Obliterasiyaedici endarteriit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3479

obliterasiyaedici endarteriit nədir?Obliterasiyaedici endarteriit – periferik arteriyaların proqressiv zədələnməsi olub, onların stenozu və obliterasiyası nəticəsində ətrafların ağır işemiyası ilə müşayiət edilir. Klinik gediş fasiləli axsama, ətraflarda ağrı, trofik pozğunluqlar (dəri və dırnaqların quruluğu, çatlaması, xoralar); ətrafların nekroz və qanqrenası ilə xarakterizə olunur. Diaqnoz fizikal məlumatlar, ultrasəs doppleroqrafiya, reovazoqrafiya, periferik arterioqrafiya, kapilyaroskopiyanın nəticələrinə əsaslanır. Obliterasiyaedici endarteriitin konservativ müalicəsi medikamentoz və fizioterapevtik kurslarla aparılır; cərrahi taktika isə simpatektomiya, trombendarterektomiya, arteriyanın protezlənməsi, şuntlama və digər üsulların tətbiqini nəzərdə tutur.

  • Obliterasiyaedici endarteriitin yaranma səbəbləri
  • Obliterasiyaedici endarteriitin patogenezi
  • Obliterasiyaedici endarteriitin təsnifatı
  • Obliterasiyaedici endarteriitin əalmətləri
  • Obliterasiyaedici endarteriitin diaqnostikası
  • Obliterasiyaedici endarteriitin müalicəsi
  • Obliterasiyaedici endarteriitin proqnoz və profilaktikası

Obliterasiyaedici endarteriit barədə ümumi məlumat

Obliterasiyaedici endarteriit – periferik damarların xroniki xəstəliyidir. Onun əsasında kiçik arteriyaların obliterasiyası dayanır, bu da aşağı ətrafların distal hissələrinin ifadəli  qan dövranı pozğunluqları ilə müşayiət olunur. Obliterasiyaedici endarteriitdən demək olar ki, ancaq kişi cinsinin nümayəndləri əziyyət çəkir: kişi və qadınların nisbəti 99:1 təşkil edir. Obliterasiyaedici endarteriit  cavan kişilərdə ətrafların amputasiyasının ən çox  rast gəlinən səbəblərindən biridir.

Obliterasiyaedici endarteriit bəzən yanlış olaraq, obliterasiyaedici ateroskleroz kimi qiymətləndirilir. Simptomatikanın oxşarlığına baxmayaraq, onlar fərqli etiopatogenetik mexanizmə malikdir. Obliterasiyaedici endarteriit adətən cavanlarda (20-40 yaş arası) müşahidə edilir, distal (xüsusən baldır və pəncə) arterial damarları zədələyir. Obliterasiyaedici ateroskleroz isə sistemli aterosklerozun təzahürü sayılır, daha yuxarı yaşlarda aşkarlanır, yayılmış xarakterli olur, əsasən iri arterial damarları zədələyir.

Obliterasiyaedici endarteriitin yaranma səbəbləri

Obliterasiyaedici endarteriitin səbəbləriDamar cərrahiyyəsi və kardiologiyada obliterasiya edici endarteriitin yaranma səbəbləri mübahəsili olaraq qalır. İnfeksion-toksiki, allergik, hormonal, sinir, autoimmun amillərin rolu, qanın laxtalanma sisteminin patologiyasının təsiri müzakirə edilir. Obliterasiyaedici endarteriitin multifaktorlu xəstəlik olması ehtimal edilir.

Məlumdur ki, periferik damarların uzunmüddətli spastik vəziyyətinə siqaret çəkmə, xroniki intoksikasiyalar, ətrafların soyuması və donması, oturaq sinirin xroniki nevriti ilə əlaqədar periferik innervasiyanın pozulması, ətrafların yaralanmaları və s. şərait yaradır. Bəzi məlumatlara əsasən obliterasiyaedici endarteriitin inkişafına səpgili yatalaq, sifilis, pəncənin epidermofitiyası səbəb olur.

Obliterasiyaedici endarteriitin etiologiyasında neyro-psixi amillər, böyrəküstü və cinsiyyət vəzilərinin hormonal funksiyalarının pozulması nəticəsində yaranan vazospastik reaksiyalar böyük rol oynayır. Damar endotellərinə qarşı anticisimlərin sintezi, sirkulyasiya edən immun komplekslərin artması, limfositlərin sayının azalması autoimmun mexanizmin doğruluğunu sübut edir.

Obliterasiyaedici endarteriitin patogenezi

Obliterasiyaedici endarteriitin ilkin mərhələlərində damar spazmı üstünlük təşkil edir. Zaman keçdikcə o, damar divarlarının üzvi dəyişiklikləri: onların daxili qişasının qalınlaşması, divaryanı tromblarla müşayiət edilir. Uzunmüddətli spazm nəticəsində trofik pozğunluqlar və damar divarının arteriya mənfəzinin daralmasına, bəzən tam obliterasiyasına gətirib çıxaran degenerativ dəyişiklikləri baş verir. Damarın obliterasiya olunan sahəsinin ölçüsü 2-20sm arasında dəyişə bilər.

Okklüziya sahəsinin ətrafında inkişaf edən kollateral şəbəkə əvvəlcə toxumaların funksional tələbatını yalnız yüklənmə zamanı təmin etmir (nisbi qan dövranı çatışmazlığı); sonralar isə periferik qan dövranının mütləq çatışmazlığı meydana çıxır – fasiləli axsama və güclü ağrılar təkcə yerimə zamanı deyil, sakitlik halında da xəstəni narahat edir. Obliterasiyaedici endarteriit fonunda ikincili işemik nevrit formalaşır.

Patofiizoloji dəyişikliklərə əsasən obliterasiyaedici endarteriitin inkişafı 4 fazaya ayrılır:

  • I faza – sinir-damar uclarının distrofik dəyişiklikləri. Klinik təzahürlər müşahidə edilmir, trofikanın pozulması kollateral qan dövranı tərəfindən kompensə edilir.
  • 2 faza–kollateral qan dövranının çatışmazlığı ilə müşayiət olunan damar spazmı. Bu faza klinik olaraq, ağrı, yorğunluq, ayaqların soyuması, fasiləli axsama ilə təzahür edir.
  • 3 faza–intima qişası və damar divarının digər qatlarında birləşdirici toxumanın inkişafı.  Trofik pozğunluqlar, arteriyalar üzərində pulsasiyanın zəifləməsi, sakitlik vəziyətində ağrılar qeydə alınır.
  • 4 faza– arterial damarlar tamamilə obliterasiya olunmuş və ya tromblaşmışdır. Ətrafların nekrozu və qanqrenası müşahidə edilir.

Obliterasiyaedici endarteriitin təsnifatı

Obliterasiyaedici endarteriit 2 klinik formada gedə bilər – məhdud və generalizə olunmuş. Birinci halda yalnız aşağı ətrafların (bir və ya hər ikisi) arteriyaları zədələnir; patoloji dəyişikliklər ləng proqressivləşir. Generalizə olunmuş formada isə nəinki ətrafların damarları, həm də qarın aortasının visseral şaxələri, aorta qövsünün şaxələri, serebral və koronar arteriyalar zədələnir.

Ağrı reaksiyasının ifadəliliyi nəzərə alınmaqla aşağı ətrafların işemiyasının 4 mərhələsi ayırd edilir:

  • I – ayaqlarda ağrı sindromu xəstə 1 km-dən artıq məsafəni qət etdikdən sonra yaranır;
  • IIА – baldır əzələlərində ağrılar xəstə 200 m-dən artıq məsafəni qət etdikdən sonra yaranır;
  • IIB – ağrı 200 m-dən az məsafəni qət edərkən baş verir;
  • III – ağrı sindromu 25 m-dən az məsafəni yeriyərkən və sakitlik vəziyyətində yaranır;
  • IV – aşağı ətraflarda xoralı-nekrotik qüsurlar əmələ gəlir.

Obliterasiyaedici endarteriitin əlamətləri

Obliterasiyaedici endarteriitin əlamətləriObliterasiyaedici endarteriitin gedişi 4 mərhələyə bölünür: işemik, trofik pozğunluqlar, xoralı-nekrotik, qanqrenoz. İşemik simptomokompleks yorğunluq hissi, ayaqların üşüməsi, paresteziyalar, baldır əzələləri və pəncələrdə qıcolmalarla xarakterizə olunur. Bəzən obliterasiya edici endarteriit baldır və pəncənin dərialtı venalarında trombların əmələ gəlməsi ilə səciyyələnən miqrasiyaedici tromboflebitin (obliterasiyaedici trombangiit, Bürger xəstəliyi) əlamətləri ilə başlanır.

Obliterasiyaedici endarteriitin ikinci mərhələsində sadalanan simptomlar güclənir, yerimə zamanı ətraflarda ağrı yaranır – fasiləli axsama xəstəni istirahət etmək üçün tez-tez dayanmağa məcbur edir. Ağrılar baldır əzələləri, pəncə və ya ayaq barmaqlarında lokalizasiya olunur. Ayaqların dərisi quruyur, «mərmərləşir» və ya göyərir; dırnaqların ləng böyüməsi və deformasıyası, ayaqlarda tüklərin tökülməsi qeydə alınır. Pəncə arteriyalarında pulsasiya çətinliklə müəyyən edilir və ya bir ayaqda ümumiyyətlə olmur.

Obliterasiyaedici endarteriitin xoralı-nekrotik mərhələsi üçün sakitlik vəziyyətində ağrılar (xüsusən gecə saatlarında), ayaq əzələlərinin atrofiyası, dərinin şişikinliyi, pəncə və barmaqlarda trofik xoraların yaranması səciyyəvidir. Əksər hallarda xora prosesinə limfangit, tromboflebit qoşulur. Pəncə arteriyalarının pulsasiyası aşkarlanmır.

Obliterasiyaedici endarteriitin son mərhələsində aşağı ətrafların quru və ya yaş qanqrenası inkişaf edir. Qanqrenanın başlanması adətən xarici amillərin (dəri yaralanmaları, kəsiklər) təsiri və ya mövcud xora ilə bağlı olur. Əsasən pəncə və barmaqlar zədələnir, bəzən isə qanqrena baldır toxumalarına yayılır. Qanqrena zamanı meydana çıxan toksemiya sindromu ətrafın amputasiyasına göstəriş sayılır.

Obliterasiyaedici endarteriitin diaqnostikası

Obliterasiyaedici endarteriitin diaqnostikasında bir sıra funksional sınaqlardan (Qoldflam, Şamova, Samyuels, termometrik sınaqlar və s.) istifadə olunur, ətrafların arterial qan təhcizatının çatışmazlığını aşkarlamağa imkan verən xarakterik əlamətlər (Oppelin plantar işemiya simptomu, barmaqların sıxılması simptomu, Pançenkonun diz fenomeni) tədqiq edilir.

Obliterasiyaedici endarteriitin diaqnozunun qoyulması məqsədilə aşağı ətraf damarlarının USDQ, reovazoqrafiya, termoqrafiya, kapilyaroskopiya, ossiloqrafiya, angioqrafiya icra olunur. Damar spazmını müəyyən etmək üçün funksional sınaqlar – bel qanqliyalarının paravertebral blokadası və paranefral blokada aparılır.

Reoqramma baldır və pəncə aparmalarında dalğanın konturlarının hamarlaşması, amplitudun azalması, əlavə dalğaların xarakterizə edilir. Obliterasiyaedici endarteriitli pasiyentlərdə ultrasəs müayinələrin (doppleroqrafiya, dupleks skanlama) nəticələri qan cərəyanının sürətinin azalmasını sübut edir, damarın obliterasiya səviyyəsini dəqiqləşdirməyə imkan verir. Termoqrafik müayinələr ətrafların zədələnmiş nahiyələrində İQ-şüalanmanın intensivliyinin zəifləməsini aşkar edir.

Periferik arterioqrafiya adətən aorta-qalça-bud seqmentinin normal keçiriciliyi fonunda dizaltı və baldır arteriyalarının daralma və ya okklüziyasını; kiçik kollaterallar şəbəkəsinin olmasını müəyyən edir. Obliterasiyaedici endarteriit obliterasiyaedici ateroskleroz, venaların varikoz genişlənməsi, diabetik makroangiopatiya, diskogen mielopatiya, artrozartrit, miozit, yastıpəncəlilik, radikulitlə assosiasiyalı ayaq ağrıları ilə differensiasiya edilir.

Obliterasiyaedici endarteriitin müalicəsi

Obliterasiyaedici endarteriitin erkən mərhələlərində damar divarının spazmının, iltihabi prosesin aradan qaldırılması, trombozun profilaktikası və mikrosirkulyasiyanın yaxşılaşmasına yönəldilmiş konservativ terapiya aparılır. Bu məqsədlə spazmolitiklər (drotaverin, nikotin turşusu), iltihabəleyhinə vasitələr (antibiotiklər, antipiretiklər, kortikosteroidlər), vitaminlər (В, E, С), antikoaqulyantlar ( fenindion, heparin), antiaqreqantlardan (pentoksifillin, dipiridamol) istifadə olunur. Vazaprostan və ya alprostadilin arteriyadaxili infuziyaları tətbiq edilir.

Obliterasiyaedici endarteriitlərdə fizioterapevtik və balneoloji müalicə (UYT, diadinamik cərəyanlar, elektrofarez, diatermiya, ozokerit applikasiyaları,  hidrogen sulfid, radon, iynəyarpaq dəmləmələri ilə vannalar, yerli ayaq vannaları), hiperbarik oksigenasiya müsbət nəticələr verir. Effektiv müalicənin mütləq şərti siqaret çəkməkdən tamamilə imtina etməkdir.

Obliterasiyaedici endarteriitin xoralı-nekrotik mərhələsi, sakitlik vəziyyətində ağrılar, IIB mərhələsində ifadəli fasiləli axsama cərrahi əməliyyata göstəriş sayılır. Obliterasiyaedici endarteriit zamanı icra olunan bütün müdaxilələr 2 qrupa bölünür: palliativ (kollateralların funksiyasını yaxşılaşdıran) və rekonstruktiv (pozulmuş qan dövranını bərpa edən). Palliativ əməliyyatlar qrupuna müxtəlif növ simpatektomiyalar: periarterial simpatektomiya, bel simpatektomiyası, döş simpatektomiyası (yuxarı ətraf damarlarının zədələndiyi hallarda) daxildir.

Rekonstruktiv əməliyyatlara arteriyaların şuntlanma və protezlənməsi, trombembolektomiya, periferik arteriyaların dilatasiya və ya stentlənməsi aiddir, lakin bu müdaxilələr az hallarda, yalnız damarın kiçik hissəsinin obturasiyası zamanı yerinə yetirilir. Qanqrena ətrafın seqmentinin amputasiyasına (ayaq barmaqları, pəncə, baldırın amputasiyası) göstəriş hesab olunur. Barmaqların aydın demarkasion xəttlə müşahidə olunan izoləolunmuş nekrozları falanqaların ekzartikulyasiyası və ya nekrektomiya ilə kifayətlənməyə imkan verir.

Obliterasiyaedici endarteriitin proqnoz və profilaktikası

Obliterasiyaedici endarteriitin gedişi profilkatik tədbirlərə riayət olunmasından – provokasiyaedici amillərin aradan qaldırılması, ətrafların travmalarının qarşısının alınması, medikamentoz terapiya kurslarının mütəmadi aparılması, damar cərrahının dispanser müşahidəsindən asılıdır.

Qənaətbəxş gedişə malik formalarda uzunmüddətli remissiya əldə etmək və obliterasiyaedici endarteriitin proqressivləşmənin  qarşısını almaq mümkündür. Əks halda xəstəlik ətrafın qanqrena və amputasiyası ilə nəticələnir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: