Mədəcik ekstrasistoliyası

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1706

mədəcik ekstrasistoliyası nədir?Mədəcik ekstrasistoliyası –ürəyin ritm pozğunluğunun mədəciklərin növbədən kənar, vaxtından əvvəl yığılmaları ilə səciyyələnən formasıdır. Ürək fəaliyyətində fasilələrin yaranması hissi, başgicəllənmə, anginoz ağrılar, boğulma, halsızlıqla təzahür edir. Diaqnoz ürəyi auskultasiyası, EKQ, Holter monitorinqinin nəticələrinə əsasən qoyulur. Mədəcik ekstrasistoliyasının müalicəsində sedativ vasitələr, ß-adrenoblokatorlar, antiaritmik preparatlardan istifadə olunur.

  • Mədəcik ekstrasistoliyasının yaranma səbəbləri
  • Mədəcik ekstrasistoliyalarının təsnifatı
  • Mədəcik ekstrasistoliyasının əlamətləri
  • Mədəcik ekstrasistoliyasının diaqnostikası
  • Mədəcik ekstrasistoliyasının müalicəsi
  • Mədəcik ekstrasistoliyasının proqnozu

Mədəcik ekstrasistoliyası barədə ümumi məlumat

Ekstrasistolik aritmiya (ekstrasistoliya) – ritm pozğunluğunun müxtəlif yaş qruplarında müşahidə olunan ən geniş yayılmış formasıdır. Ektopik oyanma ocağının lokalizasiyasından asılı olaraq kardiologiyada mədəcik, qulaqcıq-mədəcik və qulaqcıq ekstrosistoliyaları ayırd edilir; mədəcik ekstrasistoliyalarına daha çox (təxminən 62% hallarda) rast gəlinir.

Mədəcik ekstrasistoliyasına miokardın mədəciklərin ötürücü sistemi, əsasən His dəstəsinin şaxələri və Purkinye lifləri hesabına aparıcı ritmlə münasibətdə vaxtından əvvəl oyanması səbəb olur. EKQ-də mədəcik ekstrasistoliyası tək-tək ekstrasistolalar şəklində sağlam cavan şəxslərin təxminən 5%-də, EKQ-nin sutkalıq monitorinqində isə müayinə olunanların 50%-də aşkarlanır. Mədəcik ekstrasistoliyasının yayılma tezliyi yaşla düz mütənasibdir.

Mədəcik ekstrasistoliyasının yaranma səbəbləri

Mədəcik ekstrasistoliyasının səbəbləriMədəcik ekstrasistoliyası ürəyin üzvi xəstəlikləri ilə əlaqədar inkişaf edə və ya idiopatik xarakter daşıya bilər. Mədəcik ekstrasistoliyasının uzvi əsasını əksər hallarda ÜİX təşkil edir; miokard infarktlı xəstələrdə bu patologiya 90-95% hallarda qeydə alınır. Mədəcik ekstrasistoliyasının inkişafı postinfarkt kardioskleroz, miokardit, perikardit, arterial hipertenziya, dilatasion və ya hipertrofik kardiomiopatiya, xroniki ürək çatışmazlığı, ağciyər ürəyi, mitral qapağın prolapsı ilə müşayiət oluna bilər.

İdiopatik (funksional) mədəcik ekstrasistoliyası simpato-adrenal sistemin aktivləşməsinə gətirib çıxaran zərərli vərdişlər – siqaret çəkmə, stress, kofein tərkibli içkilər və alkoqoldan istifadə ilə bağlı ola bilər. Mədəcik ekstrasistoliyası boyun osteoxondrozu, neyrosirkulyator distoniya, vaqotoniyadan əziyyət çəkən şəxslərdə rast gəlinir. Parasimpatik sinir sisteminin hiperaktivliyi zamanı mədəcik ekstrasistoliyası sakit vəziyyətdə müşahidə edilə, fiziki yüklənmə hallarında itə bilər.

Mədəcik ekstrasistoliyasının yaranma səbəblərinə həmçinin yatrogen amillər aid edilir: ürək qlikozidlərinin doza həddinin aşılması, ß-аdrenostimulyatorlar, antiaritmik preparatlar, antidepressantlar, diuretiklərin və s. vasitələrin qəbulu.

Mədəcik ekstrasistoliyalarının təsnifatı

Holter üzrə EKQ-nin sutkalıq monitorlaşmasının nəticələrinə əsasən mədəcik ekstrasistoliyasının 6 sinfi ayırd edilmişdir:

  • 0 sinfi– mədəcik ekstrasistoliyası izlənilmir;
  • I sinif – monitorinqin istənilən  1 saatı ərzində 30-dan az tək monomorf (monotip) mədəcik ekstrasistoliyaları qeydə alınır;
  • II sinif – monitorinqin istənilən 1 saatı ərzində 30-dan çox tək monomorf (monotip) mədəcik ekstrasistoliyaları qeydə alınır;
  • III sinif – polimorf (polifokal) mədəcik ekstrasistoliyaları qeydə alınır;
  • IVа sinfi– monomorf cüt mədəcik ekstrasistoliyaları qeydə alınır;
  • IVb sinfi – polimorf cüt mədəcik ekstrasistoliyaları qeydə alınır;
  • V sinif – qrup şəklində (30 saniyə ərzində ardıcıl 3-5) polimorf mədəcik ekstrasistoliyaları, eləcə də paroksizmal mədəcik taxikardiyasının epizodları qeydə alınır.

I sinif mədəcik ekstrasistoliyaları klinik olaraq təzahür etmir, hemodinamik pozğunluqlarla müşayiət olunmur, bununla əlaqədar funksional kateqoriyaya aid edilir. II-V sinifə aid olan ekstrasistoliyalarda mədəciklərin fibrillyasiyasıqəfləti koronar ölüm riski yüksək olur.

Proqnostik təsnifata görə mədəcik aritmiyaları 3 qrupa bölünür:

  • Xoşxassəli gedişli mədəcik aritmiyaları – ürəyin üzvi zədələnməsi və sol mədəcik miokardının obyektiv əlamətlərinin olmaması ilə xarakterizə edilir; qəfləti ürək ölümünün yaranma riski minimaldır;
  • Potensial bədxassəli gedişli mədəcik aritmiyaları – ürəyin üzvi zədələnməsi, atım fraksiyasının 30%-ə qədər azalması fonunda mədəcik aritmiyaları ilə səciyyələnir; qəfləti ürək ölümünün yaranma təhlükəsi yüksəkdir;
  • Bədxassəli gedişli mədəcik aritmiyaları – ürəyin ağır zədələnmələri fonunda mədəcik ekstrasistoliyaları ilə xarakterizə olunur; qəfləti ürək ölümünün maksimal riski ilə müşayiət edilir.

Mədəcik ekstrasistoliyasının əlamətləri

Mədəcik ekstrasistoliyasının əlamətləriMədəcik ekstrasistoliyası simptomsuz gedə və ya güclənmiş postekstrasistolik yığılma nəticəsində ürəyin «dayanması», fəaliyyətində «fasilələr» və ya «təkan» hissləri ilə özünü büruzə verə bilər. Vegetativ-damar distoniyasının strukturunda mədəcik ekstrasistoliyası yorğunluq, əsəbilik, başgicəllənmə, periodik baş ağrıları fonunda gedir. Ürəyin üzvi zədələnmələrində tez-tez təkrarlanan ekstrasistoliyalar halsızlıq, anginoz ağrılar, hava çatışmazlığı hissi, bayılmalara səbəb ola bilər.

Obyektiv müayinə boyun venalarının presistolik pulsasiyasını (venoz Korriqan dalğaları) aşkar etməyə imkan imkan verir. Mədəcik ekstrasistoliyasını auskultativ əlamətlərinə I tonun ucalığının dəyişməsi, II tonun ayrılması aiddir. Yekun diaqnostika yalnız instrumental üsullarla aparıla bilər.

Mədəcik ekstrasistoliyasının diaqnostikası

Mədəcik ekstrasistoliyasının əsas diaqnostik üsulları EKQ və  Holter monitorinqidir. Elektrokardioqrammada dəyişilmiş QRS mədəcik kompleksinin növbədən kənar vaxtından əvvəl yaranması, ekstrasistolik kompleksin deformasiyası və genişlənməsi (0,12 saniyədən artıq); ektrasistoladan əvvəl P dişciyinin olmaması; mədəcik ekstrasistoliyasından sonra tam kompensator fasilə və s. qeydə alınır.

Veloerqometriya və ya tredmil-testinin köməyilə ritm pozğunluğu ilə yüklənmə arasındakı əlaqə müəyyən edilir: idiopatik mədəcik ekstrasistoliyası adətən fiziki yüklənmə zamanı itir; yüklənməyə cavab olaraq mədəcik ekstasistoliyasının yaranması ritm pozğunluğunun üzvi əsaslı olmasına dəlalət edir.

Zərurət yarandıqda əlavə olaraq transezofageal EKQ, exokardioqrafiya, ritmokardioqrafiya, sfiqmoqrafiya, polikardioqrafiya tətbiq olunur.

Mədəcik ekstrasistoliyasının müalicəsi

Ürəyin üzvi patologiyaları ilə müşayiət olunmayan simptomsuz mədəcik ekstrasistoliyaları spesifik müalicə tələb etmir.  Pasiyentlərə kalium duzları ilə zəngin pəhriz, provokasiyaedici amillərin (siqaret, spirtli içkilər, tünd kofe) uzaqlaşdırılması, hipodinamiya zamanı fiziki aktivliyin artırılması məsləhət görülür.

Qalan hallarda terapiyanın məqsədi mədəcik ekstrasistoliyası ilə bağlı əlamətlərin aradan qaldırılmasından və həyat üçün təhlükəli ağırlaşmaların profilaktikasından ibarətdir. Müalicəyə sedativ preparatların (fitopreparatlar və ya aşağı dozalı trankvilizatorlar) və  ß-adrenoblokatorların   (anaprilin, obzidan) təyini ilə başlanılır. Adətən bu tədbirlərlə qənaətbəxş nəticə əldə etmək: mədəcik ekstrasistoliyalarının sayını və postekstrasistolik yığılmaların gücünü azaltmaq mümkün olur. Bradikardiyalı xəstələrdə mədəcik ekstrasistoliyasına qarşı xolinolitik təsirli preparatları  (belladonna alkaloidləri + fenobarbetal, erqotoksin+ belladonna ekstraktı və s.) tətbiq edilir.

Ümimi vəziyyətin ifadəli pozğunluqlarında və ß-аdrenoblokatorlar, sedativ vasitələrlə müalicənin effekt vermədiyi hallarda antiaritmik preparatların (prokainamid, meksiletin, flekainid, amiodoron, sotalol) istifadəsi mümkündür. Antiaritmik preparatlar kardioloq tərəfindən EKQ və Holter monitorinqinin nəzarəti altında seçilir.

Tez-tez təkrarlanan aritmogen ocaqlı mədəcik ekstrasistoliyaları və antiaritmik terapiyanın nəticə verməməsi radiodalğalı kateter ablasiyaya göstəriş sayılır.

Mədəcik ekstrasistoliyasının proqnozu

Mədəcik ekstrasistoliyasının gedişi onun formasından, ürəyin üzvi patologiyaları və hemodinamik dəyişikliklərdən asılıdır. Funksional mədəcik ekstrasistoliyası həyat üçün təhlükə törətmir. Ürəyin üzvi zədələnməsi fonunda inkişaf edən mədəcik ekstrasistoliyası isə mədəcik taxikardiyası və mədəciklərin fibrillyasiyası səbəbindən qəfləti ölüm hallarının yaranma riskini əhəmiyyətli dərəcədə artırır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: