Postinfarkt sindrom

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 2191

postinfarkt sindrom nədir?Postinfarkt sindrom – kəskin miokard infarktından bir neçə həftə keçdikdən sonra yaranan autoimmun genezli perikarditdir. Bu ağırlaşma əlamətlərin klassik triadası: ürək nahiyəsində ağrı, perikardın sürtünmə küyü, ağciyər simptomları (xışıltı, öskürək, təngnəfəslik) ilə xarakterizə edilir. Diaqnozun verufukasiyası üçün qanın ümumi analizi, EKQ, döş qəfəsinin rentgenoqrafiyası, perikard və plevra boşluğunun USM aparılır. Müalicə simptomatik, iltihabəleyhinə və kardiotrop terapiyadan ibarətdir. Ağırlaşmış formalarda plevrosentez, perikardiosentez və ya perikardektomiya icra olunur.

  • Postinfarkt sindromun yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Postinfarkt sindromun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Postinfarkt sindromun müalicəsi
  • Proqnoz və profilaktika

Postinfarkt sindrom barədə ümumi məlumat

Klinik terminologiyada ürəkətrafı kisəsinin autoimmun zədələnməsi postinfarkt sindrom (PS) və ya Dressler sindromu adlandırılır. İmmun sistemin destruktiv dəyişilmiş miokard zülallarına qarşı qeyri-adekvat reaksiyası nəticəsində yaranan bu ağırlaşma 1955-ci ildə amerikalı kardioloq V.Dressler tərəfindən təsvir olunmuşdur. Tibb ədəbiyyatında postinfarkt sindromun gecikmiş perikardit, postkardiotomik, posttravmatik perikardial sindrom və postinfarkt poliserozit kimi sinonimlərinə rast gəlinir. Postinfarkt sindromun populyasiyada yayılması 3-4% təşkil edir, lakin müxtəlif etibarlı mənbələrin məlumatlarına əsasən atipik və az simptomlu formaları nəzərə almaqla ağırlaşma geniş sahəli, ağırlaşmış və ya təkrari miokard infarktı keçirən pasiyentlərin 15-30%-də inkişaf edir.

Postinfarkt sindromun yaranma səbəbləri

Postinfarkt sindromun səbəbləriXəstəliyin başlıca səbəbi miokard liflərinin işemik zədələnməsi və ölümüdür. Postinfarkt sindrom adətən iriocaqlı ağırlaşmış infarkt zamanı yaranır. Nekrozlaşmış toxumanın dağılması prosesində immun sistemin yad cisim kimi qəbul etdiyi denaturasiyaya uğrayan zülallar qan dövranına daxil olur, nəticədə postinfarkt sindroma səbəb olan autoimmun reaksiya inkişaf edir.

Ürək əzələsinin tamlığının pozulması zamanı ürəkətrafı qişaya nüfuz edən qanın antigenləri simptomokompleksin formalaşmasında mühüm rol oynayır. Bununla əlaqədar kəskin miokard işemiyasından əlavə döş qəfəsinin travmaları, ürək yaralanmaları və ya qeyri-adekvat kardiocərrahi müdaxilələrlə assosiasiyalı hemoperikard (perikard boşluğuna qansızma) xəstəliyin inkişafına təkan verə bilər. Həmçinin risk qrupuna autoimmun patologiyalı postinfarkt pasiyentlər daxildir. Bəzi müəlliflərin fikrincə iltihabi prosesə virus infeksiyası səbəb olur, ancaq bu məsələ kardologiya sahəsinin mütəxəssisləri tərəfindən yekdilliklə qəbul edilməmişdir.

Postinfarkt sindromun patogenezi

Postinfart sindrom kardial antigenlərə qarşı anticisim sintezinin intersifikasiyası nəticəsində baş verən autoimmun prosesdir. Miokardın qan təhcizatının kəskin pozulması və hüceyrələrin ölümü nekroz sahələrinin rezorbsiyasına və denaturasiyaya uğrayan komponentlərin qana ifrazına səbəb olur, bu da immun cavabın formalaşmasına – hədəf orqanlarının seroz qişasının tərikibinə daxil olan zülallara qarşı autoanticisimlərin yaranmasına gətirib çıxarır.

Postinfarkt xəstələrin qan plazmasında böyük miqdarda mövcud olan spesifik anticisimlər orqanizmin öz toxuma hüceyrələri ilə immun kompleks əmələ gətirir. Qanla sərbəst dövran edərək, onlar perikardial, visseral plevrada, oynaq kisələrinin daxili qatlarında toplanır, aseptik iltihab yaradır. Bundan əlavə orqanizmin zədələnmiş hüceyrələrini dağıdan T-STL (sitostatik limfositlər) səviyyəsi yüksəlir. Həm hüceyrə, həm də humoral immunitetin vəziyyətinin dəyişməsi simptomokompleksin autoimmun genezini təsdiqləyir.

Postinfarkt sindromun təsnifatı

Postinfarkt sindromun 3 əsas forması ayırd edilir. Bu formalardan hər biri öz növbəsində bir neçə varinatlara bölünür, onların təsnifatı iltihabi prosesin lokalizasiyasına əsaslanır.

  1. TipikPostinfarkt sindromun tipik formasının klinik təzahürləri perikard, visseral plevra və ağciyər toxumalarının iltihabı ilə bağlıdır. Bu qrupa birləşdirici toxumanın postinfarkt autoimmun zədələnmələrinin tək və kombinəolunmuş variantları daxildir:
  • perikardial – ürəkətrafı kisənin visseral və parietal qatları iltihablaşır;
  • plevral – autoantitellərin hədəfi plevradır, ön plana hidrotoraksın əlamətləri keçir;
  • pnevmonik – ağciyərlərdə pnevmonitin inkişafına gətirib çıxaran ilfiltrativ dəyişikliklər aşkarlanır;
  • perikardial-plevral – plevra və perikardın seroz qişasının sensibilzasiya əlamətləri müşahidə edilir;
  • perikardial-pnevmonik – ürəkətrafı qişa və ağciyər toxumalarının zədələnməsi aşkarlanır;
  • perikardial-plevral-pnevmonik – iltihab ürəkətrafı kisədən plevral və ağciyər strukturlarına yayılır.
  1. AtipikBu forma üçün damar və oynaq toxumalarının anticisimlər tərəfindən zədələnmələri ilə bağlı variantlar səciyyəvidir. Atipik forma iri oynaq birləşmələrinin iltihabı və ya dəri reaksiyaları: «çiyin sindromu», pektalgiya, dermatit, düyünlü eritema ilə müşayiət olunur.
  2. Silinmiş (zəif simptomlu). Əsas əlamətlərin zəif ifadə olunduğu silinmiş formalarda artralgiya, qızdırma, leykositlərin kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınır. Atipik və silinmiş formaların diaqnostikasının əksər hallarda çətinliklər törətməsi bu problemin daha dərindən öyrənilməsini aktuallaşdırır.

Postinfarkt sindromun əlamətləri

Postinfarkt sindromun əlamətləriKlassik postinfarkt sindrom miokard infarktından 2-4 həftə sonra formalaşır. Bəzən bu interval arta və ya azala bilər. Xəstəliyin xarakterik əlamətlərinə qızdırma, ürək nahiyəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, öskürək aiddir. Patoloji proses adətən kəskin formada, temperaturun subfebril və ya febril səviyyəyə qədər yüksəlməsi ilə başlanır. Halsızlıq, başgicəllənmə, ürəkbulanma meydana çıxır, nəbz və tənəffüs tezləşir.  Bəzən temperatur göstəriciləri norma həddində qalır.

Simptomokompleksin mütləq komponenti perikarditdir. Onun üçün ürəkdə yaranan ağrıların qarnın orta, xəncərəbənzər çıxıntının aşağı hissələri, boyun, kürək, çiyinlər, qollara irradiasiyası səciyyəvidir. Ağrılar kəskin, tutmaşəkilli və küt, sıxıcı olur. Öskürək və udqunma zamanı ürəkdə sıxılma hissi baş verir, ağri güclənir. Horizontal və ya vertikal vəziyytlərdə qarında ağrı zəifləyir. Əksər xəstələrdə təngnəfəslik, ürəkdöyünmə, tezləşmiş səthi tənəffüs müşahidə edilir.

85% postinfarkt pasiyentlərdə ilk gündən perikard qatlarının xarakterik sürtünmə küyü əmələ gəlir. O, tənəffüs və ürək siklindən asılı olmadan auskultasiya zamanı   aşkarlanır. Ağrı hissi bir neçə gündən, küy isə ekssudat yarandıqdan sonra itir. Plevritin tipik təzahürü bədənin yuxarı hissəsində dərin nəfəsalma və sağlam tərəfə əyilmələr zamanı güclənən birtərəfli deşici ağrıların olmasıdır. Xəstə tərəf üzərində məcburi vəziyyət ağrıları bir qədər yüngülləşdirir. Palpasiyada krepitasiya müəyyən edilir.

Pnevmonit zəifləmiş sərt tənəffüs, kiçik qovuqcuqlu xırıltılar, təngnəfəslik, quru və yaş öskürəklə xarakterizə olunur. Az hallarda aşciyərin aşağı payının antibiotiklərə rezistent pnevmoniyası inkişaf edir. Xəstəlik halsızlıq, güclü tər ifrazı, qızdırma ilə müşayiət olunur. Bəlgəmin tərkibində qan qarışığı aşkarlana bilər, bu da diaqnostikanı əhəmiyyətli dərəcədə çətinləşdirir. Postinfarkt simptomokompleksin atipik formalarında müxtəlif oynaqların (çiyin, bilək, döş sümüyü-qabırğa) funksiyaları pozulur. Xəstəlik mono- və poliartrit tipi üzrə gedə bilər.

Postinfarkt sindromun ağırlaşmaları

Postinfarkt sindrom vaxtında diaqnostika və müalicə edilmədikdə hemorragik və ya konstriktiv perikarditə (qanlı eksudatın yaranması və ya ürək toxumalarının sıxılması), gecikmiş hallarda isə ağır ürək tamponadasına gətirib çıxara bilər. Postinfarkt sindrom üçün kəskinləşmə və remissiyalarla müşahidə olunan residivləşən gediş səciyyəvidir. Müalicənin təsirindən əlamətlər zəifləyir, terapevtik korreksiyanın aparılmadığı hallarda xəstəlik daha da güclənir.

Postinfarkt sindromun diaqnostikası

Diaqnostika prosesində xəstənin şikayətləri, xarakterik klinik təzahürlər, laborator və instrumental müayinlərin nəticələri nəzərə alınır. Pasiyentin vəziyyəti və gələcək perspektivlər barədə rəy verməyə imkan verən əsas diaqnostik parametrlər aşağıdakılardır:

  • Klinik kriteriyalarPostinfarkt poliserozitə dəlalət edən obyektiv əlamətlər perikardit və febril hərarətdir. Döş sümüyü arxasında ağrı, onun kürəkarası nahiyə irradiasiyası, trapezəbənzər əzələ boyunca yayılması, quru öskürək, müxtəlif ifadə dərəcəsinə malik təngnəfəslik postinfarkt sindromun tipik təzahürləridir.
  • Laborator müayinələr. Qanın ümumi analizində leykositoz, eozinofiliya, EÇS-nin yüksəlməsi izlənilə bilər. Dressler sindromunu təkrari miokard infarktından differensiasiya etmək üçün qanın miokardın zədələnməsinin zərdab markerlərinə görə analizi aparılır. Qlobulyar zülalların – troponin I və troponin T səviyyəsinin artması 4-48 saat ərzində baş verən hüceyrə ölümünü təsdiq edir. Antikardial anticisimlərin titri ağırlaşmayan miokard infarktında olduğu kimidir.
  • EKQTəkrar elektrokardioqrammalarda mənfi dinamika müşahidə edilir. Ən xarakterik əlamət – əksər ötürmələrdə ST seqmentinin bir istiqamətdə yerdəyişməsidir (mədəcik kompleksinin maksimal dişciyi ilə). Perikard boşluğunda ekssudat toplandıqca QRS kompleksinin amplitudu azala bilər.
  • Döş qəfəsinin rentgenoqrafiyasıPlevrit zamanı payarası plevranın qalınlaşması, perikarditdə ürək kölgəsinin genişlənməsi, pnevmonit hallarında ağciyərlərdə məhdud tünd sahələr, kötükətrafı zonalarda diffuz şəklin güclənməsi aşkar edilir. Bir sıra xəstələrin rentgen şəklində kardiomeqaliya, diafraqmanın sol gümbəzinin hərəkətinin məhdudlaşması aydın nəzərə çarpır.
  • Perikard və plevral boşluğunun USM. Exoqrafik şəkil qiymətləndirilir, perikard qatlarının qalınlaşması vizualizasiya olunur, perikard və plevra boşluqlarında mayenin miqdarı təyin edilir.

Qeyri-müəyyən diaqnostik hallarda ağrıların differensiasiyası, boşluqlarda mayenin və ya ağciyər toxumasında infiltratların olmasını müəyyən etmək məqsədilə ürək və ağciyərlərin MRT icra olunur.  Ürək tamponadasının əlamətləri izlənildikdə ürəkətrafı kisədə toplanan ekssudatın xarakterini dəqiqləşdirmək üçün diaqnostik perikardiosentez və götürülmüş materialın laborator analizi aparılır.

Postinfarkt sindromun müalicəsi

Müalicə ixtisaslaşdırılmış stasionar şəraitdə aparılır. Müalicə tədbirləri arasında müxtəlif istiqamətli təsir mexanizminə malik farmakoterapevtik preparatların tətbiqinə əsaslanan medikamentoz terapiyaya üstünlük verilir:

  • İltihabəleyhinəƏks-göstərişlər olmadıqda seçim preparatı QSİƏP sayılır, onlar təhlükəsizlik profili nəzərə alınmaqla təyin edilir. Qeyri-steroid vasitələrə qarşı rezistentlik hallarında qlükokortikosteroidlərlə qısa müddətli müalicə kursları aparılır. Qeyri-steroid vasitələr və hormonlarla iltihabəleyhinə terapiyaya refrakter ağır gedişli xəstəliklər zamanı digər qruplardan olan dərman vasitələrindən (kolxisin, metotreksat) istifadə olunur.
  • KardiotropÜrək pozulmalarını aradan qaldırmaq üçün ürəyin işemik xəstəliyinin müalicəsində tətbiq edilən preparatlar: antianginal vasitələr, beta-blokatorlar, kalsium kanallarının blokatorları, nitratlar, ürək qlikozidləri məsləhət görülür. Onları təyin edərkən farmakoloji təsir mexanizmi, ehtimal olunan yan təsirlər, kardiotoksiklik nəzərə alınır.

Hemoperikardın yüksək yaranma riski ilə əlaqədar antikoaqulyantlar tətbiq edilmir. Onların istifadəsinə zərurət yarandıqda preparat subterapevtik dozada təyin olunur. İfadəli ağrılar müşahidə edildikdə analgetiklərin əzələdaxili inyeksiyası göstəriş sayılır. Ekssudatın həcmi çox olduqda plevrosentez və ya perikard boşluğunun punksiyası icra edilir. Ürəyin tamponadası zamanı cərrahi əməliyyat – perikardektomiya həyata keçirilir.

Postinfarkt sindromun proqnoz və profilaktikası

Postinfarkt sindrom həyat üçün təhlükəli sayılmır, hətta ən ağır gediş zamanı proqnoz nisbi qənaətbəxş olur. Xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilən birincili profilaktika üsulları işlənilib hazırlanmamışdır. Oynaq zədələnmələrinin tezliyini azaltmaq üçün kəskin miokard infarktı keçirən pasiyentlərə erkən aktizasiya məsləhət görülür. Residivləşən gedişli xəstəliklərdə patoloji prosesin təkrari kəskinləşmələrinin qarşısını alan residivəleyhinə terapiya təyin edilir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: