Uşaqlarda allergik konyunktivit

24 Yanvar 2019 Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 17

uşaqlarda allergik konyunktivitUşaqlarda allergik konyunktivit – gözlərin konyunktiva qişasının iltihabi prosesi olub orqanizmin sensibilizasiyasına səbəb olan bu və digər antigenə qarşı cavab reaksiyasıdır.  Xəstəlik yerli şişkinlik, gözlərin qaşınması və qızarması, göz yaşı axması, işaqdan qorxu ilə müşayiət olunur. Diaqnostika uşaq oftalmoloqu və allerqoloqu tərəfindən aparılır; göz yaşının mikroskopik müayinəsi, ümumi İgE, qanın ümumi analizi, dəri sınaqlarının qoyulmasından ibarətdir. Uşaqlarda allergik konyunktivitin müalicəsi allergenlə kontaktın aradan qaldırılması, göz damcıları və daxilə qəbul formasında olan antihistamin preparatlarının təyini, spesifik immunoterapiyanın aparılmasını tələb edir.

  • Səbəbləri
  • Təsnifatı
  • Simptomları
  • Diaqnostikası
  • Uşaqlarda allergik konyunktivitin müalicəsi
  • Proqnoz və profilaktikası

Uşaqlarda allergik konyunktivit barədə ümumi məlumat

Uşaqlarda allergik konyunktivit – pediatriyada tez-tez rastlanan xəstəlikdir. Bu xəstəlik pediatrik oftalmologiya və allerqologiyanın öyrənilmə mövzusudur. Uşaqlarda allergik konyunktivit orqanizmin hər hansı allergenə qarşı hiperhəssaslığı ilə əlaqəli skleranı və göz qapağının daxili səthini örtən selikli qişanın iltihabı ilə xarakterizə olunur. Əksər hallarda allergik konyunktivit uşaqlarda 3-4 yaşda təzahür edir. Məktəb yaşlı uşaqlar arasında bu nozologiyaya 3-5% hallarda rast gəlinir. Uşaqlarda allergik konyunktivit adətən allergik rinit, pollinozlar, atopik dermatit, bronxial astma və s. bu kimi allergik patologiyalarla müşayiət olunur.

Uşaqlarda allergik konyunktivitin səbəbləri

Uşaqlarda allergik konyunktivitin əsasında bu və ya digər xarici mühit amillərinə – allergenlərə qarşı fərdi həssaslığın yüksəlməsi dayanır. Belə ekzogen faktorlar kimi məişət allergenləri (ev və kitabxana tozu, gənələr, yastıq tükləri, məişətdə istifadə olunan kimyəvi məhsullar), çiçəkləyən ağac və otların tozcuqları, epidermal (heyvanların kəpəkləri və xəzi, ev heyvanları üçün yemlər), qida (qida məhsulları – sitrus bitkiləri, şokolad, bal, giləmeyvələr və s.), dərman allergenləri çıxış edə bilər.

Bəzi hallarda uşaqlarda allergik konyunktivitin yaranma səbəbi yad cisimlər, həmçinin bakterial, viral, funqal (göbələk) və barazitar mənşəlli allergenlər olur.

Müəyyən olunmuşdur ki, erkən yaşlı uşaqlarda allergik xəstəliklər genetik və sosial-məişət faktorları, böyük yaşlı uşaqlarda isə allergik konyunktivitin gedişinin ağırlığını təmin edən mövcud məişət, qida, epidermal  sensibilizasiya ilə əlaqəlidir.

Uşaqlarda allergik konyunktivitin təsnifatı

Etiopatogenetik mexanizmlərdən asılı olaraq allergik konyunktivitlərin uşaqlarda aşağıdakı formaları ayırd edilir: pollinozlar, hiperpapilyar, dərman, tuberkulyoz-allergik, infeksion-allergik və yaz katarı.

Uşaqlarda pоllinoz konyunktiviti gözlərin allergik xəstəliyi olub ağac və ot tozcuqları ilə əlaqəli olaraq inkişaf edir. Mövsümlə əlaqəli olaraq, tozcuqları orqanizmin sensibilizasiyasına səbəb olan bitkilərin çiçəkləməsi dövründə yaranır. Uşaqlarda pollinoz allerqozlar zamanı allergik konyunktivit övrə, astmoid bronxit, atopik və ya kontakt dermatit, Kvinke ödemi, dispeptik pozulmalar, baş ağrıları ilə kombinasiya olunur.

Yaz konyunktiviti 5-12 yaşlı oğlanlarda daha tez-tez yaranır. Uşaqlarda rastlanan allergik konyunktivitin bu forması davamlı xroniki gedişə malik olur. Fəsadlaşmalar əsasən ilin günəşli dövrlərində baş verir. Yaz katarı konyunktival, limbal və qarışıq formalı gedişə malik ola bilər.

Hiperpapilyar konyunktivitin inkişafı konyunktivanın yad cisimlərlə (kontakt linzalar, göz protezləri, tikişlər) təması nəticəsində qıcıqlanması ilə əlaqəlidir. Yuxarı göz qapaqlarının inspeksiyasında giqant papillalar (≥1 mm) aşkar olunur.

Uşaqlarda dərman allergik konyunktiviti müxtəlif göz damcılarının istifadəsi fonunda inkişaf edir. Allergiya dərmanın tərkibində olan əsas təsiredici maddəyə, həmçinin konservantlara qarşı yarana bilər. Uşaqlarda allergik konyunktivit antibakterial göz damcıları və anestetiklərin tətbiqindən sonra xüsusilə tez-tez inkişaf edir.

Uşaqlarda infeksion-allergik konyunktivitlər orqanizmin mikrob allergenlər – bakterial, viral, funqal ekzotoksinlər vasitəsilə sensibilizasiyası ilə əlaqəlidir. Bu zaman törədicinin özü konyunktivada aşkar olunmur.

Gözlərin tuberkulyoz-allergik zədələnmələri keratokonyunktivit şəklində gedir, yəni konyunktiva və buynuz qişa eyni zamanda zədələnir. Allerqozun bu forması vərəm mikobakteriyalarının həyat məhsullarının qanda sirkulyasiyasına qarşı yaranmış allergik reaksiyanın nəticəsidir.

Uşaqlarda allergik konyunktivit simptomları

Uşaqlarda allergik konyunktivit simptomları, adətən, allergenin təsirindən sonra bir neçə dəqiqə və ya bir gün ərzində inkişaf edir. Bu zaman hər iki göz reaktiv iltihabın təsirinə məruz qalır.

Uşağın göz qapaqları şişkinləşir, konyunktiva hiperemik və ödemli olur, göz yaşarır; ağır konyunktivitdə işıqdan qorxma özünü göstərir. Uşaqlarda allergik konyunktivitin aparıcı subyektiv simptomu intensiv qaşınmadır. Belə ki, bu simptom uşağı davamlı gözünü qaşımağa vadar edir; beləliklə, xəstəliyin bütün təzahürləri daha da güclənir.

Konyunktival sahədə daim şəffaf (bəzən yapışqan və ya örtüklü) selikli ifrazat toplanır. Uşaqlarda irinli ifrazatlı allergik konyunktivit, adətən, rastlanmır. İrinli ifrazat prosesə infeksion komponentlər qoşulduqda əmələ gəlir.

Uşaqlarda allergik konyunktivit gedişatına görə  kəskin və xroniki ola bilər. Kəskin gedişli forma sürətli başlanğıc və tez sonlanma ilə xarakterizə olunur. Xroniki formada isə xəstəlik uzunmüddətli, ləng gedişata malik olur, periodik fəsadlaşmalarla müşayiət olunur. Patologiyanın gedişatının xarakterini törədici allergen və həmin allergenlə kontaktın tezliyi müəyyənləşdirir.

Uşaqlarda allergik konyunktivit diaqnostikası

Uşaqlarda allergik konyunktivitin diaqnostikası pediatrik oftalmoloq və allerqo-immunoloq tərəfindən aparılır. Patologiyanın etibarlı diaqnostik kriteriyalarına allerqoloji anamnez, xəstəliyin əmələ gəlməsi ilə müəyyən xarici faktorlar (çiçəklənmə, heyvanlarla kontakt, müəyyən qida məhsullarının qəbulu və s.) arasında əlaqə, xarakterik kliniki simptomların mövcudluğu aiddir.

Diaqnozun təsdiqlənməsi üçün göz yaşının mikroskopik müayinəsi aparılır. Allergik konyunktivit zamanı mikroskopiyada eozinofillərin miqdarının 10%-dən yüksək olduğu aşkarlanır. Xəstəlik allergik xarakterli olduqda həmçinin ümumi İgE-nin səviyyəsinin yaşa müvafiq norma ilə müqayisədə yüksəlməsi, eozinofiliya təyin olunur. Sekret irinli olarsa, konyunktival nahiyədən götürülmüş materialın bakterialoji müayinəsi aparılır. Sistemli allergik reaksiyaların təzahürü uşağın mədə-bağırsaq traktının müayinəsini, helmintlərin, biz quyruq (enterobioz) yumurtalarının təyini məqsədilə nəcisin analizini tələb edir.

Dəri allerqoproblarının qoyulması və spesifik İgE-nin səviyyəsinin qanda təyini uşaqlarda allergik konyunktivitin birbaşa səbəbinin aşkarlanmasına imkan verir.

Uşaqlarda allergik konyunktivitin differensial diaqnostikası demodekoz, funqal, bakterial, autoimmun konyuktivitlərlə aparılır.

Uşaqlarda allergik konyuktivitin müalicəsi

Uşaqlarda allergik konyunktivitin uğurlu müalicəsində eliminasiya tədbirləri – ehtimal olunan allergenlə kontaktın aradan qaldırılması əvəzsizdir.

Xəstəliyin patogenetik müalicəsini yaşa uyğun doza və konsentrasiyada olan tablet və göz damcısı formasında antihistamin preparatlar təşkil edir. Patologiyanın davamlı gedişatında lokal QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) və kortikosteroidlər təyin olunur.

Məhz uşaqlarda daha effektli olan allergenospesifik terapiya aparıla bilər. Bu müalicə zamanı ehtimal olunan allergen kiçik dozalardan başlayaraq orqanizmə yeridilir; tədricən allergenin konsentrasiyası artırılır. Beləliklə, orqanizmin tədricən törədici allergenə vərdiş etməsi, allergik konyuktivit simptomlarının azalması və ya tamamilə itməsi ilə müşayiət olunur.

Uşaqlarda allergik konyunktivitin proqnozu və profilaktikası

Uşaqlarda allergik konyunktivitin vaxtında aparılmamış diaqnostikası zamanı iltihabi proses burnuz qişaya və gözün digər toxumalarına siraət edir; görmə itiliyinin zəifləməsi və göz xəstəliklərinin müalicəyə çətin tabe olan formalarının (keratit, buynuz qişanın xoraları) inkişafına gətirib çıxarır. Allergenin aşkar olunması və eliminasiyası, həmçinin spesifik immunoterapiyanın aparılması allergiyaların residivlərinin azaldılmasına imkan verir.

Uşaqlarda allergik konyunktivitin spesifik profilaktikası hələki hazırlanmamışdır. Ümumi immunitetin gücləndirilməsinə diqqət ayırmaq, xəstəliyin kəskinləşdiyi mövsümlərdə desensiblizasiyaedici terapiya ilə preventiv kurslar aparmaq, məlum allergenlərlə kontaktdan qaçmaq lazımdır.

 

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: