Aqranulositoz
Aqranulositoz – kliniko-hematoloji sindromdur. Patologiyanın əsasında periferik qanın hüceyrə elementləri arasında neytrofil qranulositlərinin olmaması və ya az olması durur. Aqranulositoz infeksion proseslər, angina, xoralı stomatit, pnevmoniya, hemorragik təzahürlərlə müşayiət olunur. Patologiyanın ağırlaşmalarından sepsis, hepatit, mediastinit, peritonitə daha çox rast gəlinir. Xəstəliyin diaqnostikasında hemoqrammanın və qırmızı sümük iliyinin punktatının analizi, antineytrofil antitellərin aşkarlanması birinci dərəcəli əhəmiyyətə malikdir. Müalicə aqranulositozun səbəblərinin dəf edilməsi, ağırlaşmalarının qarşısının alınması və qanyaranmanın bərpasına yönəlir.
- Aqranulositozun təsnifatı
- Aqranulositozun səbəbləri
- Aqranulositozun simptomları
- Aqranulositozun diaqnostikası
- Aqranulositozun müalicəsi və profilaktikası
Aqranulositoz barədə ümumi məlumat
Aqranulositoz – bir sıra müstəqil xəstəliklər zamanı inkişaf edən, qranulositlərin olmaması və ya miqdarının azalması ilə xarakterizə olunan periferik qan mənzərəsinin dəyişilməsidir. Hematologiyada aqranulositoz dedikdə qranulositlərin qanda miqdarının 0,75х109/l-dən az və ya ümumi leykositlərin 1х109/l-dən aşağı olması nəzərdə tutulur. Anadangəlmə aqranulositoza nadir hallarda rast gəlinir; qazanılmış patoloji vəziyyət 1:1200 nisbətində diaqnostika olunur. Qadınlar bu xəstəlikdən kişilərlə müqayisədə 2-3 dəfə çox əziyyət çəkir; sindrom, adətən, 40 yaşdan sonra aşkar olunur. Hazırda müalicədə sitotoksik terapiyanın geniş tətbiqi, həmçinin çoxsaylı yeni farmakoloji preparatların meydana çıxması ilə bağlı olaraq aqranulositoz klinik hallarının rastgəlmə tezliyi xeyli artmışdır.
Aqranulositozun təsnifatı
Aqranulositozları ilk növbədə anadangəlmə və qazanılma olmaqla ayırırlar. Sonuncular müstəqil patoloji vəziyyət və ya başqa sindromun təzahürlərindən biri ola bilər. Aparıcı patogenetik faktorlara əsasən mielotoksik, immun hapten və autoimmun aqranulositozlar; həmçinin naməlum etiologiyalı idiopatik (genuin) forma da ayırd edilir.
Klinik gedişatının xüsusiyyətlərinə görə kəskin və residivləşən (xroniki) aqranulositozlar differensasiya olunur. Aqranulositozun gedişinin ağırlıq dərəcəsi qanda qranulositlərin miqdarından asılıdır və yüngül (qranulositlərin 1,0–0,5х109/l səviyyəsi), orta (0,5х109/l-dən az) və ya ağır (qanda qranulositlərin tamamilə olmaması) ola bilər.
Qranulositozun orqanizmdə rolu
Qranulositlər boyama zamanı sitoplazmasında spesifik dənələr (qranullar) təyin olunan leykositlərdir. Bu hüceyrələr qırmızı sümük iliyində sintez olunur, buna görə də mieloid hüceyrələrə aid edilir. Onlar leykositlərin ən çoxsaylı qrupunu təşkil edirlər. Qranulların rənglənməsindən asılı olaraq bu hüceyrələri neytrofillər, eozinofillər və bazofillərə ayırırlar. Həmin hüceyrələr orqanizmdəki funksiyalarına görə fərqlənirlər.
Neytrofil qranulositləri bütün ağ qan cisimciklərinin 50-75%-ə qədərini təşkil edir. Onlar yetkin seqmentnüvəli (normada 45-70%) və yetişməmiş çubuqnüvəli neytrofillərə (normada 1-6%) ayrılır. Neytrofillərin miqdarının yüksəlməsi ilə xarakterizə olunan vəziyyət neytrofiliya; neytrofillərin miqdarı azaldıqda neytopeniya (qranulositopeniya), bu hüceyrələr ümumiyyətlə olmadıqda yaranmış patoloji vəziyyət aqranulositoz adlanır. Neytrofil qranulositləri orqanizmdə infeksiyalara (əsasən, mikrob və göbələk) qarşı başlıca müdafiə faktorudur. İnfeksion agent orqanizmə daxil olduqda neytrofillər kapilyarların divarından infeksiya ocağı olan toxumaya keçir, faqositoz edir və bakteriyaları öz fermentləri ilə parçalayır, aktiv şəkildə yerli iltihabi cavab formalaşdırır. Aqranulositoz zamanı orqanizmin infeksiya törədicisinə qarşı reaksiyası effektli olmur və fatal septik ağırlaşmanın inkişafı ilə müşayiət olunur.
Aqranulositozun səbəbləri
Mielotoksik aqranulositoz sümük iliyində mielopoezin hüceyrə-sələflərinin sintezinin basqılanması nəticəsində yaranır. Qanda eyni zamanda limfositlərin, retikulositlərin, trombositlərin səviyyəsinin azalması qeyd olunur. Aqranulositozun bu forması orqanizmə ionlaşdırıcı şüaların, sitostatik preparatların və başqa farmakoloji vasitələrin (levomisetin, streptomisin, gentamisin, penisillin, kolxisin, aminazin) və s. təsiri zamanı inkişaf edə bilər.
İmmun aqranulositoz orqanizmin öz leykositlərinə əks-təsir göstərən antitellərin yaranması ilə əlaqəlidir. Hapten immun aqranulositozun yaranmasını sulfanilamidlər, QSİƏP – pirazolon törəmələri (amidopirin, analgin, aspirin, butadion); vərəm, şəkərli diabet, helmintozların müalicəsində istifadə olunan, hapten kimi çıxış edən preparatların qəbulu təşviq edir. Onlar qan zülalları və ya leykositlərin qişaları ilə kompleks birləşmələr əmələ gətirərək antigenlərə çevrilirlər və həmin antigenlərə qarşı orqanizm antitellər sintez etməyə başlayır. Autoantitellər ağ qan cisimciklərinin səthinə fiksasiya olunaraq onların məhvinə səbəb olurlar.
Autoimmun aqranulositozun əsasında immun sistemin patoloji reaksiyası durur və antineytrofil antitellərin əmələ gəlməsi ilə müşayiət olunur. Aqranulositozun bu növünə autoimmun tireoidit, revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi və başqa kollagenozlarda rast gəlinir. Bəzi infeksion xəstəliklər (qrip, infeksion mononukleoz, sarı hərarət, qarın yatalağı, virus hepatiti, poliomielit və s.) zamanı yaranmış aqranulositoz da immun xarakter daşıyır. Güclü neytropeniya xroniki limfoleykoz, aplastik anemiya, Felti sindromundan xəbər verə, həmçinin trombositopeniya və ya hemolitik anemiya ilə paralel gedə bilər. Anadangəlmə aqranulositoz genetik patologiyanın nəticəsidir.
Aqranulositozla müşayiət olunan patoloji reaksiya əksər hallarda dərinin, ağız boşluğunun və udlağın; nadir hallarda konyunktival boşluğun, qırtlağın və mədənin selikli qişasının xoralı-nekrotik dəyişiklikləri ilə özünü göstərir. Nekrotik xoralar bağırsağın selikli qişasında əmələ gələrək bağırsaq divarının perforasiyasına, bağırsaq qanaxmasının inkişafına səbəb ola bilər; bundan başqa, sidik kisəsinin və uşaqlıq yolunun divarında da lokalizasiya oluna bilər. Nekroz nahiyəsinin mikroskopiyası zamanı neytrofil qranulostilərinin olmaması aşkarlanır.
Aqranulositozun simptomları
İmmun aqranulositozun klinikası mielotoksik və autoimmun variantlardan fərqli olaraq, adətən, kəskin inkişaf edir. Mielotoksik və autoimmun aqranulositozda patoloji simptomlar tədricən əmələ gəlir və proqressivləşir. Aqranulositozun erkən təzahürlərinə hərarət (39-40°С), kəskin zəiflik, solğunluq, tərləmə, artralgiyalar aiddir. Patologiya üçün ağız boşluğunun və udlağın selikli qişasının xoralı-nekrotik prosesləri (gingivit, stomatit, faringit, angina); dilin, yumşaq və sərt damağın nekrozlaşması xarakterikdir. Bu dəyişikliklər salivasiya, boğazda ağrı, disfagiya, çeynəmə əzələlərinin spazmı ilə müşayiət olunur. Regionar limfadenit, qaraciyər və dalağın mülayim böyüməsi qeyd olunur.
Mielotoksik aqranulositoz üçün az nəzərə çarpan hemorragik sindromun inkişafı xarakterikdir. Bu sindrom diş ətinin qanamaya meyilliyi, burun qanaxması, göyümtül ləkələr və hematomalar, hematuriya ilə büruzə verir. Bağırsaq zədələndikdə nekrotik enteropatiya inkişaf edir və özünü qarında tutmaşəkilli ağrılar, diareya, köp ilə göstərir. Ağır formalarda bağırsağın perforasiyası, peritonitlə fəsadlaşa bilər.
Xəstələrdə aqranulositoz zamanı ağciyər absesi və qanqrenası ilə ağırlaşan hemorragik pnevmoniya əmələ gələ bilər. Bu zaman obyektiv və rentgenoloji əlamətlər həddən artıq az olur. Patologiyanın nisbətən çox rastlanan ağırlaşmalarından yumşaq damağın perforasiyası, sepsis, mediastinit, kəskin hepatit mümkündür.
Aqranulositozun diaqnostikası
Aqranulositozun inkişafına görə potensial risk qrupuna ağır infeksion xəstəliklər keçirmiş, şüa terapiyası, sitostatik və ya başqa dərmanlarla müalicə almış, kollagenozlardan əziyyət çəkən pasiyentlər daxildir. Klinik əlamətlərdən hipertermiya, görünən selikli qişaların xoralı-nekrotik zədələnmələri və hemoragik təzahürlərin kombinasiyası diaqnostik əhəmiyyətə malikdir.
Aqranulositozun təsdiqlənməsi üçün qanın ümumi analizi və sümük iliyinin punksiyası daha vacibdir. Periferik qan mənzərəsi leykopeniya (1-2х109/l), qranulositopeniya (<0,75х109/l) və ya aqranulositoz, mülayim anemiya, ağır vəziyyətlərdə trombositopeniya ilə xarakterizə olunur. Mieloqrammanın analizində mielokariositlərin miqdarının azalması, neytrofil sırası hüceyrələrinin yetişməsinin pozulması, çox miqdarda plazmatik hüceyrələr və meqakariositlər aşkar olunur. Aqranulositozun autoimmun xarakterinin təsdiqi məqsədilə antineytrofil antitellərin müəyyənləşdirilməsi həyata keçirilir.
Aqranulositozlu bütün pasiyentlərə ağciyərlərin rentgenoqrafiyası, qanın sterilliyə görə təkrari analizi, qanın biokimyəvi analizi, stomatoloq və otolarinqoloq konsultasiyası göstərişdir. Patologiyanı kəskin leykoz və hipoplastik anemiyadan differsiasiya etmək vacibdir. Bununla yanaşı, İİV-statusun istisnası mütləqdir.
Aqranulositozun müalicəsi və profilaktikası
Təsdiqlənmiş aqranusitozlu pasiyentlər hematologiya şöbəsində hospitalizasiya olunmalıdır. Xəstələr aseptik şəraitli izolyator palataya köçürülür və burada müntəzəm kvarslama aparılır, yaxınlarının xəstəyə baş çəkməsi məhdudlaşdırılır; tibbi personal isə yalnız maska, baxil və s.dən istifadə edir. Bütün bu tədbirlər infeksion ağırlaşmaların qarşısının alınmasına yönəlmişdir. Nekrotik enteropatiya inkişaf etdikdə pasiyent parenteral qidalanmaya keçirilir. Aqranulositozlu pasiyentlərin ağız boşluğuna hərtərəfli qulluq (ağzın antiseptik məhlullarla tez-tez yaxalanması, belə preparatların selikli qişalara sürtülməsi) mütləqdir.
Aqranulositozun müalicəsi etioloji faktorun aradan qaldırılmasına yönəlir. Bu məqsədlə mielotoksik preparatlar və kimyəvi maddələrin və s. istifadəsi dayandırılır. İrinli infeksiyanın profilaktikası məqsədilə absorbsiya olunmayan antibiotiklər, göbələk əleyhinə preparatlar təyin olunur. İmmunoqlobulinlərin və antistafilokok plazmanın venadaxili yeridilməsi, leykositar kütlənin, hemorragik sindrom zamanı trombositar kütlənin transfuziyası göstərişdir. İmmun və autoimmun xarakterli aqranulositozda yüksək dozalı qlükokortikoidlər təyin olunur. Qanda sirkulyasiya edən immun kompleks və antitel olduqda plazmaferez aparılır. Aqranulositozun kompleks müalicəsində leykopoezin stimulyatorları istifadə olunur.
Aqranulositozun profilaktikası başlıca olaraq mielotoksik preparatlarla müalicə kursu müddətində hərtərəfli hematoloji kontrol, əvvəllər xəstədə immun aqranulositoza səbəb olmuş dərmanın təkrari qəbuluna yol verməməklə həyata keçirilir. Ağır septik ağırlaşmalar, hapten aqranulositozunun təkrari inkişafı zamanı qeyri-kafi proqnoz müşahidə olunur.