Fankoni anemiyası

07 Yanvar 2019 Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 7

fanconi anemiyasıFankoni anemiyası – autosom-resessiv tip üzrə ötürülən, qanyaranmanın pozulması, bədxassəli törəmələrin və inkişaf qüsurlarının əmələ gəlməsi, xromosom kövrəkliyi (chromosome fragility) ilə xarakterizə olunan genetik xəstəlikdir. Tez-tez qanaxmalar, dərialtı piy qatında qan toplanması, süstlük, solğunluq, infeksion xəstəliklərə meyilliklə özünü göstərir. Diaqnostika laborator metodlar, qanın sitogenetik, molekulyar-genetik və klinik analizi, mieloqrammaya əsasən aparılır. Əsas müalicə üsulları sümük iliyi transplantasiyası, qanyaranmanın dərmanlarla dəstəklənməsi, qan köçürülməsindən ibarətdir.

  • Fankoni anemiyasının səbəbləri
  • Patogenez
  • Fankoni anemiyasının simptomları
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Fankoni anemiyasının müalicəsi
  • Proqnoz və profilaktika

Fankoni anemiyası barədə ümumi məlumat

Fankoni anemiyasının sinonimləri anadangəlmə Fankoni panmielopatiyası və irsi panmielopatiyadır. Xəstəlik İsveçrə pediatrı Qvido Fankoninin soyadı ilə adlandırılıb. Q.Fankoni 1927-ci ildə üç qardaşda anadangəlmə aplastik patologiyanı təsvir etmişdir. Fankoni anemiyası nadir genetik xəstəlikdir və autosom-resessiv tip üzrə irsən ötürülür. Patologiyanın epidemioloji göstəriciləri aşağıdır (1:350 000 yenidoğulmuş). Kişilər və qadınlar arasında yayılma eynidir; xəstəlik yaxın qohum evliliyinə üstünlük verən cəmiyyətlərdə, məs., Cənubi Afrika xalqları arasında daha çox yayılmışdır.

Fankoni anemiyasının səbəbləri

Xəstəlik irsidir, defektli genin valideynlərdən uşağa ötürülməsi nəticəsində inkişaf edir. Mutasiyası Fankoni anemiyası ilə təzahür edən 15 gen aşkar olunmuşdur. Onlardan 14–ü autosomlarda yerləşir və resessiv tip üzrə ötürülür; bir gen isə X-xromosomunda yerləşir və cinslə əlaqəlidir. Bütün bu genlər DNT-nin reparasiyasında iştirak edən müəyyən fermentin sintezinə cavabdehdir.

Autosom-resessiv ötürülmə “həm ana, həm də ata patoloji genetik informasiyanın daşıyıcısı olmalıdır” deməyə əsas verir. Bu zaman onlar özləri, demək olar ki, sağlamdırlar. Belə cütlüyün xəstə övladının doğulma ehtimalı 25%-dir. Genetik panmielopatiya hər iki valideyndən eyni defektli geni qazanmış uşaqlarda və böyüklərdə diaqnostika olunur. Çox nadir hallarda anemiya X xromosomu ilə əlaqəli defektin ötürülməsi nəticəsində meydana çıxır. Qadınlar bu mutasiyanın daşıyıcısı ola bilər, xəstəlik yalnız kişilərdə meydana çıxır. Anada mutasiya olunmuş gen olduqda oğulda patologiyanın inkişaf riski 50%-dir.

Fankoni anemiyasının patogenezi

Normada orqanizmin hüceyrələrində xüsusi ferment sistemi olur. Bu ferment sistemi biosintez prosesində və ya kimyəvi, fiziki reagentlərin təsiri nəticəsində zədələnmiş DNT molekulunu korreksiya edir. Fankoni anemiyasında DNT reparasiyasına cavabdeh zülal klasterində genetik defekt aşkarlanır. Bu isə xromosomun kövrəkliyinə (chromosome fragility) gətirib çıxarır. Nəticədə pasientdə sümük iliyinin funksional pozulmaları – neoplaziyalar və aplastik anemiya inkiaf edir. Onkoloji xəstəliklər daha çox kəskin mieloid leykozla (eritrositlərin, trombositlərin və normal leykositlərin inkişafını basqılayan dəyişilmiş ağ hüceyrələrin toplanmasını təşviq edən qanın mieloid sırasının bədxassəli şişləri) özünü göstərir. Aplastika anemiyada sümük iliyinin displaziyası nəticəsində qan hüceyrələrinin bütün üç növünün inkişafı və yetişməsi kəskin inhibisiya olunur.

Fankoni anemiyasının simptomları

Pasientlərin yarısından çoxunda daxili orqanların və skeletin anadangəlmə inkişaf anomaliyaları müşahidə olunur. Sümük deformasiyaları spesifik xarici görünüşlə özünü göstərir: xəstələr alçaq boylu, başlarının ölçüsü kiçik olur; əldə baş barmaq nəzərə çarpacaq dərəcədə qısalır, mil sümükləri inkişafdan qalır; anadangəlmə bud-çanaq oynağının çıxıqları və/ və ya boyun qabırğası, əyripəncəlik, çənəaltının inkişafdan qalması (“quş üzü”) baş verir. Patologiya üçün dərinin açıq və qəhvəyi rəngli ləkələr şəklində hiperpiqmentasiyası xarakterikdir.

Nevroloji pozulmalar çəpgözlük, bir və ya hər iki gözün inkişafdan qalması, yuxarı göz qapağının sallanması, gözün titrəməsi, karlıq, əqli geriliklə özünü göstərir. Xəstələr tez-tez natamam inkişaf etmiş cinsiyyət orqanlarına malik olur; onlarda bir və ya hər iki xaya olmur. Geniş yayılmış orqanların quruluş anomaliyalarına sidikçıxarıcı sistemin qüsurları – sidik axarlarının və ya böyrək ləyənlərinin ikiləşməsi, nalşəkilli böyrəklər, böyrək kistaları, uretranın xarici dəliyinin yerini dəyişməsi (hipospadiya) aiddir. Anadangəlmə ürək qüsurları üçtaylı qapağın atreziyası, qulaqcıqlararası çəpərin defekti, mitral stenoz, mədəciklərarası çəpərin defektindən ibarətdir. Pasientlər böyrək və ürək çatışmazlığından əziyyət çəkirlər.

Əsas simptomlar sümük iliyinin fəaliyyətinin pozulmasının tədricən artması ilə əlaqəlidir. Onlar daha çox uşaq yaşlarında (5-10 yaşda) debüt edirlər. Trombositlərin miqdarı azaldığından qanamaya meyillik artır: yaralanmalar zamanı qan uzun müddət dayanmır (laxtalanmır), burun qanaxmaları asanlıqla meydana çıxır, mentruasiya zamanı qan itkisi çox olur, bədəndə – dərialtı piy qatında çoxsaylı “səbəbsiz” qan yığıntıları aşkarlanır. Eritrositlərin miqdarının azalması anemiya əlamətləri – zəiflik, tez yorulma, başgicəllənmə, bayılma, dəridə solğunluq, ürək döyüntülərinin tezləşməsi və təngnəfəsliklə özünü göstərir. Leykositlərin azlığı infeksiyalarla mübarizəni zəiflədir. Nəticədə leykoz, mielodisplastik sindrom, onkoloji xəstəliklər formalaşır.

Fankoni anemiyasının ağırlaşmaları

Patologiyanın daha geniş yayılmış ağırlaşması infeksion xəstəliklər hesab olunur. Pasientlərdə KRVİ, angina, rinit, bronxit, qrip, yatalaq, herpes inkişaf edir. Xəstəliyin residivləşən xarakteri və ağır gedişatı orqanların destruksiyasına gətirib çıxarır və sepsis riski ilə müşayiət olunur. İrsi anemiyanın başqa ağırlaşmaları bədxassəli yenitörəmələrdir (leykemiya, baş və boyun orqanlarının, cinsiyyət orqanlarının epitelial şişləri). Belə xəstələrdə xərçəng DNT-nin reparasiyasının azalması və kövrəkliyinin yüksəlməsi səbəbindən müalicəyə çətin tabe olur. Bu törəmə şüa terapiyası və sitostatik preparatların tətbiqini məhdudlaşdırır. Laxtalanmanın pozulması çox qanitirmənin səbəbidir.

Fankoni anemiyasının diaqnostikası

Xəstələrin müayinəsi onkoloq, hematoloq, pediatr, həkim-genetik tərəfindən aparılır. Diaqnostika anamnez və şikayətlərin analizi ilə başlayır. Həkim bu irsi xəstəliyin qohumlarda olub-olmamasını aydınlaşdırır, xəstəliyin ilk əlamətlərinin meydana çıxma vaxtını və həkimə erkən müraciət dəqiqləşdirilir. İnspeksiyada xəstənin ümumi vəziyyəti qiymətləndirilir, inkişaf anomaliyalarının, hiperpiqmentasiya ləkələri, qanaxma, dərialtı qansızmalar aşkarlanır. Əksər hallarda sümüklərdə tipik deformasiyalar, gözlərin inkişafdan qalmasını təyin etmək çətinlik törətmir. Diaqnozun təsdiqlənməsi və Fankoni anemiyasının qazanılmış anaplastik anemiya ilə fərqləndirilməsi məqsədilə aşağıdakı laborator müayinələr aparılır:

  • Qanın klinik analizi. Qanın hüceyrə tərkibinin dəyişilməsi xarakterikdir. Qanyaranmanın pozulmasının erkən mərhələlərində trombositopeniya və leykopeniya, gecikmiş mərhələlərdə isə pansitopeniya (eritrositlərin, leykositlərin və trombositlərin həcminin kəskin azalması) diaqnostika olunur. Hiperbilirubinemiyasız, lakin retikulositozlu mülayim hemoliz mümkündür. EÇS 60-80 mm/ saata qədər artır.
  • Hüceyrələrin sitogenetik müayinəsi. Diepoksibutan, mitomisin C ilə sınaq aparılır. Bu sınaq xromosom abberasiyasının spektrini və tezliyini göstərir. DEB-testin göstəricilərinin 45%-dən yüksək olması genetik anemiyadan xəbər verir; limit 11-45%-dir (xromosom defektli hüceyrələrin faizi). Mutasiyası xəstəliyin inkişafına gətirib çıxaran genlər analiz olunur. Mutasiyaların 60-70%-i FANCA gen cütündə, 14%-i FANCC allelərində, 10%-i FANCG genlərində aşkarlanır. Başqa cütlərdə mutasiyaların tezliyi 0,2-3%-dir.
  • Mieloqramma. Müayinənin nəticələrinə əsasən plazmatik hüceyrələrin və piy faqositasiya edən makrofaqların miqdarının çox olması aşkar olunur. Differensiasiya olunmamış hüceyrələrin miqdarı norma daxilindədir. Mielositar sıranın hüceyrələrinin konsentrasiyası azalır, limfositlərin göstəriciləri yüksəlir.

Fankoni anemiyasının müalicəsi

Əsas müalicə qanyaranma prosesinin bərpasına yönəlir. Müalicə metodları fərdi şəkildə seçilir; xəstəliyin ağırlıq dərəcəsindən, pasientin yaş həddindən, anadangəlmə anomaliyaların olub-olmamasından və ifadəliliyindən asılıdır. Bundan başqa, infeksiyaların və onkopatologiyaların müalicəsi aparılır, reablitasion tədbirlər həyata keçirilir. Anemiyanın dəf edilməsi məqsədilə aşağıdakı metodlardan istifadə olunur: * Sümük iliyinin transplantasiyası. Bu müalicə üsulu uzunmüddətli və daha effektli nəticə əldə edir, lakin əks-göstərişlərə malikdir. Tez-tez fəsadların inkişafı ilə müşayiət olunur. Cərrahi əməliyyatın aparılması üçün optimal yaş həddi on yaşa qədərdir. Donor kriteriyalara uyğun sağlam bacı və qardaş ola bilər. Əvvəl aparılmış intensiv terapiya orqana toksik təsir riski ilə əlaqəlidir. Transplantasiyadan sonra donor və resipient toxuma arasında kəskin və ya xroniki immun konflikt ehtimalı yüksək olaraq qalır.

  • Qanyaranmanın dərmanlar vasitəsilə stimulyasiyası. Transplantasiya etmək mümkün olmadıqda pasientin vəziyyətini müvəqqəti yaxşılaşdıran konservativ müalicə göstərişdir. Qan hüceyrələrinin sintezi androgenlər (kişi cinsiyyət hormonu) və hemopoetik böyümə faktoru – eritropoetin, kök hüceyrə faktoru, interleykin – 1-12 ilə stimulyasiya olunur. Paralel olaraq immunodepressantlar təyin olunur. Dərman terapiyası xəstənin yüksək həyat keyfiyyətini uzun illər boyunca dəstəkləyir, lakin effektivliyi tədricən azalır.
  • Qan komponentlərinin köçürülməsi. Etiotrop müalicənin (transplantasiya, qanyaranmanın stimulyasiyasına) əks-göstərişləri və ya güclü yan təsirləri olduqda hemotransfuziya təyin olunur. Yuyulmuş eritrositlər (səthi zülallardan azad olunmuş donorun qırmızı qan cisimcikləri) köçürülür. Qanaxmalar və trombositlərin səviyyəsinin azalması zamanı pasientlərə trombositar kütlə köçürülür.

Fankoni anemiyasının proqnoz və profilaktikası

Xəstənin yaşam müddəti sümük iliyinin funksiyalarının pozulma dərəcəsi ilə müəyyən olunur. Bəzən pasientlər 40 yaşa qədər müalicəsiz yaşaya bilirlər. Lakin bir çox hallarda uşaq yaşlarında ağır anemiyadan və ya onkoloji xəstəlikdən ölürlər. Sümük iliyinin allogen transplantasiyası vaxtında aparıldıqda proqnoz nisbətən kafidir. Bu əməliyyatdan sonra normal qanyaranmanın tam bərpası və yaşam müddətinin uzanması şansı var. Xəstəlik genetik olduğundan onun inkişafının qarşını almaq mümkün deyil. Profilaktika hamiləlik planlaşdıran risk qrupunda olan cütlüklərin tibbi-genetik konsultasiyasının aparılmasından; həmçinin patologiyanın prenatal diaqnostikasından ibarətdir. Prenatal diaqnostika zamanı dölün göbək venasından qan götürülür və DEB-test icra olunur. Testin nəticəsi müsbət olduqda hamiləliyin dayandırılması və ya davam etdirilməsi haqda düşünülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: