Müştərək mitral qüsur

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1137

Müştərək mitral qüsur nədir?Müştərək mitral qüsur – ikitaylı qapağın çatışmazlığı və sol qulaqcıq-mədəcik dəliyinin stenozu ilə səciyyələnən kombinəolunmuş zədələnmədir. Mitral qüsur halsızlıq, fiziki yüklənməyə qarşı tolerantlığın azalması, təngnəfəslik, qanhayxırma, akrisianoz, ürəkdöyünmə, ürək fəaliyyətində fasilələrlə təzahür edir. Diaqnoz anamnestik məlumatlar, auskultasiya, instrumental müayinələrin (elektrokardioqrafiya, fonokardioqrafiya, rentgenoqrafiya, exokardioqrafiya) nəticələrinə əsaslanır. Mitral qüsurun medikamentoz terapiyası infeksion endokarditin, revmatik qızdırmanın residivlərinin profilaktikası, aritmiyanın müalicəsi, antikoaqulyant terapiyadan ibarətdir; cərrahi müalicə mitral qapağın protezlənməsi ilə icra olunur.

  • Müştərək mitral qüsurun yaranma səbəbləri
  • Müştərək mitral qüsurlarda hemodinamikanın xüsusiyyətləri
  • Müştərək mitral qüsurun əlamətləri
  • Müştərək mitral qüsurun diaqnostikası
  • Müştərək mitral qüsurun müalicəsi
  • Müştərək mitral qüsurun proqnoz və profilaktikası

Müştərək mitral qüsur barədə ümumi məlumat

Müştərək mitral qüsur (mitral xəstəlik) – atrioventrikulyar qapağın çatışmazlığı ilə sol atrioventrikulyar dəliyin stenozundan ibarət qazanılmış ürək qüsuru olub, ürəkdaxili hemodinamikanın müvafiq pozğunluqları ilə təzahür edir. İzoləolunmuş mitral çatışmazlıq və ya mitral stenozla müqayisədə müştərək mitral qüsura daha çox rast gəlinir.

Mitral qüsurda dəliyin stenozu və ya qapağın çatışmazlığı üstün ola və yaxud hər ikisi təxminən bərabər səviyyədə ifadə oluna bilər. Bununla əlaqədar mülayim stenoz və ifadəli çatışmazlıq; ifadəli stenoz və mülayim çatışmazlıq; ifadəli stenoz və ifadəli çatışmazlıqla səciyyələnən mitral qüsurlar ayırd edilir.

Müştərək mitral qüsurun yaranma səbəbləri

Müştərək mitral qüsurun səbəbləriMüştərək mitral qüsur demək olar ki, hər zaman keçirilmiş revmatizm nəticəsində formalaşır. Revmatik həmlələrin residivləri mitral qapağın taylarını zədələyərək, onların komissural bitişməsinə, fibrozun inkişafına, tayların sklerozu və kalsinozuna, qapaqaltı strukturların zədələnməsinə səbəb olur.  Revmatik endokardit zamanı sol qulaqcıq-mədəcik dəliyinin çapıqlaşması və stenozlaşması güclənir.

Revmatik zədələnmədən əlavə mitral qüsurun formalaşmasında ikincili qeyri-spesifik amillər böyük rol oynayır. Onlar arasında mitral qapağın daima məruz qaldığı hemodinamik təsirlər mühüm əhəmiyət kəsb edir. Belə hallar komissuralar nahiyəsində tayların cırılmasına gətirib çıxarır. Nəticədə taylar bitişir, mitral qüsur proqressivləşir.

Müştərək qüsurlarda mitral qapağın taylarının deformasiyası və qulaqcıq-mədəcik dəliyinin çapıq stenozu izoləolunmuş mitral qüsurlara nisbətən daha qabarıq ifadə olunur. Qapaqların tayları qalınlaşır, kənarları xaricə çevrilir; qapaq dəliyi daralır və böyümə qabiliyyətini itirir; xordalar qalınlaşır və qısalır, ifadəli kalsinoz müşahidə edilir.

Müştərək mitral qüsurlarda hemodinamikanın xüsusiyyətləri

Müştərək mitral qüsurda ürəkdaxili hemodinamik dəyişikliklər atrioventrikulyar dəliyin stenozu və ya mitral qapaq çatışmazlığının üstünlük təşkil etməsindən asılıdır. Bu zaman sol qulaqcıq, sağ və sol mədəciklərin hipertrofiya və dilatasiyası inkişaf edir. Kiçik qan dövranı venalarında durğunluq və ağciyər hipertenziyası artır. Müştərək qüsurun dekompensasiyası sağ mədəcik çatışmazlığı əlamətləri və böyük qan dövranında durğunluqla xarakterizə olunur. Xüsusən fiziki yüklənmələr zamanı ürək atımı-dəqiqəlik həcm azalır (fiksəolunan vurğu həcmi).

Müştərək mitral qüsurun əlamətləri

Müştərək mitral qüsurun əlamətləriPasiyentlərin anamnezində keçirilmiş ağır endokardit və ya pankardit, revmatizmin ekstrakardial əlamətləri, müalicənin gecikdirilməsi, revmatik prosesin uzun müddət aktiv olması və ya xəstəliyin təkrarlanan residivləri barədə məlumatlara rast gəlinir. Mitral qüsurun subyektiv təzahürləri təngnəfəslik, öskürək, qanhayxırma, ürəkdöyünmə, kardialgiya, ürək fəaliyyətində fasilələr, fiziki yüklənməyə qarşı tolerantlığın azalması ilə səciyyələnir.

Kəskin respirator və ya bronx-ağciyər infeksiyası ilə əlaqədar ümumi vəziyyət pozula bilər. Dəri örtüklərinin solğunluğu, akrosianoz, taxikardiya, qulaqcıqların fibrillyasiyası qeydə alınır. Mitral qüsurlu xəstələr astenik bədən quruluşuna malik olur, əksər pasiyentlərdə fiziki infantilizmin əlamətləri müşahidə edilir. Müştərək mitral qüsur tez bir zamanda dekompensasiya olunur; anomaliyanın gec mərhələlərində boyun venalarının qabarması, periferik ödemlər, hepatomeqaliya aşkar edilir.

Mitral qüsurun ağırlaşmalarına səyrici aritmiya, arterial ağciyər hipertenziyası, tromboemboliya aiddir.

Müştərək mitral qüsurun diaqnostikası

Sol atrioventrikulyar dəliyin stenozunun üstünlük təşkil etdiyi hallarda (onun sahəsinin 0,5-1,0 sm² olması və kiçik həcmli mitral requrgitasiya zamanı) mitral qüsurun klinik şəklində stenoz əlamətləri ön plana keçir. Mitral stenoz üçün diastolik küy, çırpılan I ton, mitral qapağın açılma tonu xarakterikdir.

Müştərək mitral qüsurun strukturunda atrioventrikulyar qapaq çatışmazlığı stenoz (mitral dəliyin sahəsi 1,5-2 sm²) üzərində dominantlıq etdikdə auskultasiyada bütün sistolanı əhatə edən intensiv və uzunmüddətli sistolik küy aşkarlanır. Stenoz və çatışmazlıq eyni dərəcədə ifadə olunduqda ürəyin zirvə nahiyəsində I tonun zəifləməsi və ağciyər arteriyasının proyeksiyasında II tonun aksenti müəyyən edilir; intensiv sistolik küylə yanaşı diastolik küy eşidilir.

Elektrokardioqrammada sol qulaqcıq və mədəciklərin hipertrofiya əlamətləri qeyd olunur. Fonokardioqrafiya ürək küylərinin mitral stenoz və mitral çatışmazlığa xas olan dəyişikliklərini müəyyən edir. Döş qəfəsinin rentgenoqrafiyasında ürək sərhədlərinin genişlənməsi, mitral qapaq proyeksiyasında kalsinoz, ağciyər fonunun dəyişməsi aşkar olunur.

Exokardioqrafiyanın köməyilə mitral qüsurun diaqnozu təsdiqlənir, üstünlük təşkil edən əlamətlər (stenoz və ya çatışmazlıq) təyin olunur. Dopplerexokardioqrafiya mitral qapaqda diastolik təzyiq qradiyentini və requrgitasiyanın həcmini qiymətləndirməyə kömək edir. Ehtiyac yarandıqda bu məlumatları əldə etmək üçün ürək boşluqlarının zondlanması və ventrikuloqrafiyadan istifadə olunur.

Müştərək mitral qapaq qüsuru hipertrofik kardiomiopatiyaqulaqcıqlararası çəpərin qüsuru ilə differensiasiya edilir.

Müştərək mitral qüsurun müalicəsi

Kombinə olunmuş mitral qüsurun medikamentoz terapiyası infeksion endokardit, revmatik qızdırmanın residivlərinin profilaktikasına, aritmiyaların müalicəsinə, tromboembolik ağırlaşmaların qarşısının alınmasına yönəldilir.

İfadəli klinik şəkil və requrgitasiyanın ölçüsünün qanın vurğu həcminin 40%-dən çox olması cərrahi müalicəyə göstəriş sayılır. Müştərək mitral qüsurlarda adətən mitral qapağın protezlənməsi həyata keçirilir. Kalsinozun müşahidə edilmədiyi və qapaqların normal hərəkətliliyə malik olduğu hallarda qapaq qoruyucu müdaxilə – süni həlqədən istifadə etməklə mitral qapağın plastikası (annuloplastika) icra olunur.

Müştərək mitral qüsurlu xəstələrdə kardiocərrahi əməliyyatdan sonra həyat keyfiyyətinin yaxşılaşması və sağ qalma göstəriciləri izoləolunmuş stenoz zamanı aparılan komissurotomiyadan sonrakı göstəricilərlə müqayisədə aşağı olur.

Müştərək mitral qüsurun proqnoz və profilaktikası

Mitral qüsurun gedişi qeyri-qənaətbəxşdir. Xəstəliyin sonluğu hemodinamik dəyişikliklərin proqressivləşmə tempi, revmatik həmlələrin tezliyi və ağırlığı, fəsadların inkişafından asılıdır. İfadəli hemodinamik pozğunluqlarda hipertrofiyalaşan, çapıqlaşan və distrofiyaya uğrayan miokardın yığılma qabiliyyəti sürətlə azalır, bu da ürək çatışmazlığı və ölümün daha tez baş verməsinə səbəb olur.

Müştərək mitral qüsurlu xəstələr kardioloq, revmatoloq, kardiocərrahın müşahidəsi altında olmalıdır. Bu tip qadınlarda hamiləliyə yalnız qan dövranının tam kompensasiyası şəraitində icazə verilir.

Mitral qapaq qüsurunun profilaktik tədbirlərinə infeksion xəstəliklərin: faringit, tonsizllit, skarlatina və s. səbəb olduğu revmatik həmlələrin qarşısının alınması aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: