Alkoqol nefropatiyası

Oxuma vaxtı: 17 dəq Oxunma sayı: 1308

alkoqol nefropatiyası nədir?Alkoqol nefropatiyası – böyrəklərin iltihab xarakterli xroniki zədələnməsidir. Patologiyanın əsasında etil spirti və onun metabolitlərinin orqanizmə induksiyaedici təsiri nəticəsində yaranan autoimmun mexanizmlər durur. Simptomların ifadəliliyi patologiyanın tipindən asılıdır; xəstəliyin gedişi xroniki böyrək çatışmazlığı (XBÇ) əlamətləri inkişaf edənədək simptomsuz keçir, bəzi formalarda proqressivləşən hematuriya və hipertenziya müşahidə olunur. Alkoqol nefropatiyasının diaqnostikası obyektiv müayinə, böyrəklərin fəaliyyətinin laborator və instrumental müayinələr vasitəsilə qiymətləndirilməsinə əsasən aparılır. Müalicə alkoqollu içkilərin qəbuluna qadağanın qoyulması və simptomatik müalicədən ibarətdir.

  • Alkoqol nefropatiyasının səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Alkoqol nefropatiyasının simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Alkoqol nefropatiyasının müalicəsi
  • Proqnoz və profilaktika

Alkoqol nefropatiyası barədə ümumi məlumat

Alkoqol nefropatiyası həm də qaraciyər qlomerulopatiyası, xroniki alkoqol qlomerulonefriti (XAQN) və ya alkoqol IgA-nefriti kimi tanınır. Patologiyanın adının sinonimləri xəstəliyin patogenezinin əsas mərhələlərini əks etdirir. Bu mərhələlər başqa orqanların (qaraciyər) prosesə cəlb olunması və böyrəklərin immunoqlobulin A-nın iştirakı ilə immun zədələnmə mexanizmlərindən ibarətdir. XAQN-nin yayılması planetin müxtəlif regionlarında spirt tərkibli məhsulların qəbul dərəcəsi ilə birbaşa qarşılıqlı əlaqədədir. Həkimə müraciət edənlərin sayı xeyli az olduğundan dəqiq statistik məlumatlar bəlli deyil. Həkimə müraciətlərin az olmasının səbəbi xəstəliyin uzun müddət simptomsuz gedişidir. Belə xəstələrin qeydiyyata alınmasını çətinləşdirən amillərdən biri də alkoqol nefropatiyasının tez-tez “alkoqol xəstəliyi” adlı simptomokompleksin bir hissəsi olması faktıdır.

Alkoqol nefropatiyasının səbəbləri

XAQN-nin inkişafına dair bir neçə əsas nəzəriyyə mövcuddur; onlardan hər hansı birinə dair etibarlı və birmənalı məlumat yoxdur. Konsensusun olmama səbəbləri alkoqol nefropatiyasının müxtəlif klinik və morfoloji təzahürlərindən ibarətdir; bu, sidikçıxarıcı sistemin bir neçə zədələnmə mexanizminin olmasını qəbul etməyə əsas verir. Xəstəliyin xarakterinə dair fikirlər diapazonu nefropatiyanın alkoqol xəstəliyin bir hissəsi olması iddiasından başlayaraq etiologiyasına görə fərqli, patologiyanın gedişinə görə oxşar olan bir neçə AN-lərə ayrılması təklifinə qədər olduqca genişdir. Bu vəziyyətin inkişafına dair nisbətən çox qəbul olunmuş nəzəriyyələr aşağıdakılardır:

  • İmmunoloji səbəblər. Böyrək toxumasının alkoqol intoksikasiyaları ilə əlaqəli ola biləcək bir sıra immunoloji mexanizmləri mövcuddur. Bu, ilk növbədə alkoqol hialini antigeninə qarşı immunoqlobulin A-nın ifrazı ilə sensibilizasiyadır. İmmunoqlobulin A nefronların membranlarını zədələyə bilir. Oxşar mexanizm – etanol və onun metabolitlərinin birbaşa sitotoksik təsiri nəticəsində sitokinlərin ifrazının stimulyasiyasıdır.
  • İnfeksion səbəblər.Bəzi tədqiqatçılar hesab edirlər ki, alkoqol orqanizmin infeksiyalara, o cümlədən hepatit C virusu və bəzi bakteriyalara (bağırsaq çöpləri) qarşı müdafiə səviyyəsini azaldır. Nəticədə infeksion agentlərin müxtəlif hədəf-orqanlara birbaşa təsiri ilə yanaşı böyrəklərin dolayı zədələnməsi baş verir.
  • Sistemli səbəblər. Etanol sistemli zəhərdir; davamlı qəbulu zamanı arterial təzyiqin yüksəlməsini, qaraciyər, mədə-bağırsaq traktı, mədəaltı vəzin zədələnməsini, metabolik pozulmaları (purin mübadiləsi anomaliyaları) təşviq edir. Bəzi fikirlərə görə bu faktorlar alkoqol nefropatiyasının patogenezində həlledici rol oynayır.

Müasir tədqiqatçılar XAQN-in çoxfaktorlu təbiətə malik olması fikrinə istinad edirlər. Onlar hesab edirlər ki, bu patoloji vəziyyətin patogenezində yuxarıda sadalanmış bütün proseslər iştirak edir. Xəstəliyə qarşı genetik meyilliyin olması məlum deyil; lakin patologiyanın geniş spektrli individual xüsusiyyətlərə malik olması irsi meyilliyi göstərir. Risk faktorları kimi əvvəllər keçirilmiş böyrək patologiyaları, şəkərli diabet, arterial hipertenziya çıxış edir; lakin oxşar vəziyyətlərdə alkoqol qlomerulonefritini başqa tipli ikincili nefropatiyaların formalarından fərqləndirmək həddən artıq çətindir.

Alkoqol nefropatiyasının patogenezi

Alkoqol nefropatiyasının inkişaf mexanizmi çoxsaylı patogenetik faktorlara görə çox çətindir; onların hər birinin təsiri müxtəlif xəstələrdə xeyli fərqlənir. Məhz bu bəzi tədqiqatçılara XAQN-ni alkoqol simptomokompleksinin bir hissəsi kimi qəbul etməyə əsas verir. Demək olar ki, bütün pasientlərdə nefron komponentinə qarşı IgA antiteli aşkarlanır; bu da patogenezin autoimmun mexanizmindən xəbər verir. Etanolun yüksək dozalarda qəbulu zamanı sonuncu böyrəklərdə sitokinlərin ifrazını birbaşa stimulyasiya edə, nəticədə nefronların parçalanmasına gətirib çıxara bilər.

Etanolun spirtli metabolitlərinin sistemli qəbulu qaraciyər, sinir sistemi, mədəaltı vəzi, mikrosirkulyator kələfin damarlarının zədələnməsinə səbəb olur. Bu, sidikçıxarıcı sistemin orqanlarının zədələnməsini dolayı yolla gücləndirir. Xroniki alkoqolizmə xas AT-in yüksəlməsi özü özlüyündə ikincili nefropatiyaya gətirib çıxarma bilər. Metabolik, xüsusən purin mübadiləsi çatışmazlıqları ifrazat orqanları üzərinə düşən yükü artırır və onların funksiyalarının pozulmasından xroniki çatışmalığına qədər ağırlaşa bilir. XAQN təzahürlərinin ifadəliliyi və inkişaf sürəti qəbul olunmuş alkoqolun həcmindən asılıdır; kritik doza gün ərzində 35 ml-dən yuxarı alkoqol qəbulu hesab olunur.

Alkoqol nefropatiyasının təsnifatı

Alkoqol nefropatiyasının bir neçə forması ayırd edilir; onlar arasında fərq klinik gedişi, yanaşı gedən xəstəliklərin olub-olmamasından ibarətdir. Bu patoloji vəziyyətin bəzi formalarını ikincili nefropatiyaların başqa tipləri ilə təzahürlərinin və patogenetik mexanizminin oxşarlığına görə kifayət qədər asan səhv salmaq olar. XAQN-nin fərqləndirici xüsusiyyəti böyrəklərin fəaliyyətini birbaşa və ya dolayı yolla pisləşdirən bütün patoloji dəyişikliklərin səbəbinin ilk növbədə alkoqoldan sui-istifadə olmasıdır. Xəstəliyin ümumi qəbul olunmuş aşağıdakı tipləri var:

  • Latent forma. Daha geniş yayılmış və subyektiv simptomların, demək olar ki, tamamilə olmaması səbəbindən çətin diaqnostika olunan formadır. Bu forma təkcə daim spirtli içkilər qəbul edənlərdə deyil, həm də müəyyən periodikliklə (həftədə 1-2 dəfə) bu içkilərdən istifadə edən insanlarda da yaranır. Sonuncu alkoqol qəbulundan qısa müddət sonra fəsadlaşma xarakterikdir; özünü laborator müayinələr vasitəsilə də təsdiq olunan böyrəklərin funksional aktivliyinin azalması ilə göstərir. Patogenezində etanolun birbaşa nefrotoksik təsiri rol oynayır.
  • Hipertenziv forma. Əsasən alkoqolizm, piylənmə və arterial hipertenziyadan əziyyət çəkən insanlarda yaranan patologiyanın nisbətən nadir hallarda rastlanan tipidir. Arterial hipertenziyadan əziyyət çəkən şəxslərdə inkişaf etdikdə XAQN-in bu növünü ikincili hipertenziv nefropatiyadan fərqləndirmək çətinləşir. Nefronların zədələnməsi hemodinamik və metabolik pozulmaların inkişafı, kanal asidozu zamanı baş verir.
  • Nefrotik forma. Xroniki alkoqol nefropatiyasının çox nadir hallarda rast gəlinən və nisbətən ağır formasıdır. Kifayət qədər sürətli XBÇ-na gətirib çıxaran proqressivləşən diffuz qlomerulonefritlə müşayiət olunur. Patogenezin əsas həlqəsi orqanizmin kəskin sensibilizasiyası və toxumaların immunoqlobulin A ilə autoimmun zədələnməsidir.

Bəzi müəlliflər alkoqol nefropatiyasına, məs., spirtli içkilərlə zəhərlənmə zamanı kəskin böyrək çatışmazlığı kimi kəskin vəziyyətləri də aid edirlər. Baxmayaraq ki, bu zaman etanolun birbaşa nefrotoksik aktivliyi aydın təzahür edir, alkoqol intoksikasiyası zamanı KBÇ öz inkişaf mexanizminə görə XAQN fonunda gedən başqa böyrək zədələnmələrindən fərqlənir. Buna görə də əksər mütəxəssislər belə vəziyyəti klassik nefropatiya kimi qiymətləndirmirlər.

Alkoqol nefropatiyasının simptomları

Əksər hallarda xəstəlik, demək olar ki, simptomsuz gedir; patologiya başqa məqsədlə laborator müayinələr aparılan zamanı təsadüfən qeyd olunur. Bu, latent formaya xüsusən aiddir; belə ki, həmin formada xəstəlik bir sıra hallarda uzun illər boyunca simptomsuz gedə bilir. Etanol qəbulundan 1-3 gün sonra meydana çıxan fəsadlaşmalar yalnız sidiyin həcminin azalması (oliqouriya) şikayətilə özünü göstərə bilər; çox nadir hallarda bel nahiyəsində zəif, dartıcı ağrılar meydana çıxır. Uzunmüddətli gedişində ön planda alkoqol xəstəliyi çıxış edir. Bu zaman ovucların eriteması, kişilərdə ginekomastiya, mədəaltı vəzi və qaraciyərin zədələnmə simptomları (sağ qabırğaaltı nahiyədə və qarında ağrılar, sarılıq) təzahür edir.

Alkoqol nefropatiyasının hipertenziv formasının başlanğıc mərhələsində xüsusən nefrogen simptomların zəif ifadəliliyi ilə xarakterizə olunur. Pasientlər baş ağrısı, üzün doluqanlılığı, ürək nahiyəsində xoşagəlməz hisslər və qan təzyiqinin yüksəlməsinin başqa nəticələrindən şikayətlənirlər. Xəstəliyin bu növü tez-tez piylənmə ilə müşayiət olunur. XAQN-in nefrotik forması üçün kifayət qədər sürətli gedişat xarakterikdir; adətən, ekssesiyadan sonra oliqouriya, görünən hematuriya, ümumi vəziyyətin pisləşməsi meydana çıxır. Xroniki etanol intoksikasiyasının ekstrarenal təzahürləri mütləq mövcud olur.

Müalicə aparılmadıqda və etil spirtinin qəbuluna davam etdikdə alkoqol nefropatiyası həmişə XBÇ-nın inkişafına səbəb olur. Onun əlamətləri yorğunluq, düşkünlük, etil spirti qəbulundan sonra güclənən baş ağrılarıdır. Sonra ağızdan ammonyak qoxusu gəlir; güclü yanğı, qusma, dəridə quruluq, selikli qişaların iltihabı meydana çıxır. İfraz olunan sidiyin miqdarı kəskin azalır, dəri örtüklərinin səthində sidik cövhərinin tər vəziləri vasitəsilə ifrazı nəticəsində əmələ gəlmiş ağımtıl ərp yaranır.

Alkoqol nefropatiyasının ağırlaşmaları

Alkoqol nefropatiyasının ağırlaşmalarını etil spirti intoksikasiyalarından differensiasiya etmək həmişə mümkün olmur. XAQN zamanı anuriya, baş ağrıları, qusma, ödemlər və başqa uremiya əlamətləri ilə özünü göstərən kəskin böyrək çatışmazlığı ilə müşayiət olunan alkoqol zəhərlənməsi daha asan meydana çıxır. Patoloji vəziyyətin proqressivləşən xarakterini nəzərə alaraq kəskin zəhərlənməyə alkoqolun erkən, vərdiş olunmuş dozaları gətirib çıxara bilər; belə ki, bu zaman ağırlaşmaların inkişaf riski yüksəlir. Qorxulu və qeyri-kafi fəsadlar kimi böyrəklər vasitəsilə kənarlaşdırılmamış mübadilə məhsulları ilə intoksikasiya nəticəsində yaranan uremik koma çıxış edə bilər.

Alkoqol nefropatiyasının diaqnostikası

Alkoqol nefropatiyasının diaqnostikası məqsədilə obyektiv müayinə, laborator analizlər və instrumental müayinələr istifadə olunur. Həkim-nefroloq konsultasiyası mütləqdir; bəzən vəziyyətin müəyyənləşdirilməsində narkoloq da iştirak edə bilər. Adətən, XAQN diaqnostikasının alqoritmi aşağıdakı mərhələlərdən ibarət olur:

  • Sorğu və anamnezin toplanması. Pasientin alkoqoldan asılılıq dərəcəsi (böyrək zədələnməsinin ifadəliliyi ilə birbaşa korrelyasiya olunur), sui-istifadəsinin davametmə müddətindən və onun xarakterindən (daimi və ya periodik uzun müddət qəbulu) asılıdır. Sonuncu ekssesin dəqiq nə vaxt baş verdiyini və etil spirti qəbulunun təxmini miqdarını müəyyənləşdirmək mühümdür.
  • Obyektiv müayinə. Alkoqolizmin ekstrarenal əlamətlərinə (ovuclarda eritema, dərinin tündləşməsi, qaraciyərin ölçülərinin böyüməsi, kişilərdə ginekomastiya) xüsusən diqqət yetirilir. Bir sıra hallarda təyiqin yüksəlməsi, piylənmə aşkar olunur. Ağızdan ammonyak, tərdən xoşagəlməz “sidik” qoxusunun gəlməsi, dəridə quruluq, üzərində ağ ərpin olması XBÇ və uremiyanın inkişafından xəbər verir.
  • Laborator müayinə metodları. Tez-tez başqa məqsədlə aparılmış məhz sidiyin ümumi analizi alkoqol nefropatiyasının olmasını aşkarlayır. XAQN zamanı onun nəticəsi alkoqol qəbulundan sonra göstəriciləri artan mikrohematuriya və mülayim proteinuriyadır. Patoloji vəziyyətin diaqnostikasında sidiyin ümumi analizindən başqa qanın biokimyəvi analizi, yumaqcıq filtrasiyasının səviyyəsinin azalmasını (kreatinin klirensi ≤ 30 ml/ dəq., oliqouriya) göstərən böyrəyin funksional sınaqları (Zimnitski, Reberq sınaqları) da istifadə olunur.
  • Ultrasəs diaqnostika. Vəziyyəti müəyyənləşdirmək məqsədilə böyrəklərin USM-i və böyrək damarlarının doppleroqrafiyası (USDQ) təyin olunur. Adi ultrasəs müayinəsində böyrəklərin ölçülərinin kiçilməsi, parenximasının qalınlığının azalması aşkar olunur.  Doppleroqrafiya nefropatiyanın ifadəliliyi ilə korrelyasiya olunan böyrək qan dövranının zəifləməsini təsdiqləyir. Əlavə oaraq başqa orqanların (mədəaltı vəzi, sidik axarı, qaraciyər) vəziyyətinin qiymətləndirilməsi üçün onların USM-i tətbiq oluna bilər.

Nadir və mübahisəli vəziyyətlərdə böyrəklərin və qaraciyərin biopsiyası aparılır və həmin orqanların histoloji quruluşu öyrənilir. Alkoqol nefropatiyası zamanı qaraciyərdə hialin-damcı distrofiyası, böyrəklərdə diffuz və ya ocaqlı xarakterli mezangioproliferativ nefrit əlamətləri müəyyən olunacaq. Rengtgenokontrast müayinə metodu (məs., uroqrafiya) əksər kontrast preparatların nefrotoksikiliyi səbəbindən ehtiyatlı şəkildə təyin olunur. Differensial diaqnostika birincili və ikincili nefropatiyaların başqa tipləri ilə aparılır; həlledici faktor alkoqoldan uzun müddət sui-istifadə faktının olmasıdır.

Alkoqol nefropatiyasının müalicəsi

Əsas və fundamental təyinat alkoqollu içkilərin qəbuluna tam qadağanın qoyulmasıdır. Alkoqol nefropatiyasının latent formasından əziyyət çəkən xəstələrin yarısından çoxunda yalnız spirtdən imtina etdikdən sonra sidiyin laborator göstəricilərinin davamlı yaxşılaşması və, demək olar ki, tam remissiya müşahidə olunur. Bu göstərişə əməl olunmadıqda, başqa tövsiyələr və terapevtik tədbirlərin icra olunması belə, vəziyyətin proqressivləşməsini bir qədər ləngidir. XAQN-nin gecikmiş vəziyyətlərində və xəstəliyi müşayiət edən patologiyalar olduqda, spirtli içkilərdən imtinadan başqa aşağıdakı köməkçi terapevtik tədbirlər təyin olunur:

  • Antihipertenziv terapiya. Arterial təzyiqin tənzimlənməsi böyrəklərdə hemodinamik pozulmaları aradan qaldırmaqla proqnoza kafi təsir göstərir. Bu komponent nefropatiyanın hipertenziv formalarında xüsusən vacibdir. İfrazat sisteminin fəaliyyətinin pozulması zamanı təzyiqi tənzimləmək məqsədilə ATÇ inhibitorları, kalsium kanallarının və angiotenzin-2 reseptorlarının blokatorları istifadə olunur.
  • Metabolizmin normallaşdırılması. Alkoqol intoksikasiyasının nəticəsi tez-tez maddələr – purin, karbohidrat, piy mübadiləsi pozulmaları olur. Xüsusi pəhrizlər vasitəsilə metabolizmi normallaşdırmaq və ifraz sisteminin yüklənməsini azaltmaq lazımdır. Purin ifrazının pozulması böyrəklərə xüsusən zərərli təsir edir. Buna görə də pəhriz qidalanmasının kifayət qədər effektli olmadıqda antipodaqrik preparatlar (allopurinol) təyin oluna bilər.
  • İltihabəleyhinə preparatlar. Patoloji vəziyyətin sürətlə proqressivləşməsi (nefrotik forma) zamanı kortikosteroidlər və sitostatik preparatlar istifadə olunur. Onların istifadəsində məqsəd böyrəklərin zədələnmə dərəcəsinin azaldılması üçün iltihabi prosesin aktivliyinı azaltmaqdır. Hazırda bu preparatların effektivliyini bir sıra tədqiqatçılar tənqid edir.

XBÇ-nın diaqnostikasında hemodializin aparılması tövsiyə olunur; bu zaman prosedurun tezliyi ifrazat sisteminin zədələnmə dərəcəsindən asılıdır. Alkoqol nefropatiyasının müalicəsində həkim-narkoloq köməkçi rol oynaya bilər; belə ki, onun köməyilə xəstə asılılıqdan asanlıqla azad olur. Alkoqolizmlə mübarizə zamanı farmakoloji preparatların istifadəsini yumaqcıq filtrasiyasının sürətinin yüksəlməsinə əsasən aparılır.

Alkoqol nefropatiyasının proqnoz və profilaktikası

Alkoqol qəbuluna qarşı qoyulmuş qadağaya ciddi riayət olunduqda və patoloji vəziyyətin erkən təzahürü zamanı alkoqol nefropatiyasının proqnozu, demək olar ki, həmişə kafidir; ifrazat sisteminin funksiyaları, demək olar ki, tamamilə bərpa olunur. Spirt tərkibli məhsulların sui-istifadəsi nəticəsində yaranmış yanaşı gedən pozulmalar zamanı patologiyanın sonlanması onun keyfiyyətli müalicəsindən asılıdır. XBÇ zamanı böyrəklərin normal fəaliyyətinin bərpası, demək olar ki, mümkün deyil; lakin dəstəkləyici müalicə xəstənin həyat keyfiyyətinin uzun illər boyunca kafi saxlanmasını təmin edir. XAQN və alkoqol xəstəliyinin ağır təzahürlərinin – qaraciyər sirrozu, alkoqol pankreatiti, kardiomiopatiyaların kombinasiyası ən ağır proqnoza malikdir. Hətta bu vəziyyətdə belə, uzunmüddətli kompleks müalicə xəstənin vəziyyətini xeyli yaxşılaşdıra bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: