Uşaqlarda adenoidit

24 Yanvar 2019 Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 8

uşaqlarda adenoiditUşaqlarda adenoidit – udlaq badamcıqlarının (adenoidlərin) xroniki iltihabi prosesdir; bu zaman adenoidlər hipertrofiyaya uğrayır. Adenoid simptomları – burun tənəffüsünün çətinləşməsi, burun səsi, yuxu zamanı xoruldama ilə təzahür edir. Həmçinin zökəm və bədən temperaturunun yüksəlməsi kimi iltihab əlamətləri də qeyd olunur. Uşaqlarda adenoidit xroniki gedişata malik olur və sonralar uşağın fiziki və zehni inkişafının ləngiməsinə gətirib çıxarır. Xəstəlik kliniki diaqnostika olunur, rinoskopiya, rinohistoloji müayinə və rentgenoqrafiya ilə təsdiqlənir. Müalicə infeksiya ocağının kənarlaşdırılması və burun tənəffüsünün bərpasına yönəlmişdir.

  • Uşaqlarda adenoiditin səbəbləri
  • Uşaqlarda adenoiditin simptomları
  • Uşaqlarda adenoiditin diaqnostikası
  • Uşaqlarda adenoiditin müalicəsi
  • Uşaqlarda adenoiditin proqnoz və profilaktikası

Uşaqlarda adenoidit barədə ümumi məlumat

Uşaqlarda adenoidit – valideynlərin pediatra və uşaq otorinolorinqoloquna müraciətinin tez-tez rastlanan səbəbidir.  Xəstənmə iltihabsız adenoidləri olanları da nəzərə alaraq 15 : 1 000 nisbətindədir (1 000 nəfərdən 15-i). 2-3 yaşından 7 yaşına qədər olan uşaqlarda daha çox meydana çıxır. Belə ki, məhz bu yaş dövründə udlaq badamcıqları maksimal fizioloji ölçüdə olur. Patologiya məktəblilər arasında bir neçə dəfə az diaqnostika olunur. Pediatriyada xəstəliyin aktuallığı həddən artıq yüksəkdir. Hazırda uşaqlarda adenoidit XX əsrin sonları ilə müqayisədə daha çox rastlanır. Bu, populyasiyada immunitetin zəifləməsinə səbəb olan hamiləlik və doğuş patologiyalarının sayının artması, həmçinin mikroorqanizmlərin antibiotikorezistent formalarının yayılması ilə əlaqədardır.

Uşaqlarda adenoiditin səbəbləri

Udlaq badamcıqlarının limfoid toxumasında iltihabi prosesin inkişafına, adətən, hemolitik streptokoklar, respirator viruslar, nadir hallarda – göbələklər, şərti-patogen flora, vərəm mikobakteriyaları və s. səbəb olur. Tez-tez və uzun müddət xəstə olan, həmçinin ağırlaşmış allerqoloji anamnezə sahib uşaqlarda adenoiditin əmələgəlmə riski yüksəkdir. Burun keçəcəklərinin darlığı (məs., burun çəpərinin əyriliyi) burnun təbii sanasiya prosesinin zəifləməsinə və patogen mikroorqanizmlərin udlaq badamcıqlarında uzun müddətli persistensiyasına gətirib çıxarır.

Uşaq adenoiditi zamanı udlaq badamcıqlarının hipertrofiyası inkişaf etdiyindən limfoid toxumanın böyüməsinin səbəblərindən danışmağa dəyər. Çox uşaqlarda bu və ya digər dərəcəli, udlaq badamcıqlarının böyüməsi ilə təzahür edən adenoid olur. Onlar, adətən, 2-7 yaşda meydana çıxır və pubertat dövründən sonra tədricən residivləşirlər. Bu isə erkən uşaqlıq dövründə respirator infeksiyalara qarşı məhz udlaq badamcıqlarının birincili immun baryer rolu oynaması ilə əlaqədardır. Adenoid uzun müddət təyin olunmadıqda, uşaq immun defisit nəticəsində tez-tez xəstələndikdə və ya konservativ müalicə effektiv olmadıqda adenoidit inkişaf edir.

Uşaqlarda adenoiditin simptomları

Uşaqlarda adenoiditin meydana çıxması həmişə adenoidin ümumi mənzərəsi ilə üst-üstə düşür. Damaq badamcığının böyümə əlamətlərinə burun tənəffüsünün çətinləşməsi, burun tutulması aiddir. Burun tənəffüsü çətinləşdiyindən uşaq ağızla nəfəs alır, yatanda xoruladayır. Burun tutulması isə danışıq zamanı “m” və “n” səslərinin itməsinə səbəb olur. Bundan başqa, uşağın xarakterik xarici görünüşü – ağzı açıq, hipomimik sima, burun-dodaq qırışı düzləşmiş olur. Uşaqlarda adenoid və adenoidit uzun müddət davam etdikdə fiziki inkişafın ləngiməsinə, yaddaşın və diqqətin zəifləməsinə gətirib çıxarır. Xroniki hipoksiya və burnun sağlam olmaması nəticəsində uşaq tez yorulur və tez qıcıqlanır.

Yuxarıda sadalanmış simptomatikadan başqa adenoidit bədən temperaturunun yüksəlməsi (tez-tez subfebrilə qədər), daha da dərinləşməsindən tamamilə itənədək burun tənəffüsünün çətinləşməsi, həmçinin zökəm kimi simptomlarla müşayiət olunur. Burun sekreti çətinləklə xaric olunur. Lakin hətta bundan sonra da burun tənəffüsünün yüngülləşməsi qısa müddət davam edir.  Xəstəlik xroniki xarakter daşıyır və tez-tez ürək-damar sisteminin zədələnməsinə gətirib çıxarır. Buna səbəb isə törədicinin, adətən, A qrupu hemolitik streptokoklar olmasıdır. Belə ki, bu bakteriyalar ürək hüceyrələri ilə oxşar struktura malikdir. Buna görə də endokardit və miokardit autoimmun mexanizmlə inkişaf edir. Uşaq adenoiditi tez-tez otit və konyuktivitlə müşayiət olunur.

Uşaq tez-tez virus infeksiyalarından əziyyət çəkir. Bu, həm immunitetin zəifləməsi, həm də adnoidit zamanı daim infeksiyalı seliyin sekresiyası ilə əlaqəlidir. Selik udlağın arxa divarı ilə aşağı axır və beləliklə, iltihabi proses respirator traktın aşağı şöbələrinə yayılır.  Xroniki hipoksiya və immun sistemin daimi gərgin vəziyyətdə olması fiziki və zehni inkişafın ləngiməsinə gətirib çıxarır. Oksigen defisiti təkcə hipoksemiya deyil, həm də üz skeletinin, xüsusən yuxarı hissənin formalaşmasının pozulması nəticəsində yaranır. Skeletin quruluşunun bu şəkildə pozulması nəticəsində qeyri-düzgün dişləm formalaşır. Damağın deformasiyası (“qotik” damaq) və “toyuq” döş qəfəsinin inkişafı mümkündür.

Uşaqlarda adenoiditin diaqnostikası

Pediatr fiziki inspeksiyada (baxış) uşaqda adenoid və adenoiditin olmasından şübhələnə bilər. Uşaqda artıq yuxarıda da qeyd olunduğu kimi, “adenoid” tipli üz formalaşır.  Burun tənəffüsünün çətinləşməsi, burun tıxanıqlığı, tez-tez virus infeksiyaları rinoskopiya üçün göstərişdir. Ön rinoskopiya burnun ucunu yuxarıya doğru qaldırmaqla reallaşdırılır. Bu şəkildə selikli qişanın vəziyyətini, burun yollarının keçiriciliyini və udlaq badamcılarının əhəmiyyətli dərəcədə hipertrofiyası zamanı adenoidlərin özlərini görmək olar. Arxa rinoskopiya texniki baxımdan xeyli çətindir. Lakin məhz onunla udlağın arxa divarına baxmaq, adenoid və adenoidit olarsa, təyin etmək mümkündür.

Barmaqla müayinə də etmək olar. Prosedur sadədir və cəmi bir neçə dəqiqə tələb edir. Metod çox informativdir, lakin uşaq üçün həddən artıq xoşagəlməzdir. Buna görə də, müayinə, adətən, inspeksiyanın sonunda həyata keçirilir. Bundan başqa, uşaq adenoiti zamanı endonazal diaqnostika tətbiq olunur. Bu diaqnostika üsulu adenoidləri görməyə, onların vəziyyətini və böyümə dərəcəsini qiymətləndirməyə imkan verir; lakin onun həyata keçirilməsi xüsusi hazırlıq (anesteziya, selikli qişanın anemizasiyası) tələb olunur. Burun boşluğunun anatomik deformasiyaları endonazal endoskopiyaya əks göstərişdir. Buna görə də mümkün əyrilikləri, həmçinin burun poliplərini və digər törəmələri istisna etmək lazımdır, əks halda qanaxma təhlükəsi böyükdür.

Rinositoloji müayinə (burundan götürülmüş yaxmanın mikroskopiyası) seliyin hüceyrələri haqda təsəvvür yaradır. Belə ki, eozinofillərin çox olması adenoid və adenoiditin allergik təbiətli olmasından xəbər verir. Allergik xassəni dəri sınaqları, xüsusən valideynlərdə allergiya və uşağın anamnezində allerqodermatoz olması sübut edir. Otolarinqoloqun konsultasiyası mütləqdir. Otoskopiya təbil pərdəsinin vəziyyətini, eşitmə borusunun və qulaq boşluğunun iltihabi prosesə cəlb olunmasını qiymətləndirməyə imkan verir.   İnspeksiya zamanı uşağın eşitməsi də qiymətləndirilir.

Uşaqlarda adenoiditin diaqnostikasında sinusitləri, burun boşluğu və udlaq şişlərini istisna etmək məqsədilə kəllənin düz və yan proyeksiyada rentgenoqrafiyası aparılır. Burun tənəffüsünün pozulmasına səbəb olan beynin ön yırtığına şübhə olduqda КТ və МRТ mütləqdir. Belə patologiya zamanı, adətən, üz skeletinin deformasiyası, gözlərin daha geniş pozisiyası və digər əlamətlər qeyd olunur. Xoanaların atreziyası birtərəfli və ya hər iki tərəfdə burun tənəffüsün tamamilə mümkünsüzlüyü ilə təzahür edir; lakin bu inkişaf qüsuru, adətən, doğuşdan sonra dərhal təyin olunur. Xoanaların atreziyasına şübhə varsa, buruna gül şirəsi damcılarının tökülməsi ilə sınaq aparılır.

Uşaqlarda adenoiditin müalicəsi

Xəstəliyin konservativ müalicəsi iltihab ocaqlarının sanasiyası və burun tənəffüsünün tam təmin olunmasından ibarətdir. Antiseptik, həmçinin izotonik duz məhlulu ilə burnun yuyulması təyin olunur. Aerozol antibiotiklər və streroidlər, antiseptik və damardaraldıcı effekti olan damcılar (adrenomimetiklər yalnız qısa kurslarla təyin olunur) qəbul olunur.  Uşaqlarda adenoidlərin müalicəsində antiseptiklər və mukolitiklərlə inhalyasiya da effektlidir. İstənilən antibiotik yalnız xəstəliyin təbiəti təsdiqləndikdən sonra, daha doğrusu törədici kənarlaşdırıldıqdan və ona həssas olan preparatlar müəyyənləşdirildikdən sonra istifadə olunur. İmmuniteti stimulyasiya etmək üçün interferon induktorları göstərişdir.

Adenoid və adenoiditlərin cərrahi müalicəsi konservativ metodlar effektsiz olduqda, həmçinin burun tənəffüsü çətinləşdikdə həyata keçirilir. Cərrahi əməliyyat üçün mühüm şərt iltihabi prosesin fəsadlaşmalarının olmamasıdır. Remissiyanın davametmə müddəti 1 aydan az olmamalıdır. Adətən, adenotomiya adenotomun köməyilə, limfoid toxuma xüsusi bıçaq vasitəsilə kəsilərək həyata keçirilir. Əməliyyat pasientin yaşından, adenoidin dərəcəsindən, eşitmə pozulmasının olub-olmasından və s. asılı olaraq yerli və ya ümumi anesteziya altında aparılır. Həmçinin adenoidin endonazal kəsilməsi də mümkündür. Lakin bu metodun istifadəsi zamanı tez-tez limfoid toxuma hissəciyi qalır. Buna görə də təkrari cərrahi əməliyyata ehtiyac yarana bilər. Adenotomiyada hospitalizasiya tələb olunmur.

Uşaqlarda adenoiditin proqnozu və profilaktikası

Vaxtında aparılmış diaqnostika və müalicə zamanı xəstəliyin proqnozu kafidir. Uşaqlarda təkrari adenoidlər zamanı residivlər yarana bilər. Bu, nadir hallarda baş verir və təkrari adenotomiyaya göstərişdir. Adaptasiyanın bir növü də burun tənəffüsünün bərpasıdır. Çünki bu xəstəlik zamanı pasientlər ağızla nəfəs almağa vərdiş edirlər. Uşaq valideynlərilə, ehtiyac olarsa, loqopedlə birlikdə xüsusi məşqlər edir. Uşaqlarda adenoiditin profilaktikası vaxtında adenoidin kəsilməsi və ya uğurlu konservativ müalicədir. Mühüm məqam rasional qidalanma, təmiz havada olmaq və immun sistemi möhkəmləndirən prosedurlarla uşağın immunitetinin dəstəklənməsidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: