Revmatoloji xəstəliklər

Revmatoloji xəstəliklər

Revmatoloji xəstəliklər oynaqların və periartikulyar toxumaların zədələnməsi ilə xarakterizə olunur. Onların böyük bir hissəsini autoimmun genezli sistem xəstəlikləri – kollagenoz və vaskulitlər təşkil edir. Revmatoloji patologiyaların gedişi adətən kardial, böyrək, ağciyər, serebral sindromlar ilə müşayiət edilir. Bu tip xəstəliklər proqressivləşməyə meylli olmaqla, pasiyentin funksional aktivliyinin pozulmasına gətirib çıxarırlar.  

Amerikanın Revmatoloji Cəmiyyətinin məlumatlarına əsasən hazırda 200-dən çox revmatoloji xəstəlik qeydə alınmışdır. Onlar 3 böyük qrupda cəmləşmişdir: oynaq xəstəlikləri, sistem vaskuliti və birləşdirici toxumanın diffuz patologiyaları. Oynaq xəstəliklərinə artrit (revmatoid, psoriatik, reaktiv, infeksion və s.), osteoartroz, Bexterev xəstəliyi, oynaqətrafı yumşaq toxumaların revmatik patologiyaları daxildir. 

Sistem vaskulitlərinə hemorragik vaskulit, düyünlü periarteriit, Takayasu xəstəliyi, obliterasiyaedici trombangiiti misal göstərmək olar. Birləşdirici toxumanın sistem xəstəliklərinə qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozit və s. aiddir. Revmatik xəstəliklərin təsnifatında revmatizm ayrıca qeyd olunur. Belə xəstələrdə oynaq, birləşdirici toxuma və damarlar eyni zamanda zədələnir.  

Revmatoloji xəstəliklərin səbəbləri və əlamətləri

Bu patologiyaların inkişafı genetik, endokrin və xarici mühit amilləri ilə əlaqədardır. Revmatik xəstəliklərin başlıca amilləri sitomeqalovirus, Epşteyn-Barr və herpes virusları tərəfindən törədilən infeksiyalar; travma, stress, intoksikasiya; hamiləlik, abort hesab olunur.    

Xəstəliklərə bütün yaş qruplarında, o cümlədən uşaqlar və yeniyetmələrdə (artrit, revmatizm, yuvenil revmatoid artrit və s.) rast gəlinir. Bəzi patologiyalar, məsələn, revmatik polimialgiya, revmatoid artrit daha çox qadınlarda, podaqra, ankilozlaşan spondilit isə adətən kişilərdə aşkarlanır.  

Revmatoloji xəstəliklərin təzahürləri olduqca rəngarəngdir. Xəstələrdə səbəbsiz qızdırma, artralgiya, oynaqların quruluşunun dəyişməsi, əzələ ağrıları, səpkilər, limfadenit, tromboz və ya qansızmalara meyllik, daxili orqanların zədələnmələri müşahidə olunur.  

Revmatik xəstəliklərin diaqnostika və müalicəsi

Diaqnozun qoyulmasında immunoloji müayinələr – nozologiyaya uyğun anticisimlərin təyini həlledici rol oynayır. Həmçinin revmatik xəstəliklərin diaqnostikasında rentgenoqrafiya, USM, KT, MRT, sintiqrafiya, artroskopiya, biopsiyadan geniş şəkildə istifadə olunur.  

Təəssüflə qeyd etmək lazımdır ki, hələlik revmatik xəstələri tam sağaltmaq mümkün deyil. Bununla belə, əksər hallarda müasir üsullarla xəstəliyin gedişatını yüngülləşdirmək, remissiya müddətini uzatmaq, ağır fəsadların, əlilliyin qarşısını almaq olur. Müalicə uzun müddət, bəzən isə həyatın sonuna qədər davam edir. Bura medikamentoz terapiya, qeyri-medikamentoz üsullar, ortopedik müalicə və reabilitasiya daxildir. 

Bir çox revmatoloji xəstəliklərin terapiyasının əsasını iltihabəleyhinə, bioloji preparatlar və qlükokortikosteroidlər təşkil edir. Kompleks terapiyada ekstrakorporal hemokorreksiyaya – plazmoferez, hemosorbsiya, sitaferez, plazmosorbsiyaya xüsusi yer verilir. Qeyri-medikamentoz üsullar: fizioterapiya, balneoterapiya, MBT, akupunktura pasiyentin funksional statusunu əhəmiyyətli dərəcədə artırır. Revmopatologiyaların gecikmiş mərhələlərində xəstənin həyat keyfiyyətini yüksəltmək üçün ortopedik müalicə (endoprotezlənmə və s.) göstəriş sayılır.  

Revmatik xəstəliklərin profilaktikası

Revmopatologiyaların profilaktikası qeyri-spesifik xarakter daşıyır. Onların qarşısını almaq məqsədilə stress, infeksiya və digər etioloji amillərdən uzaq durmaq, zərərli vərdişlərdən imtina etmək, sağlamlığa və fiziki aktivliyə diqqət yetirmək məsləhət görülür.  

Med-portal.az saytının «Revmatoloji xəstəliklər» bölməsində bu patologiyaların yaranma səbəbləri, əlamətləri, müalicə və profilaktika üsulları ilə yaxından tanış ola bilərsiniz.