Koronarit

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1254

koronarit nədir?Koronarit — miokardı qidalandıran damar divarlarının iltihabi zədələnməsidir. Ürək, digər orqan və toxumaların infeksion-iltihabi patologiyaları, eləcə də sistem xarakterli xəstəliklər fonunda inkişaf edir. Aritmiya, tromboemboliya, infarktla ağırlaşa bilər. Pasiyentlər təngnəfəslik, taxikardiya, döş sümüyü arxasında sıxıcı hiss və ağrılardan şikayət edir. Diaqnoz fizikal müayinə, EKQ, Exo-KQ, laborator analizlərin nəticələrinə əsasən qoyulur. Koronaritin müalicəsi pəhriz, etiotrop və simtomatik medikamentoz terapiyadan ibarətdir. Koronar qan dövranının ifadəli pozğunluqları cərrahi əməliyyata göstəriş sayılır.

  • Koronaritin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Koronaritin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Koronaritin müalicəsi
  • Proqnoz və profilaktika

Koronarit barədə ümumi məlumat

Koronarit — tac arteriyalarının nadir rast gəlinən xəstəliyidir. O, demək olar ki, həmişə provokasiyaedici patologiyalar (infeksion, autoimmun proseslər) fonunda aşkarlanır. Koronaritin yayılma tezliyi barədə dəqiq məlumatlar mövcud deyil, bu da xəstəliyin əksər hallarda gizli qalması ilə əlaqədardır. Koronaritin sistemli vaskulit, xüsusən Takayasu, Kavasaki xəstəlikləri, qırmızı qurd eşənəyinin ağırlaşması şəklində inkişaf ehtimalı 80%-ə çatır. Cavan pasiyentlərdə koronar damarların orqanizmin öz hüceyrələrinə qarşı anticisimlərlə zədələnmə riski daha yüksəkdir.

Koronaritin yaranma səbəbləri

Koronaritin yaranma səbəbləriXəstəlik heç bir zaman birincili inkişaf etmir, adətən digər patologiyanın ağırlaşması və ya nəticəsi hesab olunur. Həm kiçik, həm də iri tac arteriyaları zədələnə bilir. Koronaritin səbəbinin müəyyənləşdirilməsi müalicə planının tərtibində, təhlükəli ağırlaşmaların profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Provokasiyaedici amillər 3 əsas qrupa bölünür:

  • Ürək xəstəlikləri. Koronaritlər orqan qişalarının iltihabi zədələnmələrində – infeksion və ya qeyri-infeksion mənşəli (travma, postinfarkt vəziyyət) miokardit, perikardit, endokardit zamanı baş verir. Bəzən patologiyaya kardiomiopatiyalar (alkoqol, toksiki), lokal şüa təsirləri, bədxassəli şişlər səbəb olur.
  • Qeyri-kardial infeksion proseslər. Arteriyalar daha çox skarlatina, qrip, vərəm, sifilis (daha ağır gedişi ilə xarakterizə olunur), qarın yatalağı, malyariya nəticəsində zədələnir. Patogen mikroblar qan cərəyanı ilə miokardı qidalandıran damarlara daxil olaraq, yeni infeksiya ocaqları əmələ gətirir. Həmçinin koronarit ürəyin işemik xəstəliyi fonunda aterosklerotik lövhənin septiki zədələnməsi ilə əlaqədar yarana bilər.
  • Sistem xəstəlikləri. Autoimmun proseslər – vaskulitlər (düyünlü periarteriit, nəhəng hüceyrəli və qeyri-spesifik arteriit, obliterasiya edici tromboangiit), revmatizm tac arteriyalarının iltihabını potensə edir. Əsasən cavan pasiyentlərdə müşahidə olunur. Kiçik şaxələrin zədələnməsi üstünlük təşkil edir. Klinik əlamətlərin az olması diaqnostikanı çətinləşdirir.

Koronaritin patogenezi

Koronaritin əsasında damar divarının 3 qatından birini zədələyən (mezanteriit, endarteriit, periarteriit) və ya bütün qalınlığını əhatə edən (panarteriit) iltihab dayanır. Xəstəlik törədən amil müdafiə-uyğunlaşma mexanizmlərinin aktivləşməsinə, ödem və infiltrasiyanın yaranmasına gətirib çıxarır. Xəstəliyin uzunmüddətli gedişi damar strukturunun dəyişməsinə və sklerozlaşmaya səbəb olur, bu da mənfəzin daralması və miokardın qan təchizatının pozulması ilə müşayiət edilir.

Miokardın oksigen çatışmazlığı şəraitində anaerob qlikolizə keçməsi ilə əlaqədar ağrı reseptorlarını stimulə edən xeyli miqdarda turş xassəli mübadilə məhsulları toplanır. Tac arteriyalarının deformasiyası, birləşdirici toxumanın çoxalması və septik zədələnmə ocaqları damardaxili trombların yaranmasının etioloji amili sayılır. Tromb kütlələrinin qopması ilə qan dövranı daha da pozulur, angiospazm və ya ürəyin nekrotik zədələnməsi baş verir.

Koronaritin təsnifatı

Koronaritin vahid nomenklaturası mövcud deyil. Ümumi sistemitizasiya klinik şəklin xüsusiyyətlərinə, əsas əlamətlərin ifadə dərəcəsinə əsaslanır. Xəstəliyin təsnifatda əks olunan formaları zamanla bir-biri ilə əvəz edə bilər, belə hallarda müalicə taktikasının dəyişdirilməsi tələb olunur. Patologiyanın iki əsas tipi ayırd edilir:

  • Kəskin. İltihab adətən kardial və ya qeyri-kardial lokalizasiyalı infeksion prosesin nəticəsi hesab olunur. Koronar damarların zədələnməsi massiv xarakter daşıyaraq, yerli qan dövranının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarır. Kəskin xarakterli yandırıcı kardialgiya, tezləşmiş tənəffüs, ölüm qorxusu ilə təzahür edir. Əsasən aritmiya, infarkt, tromboemboliya ilə ağırlaşır.
  • Xroniki. Koronarit ləng gedişə malik olur, nadir rast gəlinən qısamüddətli stenokardiya tutmaları, zəif ritm pozğunluğu ilə səciyyələnir. Əksər hallarda sistem patologiyaları – vaskulit, revmatizm fonunda inkişaf etdiyindən autoimmun xəstəliklərin simptomları ön plana keçir. Uzunmüddətli gediş və müalicənin aparılmadığı hallarda iltihabın kəskinləşməsi mümkündür.

Koronaritin əlamətləri

Koronaritin əlamətləriKlinik fon xəstəliyin etiologiya və formasından asılıdır. Kiçik tac arteriyaları zədələndikdə koronarit simptomsuz gedə və ya yalnız ağır fiziki yüklənmələr zamanı aşkarlana bilər. Koronaritin gizli forması adətən planlı diaqnostika və ya digər patologiya səbəbindən müayinə prosesində təsadüfən müəyyən edilir. Xəstəliyin ilkin əlamətləri təngnəfəslik və taxikardiyadan ibarətdir. Miokardın hipoksiyası xırda ocaqlı distrofiya, ürək əzələsinin nekrozuna səbəb ola bilər, bu da ritm pozğunluğu, ürəyin müxtəlif dərəcəli blokadalarının inkişafına əsas yaradır.

Patologiyanın ən geniş yayılmış təzahürü iltihabi dəyişikliklər nəticəsində qan təchizatının pozulması ilə bağlı ürək nahiyəsində meydana çıxan ağrı hissiyyatıdır. Əzələ toxuması qidalı maddələr və oksigen çatışmazlığına məruz qalır. Magistral tac arteriyalarının zədələnməsi zamanı nitroqliserinin qəbulu ilə aradan qalxmayan ağır stenokardiya tutmaları müşahidə oluna bilər. İfadəli ağrı sindromu əsasən xəstəliyin kəskin gedişində rast gəlinir. Xroniki formalarda kardialgiya az intensivlikli olub, çox nadir hallarda qeydə alınır.

Koronaritin ağırlaşmaları

Ürək əzələsini qidalandıran damarlarda yaranan iltihabi proses hemodinamik dəyişikliklərə və kardiomiositlərin işemik zədələnməsinə (adətən – geri dönməyən) gətirib çıxarır. Kiçik və ya iri ocaqlı infarkt şəklində nekroz ocaqları əmələ gələrək, postinfarkt kardiosklerozla nəticələnə bilər. Ürək əzələsində olan çapıqlar ötürücü sistem üzrə impulsların hərəkətinə mane olmaqla, orqanın oyanıqlıq, keçiricilik və avtomatizminə mənfi təsir edir. Bəzi xəstələrdə hibernə edən miokard qeydə alınır. İltihab tromboz və tromboemboliyaya səbəb olan hiperplastik proseslərlə müşayiət oluna bilər.

Koronaritin diaqnostikası

Koronarit kardioloq tərəfindən aşkar edilir. Xəstəliyin diaqnostikası, xüsusən onun arteriyaların mənfəzini daraldan aterosklerotik lövhələrin yaranması ilə səciyyələnən və oxşar klinik fona malik ÜİX ilə müştərək rast gəlindiyi hallarda çətinliklər törədir. Diaqnostik üsullarla işemiya xəstəliyi inkar edildikdən sonra risk amillərinin olması koronar damarların iltihabından şübhələnməyə əsas verir. Diaqnostik tədbirlər sırasına aşağıdakılar aiddir:

  • Xəstənin obyektiv müayinəsi. Koronaritə səbəb olan xəstəliklərin müəyyən edilməsi və ÜİX ilə differensial diaqnostikanın aparılması üçün anamnezin toplanması vacibdir. Sistem patologiyaları, xroniki infeksiya ocaqları, nitratların qəbulu ilə aradan qalxmayan kardial ağrılar, ritm pozğunluğu ürək damarlarının iltihabından xəbər verir. Baxış və fiziki müayinə zamanı ürək çatışmazlığının əlamətləri: aşağı ətrafların ödemi, dərinin sianozu, ürəkdə küylər, ritm pozğunluğu müşahidə edilir.
  • Elektrokardioqrafiya. Bu üsul miokardın fəaliyyətinin pozulmasını aşkarlamağa imkan verir. Tac arteriyaları ilə qan dövranının çatışmazlığının əlamətləri (xüsusilə ürəyin iltihabi xəstəlikləri və ya sistem patologiyalarıdan əziyyət çəkən cavan pasiyentlərdə) koronaritə dəlalət edir. Çoxsaylı kiçikocaqlı infarktların EKQ-şəkli diaqnostik kriteriya hesab olunur. Əksər hallarda EKQ-nin sutkalıq monitorunqi tətbiq edilir, müayinənin nəticələrinə əsasən periodik baş verən ritm pozğunluğu və miokard işemiyası, onların yaranma şəraiti təyin olunur.
  • Koronaroqrafiya. Tac damarlarının kontrast rentgenoqrafiyası arteriyaların vizualizasiyasına, onların daralma dərəcəsinin qiymətləndirilməsinə şərait yaradır. Bundan əlavə rentgenokontrast müayinə koronaritin ağırlaşması olan trombozu aşkar etməyə kömək edir. Koronaroqrafiyadan cərrahi müalicə barədə məsələnin həllində istifadə olunur.
  • Laborator analizlər. Qanın biokimyəvi analizində ürək toxumasının nekroz markerləri sayılan fermentlərin: kreatinfosfokinaza, aminotransferaza, laktatdehidrogenaza, troponin, mioqlobin səviyyəsinin yüksəlməsi izlənilir. Xolesterinin yüksək konsentrasiyası, lipid spektrinin disbalansı – yuxarı sıxlıqlı lipoproteinlərin miqdarının digər fraksiyaların, eləcə də triqliseridlərin artması fonunda azalması ÜİX-nin olmasından xəbər verir.

Koronaritin müalicəsi

Xəstəliyin terapiyası bir neçə istiqamətdə aparılır: koronar damarların iltihabına gətirib çıxaran əsas xəstəliyin müalicəsi, ürəkdə metabolik dəyişikliklərin korreksiyası, təhlükəli ağırlaşmaların –miokard infarktı və ya tromboemboliyaların inkişafının qarşısının alınması. Ürək əzələsi və onu qidalandıran arteriyalarda geri dönməyən dəyişikliklər baş vermədikdə müalicə daha effektiv olur. Koronaritin terapiyası adətən konservativ, ağır hallarda isə cərrahi yolla aparılır. Müalicənin aşağıdakı komponentləri ayırd edilir:

  • Ümumi tədbirlər. Xolesterin və xörək duzunun məhdudlaşdırılması ilə pəhriz təyin olunur. Qida rasionunun dəniz və süd məhsulları, meyvə, tərəvəzlərlə zənginləşdirilməsi, yağlı xörəklər, şoraba, şəkər, un məmulatları, kofedən, eləcə də spirtli içkilər və siqaretdən imtina, gündəlik piyada gəzintilər məsləhət görülür.
  • Etiotrop medikamentoz terapiya. Preparat seçimi birbaşa olaraq koronaritə səbəb olan əsas xəstəlikdən asılıdır. Bakterial zədələnmələrdə (vərəm, sifilis, streptokokk infeksiyası) antibiotiklər təyin olunur. Allergik genezli iltihab zamanı antihistamin preparatlar, sistem patologiyalarında isə qlükokortikoid vasitələrdən istifadə edilir.
  • Simptomatik medikamentoz terapiya. Koronaritin kompleks müalicəsinin əsas məqsədi pasiyentin həyat keyfiyyətinin və xəstəliyin proqnozunun yaxşılaşdırılmasından ibarətdir. Ürək yığılmalarının tezliyini və nəticədə miokardın oksigenə olan təlabatını azaldan adrenoblokatorlar, nitratlar, diuretiklər, antiaritmik preparatlar (ötürücü sistemin pozğunluqlarında) göstəriş sayılır. Tromblaşma təhlükəsi yarandıqda antiaqreqantlar və antikoaqulyantlar tətbiq olunur.
  • Cərrahi müalicə. Koronar damarların mənfəzinin ifadəli daralmaları (normal diametrin 90%-ə qədəri) cərrahi əməliyyata göstərişdir. Əsas üsul koronar şuntlama hesab olunur, onun mahiyyəti stenoz nahiyəsindən aşağıda qanın hərəkətini bərpa edən alternativ yolun yaradılmasından ibarətdir. Adətən tac arteriyalar yaxınlıqda yerləşən aorta ilə birləşdirilir (aortokoronar şuntlama). Eləcə də ballon dilatasiyası ilə damarın genişləndirilməsi və sonradan mənfəzin daralmasının qarşısını alan stentin implantasiyası həyata keçirilə bilər.

Koronaritin proqnoz və profilaktikası

Koronaritin vaxtında diaqnostika və adekvat terapiyası zamanı, miokardın ciddi dəyişikliklərinin rast gəlinmədiyi hallarda proqnoz qənaətbəxş olur. Damarlar və ürək əzələsinin geridönməyən struktur dəyişikliklərində müalicə yalnız xəstəliyin gedişini ləngidə bilər.

Profilaktika koronaritin inkişafına gətirib çıxara bilən xəstəliklərin hərtərəfli diaqnostikasından ibarətdir. Bununla yanaşı sağlam həyat tərzi sürülməli – zərərli vərdişlər və psixoemosional yüklənmələrdən imtina edilməli, düzgün qidalanma qaydalarına riayət olunmalıdır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: