Travmatoloji və ortopedik xəstəliklər

Travmatoloji və ortopedik xəstəliklər

Travmatologiya və ortopediya – tibbin bir-birilə sıx əlaqədə olan bölmələridir. Travmatologiya dayaq-hərəkət aparatının (sümük, bağ, oynaq, əzələ və vətərlər) zədələnmələrini öyrənir, habelə onların diaqnostika və müalicəsi ilə məşğul olur. Ortopediya isə bu sistemin travma, anadangəlmə inkişaf qüsurları və xəstəlikləri nəticəsində yaranan funksional dəyişikliklərin, deformasiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə ixtisaslaşmışdır.   

Travmatologiya, ortopediya, protezlənmə, tibbi reabilitasiya – masaj, fizioterapiya və müalicəvi bədən tərbiyəsi arasında qarşılıqlı əlaqə mövcuddur. 

Günümüzdə travmatologiyanın rolu daim artmaqdadır. Hər il baş verən avtomobil qəzaları, bədbəxt hadisələr milyonlarla insanın həyatına son qoyur. Travma səbəbindən bir çox şəxslərin əmək qabiliyyəti və həyat  keyfiyyəti pozulur.  

Dayaq-hərəkət sisteminin zədələnmələri daha çox yol-nəqliyyat, məişət, istehsalat və idman mənşəli olur. Onların ağırlıq dərəcəsi travmanın mexanizmindən – insan orqanizmində dəyilən zərərdən asılıdır. 

Travmatologiya – ortopediyada aparılan müalicə üsulları

Son onilliklərdə travmatologiya xeyli inkişaf etmişdir. Əvvəllər sınıqların yeganə müalicə üsulu gips sarğılar  və skeletin dartılması idi. Hazırda travmatologiyada müxtəlif növ cərrahi metodlar tətbiq edilir. Osteosintezin texnikası (sınıqların müxtəlif konstruksiyalarla fiksasiyası) daim təkmilləşir. Bu üsulun aparılması sınıqların sağalma dövrünü xeyli qısaldır. Artıq uzunmüddətli yataq rejiminə ehtiyac qalmadığından hərəkətsizliyin törətdiyi təhlükəli ağırlaşmaların (yataq yarası, pnevmoniya, trombemboliya) qarşısı alınır. Bundan əlavə kontrakturaların (oynaqların hərəkətinin məhdudlaşması) inkişafına yol verilmir.  

Travmatologiya-ortopediyada müasir texnologiyalardan aktiv şəkildə istifadə edilir. Mikrocərrahiyyə metodları ilə qopmuş barmaqlar tikilir. Oynaqlar üzərində endoskopik aparatlarla əməliyyatlar icra olunur. Oynaqların endoprotezlənməsi (dağılmış oynağın bioloji uyğunluğa malik protezlə əvəzlənməsi) uğurla həyata keçirilir.  

Travmatologiyanın imkanları gün-gündən genişlənməkdədir. Bununla yanaşı qeyd etmək lazımdır ki, travmadan sonra bərpa dövrü pasiyentin aktiv iştirakı olmadan baş tutmur. Bu mərhələdə həkimin məsləhətlərinə ciddi riayət edilməli, müalicəvi gimnastika ilə məşğul olunmalıdır. Yadda saxlanılmalıdır ki, travma anından nə qədər çox vaxt keçirsə, əzələ, sümük və oynaqların itirilmiş funksiyalarını geri qaytarmaq bir o qədər çətin başa gəlir.  

Travmatologiya ilə insanlar adətən qısa zaman ərzində bağlı olurlar. Ortopediya sahəsinə isə əksinə uzunmüddətli müalicə tələb edən xroniki xəstəliklər daxildir.   

Müasir cərrahi texnika ilə yanaşı ortopediyada klassik konservativ üsullar: masaj, manual terapiya, müalicəvi idman və fizioterapiya yerinə yetirilir.  

Ortopedik xəstəliklərin müalicəsində pasiyentin ümumi əhvalı və sağalma prosesinə kömək göstərməsi mühüm rol oynayır.  

Med-portal.az saytının «Travmatoloji və ortopedik xəstəliklər» bölməsini oxumaqla, dayaq-hərəkət sisteminin travmaları və xəstəlikləri, onların müalicə üsulları barəsində ətraflı məlumat əldə edə bilərsiniz.