Aortit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1326

aortit nədir?Aortit – aorta divarının bəzi və ya bütün qatlarını əhatə edən iltihabi prosesdir. Zədələnmənin etiologiya və lokalizasiyasından asılı olaraq, xəstəlik aortalgiya, müsariqə damarlarının xroniki okklüziyası, vazorenal hipertenziya, ətrafların işemiyası; titrətmə, qızdırma, başgicəllənmə və bayılma ilə təzahür edir. Diaqnostika laborator (biokimyəvi, immunoloji) və instrumental müayinələrin (aortoqrafiya, USDQ, KT) nəticələrinə əsaslanır. Aortitin müalicəsi ilk növbədə əsas xəstəliyin (infeksion, allergik, autoimmun zədələnmə) terapiyasına yönəldilir.

  • Aortitin yaranma səbəbləri
  • Aortitin təsnifatı və patogenezi
  • Aortitin əlamətləri
  • Aortitin diaqnostikası
  • Aortitin müalicəsi
  • Aortitin proqnoz və profilaktikası

Aortit barədə ümumi məlumat

Aortitin yaranma səbəblərinin müxtəlifliyi ilə əlaqədar patologiya kardioloqlarla yanaşı, revmatoloq, veneroloq, travmatoloq, allerqoloq, pulmonoloq,  ftiziatr və  travmatoloqların diqqət obyektindədir.

Adətən aortit zamanı döş, az hallarda isə qarın aortası zədələnir. İltihab aortanın ayrı-ayrı qatlarını əhatə etdikdə endaortit, mezaortit, periaortit; arterial divarın bütün qalınlığını (intima, əzələ, xarici qişası) zədələndikdə isə panaortit adlanır. Yayılmasına görə aortit qalxan, enən və diffuz formalara ayırd edilir.

Aortitin yaranma səbəbləri

Aortitin yaranma səbəbləriEtiologiyadan asılı olaraq, aortitlər 2 qrupa bölünür: infeksion və allergik. İnfeksion aortitlərin inkişafı infeksiya törədicisinin hematogen və ya limfogen yolla aorta divarına daxil olması və ya qonşu toxumalardan iltihabi prosesin aortaya yayılması ilə bağlıdır. Spesifik infeksion aortit əsasən sifilis, vərəm, bəzən isə brusellyoz fonunda yaranır. Qeyri-spesifik aortit adətən bakterial xarakter daşıyır, əksər hallarda keçirilmiş streptokokk infeksiyası və revmatik qızdırma ilə assosiasiyalı olur. Aorta həmçinin ağciyər absesi, mediastenit, infeksion endokardit zamanı iltihaba qoşula bilər.

Allergik artritə çox vaxt autoimmun xəstəliklər, kollagenozalar, sistemli vaskulitlər (Takayasu xəstəliyi) səbəb olur. Bexterev xəstəliyi (ankilozlaşan spondiloartrit), revmatoid artrit, obliterasiyaedici trombangiit zamanı aortitin inkişafı barədə məlumatlar mövcuddur. Aortit Koqan sindromunun tərkib hissəsi sayıla bilər, bu xəstəlik həm də iltihabi keratit, vestibulyar və eşitmə disfunksiyaları ilə xarakterizə edilir.

Aortitin təsnifatı və patogenezi

Bu və ya digər patoloji proseslərin üstünlüyünü nəzərə almaqla aortit  irinli, nekrotik, produktiv, qranulomatoz formalara ayırd edilir. İrinli və nekrotik aortitlər kəskin və yarımkəskin, digərləri isə xroniki gedişli olur. Müxtəlif etiologiyalı aortitlər zamanı arterial divarda baş verən patoloji dəyişikliklər özünəməxsus fərqliliklərə malikdir.

Sifilis mənşəli aortitlərdə aortanın intima qatı iltihabi və skelrozlaşdırıcı proseslərə məruz qalaraq, büzüşür, çapıq dəyişikliklərinə uğrayır, damarın daxili qişasında ağac qabığını xatırladan kobud büküşlər əmələ gəlir. Patoloji prosesə tac arteriyalarının dəlikləri, eləcə də aortanın aypara taylarının qoşulması aortal çatışmazlığa gətirib çıxarır. Sifilitik aortitin gecikmiş dövründə aortanın kisəyəbənzər və ya diffuz anevrizmaları formalaşır. Aortanın divarında bəzən sifilitik qummalar aşkarlanır.

Vərəm etiologiyalı aortit limfa düyünləri, ağciyərlər, divararalığı orqanları, retroperitoneal sahənin müvafiq zədələnmələri fonunda inkişaf edir. Damar divarında spesifik qranulyasiyalar və kazeoz nekroz ocaqları əmələ gəlir. Aortitin bu forması üçün endotelin xoralaşması, anevrizmalar, aorta divarının kalsinozu, perforasiyalar xarakterikdir.

Aortanın revmatik zədələnmələri panaortit şəklində gedir. Belə hallarda aortanın bütün qatlarında əvvəlcə mukoid ödem, fibrinoid şişmə, sonralar isə qranulomatoz iltihab və sklerozlaşma baş verir. İrinli aortit aorta divarının fleqmanoz və ya absesləşən iltihabı, onun laylanması və perforasiyası ilə müşayiət edilir. Adətən iltihab aorta divarına qonşu orqanlardan, onu əhatə edən toxumalardan və ya septiki tromboz nəticəsində yayılır.

Xoralı-nekrotik aortit bakterial endokardit, sepsis, bəzən isə aorta qapağı və ya açıq arterial axacaqda aparılan əməliyyatların fəsadı kimi təzahür edir. Bu zaman aortanın daxili qatında vegetasiyalar, trombotik kütlələr, xoralaşma sahələri, aorta divarının laylanma  və perforasiyası aşkar edilir. Qeyri-spesifik aortoarteriit (Takayasu xəstəliyi) fibroz toxumanın hiperproduksiyası ilə müşahidə olunan produktiv iltihab tipli gedişə malikdir.

Aortitin əlamətləri

Aortitin əlamətləriAortitin simptomları əsas xəstəliyin (sifilis, revmatizm, vərəm, infeksion endokardit, sepsis və s.) əlamətləri fonunda inkişaf edir. Aortit ilk növbədə aortanın əsas şaxələrinin qidalandırdığı orqanların işemiya əlamətləri ilə təzahür edir. Belə ki, beynin işemiyası başgicəllənmə, baş ağrıları, görmənin pozulması, bayılmalar; ürək əzələsinin işemiyası – stenokardiya, miokard infarktı (çox zaman ağrısız); böyrəklərin işemiyası – arterial hipertenziya; bağırsaqların işemiyası – müsariqə damarlarının xroniki okklüziyasının əlamətləri ilə müşayiət olunur.

Aortitin xarakterik əlaməti aortanın zədələnmiş hissəsi boyunca paraaortal sinir kələflərinin prosesə qoşulması ilə əlaqədar yaranan ağrıdır. Döş aortasının zədələnməsi döş qəfəsində sıxıcı və ya yandırıcı xarakterli, boyun, hər iki əl, kürək sümükləri arasına, epiqastral nahiyəyə irradiasiya edə bilən ağrılarla müşahidə olunur. Naməlum etiologiyalı taxikardiya, təngnəfəslik, göy öskürəyəbənzər öskürək yarana bilər. Qarın aortasının zədələndiyi hallarda ağrı qarın və ya bel nahiyəsində lokalizasiyalaşır. Aortit zamanı ağrı sindromu daima müşahidə olunur, ağrının intensivliyi vaxtaşırı dəyişir.

Aortitin erkən patoqnomik əlamətinə mil, körpücükaltı və yuxu arteriyalarında nəbzin asimmetrikliyi və ya bir tərəfdə ümumiyyətlə olmamasıdır. Bir əldə arterial təzyiqin ölçülməsi zamanı onun nəzərə çarpacaq dərəcədə azalması və ya ümimiyyətlə təyin olunmaması mümkündür.

Aortitin ağırlaşmalarına tromboemboliya, bakterial emboliya, aortanın laylanan anevrizması, aortanın cırılması aiddir. Sifilitik aortitin təzahürləri adətən infeksiyalaşmadan 15-20 il sonra meydana çıxır. Ağırlaşmalar (aortal çatışmazlıq, kardioskleroz, ürək çatışmazlığı) yaranana qədər sidilitik artrit demək olar ki, simptomsuz gedir.

Aortitin diaqnostikası

Aortitə şübhə yarandıqda zədələnmənin səbəblərini müəyyən etmək üçün pasiyentlər veneroloq, revmatoloq, ftiziatr, kardioloq tərəfindən konsultasiya olunmalıdır. Aortitin diaqnozu klinik, laborator və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur.

Revmatik artritdən şübhələndikdə C-reaktiv zülal, qanda immunoqlobulinlər, antinuklear anticisimlər, sirkulyasiya edən immunokomplekslər və s. yoxlanılır. Sifilitik aortiti təsdiq etmək üçün qanın (RPR-test) və ya onurğa beyni mayesinin seroloji müayinəsi aparılmalıdır. Vərəm mənşəli aortitlərdə bəlğəmin PZR üsulu ilə müayinəsi, tam rentgenoloji müayinə (ağciyərlərin rentgenoqrafiyası, tomoqrafiya) göstəriş sayılır. Bakterial aortitin diaqnostikası qanın sterilliyə görə əkilməsini tələb edir.

Əldə olunan nəticələr USDQ, aortoqrafiya, döş/qarın aortasının KT (MSKT) vasitəsilə dəqiqləşdirilir. Aortitin differensial diaqnozu aortanın aterosklerozu, ÜİX ilə aparılır.

Aortitin müalicəsi

Aortitin müalicəsi əsas xəstəliyin aktiv terapiyası ilə sıx bağlıdır. İnfeksion aortit zamanı birinci sıra preparatları antibiotiklər; allergik aortitdə – qlükokortikoidlər, QSİƏP, immunospuressorlar; sifilitik aortit zamanı – vismut, yod preparatları, penisillin sırasından olan antibiotiklər sayılır. Terapiyanın effektivliyi klinik-laborator göstəricilərin dinamikasına əsasən müəyyənləşdirilir.

Aortanın anevrizmasının, xüsusən onun laylanma əlamətlərinin olması damar cərrahının konsultasiyasına və angiocərrahi müalicəyə – anevrizmanın rezeksiyası, aortanın protezlənməsinə əsas verir. Aortal stenozun inkişafı zamanı balon dilatasiyası, stentlənmə və ya şuntlanmanın aparılması tələb oluna bilər.

Aortitin proqnoz və profilaktikası

Aortitin proqnozu onun forma və etiologiyasına əsasən təyin edilir. Kəskin və ya yarımkəskin gedişli bakterial aortitlərdə proqnoz daha ciddi olur. Sifilis və vərəm mənşəli aortitlər zamanı spesifik müalicəyə nə qədər tez başlanılarsa, proqnoz bir o qədər qənaətbəxş sayılır. Xroniki aortitin digər formalarının inkişafı əsas xəstəlikdən asılıdır. Müalicə aparılmadıqda xəstəlik proqressivləşməyə və ağırlaşmış gedişə meyllidir.

Aortitin profilaktik tədbirlərinə birincili xəstəliklərin terapiyası, CYKİ-nin qarşısının alınması, vərəmin erkən diaqnostikası aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: