Hidronefroz

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 5971

Hidronefroz nədir?Hidronefroz – kasa-ləyən kompleksinin proqressiv şəkildə genişlənməsidir. Patologiya böyrəkdən sidik axınının pozulması nəticəsində yaranır. Zamanla böyərk parenximası atrofiyaya uğrayır. Hidronefrozun əlamətlərinə bel nahiyəsində ağrı (sızıltılı və ya böyrək sancısına bənzər), hematuriya, tezləşmiş sidik ifrazı, arterial hipertenziya aiddir. Diaqnostika prosesində sidik kisəsi və böyrəklərin USM, sidik kisəsinin kateterizasiyası, venadaxili uroqrafiya, sistouretroqrafiya, böyrəklərin KT və MRT, pieloqrafiya, böyrəklərin sintiqrafiyası, nefroskopiya aparılır. Hidronefrozun müalicəsi sidik axınını pozan səbəbin aradan qaldırılmasından ibarətdir; təxirəsalınmaz yardım qismində nefrostomiya icra olunur.  

  • Hidronefrozun səbəbləri
  • Təsnifat
  • Əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Hidronefrozun müalicəsi
  • Proqnoz və profilaktika

Hidronefroz haqqında ümumi məlumat

Hidronefrozun yaranma səbəbləri  Hidronefroz və ya böyrəklərin hidronefrotik transformasiyası sidiyin fizioloji axınının pozulması ilə əlaqədar baş verir. Nəticədə böyrək boşluqları patoloji formada genişlənir, orqanın interstisial toxuması dəyişir, parenxima atrofiyalaşır. 20-60 yaşlarda hidronefrozun inkişaf tezliyi kişilərlə müqayisədə qadınlarda daha yüksək olur. Bu isə hamiləlik və ginekoloji onkoxəstəliklərlə bağlıdır. 60 yaşdan sonra hidronefroza əsasən prostat vəzin adenoması və ya xərçəngindən əziyyət çəkən kişilərdə rast gəlinir.  

Hidronefrozun yaranma səbəbləri  

Xəstəliyin səbəbləri 2 qrupa bölünür: 

  • sidik-ifrazat sisteminin hər hansı bir şöbəsində (sidik axarları, sidik kisəsi, uretra) obstruksiya və ya maneə törədən amillər
  • sidik kisəsi qapaqlarının fəaliyyətinin pozulması nəticəsində sidiyin geriyə axması 

Səbəbin xarakteri və lokalizasiyasından asılı olaraq, hidronefroz daxili, xarici və funksional olur.  

  1. Uretra səviyyəsində. Sidik kanalının daxili zədələnmələri: divertikullar, uretranın strikturaları və atreziyası hidronefrozun inkişafına təkan verir. Xarici maneələr qismində prostat vəzinin hiperplaziya və xərçəngi iştirak edir.   
  2. Sidik kisəsi səviyyəsində. Sidik daşı xəstəliyi, sistosele, karsinoma, sidik kisəsinin divertikulu və boyun hissəsinin kontrakturaları hidronefroz törədən daxili amillərdəndir. Sidik kisəsindən sidiyin axmasına həm də xaricdən maneə ola bilər. Belə hallara çanaq lipomatozunda təsadüf edilir. 
  3. Sidik axarları səviyyəsində. Hidronefrozun daxili səbəblərinə uretarnın göbələk mənşəli xəstəlikləri (aspergilemma, misetoma), fibroepitelial polip, şişlər, qan laxtaları, konkrementlər, ureterocele, vərəm, endometriozu misal göstərmək olar. Sidik axarları boyunca sidiyin axmasına çətinlik törədən xarici amillərə retroperitoneal limfoma və ya sarkoma,  hamiləlik, uşaqlıq boynunun xərçəngi, uşaqlığın sallanması, yumurtalığın kistası, boru-yumurtalıq absesi, aortanın qarın hissəsinin anevrizması, prostat vəzinin şişləri, limfosele, anomal yerləşmiş böyrək arteriyasının sidik axarını sıxması aiddir.

Hidronefroz zamanı sidik-ifrazat sisteminin müxtəlif səviyyələrdə zədələnməsi həmçinin sidik yollarının anadangəlmə diskineziyası, obstruksiyası, travmaları, iltihabı (uretrit, sistit) ilə bağlıdır. Sidik axınınına maneə törədən səbəb ləyən-sidik axarı seqmentindən aşağıda yerləşdikdə ləyənlə yanaşı sidik axarı da genişlənir. Bu isə hidroureteronefrozla nəticələnir. 

Funskional pozğunluqlara isə neyrogen sidik kisəsi və sidik kisəsi-sidik axarı reflüksü daxildir. 

Hidronefrozun patogenezi

Sidik axını pozulduqda sidik axarı və ləyən daxilində təzyiq yüksəlir. Bununla əlaqədar yumaqcıq filtrasiyası, böyrək kanalcıqlarının funksiyası, pielolimfatik cərəyan, pieloarterial və pielovenoz qan cərəyanı əhəmiyyətli dərəcədə pozulur. Hidronefrozun son mərhələsində böyrək kanalcıqları atrofiyaya uğrayır, böyrəyin quruluş vahidi sayılan nefronlar məhv olur.  

Hidronefrozun təsnifatı

İnkişaf müddətinə görə hidronefrozun anadangəlmə (birincili) və qazanılmış (dinamik) formaları ayırd edilir. Gedişin ağırlıq dərəcəsinə əsasən yüngül, orta və ağır; lokalizasiyadan asılı olaraq, bir və ikitərəfli hidronefroz qeydə alınır. Praktik urologiyada sağ və sol böyrəyin hidronefrozuna eyni tezlikdə rast gəlinir; ikitərəfli hidronefrotik transformasiya isə 5-9% hallarda müşahidə edilir.  

Hidronefrozun gedişi kəskin və ya xroniki olur. Birinci halda vaxtında korreksiya aparıldıqda böyrəyin funksiyası tamamən bərpa oluna bilər; ikinci halda isə bu funksiya geri dönməyəcək şəkildə itirilir. İnfeksiya baxımından hidronefroz aseptik və ya infeksiyalaşmış tip üzrə inkişaf edir.  

Hidronefrozun əlamətləri

Hidronefrozun əlamətləriPatologiyanın təzahürləri sidik yolları seqmentində obstruksiyasının lokalizasiyasından, inkişaf sürəti və davamiyyətindən asılıdır. Simptomatikanın ağırlığı böyrəyin kasa-ləyən kompleksinin genişlənmə dərəcəsinə əsaslanır. Kəskin hidronefroz sürətlə inkişaf edir. Bu zaman beldə böyrək sancısını xatırladan tutmaşəkilli ağrılar meydana çıxır. Ağrı sidik axarı boyunca, eləcə də aralıq, bud,  qasıq və cinsiyyət orqanlarına yayılır. Sidik ifrazı tezləşir və ağrılı olur. Bir sıra xəstələrdə ürəkbulanma və qusma baş verir. Hidronefrozlu pasiyentlərin sidiyində qan müəyyən olunur. Qan adi gözlə göründükdə makrohematuriya, laborator şəraitdə təyin edildikdə isə mikrohematuriya adlanır. 

Birtərəfli aseptik xroniki hidronefroz uzun müddət gizli gedir. Əksərən bel-qabırğa bucağında diskomfort, bel nahiyəsində küt ağrılar yaranır. Fiziki gərginlikdən sonra və ya həddindən artıq maye qəbul etdikdə ağrı güclənir. Zamanla xroniki yorğunluq proqressivləşir, əmək qabiliyyəti azalır, tranzitor arterial hipertenziya, hematuriya meydana çıxır.  

Bədən temperaturunun yüksəlməsi infeksiyalaşmış hidronefrozdan və kəskin formalı irinli obstruktiv pielonefritdən xəbər verir. Belə hallarda sidikdə irin (piuriya) əmələ gəlir. Pasiyentin üzü üstə yatması hidronefrozun patoqnomik əlamətidir. Çünki bu  vəziyyətdə uzanarkən qarın daxili təzyiq dəyişir, zədələnmiş böyrəkdən sidik axını asanlaşır.   

Hidronefrozun ağırlaşmaları

Xroniki hidronefroz çox vaxt sidik daşı xəstəliyi və pielonefritə gətirib çıxarır. Bununla bağlı böyrəyin hidronefrotik transformasiyasının klinikası daha da ağırlaşır. Bəzən infeksiyalaşmış hidronefroz fonunda sepsis inkişaf edir. Hidronefrozun digər fəsadına böyrək çatışmazlığı misaldır. Belə xəstələrdə, xüsusən ikitərəfli hidronefroz zamanı ölüm azot mübadiləsinin məhsulları ilə intoksiyasiya və su-elektrolit balansının pozulması səbəbindən baş verir. Hidronefrozun həyat üçün təhlükəli növbəti ağırlaşmasına hidronefrotik kisənin partlaması və sidiyin retroperitoneal sahəyə axması aiddir.  

Hidronefrozun diaqnostikası

Hidronefrozlu pasiyentlərdə diaqnostik alqoritm anamnezin toplanmasından, fiziki, laborator və instrumental müayinələrin aparılmasından ibarətdir. İlkin mərhələdə həkim-nefroloq hidronefrozun inkişafına səbəb ola biləcək səbəbi üzə çıxarmağa çalışır. Fiziki müayinənin nəticələri adətən az informativ və qeyri-spesifik olur.  

Qarın nahiyəsinin dərin palpasiyasında sidik kisəsinin dartılması, uşaqlar və arıq bədən quruluşuna malik böyüklərdə böyrəyin böyüməsi müəyyən edilə bilər.  Qarnın perkusiyasında dəyişikliyə uğrayan böyrək tərəfdə timpanit aşkarlanır. Böyrək sancısı, qarında köp və gərginlik olduqda sidik kisəsinin kateterizasiyasına ehtiyac yaranır. Kateterlə sidiyin buraxılması uretra və ya sidik kisəsinin xarici dəliyi səviyyəsində obstruksiyaya işarə edir. Hidronefrozun diaqnostikasında rentgenoqrafiyavə ultrasəs müayinəsi xüsusi yer tutur.

  • Exoqrafiya. Böyrəklərin USM polipozisiya şəklində icra olunur. Pasiyent böyrü və qarnı üstə uzanır, sidik-ifrazat sistemi boylama, köndələn, çəp proyeksiyalarda yoxlanılır. Exoqrafiyanın köməyilə böyrəklərin ölçüsü, kasa-ləyən kompleksinin, sidik axarlarının vəziyyəti qiymətləndirilir, əlavə kölgələrin olmasına fikir verilir. Lazım gəldikdə sidik kisəsinin USM, böyrək damarlarının USDQ aparılır. Endolüminal exoqrafiya ləyən-sidik axarı seqmentində, eləcə də sidik axarının ətrafındakı toxumada dəyişikləri aşkar etməyə imkan verir.  
  • Radiodiaqnostika. Rentgenokontrast müayinələr: ekskretor uroqrafiya və retroqrad ureteropieloqrafiya sayəsində böyrəyin ifrazat funskiyası təhlil edilir. Bəzən böyrəyin obstruksiyasına gətirib çıxaran səbəbi müəyyən etmək məqsədilə xromosistoskopiya, böyrəyin angioqrafiyası, KT və MRT tətbiq olunur. Radioizotop dinamik nefrosintiqrafiya və renoangioqrafiya ilə böyrəkdə qan cərəyanı haqqında fikir yürüdülür.   

Sidik axının qarşısını alan maneənin vizualizasiyası üçün endoskopik üsullardan -m uretroskopiya, sisteskopiya, ureteroskopiya, nefroskopiyadan istifadə oluna bilər. Qan və sidik analizlərində böyrəyin fəaliyyətinin pozulmasına dəlalət edən əlamətlər izlənilir. Qanın biokimyəvi göstəriciləri kreatinin və sidik cövhərinin səviyyəsinin yüksəlməsi, elektrolit balansının (natrium, kalium) dəyişməsi ilə xarakterizə olunur. Sidiyin ümumi analizində leykosituriya, piuriya, hematuriya aşkarlanır. Zəruri hallarda Reberq, Zimnitski, Neçiporenko, Addis-Kakovski sınaqları, sidiyin bakterioloji əkilməsi aparılır.   

Hidronefroz oxşar simptomatikaya malik olan, lakin böyrəklərin hidronefrotik transformasiyası ilə ağırlaşmayan patologiyalarla – böyrək daşı xəstəlyii, nefroptoz, polikistoz, böyrəyin xərçəngi ilə differensiasiya edilməlidir.  

Hidronefrozun müalicəsi

Konservativ terapiya qeyri-effektivdir. Bu müalicə növü ağrı sindromunun kəsilməsinə, infeksiyanın aradan qalxmasına və profilaktikasına, AT-nin aşağı enməsinə, əməliyyatönü dövrdə böyrək çatışmazlığının korreksiyasına yönəldilir. Xəstəliyin kəskin formasında təxirəsalınmaz yardım qismində dəridən (perkutan) nefrostomiya tətbiq edilir. Onun köməyilə yığılıb qalan sidik xaric olur, böyrək daxilindəki təzyiq azalır.  

Cərrahi müalicə vəziyyətdən asılı olaraq, müxtəlif yollarla (rekonstruktiv, orqan qoruyucu və orqançıxarıcı) yerinə yetirilir. Parenximanın funksiyası saxlanıldıqda və hidronefrozun səbəbini radikal yolla aradan qaldırmaq mümkün olduqda rekonstruktiv plastika məqsədəuyğundur. Uretranın və ya sidik axarlarının strikturalarında balon dilatasiya, bujlanma, endotomiya, sidik axarlarının stentlənməsi göstəriş sayılır. 

Prostat vəzinin hiperplaziyası və ya xərçəngi ilə əlaqədar obstruksiya zamanı prostat vəzin rezeksiyası, uretranın dilatasiyası, prostatektomiya icra olunur və yaxud hormonal terapiya təyin edilir. Sidik daşı xəstəliyində litotripsiya və ya obstruksiya sahəsindən konkrementlərin cərrahi yolla xaric edilməsi mütləqdir. Retroperitoneal sahənin şişlərində, aortanın anevrizmasında, o cümlədən endoskopik stentlənmə və ya zərbə-dalğa litotripsiyasının mümkünsüz olduğu hallarda açıq üsulla əməliyyatlara ehtiyac yaranır. Böyrək öz funskiyasını itirdikdə və ağırlaşma təhlükəsi olduqda orqan çıxarılır, yəni nefrektomiya həyata keçirilir.  

Hidronefrozun proqnoz və profilaktikası

Hidronefrozun səbəbləri tez bir zamanda kənarlaşdırıldıqda böyrək öz funksiyasını bərpa edir. Uzunmüddətli obstruksiya, digər böyrəyin zədələnməsi, infeksiyanın qoşulması zamanı proqnoz ciddi olur. 

Hidronefrozun profilaktik tədbirlərinə vaxtaşırı böyrəklərin USM, sidik-ifrazat yollarının xəstəliklərinin qarşısının alınması aiddir.    

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: