Angioma

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1847

angioma nədir?Angioma – qan və ya limfa damarlarından inkişaf edən damar şişlərinin ümumi adıdır. Angiomalar səthi lokalizasiyaya (dəri və selikli qişalarda) malik ola və ya əzələlər, daxili orqanlarda (ürək, ağciyərlər, uşaqlıq, qaraciyər, dalaq və s.) yerləşə bilər. İkinci halda angiomalar müxtəlif intensivlikli qanaxmalarla müşayiət olunur. Diaqnostika baxış, rentgenoloji müayinə (angioqrafiya, limfangioqrafiya), USM nəticələrinə əsaslanır. Səthi angiomalar krioterapiya, elektrokoaqulyasiya, skleroterapiya, rentgenoterapiya yolu ilə xaric edilir; digər hallarda cərrahi müdaxilə tələb olunur.

  • Angiomaların yaranma səbəbləri
  • Angiomaların təsnifatı
  • Angiomaların əlamətləri
  • Angiomaların diaqnostikası
  • Angiomaların müalicəsi

Angioma barədə ümumi məlumat

Damar cərrahiyyəsində «angioma» termini qan (hemangioma) və ya limfa (limfangioma) damarlarının müxtəlif növ anomaliyalarını özündə birləşdirir. Bir sıra tədqiqatçıların fikrincə angioma şiş ilə inkişaf qüsuru arasında orta mövqe tutur.

Angiomalar müxtəlif orqan və toxumalarda lokalizasiyalaşır, tək və ya çoxsaylı (angiomatoz) olur. Angiomaların morfoloji əsasını genişlənmiş qan və ya limfa damarları təşkil edir. Angiomaların ölçü və formaları geniş diapazonda variasiya edir; hemangiomalar qırmızı-göy, limfangiomalar isə rəngsiz olur. Angiomalar adətən uşaqlıq dövründə müşahidə olunur. Uşaqlarda rast gəlinən anadangəlmə neoplaziyaların 70-80%-i angiomaların payına düşür. Onlar proqressivləşməyə meylli olur. Qan damarlarının arterio-venoz anevrizmalarla müşayiət olunan dilatasiyasınnı – teleangioektaziyanı angiomadan fərqləndirmək lazımdır.

Angiomalar adətən baş və boyun daxil olmaqla, bədənin yuxarı yarısında (80% hallarda) yerləşir. Bəzən udlaq, ağciyərlər, göz qapaqlar, göz yuvası, qaraciyər, xarici cinsiyyət orqanlarının angiomaları qeydə alınır.

Angiomaların yaranma səbəbləri

Angiomanın yaranma səbəbləriƏksər pasiyentlərdə angioma anadangəlmə xarakter daşıyır. Hesab olunur ki, angiomalar arteriyalarla venalar arasındakı persistə olunan fetal anastomozlardan inkişaf edir. Angiomaların böyüməsi şişin ətraf toxumalara yayılan və onları dağıdan damarlarının çoxalması hesabına baş verir, bu proses bədxassəli törəmələrin böyüməsinə bənzəyir. Anadangəlmə angiomaların həqiqi səbəbləri tibbə məlum deyil.

Bəzən angiomalar travmatik zədələnmələrdən sonra yaranır və ya digər xəstəliklərin (məsələn, qaraciyər sirrozu və ya daxili orqanların bədxassəli neoplaziyalarının) gedişini müşayiət edir.

Angiomaların təsnifatı

Angiomalar 2 qrupa bölünür: qan (hemangioma) və limfa damarlarının (limfangioma) angioması. Histoloji quruluşuna görə monomorf və polimorf angiomalar ayırd edilir. Monomorf angiomalar – həqiqi damar şişləri olub, qan damarının bu və ya digər elementindən inkişaf edir (hemangioendotelioma, hemangioperisitoma, leyomioma). Polimorf angioma üçün damar divarı elementlərinin müxtəlifliyi xarakterikdir. Bir şiş növünün digərinə keçməsi mümkündür.

Hemangiomaların növləri

Angiomanın növləriQuruluşuna görə angiomaların 4 növü qeyd olunur: sadə, kavernoz, şaxəli, kombinəolunmuş və qarışıq. Sadə (kapilyar, hipertrofik) hemangioma yeni kapilyar, kiçik arterial və venoz damarların çoxalması ilə səciyyələnir. Kapilyar hemangiomalar al-qırmızı (arterial angioma) və ya göy-qırmızı (venoz angioma) ləkə şəklində dəri və ya selikli qişalarda lokalizasiyalaşır. Kapilyar hemangiomaların ölçüləri müxtəlifdir. Damar şişinə təzyiq etdikdə rəngi solğunlaşır. Kapilyar hemangioma çox nadir hallarda bədxassəli hemnagioendoteliomaya transformasiya edir.

Kavernoz (mağaralı) hemangiomalar daxili qanla dolu olan iri süngərəbənzər boşluqlarla müşahidə olunur. Angiomanın bu növü göy-qırmızı rəngli, nahamar səthli, yumşaq-elastik konsistensiyalı düyün formasındadır. Palpasiya və ya rentgenoloji müayinədə angiomanın qalınlığında angiolitlər və ya flebolitlər – girdə formalı kirəcləşmiş tromblar aşkarlana bilər. Kavernoz hemangiomalar adətən dərialtı lokalizasiyaya malik olur. Onlar üçün temperatur asimmetriyası əlaməti xarakterikdir – palpasiyada damar şişi ətraf toxumalardan isti olur. Şişin üzərindən basdıqda hemangioma kiçilir və solğunlaşır, güc vermə zamanı isə qabarır və böyüyür (erektil simptom).

Şaxəli (rasemoz) hemangioma genişlənmiş, qıvrılmış damar kötüklərinin kələflərindən ibarətdir. Angiomanın bu növünün fərqləndirici xüsusiyyəti onun üzərində anevrizmada olduğu kimi pulsasiya, titrəmə, küyün izlənilməsidir. Nadir hallarda rast gəlinir, əsasən ətraflarda, bəzən üz nahiyəsində yerləşir. Angiomanın cüzi travmatizasiyası həyat üçün təhlükə törədən qanaxmalarla nəticələnə bilər.

Kombinəolunmuş forma səthi və dərialtı lokalizasiyalı (sadə və kavernoz) angiomaları özündə birləşdirir. Klinik əlamətlər angiomanın bu və ya digər komponentinin üstünlüyündən asılıdır.  Qarışıq tipli hemangiomalar damar və digər toxumalardan əmələ gəlir (hemlimfangioma, angiofibroma, angionevroma və s.).

Formasına görə ulduzabənzər, yastı, düyünlü, serpiginoz angiomalar ayırd edilir. Damar şişləri arasında çəhrayı-qırmızı rəngli, yumru formalı çoxsaylı kiçik törəmələrlə xarakterizə olunan yaşlı angiomalar  ayrıca yer tutur.  Angiomanın bu növü 40 yaşdan sonra yaranır.

Limfangiomaların növləri

Limfangiomalar 3 qrupa bölünür: sadə, kavernoz və kistoz damar törəmələri.

Sadə limfangiomalara daxilində limfa olan, endotellə örtülü genişlənmiş toxuma yarıqları aiddir. Sadə limfangioma rəngsiz və yumşaq konsistensiyalı olub, əsasən dodaq və dil əzələlərində inkişaf edir.

Kavernoz limfangiomalar əzələ və fibroz toxumalardan ibarət qalın divarlı limfa damarlarından formalaşan çoxkameralı boşluqlarla səciyyələnir.

Kistoz limfangiomalar xilyoz kistalar kimi böyüyərək iri ölçülərə çata bilir. Onlara boyun, qasıq, bağırsaq müsariqələri,  retroperitoneal toxumada rast gəlinir. İkincili infeksiyanın qoşulması fistulara və xəstəni üzən uzunmüddətli limforeyaya səbəb ola bilər.

Angiomaların əlamətləri

Angiomaların klinik əlamətləri damar şişinin növü, onun lokalizasiyası və gediş xüsusiyytələrindən asılıdır. Hemangiomalar adətən uşaq doğulduqdan sonra və ya ilk aylarda aşkarlanır. Yenidoğulmuş qızlarda angiomalar oglanlarla 3-5 dəfə çox qeydə alınır. Südəmər uşaqlarda angiomalar sürətlə böyüyə bilər: belə ki, nöqtəvi angioma 3-4 ay ərzində bir neçə santimetrə çataraq, böyük sahəni tuta bilər.

Damar şişləri bədənin istənilən hissəsində yerləşə bilər; lokalizasiyaya əsasən örtük toxumalarının (dəri, dərialtı toxuma, ağız və cinsiyyət orqanlarının selikli qişaları), dayaq-hərəkət aparatının (əzələ və sümüklər), daxili orqanların (qaraciyər, ağciyərlər və s.) angiomaları ayırd edilir. Örtük toxumalarının hemangiomaları kosmetik qüsurla müşayiət olunursa, daxili orqanların hemangiomaları tənəffüs, qidalanma, görmə, sidik ifrazı, defekasiya kimi vacib funksiyaların pozulmasına gətirib çıxara bilər.

Sümük hemangiomaları onurğa sütünu, çanaq, kəllə sümükləri, ətrafların uzun borulu sümüklərində yerləşə bilər. Sümük toxumasında adətən ağrı, skeletin deformasiyası, patoloji sınıqlar, kökçük sindromu və s. ilə müşayiət olunan çoxsaylı kavernoz angiomalara rast gəlinir. Beyin angiomaları daha təhlükəli hesab olunur, onlar epilepsiya və ya subaraxnoidal qansızmalara gətirib çıxara bilər.

Böyümə prosesində angiomalar xoralaşması, iltihablaşması, trombozflebitlərin inkişafı izlənilə bilər. Ən ciddi ağırlaşma qanaxma hesab olunur; iri ölçülü və dərin angiomaların travmatizasiyası zamanı qanın dayandırılması üçün təcili cərrahi müdaxilə tələb oluna bilər. Bir sıra hallarda şişi qidalandıran damarların tromblaşması və  obliterasiyası ilə əlaqədar angiomalar öz-özünə sağalır. Bu zaman angioma tədricən solğunlaşır və ya tamamilə itir.

Limfa damarlarının angioması əsasən uşaqlarda həyatın ilk ilində müşahidə edilir. Onlar daha çox dəri və dəri altı nahiyədə lokalizasiyalaşır.

Limfangiomalar regionar limfa düyünlərinin toplandığı sahələrdə: boyun, dil, dodaq, yanaq, qoltuqaltı və qasıq nahiyələr, divar aralığı, retroperitoneal sahə, müsariqənin kökü nahiyəsində lokalizasiyalaşır. Onlar bəzən iri ölçülərə çatan ağrılı şişkinlik şəklində müəyyən olunur. Əksər hallarda limfangiomalar ləng böyüyür, ağırlaşmalar arasında adətən irinləşmə qeyd edilir.

Angiomaların diaqnostikası

Səthi angiomaların diaqnostikası tipik hallarda heç bir çətinlik törətmir və damar törəməsinə baxış və palpasıyanın nəticələrinə əsaslanır. Özünəməxsus rəng çaları və təzyiq zamanı ölçülərinin kiçilməsi angiomanın xarakterik əlamətlərindəndir.

Mürəkkəb lokalizasiyalı angiomaların diaqnostika prosesində vizualizasiya edən müayinələr kompleksindən istifadə olunur. Sümük hemangiomaları borulu sümüklərin, onurğa sütunu, qabırğa, kəllə, çanaq sümüklərinin rentgenoqrafiyasının köməyilə aşkarlanır. Daxili orqanların diaqnostikasında baş beyin, böyrəklər, ağciyər damarlarının angioqrafiyası, limfangioqrafiya və s. tətbiq edilir. Ultrasəs müayinədə angiomaların yayılma dərinliyi, şişin quruluşu və anatomo-topoqrafik xüsusiyyətləri, periferik damarlarda və hemangiomanın parenximasında qan cərəyanının sürəti təyin olunur. Udlağın angioması otolarinqoloq tərəfindən müəyyən edilir.

Limfangiomaya şübhə yarandıqda şişdən şəffaf sarı mayenin götürülməsinə imkan verən diaqnostik punksiya icra olunur. Limfangiomanın differensial diaqnostikası boyun kistası,  onurğa beyni yırtıqları, lipoma, teratoma, boynun limfadeniti ilə aparılır.

Angiomaların müalicəsi

Şişin sürətlə böyüməsi, geniş sahəni əhatə etməsi, damar törəməsinin baş və boyun nahiyəsində lokalizasiyası, xoralaşma və ya qanaxma, zədələnmiş orqanın funskional pozğunluqları angiomaların təxirəsalınmaz müalicəsinə mütləq göstəriş sayılır. Damar şişlərinin spontan reqressiya əlamətləri izlənildikdə gözləmə taktikası özünü doğruldur.

Angiomaların dərin yerləşməsi cərrahi müalicənın aparılmasını tələb edir. Angiomaların cərrahi müalicə üsullarına afferent damarların bağlanması, damar şişinin tikilməsi və ya sağlam toxumalar sərhəddində kəsilməsi aiddir.

Mürəkkəb anatomik lokalizasiyalı (məsələn, orbita və ya retrobulbar nahiyənin angiomaları) və ya geniş sahəni əhatə edən sadə angiomaların müalicəsində şüa terapiyası tətbiq edilir. Xarici örtüklərin iri ölçülü angiomalarında bəzən prenizalonla hormonal müalicə effektiv olur.

Nöqtəvi angiomalar aşkarlandıqda elektrokoaqulyasiya, kriodestruksiya, lazer üsulundan istifadə edilir. Kişik ölçülü, lakin dərin lokalizasiyalı angiomalar zamanı sklerozlaşdırıcı terapiya – damar şişinin aseptik iltihabı və çapıqlaşmasına səbəb olan 70%-li etil spirtinin lokal inyeksiyası həyata keçirilir. Daxili orqanların angiomalarının angioqrafiyadan sonra embolizasiyaya uğradılması mümkündür.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: