Ürək astması

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 8305

ürək astması nədir?Ürək astması – kiçik qan dövranında durğunluq və ağciyərlərin interstisial ödemi nəticəsində yaranan kəskin sol mədəcik çatışmazlığıdır. Ürək astması tutmaları kəskin hava çatışmazlığı, ortopnoe, üzücü quru öskürək, üzün sianozu, taxikardiya, diastolik arterial təzyiqin yüksəlməsi, oyanıqlıq, ölüm qorxusu ilə müşayiət olunur. Diaqnoz klinik əlamətlər, anamnestik məlumatlar, baxış, döş qəfəsinin rentgenoqrafiyası, EKQ nəticələrinin qiymətləndirilməsinə əsaslanır. Ürək astmasının tutmaları nitroqliserin, narkotik analgetiklər, hipotenziv və sidik qovucu preparatlar, qanburaxma, ətraflara venoz jqutların qoyulması, oksigen terapiyası ilə aradan qaldırılır.

  • Ürək astmasının yaranma səbəbləri
  • Ürək astmasının patogenezi
  • Ürək astmasının əlamətləri
  • Ürək astmasının diaqnostikası
  • Ürək astmasının müalicəsi
  • Ürək astmasının proqnoz və profilaktikası

Ürək astması barədə ümumi məlumat

Ürək (kardial) astması  – boğulmaya keçən qəfil inspirator təngnəfəslik tutmaları ilə səciyyələnən klinik sindromdur. Ürək astması ürəyin sol şöbələrinin kəskin çatışmazlığının təzahürlərinə aid  olub, bir sıra ürək-damar və digər xəstəliklərin gedişini ağırlaşdırır. Ürək astması zamanı miokardın yığılma qabiliyyətinin kəskin azalması, kiçik qan dövranında durğunluq qeydə alınır, bu da tənəffüs və qan dövranının kəskin pozulmalarına gətirib çıxarır. Ürək astması əksər hallarda letal sonluqla nəticələnən ağciyərlərin alveolyar ödeminin (çox vaxt ildırımsürətli) inkişafına səbəb ola bilər.

Ürək astmasının yaranma səbəbləri

Ürək astmasının yaranma səbəbləriÜrək astması ürəyin zədələnmələri ilə birbaşa bağlı ola və ya qeyri-kardiogen xəstəliklər və vəziyyətlər fonunda inkişaf edə bilər. Ürək astması birincili kəskin və ya xroniki (kəskinləşmə mərhələsində) sol mədəcik çatışmazlığı ilə əlaqədar yarana bilər. Ürək astması ÜİX-nin müxtəlif formaları (o cümlədən kəskin miokard infarktı, qeyri-stabil stenokardiya) postinfarkt və aterosklerotik kardioskleroz, kəskin miokardit, doğuşdan sonrakı kardiomiopatiya, ürək anevrizmasının gedişini ağırlaşdıra  bilər. Arterial hipertenziyanın AT-nin yüksək səviyyəsi ilə müşahidə olunan paroksizmal formaları və sol mədəcik miokardının həddindən artıq gərginliyi, səyrici aritmiyaqulaqcıqların titrəməsi ürək astmasının inkişafı baxımından təhlükəli sayılır.

Əksər xəstələrdə qan axınının çətinləşməsi ilə assosiasiyalı dekompensasiya olunmuş mitral və aortal qüsurlar (mitral stenoz, aortal çatışmazlıq) ürək astmasına gətirib çıxarır. Ürəyin sol şöbələrində qan cərəyanının pozulmasına həmçinin iri ölçülü qulaqcıqdaxili tromb və ya boşluqdaxili ürək şişləri – miksoma səbəb ola bilər.

Ürək astmasının inkişafına infeksion xəstəliklər (pnevmoniya), böyrək zədələnmələri (kəskin qlomerulonefrit), beyin qan dövranının kəskin pozulmaları təkan verə bilər. Ürək astması tutmasının provokasiyaedici amillərinə qeyri-adekvat fiziki yüklənmə, güclü emosional gərginlik, hipervolemiya (damardaxilinə iri həcmli mayenin yeridilməsi və ya onun ləngiməsi, qızdırma, hamiləlik zamanı), gecə saatlarında izafi qida və maye qəbulu, horizontal vəziyyətə keçid aiddir.

Ürək astmasının patogenezi

Ürək astması tutmasının inkişaf mexanizmi ürəyin sol şöbələrində ürəkdaxili hemodinamikanın çətinləşməsi ilə bağlıdır, bununla əlaqədar ağciyər venaları və kapilyarlar qanla həddindən artıq dolur, kiçik qan dövranında hidrostatik təzyiq qəfil yüksəlir. Kapilyar divarının keçiriciliyinin artması nəticəsində plazma aktiv şəkildə ağciyər toxumalarında (ilk növbədə perivaskulyar və peribronxial sahədə) toplanır, ağciyərlərin interstisial ödemi inkişaf edir, bu da ağciyərlərin ventilyasiyasını pozur, alveollarla qan arasında normal qan mübadiləsini pisləşdirir.

Ürək astmasının klinik əlamətlərinin inkişafında tənəffüs tənziminin neyroreflektor həlqələri, beyin qan dövranının vəziyyəti müəyyən rol oynayır. Ürək astmasını müşayiət edən vegetativ simptomatika tənəffüs mərkəzinin qan təhcizatının pozulması ilə bağlı onun oyanması zamanı və ya müxtəlif qıcıqlanma ocaqlarından (məsələn, aorta kökündən) gələn impulslara cavab olaraq reflektor surətdə yarana bilər.

Ürək astmasının əlamətləri

Ürək astmasının əlamətləriÜrək astmasının xəbərverici əlamətlərinə 2-3 gün davam edən təngnəfəslik, ürək nahiyəsində sıxılma hissi, cüzi fiziki yüklənmə və ya horizontal vəziyyətə keçid zamanı yaranan öskürək aiddir. Ürək astmasının tutmaları adətən gecə vaxtı, yuxu saatlarında müşahidə edilir, bu da uzanıqlı vəziyyətdə adrenergik tənzimin zəifləməsi və kiçik qan dövranı sistemininə qan axınının artması ilə izah olunur. Günduz saatlarında ürək astmasının tutmaları əksər hallarda fiziki və ya neyro-psixi gərginliklə bağlı olur.

Ürək astması tutmaları əsasən qəfil baş verir. Kəskin hava çatışmazlığı, artaraq boğulmaya keçən təngnəfəslik, üzücü quru öskürək (sonralar az miqdarda şəffaf bəlğəmin ifrazı ilə) xəstəni yuxudan oyanmağa məcbur edir. Tutma zamanı xəstə məcburi vertikal vəziyyət alır: ayağa qalxır və ya yataqda oturaraq, ayaqlarını aşağı sallayır (ortopnoe); ağızla nəfəs alır, nitqi çətinləşir. Oyanıqlıq, narahatlıq, ölüm qorxusu yaranır. Baxış prosesində burun-dodaq üçbucağı nahiyəsi və dırnaq falanqalarında sianoz, taxikardiya, diastolik təzyiqin yüksəlməsi müşahidə edilir. Auskultasiyada yaş və ya cüzi xırda qovuqcuqlu xırıltılar, xüsusən ağciyərin aşağı hissələrində qeydə alına bilər.

Ürək astma tutmaları bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər, onların yaranma tezliyi və xüsusiyyətləri əsas xəstəliyin spesifikliyindən asılıdır. Mitral stenoz zamanı ağciyər arteriollarının reflektor daralması (Kitayev refleksi) kiçik qan dövranının vena və kapilyarlarında durğunluğa mane olduğundan ürək astması tutmalarına nadir hallarda rast gəlinir.

Sağ mədəcik çatışmazlığının inkişaf etdiyi hallarda ürək astması tutmaları birdəfəlik itə bilər. Bəzən ürək astması bronxial keçiriciliyin pozulması ilə səciyyələnən bronxospazmla müşayiət olunur, bu da xəstəliyin bronxial astma ilə differensial diaqnostikasını çətinləşdirir.

Ürək astmasının uzunmüddətli və ağır tutmalarında «boz» sianoz, soyuq tər, boyun venalarının qabarması izlənilir; nəbz sapvari olur, təzyiq enir, xəstə halsızlaşır. Ürək astmasının ağciyərlərin alveolyar ödeminə transformasiyası qəfil və ya xəstəliyin ağırlıq dərəcəsinin tədricən artması ilə əlaqədar baş verir, gur köpüklü, qan qarışıqlı bəlğəm, ağciyərin bütün səthi üzərində kiçik- və orta qovuqcuqlu xırıltıların yaranması, ağır ortopnoe bu patologiyaya dəlalət edir.

Ürək astmasının diaqnostikası

Dərman terapiyasının düzgün təyin edilməsi üçün ürək astması tutmalarını bronxial astma, qırtlağın kəskin stenozu zamanı boğulma tutmalarından, uremiya, mediastinal sindrom, isterik tutma fonunda yaranan təngnəfəslikdən differensiasiya etmək lazımdır. Ürək astmasının klinik təzahürləri, obyektiv baxış, anamnez, döş qəfəsinin rentgenoqrafiyası, EKQ məlumatlarının qiymətləndirilməsi dəqiq diaqnoz qoymağa kömək edir.

Ürək astması tutmaları zamanı tənəffüs küyləri və xırıltılarla əlaqədar ürəyin auskultasiyası çətinləşsə də ürək tonlarının karlığı, qalop ritmi, ağciyər kötüyü üzərində II tonun aksenti, eləcə də əsas xəstəliyin əlamətlərini – ürəyin ritm pozğunluğu, ürək və aorta qapaqlarının qüsurlarını və s. müəyyən etməyə imkan verir. Tezləşmiş, zəif dolğunluqlu nəbz, AT-nin yüksəlməsi, sonralar isə azalması aşkar olunur. Ağciyərlərin auskultasiyasında tək-tək və ya yayılmış quru (bəzən tək-tək yaş) xırıltılar eşidilir.

Ürək astması zamanı döş qəfəsinin rentgenoqrafiyasında kiçik qan dövranında damarların qanla həddindən artıq dolması və venoz durğunluğun əlamətləri, ağciyər sahələrinin şəffaflığının azalması, ağciyər köklərinin genişlənməsi, ağciyərlərin interstisial ödemindən xəbər verən Kerli xətləri qeyd olunur. Ürək astması tutmalarında EKQ-də ST intervalı və dişciklərin amplitudunun azalması müşahidə edilir, aritmiya, koronar çatışmazlığın əlamətləri fiksə oluna bilər.

Reflektor bronxospazm, çoxlu miqdarda fitverici xırıltılar və bəlğəmin hipersekresiyası ilə müşayiət olunan ürək astması zamanı bronxial astmanı inkar etmək üçün xəstəliyin yaranma müddəti (ürək astması yaşlı şəxslərdə təsadüf edilir), allerqoloji anamnez, ağciyər və yuxarı tənəffüs yollarının xroniki iltihabi xəstəliklərinin olmaması, kəskin və ya xroniki ürək-damar patologiyasının olması nəzərə alınır.

Ürək astmasının müalicəsi

Ürək astması tutmasının öz-özünə aradan qalxa bilməsinə baxmayaraq, ağciyər ödeminin yüksək inkişaf riski və həyati təhlükə ilə əlaqədar xəstələrə yerində təcili tibbi yardım göstərilməlidir. Terapevtik tədbirlər tənəffüs mərkəzinin neyroreflektor tənziminin zəifləməsinə, emosional gərginliyin və kiçik qan dövranında yüklənmənin azalmasına yönəldilir.

Ürək astması tutmasının gedişini yüngülləşdirmək üçün xəstə maksimal sakitlik və ayaqlarını aşağı sallamaqla rahat yarımoturaq vəziyyətlə təmin edilir, isti ayaq vannaları tətbiq olunur.  Vəziyyətin subyektiv yüngülləşməsinə qədər AT-nin monitoqinqi ilə 5-10 dəqiqəlik intervalla nitroqliserin və ya nifedipinin sublinqval qəbulu göstəriş sayılır.

Güclü təngnəfəslik və ağri sindromu ilə təzahür edən ürək astmasında narkotik analgetiklər  tətbiq olunur. Tənəffüsün zəifləməsi, bronxospazm, beyin ödemi, xroniki ağciyər ürəyinin rast gəlindiyi hallarda  onlar neyroleptanalgetik – droperidolla əvəz oluna bilər.

Arterial hipertenziya və venoz durğunluq zamanı kiçik qan dövranın yüklənməsini  təcili azaltmaq üçün qanburaxmadan (300-500ml) istifadə olunur. Əks-göstərişlər olmadıqda ətraf venalarını sıxan və süni yolla periferiyada venoz durğunluq yaradan (arterial nəbzə nəzarət etməklə 30 dəqiqədən çox olmamaqla) jqutlar qoyula bilər. Ürək astmasında nəmləndirilmiş oksigenlə uzunmüddətli, təkrari inhalyasiyalar (burun kateteri və ya maskalarla, ağciyər ödemində – ASV)  göstəriş hesab olunur, onun köməyilə ağciyər toxumasının ödemi azalır.

Ürək astması tutması inkişaf etdikdə AT hipotenziv vasitələr və sidikqovucu preparatlarla (furosemid) korreksiya olunur. Ürək astmasının demək olar ki, bütün hallarında ürək qlikozidləri məhlullarının –strofantan və ya diqoksinin venadaxilinə yeridilməsi mütləqdir. Eufillin ürək və bronxial astmaların müştərək formasında, mitral stenozda (koronar damarların genişlənməsi və miokardın qan təhcizatının yaxşılaşması hesabına) müsbət nəticələr göstərə bilər. Ürək fəaliyyətinin ritm pozğunluğu ilə müşayiət olunan ürək astmasının müalicəsində elektroimpuls terapiya (defibrillyasiya) icra olunur. Ürək astması tutması aradan qaldırıldıqdan sonra müalicə xəstəliyin səbəbləri nəzərə alınmaqla davam etdirilir.

Ürək astmasının proqnoz və profilaktikası

Ürək astmasının proqnozu boğulma tutmalarına gətirib çıxaran əsas patologiyaya əsasən müəyyənləşdirilir.  Əksər hallarda proqnoz qeyri-qənaətbəxş olur; bəzən əsas xəstəliyin kompleks müalicəsi və xəstə tərəfindən məhdudlaşdırıcı rejimə riayət olunması təkrar tutmaların qarşısını almağa, nisbi qənaətbəxş vəziyyətin, hətta əmək qabiliyyətinin bir neçə il müddətində stabil saxlanılmasına kömək edir.

Ürək astmasının profilaktikası xroniki ÜİX və ürək çatışmazlığının, arterial hipertenziyanın vaxtında və rasional müalicəsi, infeksion xəstəliklərin qarşısının alınması, su-duz rejiminə əməl olunmasından ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: