Kövrək dırnaqlar

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 7396

kövrək dırnaqların müalicəsiKövrək dırnaqlar – xarici və daxili amillərin təsirindən dırnaq lövhələrinin möhkəmliyi və tamlığının pozulmasıdır. Belə dırnaqlar tez-tez çatlayır, soyulur və qırılır. Dırnaqların kövrəkliyinin səbəbini müəyyən etmək üçün xroniki patologiyalar, orqanizmdə vitamin və mikroelementlərin çatışmazlığı, göbələk xəstəlikləri inkar edilməlidir. Kövrək dırnaqların müalicəsi etioloji amillərin aradan qaldırılması, müalicəvi vannalar, parafin terapiyası, dırnaqların möhkəmləndirilməsi, dırnaqlara qulluq üçün nəzərdə tutulan qidalandırıcı kremlərin istifadəsindən ibarətdir.

  • Kövrək dırnaqların səbəbləri
  • Kövrək dırnaqların xarakteristikası
  • Kövrək dırnaqların müalicəsi

Kövrək dırnaqlar barədə ümumi məlumat

Kövrək dırnaqlar – dırnaq lövhəsinin qüsurudur. Dırnaq lövhələri matriks nahiyəsindən başlanğıc götürür. Dırnaq kökünün aypara formalı ağ sahəsi matriksin gözlə görünən hissəsidir. Dırnaqların böyüməsi matriksdə rüşeym hüceyrələrinin bölünməsi hesabına baş verir. Bu hüceyrələr köhnə dırnaq lövhəsini tədricən önə itəliyir. Dırnağın quruluş, forma, qalınlıq və böyümə sürəti matriksin vəziyyətindən asılıdır. Dırnaq lövhəsinin əsasını keratin təşkil edir. Dırnağın möhkəmliyi kükürd tərkibli amin turşusu – sisteinin miqdarı ilə düz mütənasibdir. Keratin qatları arasında dırnaqlara parlaqlıq və elastiklik verən su və piy təbəqələri yerləşir. Sağlam dırnaqlarda kükürddən əlavə digər mikroelemetlər – kalsium, fosfor, xrom, sink, selen mövcuddur. Onların çatışmazlığı və ya olmaması dırnaq lövhələrinin soyulması və qırılması ilə nəticələnir.

Kövrək dırnaqların səbəbləri

Dırnaqların kövrəkliyi xarici və daxili amillərin təsirindən yaranır. Dırnaqlar məsaməli quruluşa malik olub, əllərin təmas etdiyi su və kimyəvi maddələri özünə asanlıqla hopdurur. Bu səbəbdən kövrək dırnaqlara əsasən peşə fəaliyyəti ilə əlaqədar daima turşu, qələvi və digər aqressiv maddələrlə təmasda olan insanlarda rast gəlinir. Bundan əlavə dırnaqların kövrəkliyi və soyulmasına məişət kimyası (yuyucu toz, təmizləyici vasitələr), əllərin su altında uzun müddət qalması da səbəb ola bilər.  Bir sıra fiziki amillər, məsələn, aşağı temperatur, otaqda havanın quru olması dırnaqların zəifləməsinə gətirib çıxarır. Xroniki hipotermiya və quruluq  nəticəsində dırnaqlar nazilir və kövrəkləşir.

Dırnaqların kövrəkləşməsinin ən çox rast gəlinən səbəbi qulluğun düzgün aparılmaması və dırnaqların yeyilməsidir. Dırnaq qaynağı, ucuz dırnaq boyası və boyanı silmək üçün vasitənin istifadəsi nəticəsində zərərli komponentlər (aseton, formaldehid və s.) dırnağın dərin qatlarına keçərək, onun quruluşunu pozur, bu da möhkəmliyinin itirilməsinə səbəb olur.

Dırnağın çatlaması endogen amillərlə bağlı ola bilər.  Onlar arasında vitamin və mikroelementlərin (xüsusən A, D, E vitaminləri, kalsium, selen, sink, dəmir) çatışmazlığı başlıca yer tutur. Hamiləlik və laktasiya dövründə dırnaqların kövrəkliyi arta bilər. Bunun qarşısını almaq üçün qadın balanslaşmış qidalanma pronsipinə riayət etməlidir. Dırnaqların qırılması həmçinin pubertat və klimaks dövründə müşahidə olunur. Kövrək dırnaqların digər səbəblərinə tireotoksikoz, şəkərli diabet, anemiya, MBT xəstəlikləri, stresslər aiddir.

Kövrək dırnaqların xarakteristikası

Kövrək dırnaq problemi bir çox qadınlara tanışdır. Belə hallarda dırnağın sərbəst kənarı qırılır və ya soyulur. Dırnaq lövhələri nazilir və gec böyüyür. Əksər hallarda dırnaqların kövrəkliyi onların səthinin deformasiyası, rəng və formasının dəyişməsi ilə müşayiət olunur.

Dırnaqların boylama istiqamətdə çatlaması (onixoklaziya, onixoreksis) çox zaman dırnaq lövhəsinin sınmasına gətirib çıxarır. Vertikal çatlar dırnağın sərbəst kənarından başlayaraq, proksimal tərəfə uzanır. Belə hallarda bir qayda olaraq, zədələnmə əl və ya ayaqların bəzi barmaqlarında izlənilir. Onixoşizis zamanı dırnaqlarda köndələn çatlar yaranır. Bu problem keyfiyyətsiz manikür, simli musiqi alətlərində ifa etmə, kompüterdə işləmə nəticəsində meydana çıxa bilər.

Dermatologiyada kövrək dırnaqlar onixodistrofiyanın əlaməti kimi qiymətləndirilir. Bu problemlə dırnaqlar qadınlar dermatoloqa müraciət etməlidir. Yalnız tibbi mütəxəssis problemin səbəbini təyin etməklə onu kökündən həll edə bilər. Dırnaqların böyümə sürətini (həftə ərzində əllərdə 1-2mm, ayaqlarda isə 0,25-1mm) nəzərə almaqla patoloji amilin təsir müddətini hesablamaq mümkündür.

Dırnaqların kövrəkliyinin həqiqi səbəblərini müəyyən etmək üçün mikoloq, endokrinoloq, qastroenteroloqun konsultasiyası tələb oluna bilər. Obyektiv məlumatları əldə etmək məqsədilə spektral analiz, dırnaq lövhəsinin sıyrıntısının patogen göbələklərə görə müayinəsi aparıla, qanda qalxanabənzər vəzi hormonlarının konsentrasiyası yoxlanıla bilər. Kövrək dırnaqlarla onixomikoz, dırnaqların dəyişməsi ilə müşayiət olunan dəri xəstəlikləri (psoriaz, ekzema, qırmızı yastı dəmrov, anadangəlmə epidermoliz və s.) arasında differensial diaqnostika aparılmalıdır.

Kövrək dırnaqların müalicəsi

Müalicəyə dırnaqların kövrəkləşməsinə səbəb olan amillərin aradan qaldırılması ilə başlanılır. Bütün hallarda kimyəvi maddələrlə təmas, dekorativ dırnaq boyalarından imtina ediməli, dırnaqlara qulluq gücləndirilməlidir. Ev şəraitində ilıq əl vannaları (yağlar və ya dəniz duzu ilə) dırnaqlarda qidalı maddələrin çatışmazlığını bərpa etməyə kömək edir. Keratin, vitaminlər, proteinlərdən  balzam və qidalandırıcı kremlərdən gündəlik istifadə olunmalıdır. Bu vasitələr kutikula nahiyəsinə çəkilməlidir.  Dırnaqların qidalandırılması yalnız xaricdən deyil, həm də daxildən aparılmalıdır. Məhz bu məqsədlə qida rasionunda А, С, Е, В5 vitaminləri ilə zəngin məhsullara daha çox yer verilməli, paralel olaraq, vitamin-mineral kompleksi qəbul edilməlidir.

Manükür zamanı bəzi qaydalara riayət etmək lazımdır. Dırnaqlar yalnız iti qayçı ilə kəsilməlidir; dırnaq üçün nəzərdə tutulan kəlbətindən istifadə edilməməlidir, bu da onun dırnaq lövhəsinə güclü təzyiq edərək, soyulma və kövrəkləşməyə səbəb olması ilə bağlıdır. Kövrək dırnaqları cilalamaq üçün şüşədən və ya keramikadan hazırlanmış vasitələr məsləhət görülür. Prosedur bir istiqamətdə, iri amplitudla mərkəzdən kənara doğru aparılmalıdır. Dekorativ boyanın çəkilməsindən əvvəl dırnaqlar xüsusi qoruyucu və möhkəmləndirici qatla örtülməlidir. Manikürdə istifadə olunan vasitələrin tərkibində dırnaq lövhəsi üçün zərərli olan maddələr  olmamalıdır.

Kövrək dırnaqlara istisaslaşdırılmış qulluq gözəllik salonunda yerinə yetirilir. Burada qadınlara spa-manikür və yapon manikürü, parafin terapiyası, əl və ayaqlar üçün maskalar təklif olunur. Keratin kompleksi ilə kutikula zonası və dırnaq lövhəsinin müalicəsi masajı, vitaminləşdirilmiş krem və ya yağlarla dırnaqların cilalanması çox faydalıdır. Dırnaqların möhkəmləndirilməsi üçün akril, gel və biogel istifadə olunur. Dırnaq lövhəsinin çatlarında ipək və ya fayberqlassın köməyilə dırnağın forması bərpa edilir. Dırnaq uzandıqca zədələnmə səhəsi tədricən kəsilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: