Miqren
Miqren — epizodik formalı birincili baş ağrısıdır. Tutmaşəkilli, intensiv baş ağrıları nevroloji, vegetativ və mədə-bağırsaq təzahürləri ilə müşayiət olunur. İlk tutma adətən 12-22 yaşlarda baş verir. Yayılma tezliyinə görə miqren gərginlik baş ağrısından sonra ikinci yer tutur. Əksər hallarda tutma auradan sonra yaranaraq, halsızlıq və əzginliklə nəticələnir. Diaqnostika prosesində baş beynin üzvi patologiyası inkar edilir, miqrenin yaranma səbəbi araşdırılır. Müalicə tutmanın aradan qaldırılmasından və yeni epizodun qarşısının alınmasından ibarətdir.
- Etiologiya və patogenez
- Klinik şəkil
- Diaqnostika
- Miqrenin müalicəsi
- Profilaktika
Miqrenin etiologiya və patogenezi
Əvvəllər miqren damar patologiyası hesab olunurdu. Bu da tutma zamanı beynin sərt qişasındakı damarların genişlənməsi ilə izah edilirdi. Həmin damarların innervasiyasında trigeminovaskulyar liflər iştirak edir. Sinir uclarından ifraz olunan neyropeptidlər-vazodilatatorlar (xüsusən neyrokinin A və peptid) ağrı törədir.
Beləliklə, miqren tutması trigeminovaskulyar sistemin aktivləşməsi səbəbindən formalaşır. Bu hal baş beyin qabığının həddindən artıq oyanıqlığı və trigeminovaskulyar liflərin hiperhəssaslığı fonunda yaranır. Tutmalar adətən emosional stress, aybaşı, fiziki gərginlik, aclıq, feniletilamin və tiramin tərkibli bəzi məhsulların (sitrus meyvələri, şokolad, qırmızı çaxır, şərab) təsirindən meydana çıxır.
Miqrenin klinik şəkli
Miqren başın yarı hissəsini əhatə edərək, alın/gicgah/göz nahiyəsində lokalizasiya olunan pulsasiyaedici, sıxıcı ağrılarla səciyyələnir. Bəzən miqrenoz ağrı ənsədən başlayaraq, başın sağ və ya sol yarım hissəsinə yayılır. Hər yeni tutmada ağrı başın digər yarısında formalaşa bilər. Birtərəfli daimi (və ya periodik) baş ağrıları miqren üçün xarakterik olmadığından, belə vəziyyətlərdə baş beynin üzvi zədələnmələrini aşkar və ya inkar etmək məqsədilə müayinə aparılmalıdır.
Bəzi hallarda tutmanın xəbərverici əlamətləri – halsızlıq, diqqət zəifliyi ilə təzahür edən prodrom və halsızlıq, solğunluq, əsnəmə şəklində postdrom (tutmadan dərhal sonrakı vəziyyət) müşahidə olunur. Miqren tutması ürəkbulanma, iştahın pozulması, foto- və fonofobiya ilə müşayiət edilir. Pilləkən qalxarkən və ya yerimə zamanı baş ağrısı güclənir.
Uşaqlarda tutma zamanı yuxululuq izlənilir. Yuxudan sonra ağrı keçıb gedir. Miqren qadın cinsiyyət orqanları ilə sıx bağlı olduğundan tutmaların 35%-i aybaşı səbəbindən baş verir. Aybaşının ilk 2 günündə yaranan tutma menstrual miqren adlanır (8-10%). Hormonal kontreseptivlər və əvəzedici hormonal terapiya 70-80% hallarda miqren tutmasının gedişini ağırlaşdırır.
Miqrenin bir neçə klinik variantı ayırd edilir:
- Vegetativ və ya panik miqren — tutma vegetativ əlamətlərlə (titrətmə, taxikardiya, boğulma hissi, üzün ödemi, gözlərin yaşarması) müşayiət olunur;
- Auralı miqren — tutmadan əvvəl tranzitor, görmə, nitq, hissi və hərəki pozğunluqlar meydana çıxır; onun digər forması bazilyar miqrendir;
- Assosiativ miqren — baş ağrısı müvəqqəti xarakterli nevroloji defisitlə birgə formalaşır; onun formalarına afatik, beyincik, hemiplegik və oftalmoplegik miqren aiddir;
- Yuxu miqreni — tutma yuxu zamanı və ya səhər oyandıqda meydana çıxır;
- Katemenial (menstrual) miqren — aybaşı sikli ilə əlaqəli olur. Tutmanın normal aybaşı siklinin gec lütein fazasında estrogenlərin səviyyəsinin azalması nəticəsində baş verməsi sübuta yetirilmişdir;
- Xroniki miqren — tutmalar 1 ayda 15 gündən çox olmaqla 3 aydan çox davam edir. Tutmaların sayı hər il artaraq, gündəlik xarakter alır. Tutmaların intensivliyi get-gedə güclənir.
Miqrenin diaqnostikası
Digər birincili sefalgiyalar kimi miqrenin diaqnostikasının əsasını pasiyentin şikayətləri və anamnestik məlumatlar təşkil edir. Adətən əlavə müayinələrin (EEQ, reoensefaloqrafiya, baş beynin MRT) aparılmasına ehtiyac yaranmır. Nevroloji simptomlara pasiyentlərin yalnız 2-3%-də rast gəlinir. Buna baxmayaraq, əksər hallarda bir və ya bir neçə perikranial əzələlərdə gərginlik və ağrı aşkarlanır. Bu da boyun və ənsə nahiyəsində daimi diskomfort, hətta ağrı törədir.
Miqren gərginlik baş ağrısından differensiasiya edilməlidir. Gərginlik ağrısı fiziki yüklənmələrdən asılı olmur, başın hər 2 yarısında yaranır, az intensiv və sıxıcı (təzyiqedici) xarakterli olur.
Miqrenin müalicəsi
Miqrenin terapiyası 2 mərhələyə bölünür: tutmanın aradan qaldırılması və yeni epizodların profilaktik müalicəsi.
Preparatın növü miqrenoz tutmanın intensivliyinə uyğun seçilir. 2 gündən az davam edən yüngül və ya mülayim intensivlikli tutmalarda sadə və ya kombinəolunmuş analgetiklərdən: ibuprofen (0,2-0,4qr.), asetilsalisil turşusu (0,5-1qr.), parasetamol (0,5qr.); eləcə də kodein tərkibli preparatlardan (kodeinlə parasetamol, natrium metamizol və fenobarbitalın kombinasiyası) istifadə olunur. Ağır gedişli (2 gündən çox çəkən yüksək intensivlikli baş ağrıları) miqren zamanı spesifik müalicə vasitələri – triptanlar (5HT tipli serotonin reseptorlarının aqonistləri): zolmitriptan, sumatriptan, triptanların digər formaları (şam, dərialtı inyeksiya məhlulu, nazal sprey) tətbiq edilir.
Miqrenin proqnozu ümumilikdə qənaətbəxşdir. Təhlükəli ağırlaşmaların (miqrenoz status, miqrenoz insult) inkişaf ehtimalı proqnozu ağırlaşdırır.
Miqrenin profilaktikası
Xəstəliyin xronikləşməsinin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə profilaktik müalicə aparılır. Əsas məqsəd tutmaların tezliyi, davametmə müddəti və ağırlığının azaldılmasından; miqrenin gündəlik həyata neqativ təsirinin zəiflədilməsindən ibarətdir. Profilaktik tədbirlər xəstəliyin patogenetik mexanizmləri, təkanverici amillər və emosional pozğunluqlar nəzərə alınmaqla fərdi qaydada seçilir. Adətən beta-adrenoblokatorlara (metoprolol, propranolol), antidepressantlara (amitriptilin, sitalopram), kalsium kanallarının blokatorlarına (nimodipin), eləcə də qeyri-steroid iltihab əleyhinə vasitələrə (naproksen, asetilsalisil turşusu) üstünlük verilir. Son zamanlar müasir təbabətdə qeyri-medikamentoz üsullar (proqressiv əzələ relaksasiyası, psixoterapiya, akupunktura) geniş tətbiq edilir.