Taxikardiya
Taxikardiya – ürək yığılmalarının sayının dəqiqədə 90 vurğudan çox olması ilə səciyyələnir. Fiziki və ya emosional yüklənmə zamanı taxikardiya norma hal hesab olunur. Patoloji taxikardiya ürək-damar və ya digər sistemlərin xəstəliklərinin nəticəsi sayılır. Aritmiyanın bu növü ürəkdöyünmə, boyun damarlarının pulsasiyası, narahatlıq, başgicələnmə, bayılmalarla təzahür edir. Taxikardiya kəskin ürək çatışmazlığı, ÜİX, ürək fəaliyyətinin dayanmasına gətirib çıxarır.
- Taxikardiyanın təsnifatı
- Sinus taxikardiyasının yaranma səbəbləri
- Sinus taxikardiyasının əlamətləri
- Sinus taxikardiyasının diaqnostikası
- Sinus taxikardiyasının müalicəsi
- Sinus taxikardiyasının proqnoz və profilaktikası
Taxikardiya barədə ümumi məlumat
Taxikardiyanın inkişafının əsasını normada ürək yığılmalarının ritmikliyini təmin edən sinus düyününün və ya ektopik ocaqların avtomatizminin artması təşkil edir.
Ürəkdöyünmənin (ürək yığılmalarının tezləşməsi və güclənməsi) hiss edilməsi hər zaman xəstəliyə dəlalət etmir. Sağlam adamlarda taxikardiya fiziki yüklənmə, stress halı, havanın temperaturunun yüksəlməsi və oksigen çatışmazlığı, bir sıra dərmanların, alkoqol, qəhvənin təsiri, bədən vəziyyətinin qəfil dəyişməsi (horizontaldan vertikala) zamanı yaranır. 7 yaşdan kiçik uşaqlarda taxikardiya fizioloji norma hesab olunur.
Praktik sağlam insanlarda taxikardiyanın yaranması fizioloji kompensator mexanizmlərlə: simpatik sinir sisteminin aktivləşməsi, adrenalinin ifrazı ilə əlaqədardır, bu proseslər xarici amilin təsirinə cavab reaksiyası kimi yaranaraq, ürək yığılmalarının artmasına səbəb olur. Xarici amilin təsiri kəsildikdə ÜYT tədricən normallaşır. Lakin əksər hallarda taxikardiya bir sıra patoloji vəziyyətlərij gedişini müşayiət edir.
Sinus taxikardiyasının təsnifatı
Etioloji amillərə görə taxikardiyanın 2 forması ayırd edilir: fizioloji (orqanizmin müəyyən amillərin təsirinə adekvat reaksiyası kimi) və patoloji (anadangəlmə və qazanılmış ürək və ya digər patologiyalar zamanı sakitlik halında müşahidə olunan). Patoloji taxikardiya qanın dəqiqəlik həcminin azalması və ürəkdaxili hemodinamikanın digər pozğunluqlarına səbəb olduğundan təhlükəli hal kimi qiymətləndirilir.
Ürək döyünmələrinin həddindən artıq tezləşməsi zamanı mədəciklər kifayət qədər qanla dolmur, ürək atımı, arterial təzyiq azalır, orqanların, o cümlədən ürəyin oksigenlə təhcizatı zəifləyir. Ürək fəaliyyətinin uzunmüddətli pozulması onun ölçüsünün artmasına, aritmogen kardiopatiyaya gətirib çıxarır. Ürəyin qan təhcizatının zəifləməsi işemik xəstəlik və miokard infarktının yaranma riskini artırır.
Ürəkdə elektrik impulslarını əmələ gətirən mənbədən asılı olaraq, taxikardiya aşağıdakı formalara ayrılır:
- sinus taxikardıysı – elektrik impulslarının əsas mənbəyi sayılan, normal ürək ritmini təmin edən sinus (sinoatrial) düyününün aktivliyinin artması zamanı inkişaf edir;
- ektopik (paroksizmal) taxikardiya – ritm generatoru sinus düyünündən kənarda – qulaqcıqlarda (mədəciküstü) və ya mədəciklərdə (mədəcik) yerləşir. Adətən qəfil yaranan və kəsilən, bir neçə dəqiqədən başlayaraq, günlərlə davam edən tutmalar (paroksizmlər) şəklində gedir. Bu zaman ürək yığılmalarının tezliyi daima yüksək olur.
Sinus taxikardiyası üçün ÜYT-nin dəqiqədə 120–220 vurğuya qədər yüksəlməsi, tədricən yaranma və düzgün sinus ürək ritmi xarakterikdir.
Sinus taxikardiyasının yaranma səbəbləri
Sinus taxikardiyası müxtəlif yaş qruplarında, əsasən sağlam adamlarda, eləcə də ürək və digər orqanların xəstəliklərindən əziyyət çəkən şəxslər arasında rast gəlinir. Sinus taxikardiyasına intrakardial (ürək) və ya ekstrakardial (ürəkdən kənar) etioloji amillər səbəb olur.
Ürək-damar xəstələrində sinus taxikardiyası adətən ürək çatışmazlığı və ya sol mədəciyin disfunksiyasının erkən əlaməti sayılır. Sinus taxikardiyasının intrakardial səbəblərinə kəskin və xroniki ürək çatışmazlığı, miokard infarktı, ağır stenokardiya, revmatik, toksiki-infeksion və digər mənşəli miokarditlər, kardiomiopatiyalar, kardioskleroz, ürək qüsurları, bakterial endokardit, adheziv və eksudativ perikardit aiddir.
Fizioloji ekstrakardial səbəblər sırasına fiziki yüklənmələr, emosional stress, anadangəlmə xüsusiyyətlər daxildir. Ekstrakardial aritmiyaların böyük əksəriyyətini nevrogen taxikardiya təşkil edir, o, baş beynin qabıq maddəsi və qabıqaltı düyünlərin birincili disfunksiyası, eləcə də vegtaiv sinir sisteminin pozğunluqları: nevroz, affektiv psixozlar (emosional taxikardiya), neyrosirkulyator distoniya ilə bağlıdır. Neyrogen taxikardiyaya daha çox labil sinir sisteminə malik cavan şəxslər məruz qalır.
Ekstrakardial taxikardiyanın digər amilləri arasında endogen pozğunluqlar (tireotoksikoz, feoxromositoma zamanı adrenalin sintezinin yüksəlməsi), anemiya, kəskin damar çatışmazlığı (şok, kollaps, kəskin qanitirmə, bayılma), hipoksemiya, kəskin ağrı tutmalarına (məsələn, böyrək sancısında) rast gəlinir.
Taxikardiyanın yaranmasına müxtəlif infeksion-iltihabi xəstəliklər (pnevmoniya, angina, sepsis, vərəm, ocaqlı infeksiya) zamanı meydana çıxan qızdırma səbəb olur. Bədən hərarətinin 1°С yüksəlməsi ÜYT-nin artmasına (norma ilə müqayisədə uşaqlarda dəqiqədə 10-15, böyüklərdə isə 8-9 vurğu) gətirib çıxarır.
Farmakoloji (medikamentoz) və toksiki sinus taxikardiyası dərman və ya kimyəvi vasitələrin: simpatomimetiklər (adrenalin və noradrenalin), vaqolitiklər (atropin), eufillin, kortikosteroidlər, tireotrop hormonlar, diuretiklər, hipotenziv preparatlar, kofein (qəhvə, çay), alkoqol, nikotin, zəhərli maddələr (nitratlar) və s. sinus düyününün fəaliyyətinə təsiri nəticəsində yaranır. Bəzi maddələr sinus düyününün funksiyasına birbaşa təsir etmədən, simpatik sinir sisteminin tonusunun yüksəlməsi hesabına reflektor taxikardiyaya törədir.
Sinus taxikardiyası adekvat və qeyri-adekvat ola bilər. Qeyri-adekvat sinus taxikardiyası yüklənmə və dərman vasitələrinin qəbulundan asılı olmayıb, sakitlik halında davam edə, güclü ürəkdöyünmə, hava çatışmazlığı hissi ilə müşayiət oluna bilər. Bu, çox nadir və az öyrənilən idiopatik xəstəlikdir. Onun sinus düyününün birincili zədələnməsi ilə əlaqəli olması ehtimal edilir.
Sinus taxikardiyasının əlamətləri
Sinus taxikardiyasının klinik əlamətləri onun ağırlıq dərəcəsi, davametmə müddəti, əsas xəstəliyin xarakterindən asılıdır. Sinus taxikardiyası zamanı subyektiv əlamətlər yaranmaya və ya zəif ifadə oluna bilər: ürəkdöyünmə, ürək nahiyəsində diskomfort, ağırlıq hissi və ağrılar. Qeyri-adekvat sinus taxikardiyası davamlı ürəkdöyünmə, hava çatışmazlığı hissi, təngnəfəslik, halsızlıq, tez-tez təkrarlanan baş ağrıları ilə təzahür edə bilər. Yorğunluq, yuxusuzluq, iştah və əmək qabiliyyətinin azalması, əhvalın pozulması müşahidə oluna bilər.
Subyektiv əlamətlərin dərəcəsi əsas xəstəlik və sinir sisteminin həssaslıq həddindən asılıdır. Ürək xəstəliklərində (məsələn, koronar aterosklerozda) ürək yığılmalarının tezliyinin artması stenokardiya tutmalarına, ürək çatışmazlığının əlamətlərinin kəskinləşməsinə gətirib çıxara bilər.
Sinus taxikardiyası tədricən formalaşır və sona yetir. İfadəli taxikardiya hallarında əlamətlər ürək atımının azalması ilə əlaqədar müxtəlif orqan və toxumaların qan təhcizatınınn pozulmasını əks etdirə bilər. Başgicəllənmə, bəzən bayılma baş verir; baş beyin damarlarının zədələnməsi zamanı ocaqlı nevroloji pozğunluqlar, qıcolmalar meydana çıxır. Uzun müddətli taxikardiya arterial təzyiqin enməsi (arterial hipotoniya), diurezin azalması, ətrafların soyuması ilə müşayiət olunur.
Sinus taxikardiyasının diaqnostikası
Yaranma səbəbinin (intrakardial və ya ekstrakardial amillər) aşkarlanması, sinus və ektopik taxikardinın differensiasiyası məqsədilə diaqnostik tədbirlər aparılır. EKQ taxikardiyanın növünün differensial diaqnostikası, ürək yığılmalarının tezliyi və ritmikliyinin müəyyənləşdirilməsində aparıcı rol oynayır. EKQ-nin sutkalıq monitorinqi yüksək informativliyi və tam təhlükəsizliyi ilə seçilir. Bu üsul ürək ritminin pozğunluqlarının bütün formalarını, pasiyentin adi aktivliyi fonunda ürək fəaliyyətinin dəyişməsini aşkara çıxarır və təhlil edir.
ExoKQ (exokardioqrafiya), ürəyin MRT (maqnit-rezonans tomoqrafiya) patoloji taxikardiyaya səbəb olan ürəkdaxili patologiyaları müəyyən edir. Ürəyin EFİ (elektrofizioloji müayinə) vasitəsilə ürək əzələsində elektrik impulslarının yayılmasını analiz edərək, taxikardiya və ürəyin keçiriciliyinin pozulmasının mexanizmini aydınlaşdırmaq mümkündür. Əlavə müayinə üsulları (qanın ümumi analizi, qanda tireotrop hormonların miqdarının təyini, baş beynin EEQ və s.) qan xəstəlikləri, endokrin patologiyaları, MSS-nin patoloji aktivliyini inkar etməyə şərait yaradır.
Sinus taxikardiyasının müalicəsi
Sinus taxikardiyasının müalicə prinsipi ilk növbədə onun yaranma səbəblərinə əsasən müəyyənləşdirilir. Müalicə kardioloq və digər mütəxəssislərin birgə iştirakı ilə aparılmalıdır. Ürək yığılmalarının tezliyini artıran amillər: kofein tərkibli içkilər (çay, qəhvə), nikotin, alkoqol, kəskin qidalar, şokolad, psikoemosional və fiziki yüklənmələr uzaqlaşdırılmalıdır. Fizioloji sinus taxikardiyası müalicə tələb etmir.
Patoloji taxikardiyanın müalicəsi əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir. Nevrogen mənşəli ekstrakardial sinus taxikardiyalarında nevroloqun konsultasiyası mütləqdir. Müalicə məqsədilə psixoterapiya və sedativ vasitələrdən (lüminal, trankvilizator və neyroleptiklər: mebikar, diazepam) istifadə olunur. Reflektor taxikardiya (hipovolemiya) və kompensator taxikardiya (anemiya, hipertireoz) hallarında onları törədən amillər aradan qaldırılmalıdır. Əks-halda ÜYT-nin azalmasına istiqamətləndirilmiş terapiya arterial təzyiqin kəskin azalmasına və hemodinamik dəyişikliklərin daha da ağırlaşmasına gətirib çıxara bilər.
Tireotoksikozla assosiasiyalı sinus taxikardiyası zamanı endokrinoloqların təyin etdiyi tireostatik preparatlarla yanaşı β-adrenoblokatorlar tətbiq olunur. Oksiprenolol və pindolol qrupundan olan β-blokatorlara üstünlük verilir. β-adrenoblokatorlara əks-göstəriş olduqda alternativ dərman vasitələri – qeyri-hidropiridin sırasından olan kalsium antaqonistləri (verapamil, diltiazem) təyin edilir.
Ürək çatışmazlığının səbəb olduğu sinus taxikardiyasında β-adrenoblokatorlarla birgə ürək qlikozidləri (diqoksin) məsləhət görülür. ÜYT-nin optimal həddi pasiyentin və onun əsas xəstəliyinin vəziyyəti nəzərə alınmaqla fərdi qaydada seçilir. Adətən bu rəqəm stenokardiya zamanı dəqiqədə 55-60, neyrosirkulyator distoniyada 60 – 90 vurğuya bərabər olur.
Paroksizmal taxikardiyalarda azan sinirin tonusunun yüksəlməsinə xüsusi masajla – göz almalarına təzyiq etməklə nail olmaq mümkündür. Bu üsul effekt vermədikdə antiaritmik vasitələr (verapamil, amiodaron və s.) damar daxilinə yeridilir. Mədəcik taxikardiyasının rast gəlindiyi pasiyentlərdə təxirəsalınmaz yardım, təcili hospitalizasiya və residivəleyhinə antiaritmik terapiya tələb olunur.
Qeyri-adekvat sinus taxikardiyası, b-аdrenoblokatorların qeyri-effektivliyi, xəstənin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyi hallarda ürəyin transvenoz RTA (ürəyin zədələnmiş hissəsinin yandırılması yolu ilə normal ürək ritminin bərpası) icra edilir. RTA effekt vermədikdə və ya pasiyentin həyatı üçün təhlükə yarandıqda cərrahi əməliyyat – elektrokardiostimulyatorun (süni aparıcı ritm) implantasiyası həyata keçirilir.
Sinus taxikardiyasının proqnoz və profilaktikası
Ürək xəstələrində sinus taxikardiyası əksər hallarda ürək çatışmazlığı və ya sol mədəciyin disfunksiyasının əlaməti sayılır. Belə hallarda proqnoz kifayət qədər ciddi olur, bu da sinus taxikardiyasının ürək-damar sisteminin atım fraksiyasının azalması və ürəkdaxili hemodinamikanın pozulmasına cavab reaksiyasının təzahürü olması ilə bağlıdır. Fizioloji sinus taxikardiyasının proqnozu hətta ifadəli subyektiv əlamətlər zamanı qənaətbəxş olur.
Sinus taxikardiyasının profilaktikası ürək patologiyasının erkən diaqnostika və müalicəsindən, ürək yığılmalarının tezliyinin və sinus düyününün funksiyasının pozulmaslna səbəb olan ekstrakardial amillərin aradan qaldırılmasından ibarətdir. Taxikardiyanın ciddi ağırlaşmalarının qarşısını almaq üçün sağlam həyat tərzinə riayət olunmalıdır.