli sızanaqlar, dərinin atrofik dəyişiklikləri, plastika, pilinq və insolyasiyadan sonra dərinin bərpa olunması üçün çox effektivdir. Bu üsul dəridə hialuron turşusunun sintezini və neokollagenezin endogen mexanizmlərini stimulə edir. Onun nəticəsində dəridə əhəmiyyətli dərəcədə cavanlaşma müşahidə olunur. Plazmoliftinq mimik və xırda qırışları yox edir, dəriyə sağlam görünüş bəxş edir, qabıqlanma, quruluq və qocalıq əlamətlərini aradan qaldırır. 

Plazmoliftinq həm də saç tökülməsi və alopesiya ilə mübarizədə göstəriş sayılır. Baş dərisinin plazmoliftinqi seboreya və göbələk infeksiyalarında tez-tez tətbiq edilir. Onun sayəsində dəri vəzilərinin sekresiyası normallaşır, yerli immunitet yüksəlir. Trombositlə zənginləşdirilmiş plazmanın təsirindən tük follikulları tökülmə fazasından (telogen) böyümə fazasına (anogen) keçir. Plazmoliftinq hesabına saçların tökülməsi dayanır.  

Plazmoliftinq proseduruna əks-göstərişlər

Dekompensasiya olunmuş somatik xəstəliklər, psixi pozğunluqlar, hematoloji patologiyalar, inyeksiyanın planlaşdırıldığı sahədə iltihab, antikoaqulyantların qəbulu, ümumi infeksiyalar, immunodepressiv hallarla qarşılaşdıqda plazmoliftinq icazəli deyil.  

O cümlədən hamiləlik və laktasiya dövründə bu prosedur aparılmır. 

Plazmoliftinqin aparılma qaydası

Proseduru günün 1-ci yarısında yerinə yetirmək arzuolunandır. Belə ki, günün sonlarına yaxın plazma katabolit və metabolitləri toplayaraq, biostimulyasiya xüsusiyyətinin pisləşməsinə səbəb olur.  

Plazmoliftinqin ilk mərhələsində pasiyentdən qan alınır. Onun həcmi orta hesabla 15-120 ml təşkil edir. Qan sınaq borusuna yığılır, sentrifuqada plazma qanın digər fraksiyalarından ayrılır. 40 ml venoz qandan təxminən 10 ml plazma alınır. Onun tərkibində adi haldan 5 dəfə çox trombosit, eləcə də amin turşular, mikro və makrominerallar olur.

Hazır plazma şprisə çəkilir, nazik iynələrlə dəriyə yeridilir. Dərinin hər 2 см²-nə 1 inyeksiya nəzərdə tutulut. Prosedur yerli keyidici kremlə aparıla bilər. Sonda dəriyə sakitləşdirici zərdab çəkilir.  

Müalicə kursu orta hesabla 2-4 seansdan ibarətdir. Prosedurlar arasında 2 həftə fasilə verilir. Plazmoliftinqin cavanlaşdırıcı təsiri 15 gündən sonra özünü büruzə verir. Onun qalıcılığı 2 ildir.  

Prosedurdan sonra 2-3 gün ərzində solyari, sauna, hovuza məhdudiyyət qoyulur. Həmçinin 1 həftə müddətində dəri günəş şüalarından qorunmalıdır.  

Plazmoliftinqin fəsadları

Ümumilikdə plazmoliftinq xoşagəlməz halların minimal riski ilə seçilir. Prosedurdan sonra 3-7 gün inyeksiya nahiyəsində bur qədər göyərmə və şişkinlik müşahidə oluna bilər.  

Sterilizasiya şərtlərinə əməl etmədikdə infeksiyalaşma ehtimalı mümkündür. Bu səbəbdən həkim və klinika seçiminə xüsusi diqqət yetirmək lazımdır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: