Abuzus baş ağrısı
Abuzus baş ağrısı – miqren və başqa sefalgik sindromlar zamanı ağrıkəsici preparatların daimi qəbulu fonunda inkişaf edən ikincili xarakterli xroniki sefalgiyadır. Mülayim intensivlikli daimi təzyiqedici baş ağrıları ilə xarakterizə olunur. Abuzus sefalgiya klinik olaraq müşahidə gündəliyinin köməyilə diaqnostika olunur. İnstrumental metodlar sindromun başqa mümkün səbəblərinin inkarına yönəlir. Müalicə abuzusu provokasiya edən preparatın ləğvinə əsaslanır. Kəsilmə simptomları antidepressantlar, neyroleptiklər, epilepsiya əleyhinə preparatlarla aradan qaldırılır. Daha sonra əsas xəstəliyin müalicəsi mühümdür.
- Abuzus baş ağrısının səbəbləri
- Patogenez
- Abuzus baş ağrısının simptomları
- Diaqnostika
- Abuzus baş ağrısının müalicəsi
- Proqnozu və profilaktikası
Abuzus baş ağrısı barədə ümumi məlumat
Abuzus baş ağrısı sefalgiyanın dəf edilməsi məqsədilə dərman preparatlarının qeyri-düzgün qəbulu nəticəsində meydana çıxır. “Abuse” termini ingilis mənşəli olub “sui istifadə” mənasını verir. Praktik nevrologiyada abuzus sefalgiyası “dərman”, “medikamentoz” və ”rikoşet” anlayışları ilə sinonimdir. Pasientlərin reseptsiz əldə edə bildikləri analgetiklərlə özlərini müalicə etməsi xəstəliyin inkişaf etmiş sənaye ölkələrində geniş yayılmasına gətirib çıxarıb. Avropada, ABŞ-da bu patologiya bütün sefalgiyaların 1/5-ini təşkil edir. Planetin əhalisinin 1%-i dərman mənşəlli baş ağrılarından əziyyət çəkir. Xroniki sefalgiyalar arasında abuzus forma 60% təşkil edir. Xəstəlik yüksək dərəcəli mənəvi gərgin, depressiyaya meyilli insanlarda daha çox rastlanır. Qadınlar kişilərlə müqayisədə daha çox əziyyət çəkir.
Abuzus baş ağrısının səbəbləri
Əsas etioloji faktor birincili patologiya (miqren, gərginlik baş ağrıları) fonunda ağrıkəsici preparatların daimi qəbuludur. Sefalgiya başqa xəstəliklərin (artrit, nevrit, onurğa sütununun osteoxondrozu) müalicəsində tətbiq olunan preparatlar istifadəsi zamanı inkişaf etmir. Potensial təhlükəli preparatlar aşağıdakılardır:
- Kombinə olunmuş analgetiklər – tərkibinə aspirin, analgin və onların analoqlarından başqa kofein, barbituratlar daxildir.
- Sporinlərin sənaye alkoloidləri (erqotamin). Miqrenlərin müalicəsində geniş istifadə olunur.
- Triptanlar (zolmitriptan, eletriptan) – serotonindən alınır, spesifik anti-miqrenoz təsirə malikdir.
- Opioidlər – güclü ağrıkəsici effektli narkotik analgetiklərdir.
- QSİƏP – qeyri-steroid iltihab əleyhinə preparatlar. Qeyri-narkotik analgetiklərə aid edilir. Dərman sefalgiyalarının nisbətən nadir səbəbidir.
Xəstəliyin inkişafında dərmanın müntəzəm qəbulu və dozası mühüm rol oynayır. Analgetiklərin daimi qəbulu böyük ehtimal medikamentoz sefalgiyaları provokasiya edir; patologiyanın inkişafına nadir hallarda zərbə dozasının qəbulu ilə müqayisədə daha çox gətirib çıxarır. Dərmanların yüksək dozalarda müntəzəm qəbulu, aşağı dozalarla müqayisədə abuzusun daha sürətli inkişafına səbəb olur.
Abuzus baş ağrısının patogenezi
Xəstəliyin inkişaf mexanizmi qəbul olunan dərmandan asılıdır və psixoloji məqama malikdir. Ağrıkəsici və psixoloji asılıq törədən preparatların qeyri-adekvat istifadəsi yüksək daxili gərginliyə, depressiyaya gətirib çıxarır. Depressiv vəziyyətlərə, abuzusa, alkoqolizmə irsi meyillik izlənir. Ağrıkəsicilərin uzunmüddətli qəbulu onların effektivliyinin azalmasına səbəb olur. Ağrı sindromunu dəf etmək ümidi ilə pasientlər dərmanları daha tez-tez qəbul edir, dozanı qaldırırlar. Ağrı tamamilə aradan qaldırılmır və ya qısa müddətə dayanır; bu isə xəstəni dozanı qaldırmağa vadar edir. Qüsurlu dövran formalaşır; nəticədə birincili baş ağrıları xroniki abuzusa çevrilir. Bu çevrilmə prosesi beynin nosiseptiv sisteminin ağrı hissiyyatına cavabı ilə sıx bağlıdır.
Abuzus baş ağrısının simptomları
Analgetiklərin müntəzəm, uzunmüddətli qəbulu fonunda daimi sefalgiyalar qeyd olunur. Ağrılar sızıldayıcı, küt xarakter daşıyır, mülayim təzahür edir. Xəstələr başlarının sıxılmasını, təzyiqə məruz qalmasını, oyanma anında ağrıların mövcudluğunu hiss edirlər. Ağrı hissinin başda simmetrik, diffuz yayılması xarakterikdir. Abuzus ağrısı səhərlər güclənir, gün ərzində öz intensivliyini dəyişir. Fiziki, psixoemosional, zehni yüklənmə, patologiyaya səbəb olan preparatın qəbulunun dayandırılması (kəsilmə sindromu) ilə provokasiya olunur.
Abuzus sefalgiyası ayın yarısından çoxunda saxlanır, analgetiklərlə hissəvi və qısamüddətli dəf olunur. Miqrendən əziyyət çəkən xəstələrdə xroniki ağrılar ayda 2-5 dəfə miqrenəbənzər paroksimlərlə kombinasiya olunur. Miqrenəbənzər paroksimlər auraya malikdir; ürəkbulanma, qusma, fotofobiyalarla yanaşı, pulsasiya edən hemikraniyalarla gedir.
Uzunmüddətli və, demək olar ki, daimi sefalgiyaların nəticəsi qıcıqlanma, yorğunluq, depressiyanın dərinləşməsidir. Dəf edilməmiş baş ağrısı zamanı diqqəti cəmləmək olmur, beləliklə, əmək qabiliyyəti azalır. Yuxu pozulması – insomniya (yuxusuzluq), yorğunluqdan gündüzlər yuxululuğun yaranmasına gətirib çıxarır.
Abuzus baş ağrısının diaqnostikası
Abuzus baş ağrısı klinikaya əsasən diaqnostika olunur. Anamnezdə birincili sefalgiyaların mövcudluğu fonunda ağrıların ikincili xarakterini, pasientin hansı dərmanı, hansı dozada, hansı tezlikdə qəbul etməsini, dərmanın effektivliyini aydınlaşdırmaq vacibdir. İnstrumental müayinələr beynin üzvi patologiyaların inkarı məqsədilə istifadə olunur. Diaqnostik alqoritm aşağıdakılaardan ibarətdir:
- Gündəlik tutmaq. Pasient ağrıların təzahür vaxtını, xarakterini, davam etmə müddətini qeyd etmək üçün dəftər tutur. Dəftərdə istifadə etdiyi dərmanın adını, dozasını və dəqiq qəbul etmə vaxtını qeyd edir.
- Nevroloq müayinəsi. Nevroloji status üçün xüsusi əlamətlər xarakterik deyil. Nevroloji simptomatikanın aşkarlanması sefalgiyaların dərman formasını şübhə altında qoyur.
- EEQ, REQ, Exo-EQ. MSS-nin vəziyyətinin birincili instrumental dəyərləndirilməsi ağrıların formalaşmasının üzvi səbəblərini (serebral kistalar, hidrosefaliya, baş beynin şişləri) inkar etməyə imkan verir.
- Baş beynin MRT-i. Вeyin stukturlarının müayinəsi serebral toxumada morfoloji dəyişikliklərin olmamasını təsdiqləməyə imkan verir.
Diaqnoz baş beynin üzvi zədələnmələri olmadıqda 3 aydan artıq müddətdə ay ərzində 15 gündən artıq ağrı sindromu müşahidə olunduqda qoyulur.
Abuzus baş ağrısının müalicəsi
Abuzusun müalicəsində əsas məqam ağrıkəsicilərdən tamamilə imtinadır. Müalicə dövründə pasient gündəliyə qeydiyyat aparmağa davam etməlidir. Əgər xəstənin vəziyyəti analgetikin qəbulundan 2 ay sonra da yaxşılaşmırsa, ağrının dərman etiologiyası şübhə doğurur. Bu zaman başqa səbəblər axtarmaq lazımdır. Müalicə aşağıdakı mərhələlərdən ibarətdir:
- Analgetik preparatlardan imtina. Abuzusu qeyri-narkotik analgetiklər törədirsə, preparat qəflətən, narkotik preparatlar törədirsə, tədricən kəsilir və dezintoksikasiya ilə kombinasiya olunur.
- Kəsilmə dövründə müalicə. Ağrıkəsicinin qəbulunun dayandırılması fonunda sefalgiyalar daha da güclənə, daxili narahatlıq yüksələ, yuxu pisləşə, ürəkbulanma, qusma meydana çıxa bilər. Simptomlar bir neçə həftə davam edir. Onları dəf etmək məqsədilə antidepressantlar (amitriptilin), antikonvulsantlar (valproatlar, topiramat) təyin olunur. Narkotik analgetiklərin qəbulu zamanı kəsilmə simptomlarını neyroleptiklərlə dəf edilir.
- Abuzusun likvidasiyasından sonra müalicə. Adətən, problemli preparatın qəbulunun dayandırılmasından təxm. 2 ay sonra birincili baş ağrısı simptomları geri qayıdır. Buna görə də əsas xəstəliyin müalicəsinin düzgün seçimi və abuzusun residivlərinin profilaktikası mühümdür. Provokator dərmanın istifadəsini tamamilə dayandırmaq və ya maksimal ləngitmək; onun ciddi istifadəsinə ehtiyac olduqda isə qəbul saylarını məhdudlaşdırmaq arzuolunandır.
Abuzus baş ağrısının proqnoz və profilaktikası
Düzgün müalicə taktikası əksər hallarda sağalmaya gətirib çıxarır. Xəstələrin 40%-də abuzus baş ağrıları 5 il ərzində residivləşir. Birincili və ikincili profilaktika sefalgiyaların adekvat müalicəsi, müntəzəm müşahidə və pasientlərlə maarifləndirici işdən ibarətdir. Xəstələrə ağrıkəsicilərin kontrolsuz istifadəsinin nəticələri, özünü müalicənin təhlükəli tərəfləri haqda xəbərdarlıq etmək, onları təyin olunmuş preparatın effektivliyi azaldıqda həkimə müraciət etməsinin mühümlüyünə dair məlumatlandırmaq lazımdır.