Epilepsiya
Epilepsiya — baş beynin xroniki xəstəliyi olub, təkrarlanan epileptik tutmalarla xarakterizə edilir. Onlar beyin neyronlarının anomal və ifrat dərəcədə boşalmasının klinik təzahürüdür. Epileptik tutma qəflətən yaranan tranzitor patoloji fenomenlərlə (hissi, hərəki, psixi, vegetativ əlamətlər, huşun pozulması) müşayiət olunur.
- Təsnifat
- Epilepsiyanın əlamətləri
- Diaqnostika
- Epilepsiyanın müalicəsi
- Proqnoz və profilaktika
Epilepsiyanın təsnifatı
Epileptik tutmaların beynəlxalq təsnifatına əsasən parsial (lokal, fokal) formalar və generalizəolunmuş epilepsiya ayırd edilir. Fokal epileptik tutmalar öz növbəsində sadə və mürəkkəb formalara bölünür. Sadə tutmalar huşun pozulmadığı halda motor, somatosensor, vegetativ və psixi əlamətlərlə gedir. Mürəkkəb formada isə xəstənin huşu pozulur. Birincili-generalizəolunmuş tutmalar üçün beynin hər 2 yarımkürəsinin patoloji prosesə qoşulması xarakterikdir.
Generalizəolunmuş tutmaların 7 tipi mövcuddur: mioklonik, klonik, absans, atipik absans, tonik, tonik-klonik, atonik.
Bundan əlavə yuxarıda sadalanan formaların heç birinə bənzəməyən – təsnif olunmayan epilektik tutma, eləcə də bəzi neonatal tutmalar (gözün ritmik hərəkəti, çeynəmə hərəkətləri) qeydə alınır. Həmçinin təkrarlanan (siklik, təsadüfi və təhrik olunan) və uzunmüddətli tutmalar (epileptik status) müşahidə edilir.
Epilepsiyanın əlamətləri
Epilepsiyanın klinik şəklində 3 dövr ayırd edilir: iktal (tutma mərhələsi), postiktal (tutmadan sonra) və interiktal (tutmaarası). Postiktal dövrdə nevroloji simptomatikaya (epilepsiyaya səbəb olan xəstəliyin – kəllə-beyin travması, hemorragik və ya işemik insult və s. əlamətləri istisna olmaqla) rast gəlinməyə bilər.
Mürəkkəb parsial tutmadan əvvəl yaranan auranın vegetativ, motor, psixi, nitq və sensor formalara ayrılır. Epilepsiyanın ən geniş yayılmış əlamətlərinə ürəkbulanma, halsızlıq, başgicəllənmə, boğaz nahiyəsində sıxılma hissi, dil və dodağın keyləşməsi, döş qəfəsində ağrı, yuxululuq, qulaqlarda cingilti və/və ya küy, iybilmə paroksizmləri aiddir. Mürəkkəb parsial tutmalar əksər hallarda uyğunsuz, anlamsız avtomatik hərəkətlərlə müşayiət olunur. Belə hallarda pasiyentlə əlaqə çətinləşir və ya ümimiyyətlə mümkün olmur.
İkincili-generalizəolunmuş tutma qəflətən yaranır. Bir neçə saniyə davam edən auradan sonra xəstə huşunu itirərək, yıxılır. Səs yarığının spazmı və döş qəfəsi əzələlərinin qıcolma şəkilli yığılması ilə əlaqədar yıxılma anında spesifik qışqırtı müşahidə edilir.
Ardınca epilepsiyanın tonik fazası yaranır. Tonik qıcolmalar zamanı gövdə və ətraflar həddindən artıq gərilir. Baş arxaya və/və ya zədələnmə ocağının əks istiqamətində yana doğru çevrilir. Tənəffüs dayanır, üz avazıyır, çənə kip qapanır. Tonik faza 15-20 saniyə davam edir. Sonra isə klonik qıcolmalarla (xırıltılı tənəffüs, ağızdan köpüyün axması) ilə səciyyələnən klonik faza başlanır. Bu faza 2-3 dəqiqə çəkir. Qıcolmaların tezliyi tədricən azalır, əzələlər boşalır. Xəstə qıcıqlandırıcılara reaksiya vermir. Bəbəklər genişlənir, onlar işığa reaksiyası izlənilmir. Qoruyucu və vətər refleksləri yaranmır.
Birincili-generalizəolunmuş tutmaların ən çox rast gəlinən tipləri tonik-klonik tutmalar və absansdır. Absans əsasən uşaqlarda qeydə alınır. Tutma zamanı uşaq öz fəaliyyətini (söhbət, oyun) qəflətən qısamüddətli (10 saniyədən az olmaqla) dayandırır, yerindəcə donur, heç nəyə reaksiya vermir. Bir neçə saniyədən sonra fəaliyyətinə davam edir. Xəstələr tutmaları dərk etmir və xatırlamırlar. Absansların tezliyi gün ərzində 10 dəfədən çox ola bilər.
Epilepsiyanın diaqnostikası
Diaqnoz anamnestik məlumatlar, fizikal müayinə, EEQ və neyrovizualizasiyanın (baş beynin MRT və KT) nəticələri əsasında qoyulur. Klinik baxış, laborator və instrumental müayinələrin köməyilə epileptik tutmalar inkar və ya aşkar olunur, epileptik və digər mənşəli tutmalara arasında differensial diaqnostika aparılır; epileptik tutmaların tipi və epilepsiyanın forması müəyyən edilir.
Epilepsiyanın diaqnostikasında istifadə edilən əsas müayinə metodu EEQ-dir. Onun aparılmasına heç bir əks-göstəriş yoxdur. Pasiyentlərdə epileptik aktivliyin aşağıdakı variantlarına daha çox rast gəlinir: iti dalğalar, spayklar, «spayk — ləng dalğa», «iti dalğa — ləng dalğa» kompleksləri. EEQ-nin kompüter analizi patoloji bioelektrik aktivliyin mənbəyinin lokalizasiyasını təyin etməyə imkan verir. EEQ tutma zamanı icra olunduqda əksər hallarda epileptik aktivlik qeydə alınır. İnteriktal dövrdə isə pasiyentlərin 50%-də EEQ normal olur. EEQ funksional sınaqlarla (fotostimulyasiya, hiperventilyasiya) ilə birgə yerinə yetirildikdə patoloji dəyişikliklərin aşkarlanma ehtimalı yüksəlir. Onu qeyd etmək lazımdır ki, EEQ-də epileptik aktivliyin izlənilməməsi heç də epilepsiyanı inkar etmir. Belə hallarda təkrar müayinə və ya aparılmış EEQ-nin videomonitorinqi tələb olunur.
Neyrovizualizasion müayinə üsulları arasında baş beynin MRT-si daha informativ sayılır. MRT vasitəsilə epilepsiyanın etioloji amilləri (mezial temporal skleroz) və ya tutmalara təkan verən xəstəliklər (anevrizma, şiş) üzə çıxarılır. «Farmakorezistent epilepsiya» zamanı cərrahi əməliyyat göstəriş olduğundan belə pasiyentlərdə mərkəzi sinir sisteminin zədələnməsinin lokalizasiyasını müəyyən etmək üçün MRT aparılır. Bir sıra hallarda (yaşlı xəstələrdə) əlavə müayinələrə: qanın biokimyəvi analizi, göz dibinə baxış, EKQ-yə ehtiyac yaranır.
Epileptik tutmalar qeyri-epileptik paroksizmal vəziyyətlərlə (bayılma, psixogen tutmalar, vegetativ krizlər) differensiasiya edilməlidir.
Epilepsiyanın müalicəsi
Epilepsiyanın bütün müalicə üsulları tutmaların dayanmasına, xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına və remissiya dövründə dərman preparatlarının qəbulunun kəsilməsinə yönəldilir. Vaxtında və düzgün formada aparılan müalicə 70% hallarda epilepsiya tutmalarının dayanmasına səbəb olur. Epilepsiya əleyhinə müalicəyə başlamazdan əvvəl ətraflı klinik müayinə, MRT və EEQ nəticələrinin analizi tələb olunur. Pasiyentə və onun ailəsinə nəinki preparatların qəbul qaydası, həmçinin ehtimal olunan yan təsirlər barədə məlumat verilməlidir. İlk dəfə yaranan epileptik tutma, epileptik status və epilepsiyanın cərrahi müalicəsinin zəruriliyi hospitalizasiya göstəriş hesab olunur.
Epilepsiyanın medikamentoz müalicəsinin prinsiplərindən biri monoterapiyadır. Preparat başlanğıcda minimal dozada təyin olunur. Tutmaların sayı kəsilənə qədər doza tədricən artırılır. Preqabalin, levetirasetam, valproy turşusu ilə müalicəyə klinik effektiv doza ilə başlanılır. Lamotridcin, topiramat, karbamazepin təyin olunduqda isə dozanın ləng titrlənməsi lazım gəlir.
İlk dəfə aşkarlanan epilepsiyanın müalicəsi həm monoterapiya rejimində istifadə üçün nəzərdə tutulan yeni (topiramat, okskarbazepin, levetirasetam), həm də klassik preparatlarla (karbamazepin, valproy turşusu) aparıla bilər. Bu qrup preparatlar arasında seçim edərəkən pasiyentin fərdi xüsusiyyətləri (yaş, cins, yanaşı gedən patologiya) nəzərə alınmalıdır. İdentifikasiya olunmayan tutmaların müalicəsində valproy turşusuna üstünlük verilir. Epilepsiya əleyhinə preparat təyin edərkən onun qəbul tezliyinin minimal olmasına (gün ərzində 2 dəfəyə qədər) çalışmaq lazımdır. Plazmada stabil konsentrasiya ilə əlaqədar prolonq (uzunmüddətli) təsirli preparatlar daha effektiv sayılır. Epilepsiyanın forması, proqnozu və tutmanın təkrarlanma ehtimalı nəzərə alınmaqla dərmanın qəbulu tədricən dayandırılır. Farmakorezistent epilepsiya (konservativ müalicəyə tabe olmayan tutmalar) zamanı cərrahi əməliyyatdan əvvəl tutmaların video-EEQ qeydiyyatı aparılır, MRT vasitəsilə epileptogen zonanın lokalizasiyası, anatomik xüsusiyyəti və yayılma xarakteri təyin edilir. Müayinələrin nəticələri əsasında əməliyyatın xarakteri müəyyənləşdirilir: beynin epileptogen toxumasının xaric edilməsi (kortikal topetomiya, lobektomiya, hemisferektomiya, multilobektomiya); selektiv əməliyyat (gicgah epilepsiyasında amiqdalo-hippokampektomiya); kallozotomiya və funksional stereotaksik müdaxilə; vaqus-stimulyasiya.
Epilepsiyanın proqnoz və profilaktikası
Epilepsiya zamanı əmək qabiliyyətinə olan proqnozu tutmaların tezliyindən asılıdır. Remissiya dövründə xəstənin əmək qabiliyyəti pozulmur. Huşun itirilməsi ilə müşayiət olunan tutmalar əmək qabiliyyətini məhdudlaşdırır.
Profilaktik tədbirlərə kəllə-beyin travmalarının, intoksikasiya və infeksion xəstəliklərin qarşısının alınması, epilepsiya xəstələri arasında nigaha yol verilməməsi, qızdırmalı uşaqlarda temperaturun adekvat azaldılması aiddir.